Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-555/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “cavabdehlərin əşyaları ilə birlikdə yaşayış evindən çıxarılması və evin boşaldılması” tələbinə dair ilk və cavabdehlər Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X3 İddiaçı qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri ilə bağlı mülki iş üzrə (Açar sözlər: yaşayış evindən çıxarılma, evin boşaldılması, Çıxarışın etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “cavabdehlərin əşyaları ilə birlikdə yaşayış evindən çıxarılması və evin boşaldılması” tələbinə dair ilk və cavabdehlər Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X3 İddiaçı qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(033)-900/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları ünvan 1 ünvanında yerləşən yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə 11.06.2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat: İlk iddia üzrə iddiaçı Əliyev X12 Rəxşən Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “cavabdehlərin əşyaları ilə birlikdə yaşayış evindən çıxarılması və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin əşyaları ilə birlikdə Zaqatala şəhəri A.Qardaşov küçəsi ev 11, 17 saylı mənzildən çıxarılmaları və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin yaşayış evinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə 11.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur. Bir gün qonşular ona zəng edərək evdə tanımadıqları qadının qapını sındıraraq evə daxil olduğunu bildirmişlər. O, həmin vaxt işi ilə əlaqədar Bakı şəhərində olmuşdur. Qonşular vasitəsi ilə evə daxil olan şəxsin qardaşı X9 qeyri rəsmi həyat yoldaşı olan Cavabdeh4 Rəsul qızı olduğunu öyrəndikdə cavabdeh ilə əlaqə saxlamışdır. Cavabdeh4 yaşamağa yerinin olmadığını, müvəqqəti qalacağını bildirərək 1-2 ay evdə yaşadıqdan sonra evdən çıxacağını bildirmişdir. Cavabdeh və övladları uzun müddət keçməsinə baxmayaraq mülkiyyət hüququ üzrə ona məxsus evdən çıxmadıqları üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X2 Çingiz Həsən oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adına olan Zaqatala şəhəri A.Qardaşov küçəsi ev 11, mənzil 17-yə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçının iddiası tamamilə əsassız və qanunsuzdur. Mübahisə predmeti olan bu mənzil ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, X3 babaları, Cavabdeh4 Rəsul qızının isə qayınatası X4 mülkiyyətində olmuşdur. X4 9 övladı olmuşdur. Qanunvericiliyin tələbinə görə miras qoyan şəxsin övladları onun birinci dərəcəli vərəsələri sayılırlar. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini 2021-ci ildə mülkiyyətinə keçirmişdir. Onun bu mənzili hansı yollarla öz adına keçirməsi mübahisə doğurur. Bu fərdi yaşayış evi cavabdehin də atasının adına olmuşdur. Lakin həmin fərdi yaşayış evi vərəsəlik qaydasında bu 9 vərəsədən birinin adına keçirilməli olduğu halda, Cavabdeh1, Cavabdeh2, X3 atası X9 da bu fərdi yaşayış evində payı olduğu halda, onun və digər vərəsələrin xəbəri olmadan belə bir rəsmiləşdirmə həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X17 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək ilk iddianın təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi Vəkil ilk iddianı qəbul etməyərək qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, ilk iddia üzrə iddiaçının qardaşı X19 Cavabdeh4 Rəsul qızının əri, qarşılıqlı iddia üzrə digər iddiaçıların atasıdır. Cavabdeh4 Rəsul qızı ilə X9 birgə nikahlarından üç övladları olmaşdır. Elçin uzun müddətdir Rusiya Federasiyasında yaşayır və Azərbaycana gəlmir, uşaqlar analarının yanında böyümüşlər. X6 vəfat etdikdən sonra ondan miras qalmış ev varislər kimi onun oğlu X14 da pay düşməli idi. Lakin iddiaçı evin öz adına qanunsuz yollarla keçirilməsinə nail olaraq X14 heç bir pay verməmişdir. Bu səbəbdən o, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala şəhəri A.Qardaşov küçəsi ev 11, mənzil 17 X18 məxsus olmuş və onun ölümündən sonra, 23 may 2021-ci il tarixli 2V-483 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ilk iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun mülkiyyətindədir. İlk iddiaçı tələbini mənzilin mülkiyyətində olması ilə, qarşılıqlı iddiaçılar isə X10 miras qalmış mənzildən qarşılıqlı iddiaçı Cavabdeh4 Rəsul qızının əri, digər qarşılıqlı iddiaçıların isə atası X11 da bərabər pay hüququ olması ilə əsaslandırmışlar. Qarşılıqlı iddiaçılar ilə Zaqatala şəhəri A.Qardaşov küçəsi 11 saylı evin 17 saylı mənzilinin mülkiyyətçisi olan ilk iddiaçı arasında bu mənzildən istifadə hüquqlarının əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənən müqavilə bağlanmamışdır. Məhkəmə, iş üzrə sübutlarla ilk iddia üzrə cavabdehlərin hüquqi və ya müqavilə əsası ilə mənzildən istifadə etmələrinin təsdiq olunmadığını nəzərə alaraq, mənzilin hazırda onların qanunsuz sahibliyində olması nəticəsinə gəlmişdir. Məhkəmə ilk iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, ilk iddia üzrə cavabdehlər Zaqatala şəhəri A.Qardaşov küçəsi 11 saylı evin 17 saylı mənzilinin mülkiyyətçisi olan ilk iddiaçı ilə notariat qaydasında təsdiqlənən müqavilə bağlamadıqlarından, bununla da həmin mənzildən istifadə hüquqları əldə etmədiklərindən, eləcə də ilk iddiaçının mənzilinə cavabdehlərin sahibliyinə yol verməmək, onu cavabdehlərin sahibliyindən geri tələb etmək üzrə qanunla qorunan hüquqları olduğundan, ilk iddia üzrə cavabdehlər əşyaları ilə birlikdə ilk iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməli, ilk iddia təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə belə hesab etmişdir ki, nə qədər ki, 23 may 2021-ci il tarixli 2V-483 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat qüvvədədir, eləcə də mərhum X10 miras qalmış əmlaka dair qarşılıqlı iddia üzrə cavabdehin adına verilmiş çıxarışı mübahisələndirmək hüququ onun vərəsəsi X15 aid olmaqla, qarşılıqlı iddiaçılar çıxarışı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyillər, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi də həll olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalı, tərəflər ödədikləri dövlət rüsumlarını tələb etmədiklərindən hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(033)-900/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) ilk iddia təmin olunmuş, ilk iddia üzrə cavabdehlər Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X3 əşyaları ilə birlikdə ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri A.Qardaşov küçəsi ev 11, 17 saylı mənzildən çıxarılmaları və həmin evin boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 Rəsul qızı, Cavabdeh1, Cavabdeh2 və X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı adına olan Zaqatala şəhəri A.Qardaşov küçəsi ev 11, mənzil 17-yə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi, məhkəmə xərclərinin hər bir tərəfin özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152 və 228-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********36-05101-093028, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11 iyun 2021-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri A.Qardaşov küçəsi ev 11, mənzil 17 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 10 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Zaqatala şəhəri A.Qardaşov küçəsi ev 11, mənzil 17 X13 adına 01 saylı reyestr kitabında qeydə alınmışdır. İş materialların əlavə edilmiş 23 may 2021-ci il tarixli 2V-483 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22.04.2013-cü il tarixdə vəfat etmiş X13 vərəsələri oğlu İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Zaqatala rayon TİB tərəfindən 10 dekabr 2001-ci il tarixdə X18 verilmiş 01-162 qeydəalma nömrəsi ilə 01 nömrəli kitabın 162-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,11 kvm, yaşayış sahəsi 56,23 kvm, yardımçı sahəsi 40,88 kvm olan 5 otaqlı mənzildən ibarətdir İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, X7 xx.xx.1997-ci ildə, Cavabdeh1oviç xx.xx.1996-ci ildə, Cavabdeh2 18.10.1998-ci ildə doğulmuşlar, ataları X20 anaları Cavabdeh4 Rəsul qızıdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh4 Rəsul qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh4 Rəsul qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh4 və digərlərini tanımadığını və onların bu mənzilin qapısını sındırıraq məcburi şəkildə evə daxil olduğunu göstərmişdir. Bu tamamilə yalan və əsassız iddiadır. Belə ki, bu mənzil cavabdehlərdən Cavabdeh4 qayınatası X13, digər cavabdehlərin isə babalarının mülkiyyətində olmuşdur. Cavabdeh4 1992-ci ildə bu mənzilə gəlin köçmüş və xeyli müddət bu mənzildə yaşamışdır. Həmçinin digər cavabdehlər olan Cavabdeh4 övladları da bu mənzildə doğulmuş və yaşamışlar. Cavabdeh4 bu mənzilin mülkiyyətçisi olmuş və qayınatası X13 daim xidmətində olmuş və bir gəlin kimi ona öz atası kimi qulluq göstərmişdir. Həmçinin mərhum Həsən Əliyev xəstə olduqda da onun müalicəsində və saxlanılmasında da özü iştirak etmişdir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən bu hallar nəzərə alınmamış və AR MPM-nin 217-ci maddəsinə əsasən bu mübahisə yaranan zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli olduğu halda, həmin normalar tətbiq edilməmişdir. Mülki işin sənədlərindən də görünür ki, həmin bu mənzil 11.06.2021-ci il tarixində iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni iddiaçı 2021-ci ildə bu mənzilə mülkiyyət hüququ əldə etmişdir. Lakin cavabdehlərin bu mənzildən istifadə hüquqları 1992-ci ildən yaranmışdır. Onlar 1992-ci ildən 2003-cü ilə qədər daimi olaraq bu mənzildən istifadə etmiş, sonradan isə qısa müddətə bu mənzildən başqa yerə köçmüş və yenidən 2017-ci ildən iddiaçının razılığı və xəbəri olmaqla bu mənzilə köçərək bu günə kimi həmin mənzildə yaşamışlar. 2017-ci ildə iddiaçının özü bu mənzilin giriş qapısının açarlarını onlara təqdim edərək həmin mənzildə yaşamaqlarına icazə verdiyini bildirmişdir. Lakin hal-hazırda heç bir əsas olmadan onların bu mənzildən çıxarılmaları barədə məhkəməyə iddia vermişdir. İddiaçı bu mənzilə dair dövlət reyestrindən çıxarışı qanunvericiliyin tələblərinin pozulması ilə əldə etmişdir. Belə ki, X4 9 övladı olmuş və təbii ki, onların hamısının da bu mənzilə dair vərəsəlik payları vardır. Lakin iddiaçı onların xəbəri və razılığı olmadan gizlin şəkildə məhkəmə qətnaməsi ilə həmin mənzili öz adına keçirmişdir. Bu barədə qəbul edilmiş məhkəmə qətnaməsindən görünür ki, həmin iş üzrə məhkəmə baxışı zamanı 8 vərəsələrdən heç biri məhkəmə prosesinə cəlb edilməmiş və onların hüquqları pozulmaqla qətnamə qəbul edilmişdir. Əfsuslar olsun ki, onlar qarşılıqlı iddia ərizəsində həmin dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar iddianın daha ədalətli və obyektiv baxılması üçün bu mənzilin iddiaçı tərəfindən necə öz adına keçirməsi barədə məlumatın əldə edilməsi üçün müxtəlif dövlət orqanlarına sorğunun verilməsi barədə vəsatət versələr də, vəsatətləri tam şəkildə təmin edilməmiş, bu evə dair bütün sənədlər əldə edilməmiş və ona görə də onların qarşılıqlı iddiası əsassız olaraq təmin edilməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(033)- 900/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “MM-in 228- ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (MM-in 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (MM-in 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (MM-in 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (MM-in 158.4-cü maddəsi). Beləliklə, MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur”. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə MM-in 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun MM-in 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı). MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun MM-in 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, “MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. Konstitusiya Məhkəməsinin qeyd olunan şərhinə əsasən, nə qədər ki, 23 may 2021- ci il tarixli 2V-483 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat etibarsız hesab olunmayıb, onların əsasında verilmiş çıxarış etibarsız sayıla bilməz. Bu halda, Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, qeydin həqiqiliyi prezumpsiyası qüvvədə olur. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdehlər Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(033)- 900/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılqılı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılqılı iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzil Zaqatala rayon TİB tərəfindən 10 dekabr 2001-ci il tarixdə verilmiş 01-162 qeydəalma nömrəsi ilə 01 nömrəli kitabın 162-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən 22.04.2013-cü il tarixdə vəfat etmiş X18 məxsus olmuşdur. 23 may 2021-ci il tarixli 2V-483 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X13 vərəsəsi olan oğlu İddiaçı miras əmlakdan tam hissədə pay almışdır. Həmin mənzilə dair İddiaçı adına mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə 11.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh4 Rəsul qızı iddiaçının qardaşı Elçinin qeyri-rəsmi nikahda olduğu arvadıdır. Digər cavabdehlər iddiaçının qardaşı Elçinin Cavabdeh4 Rəsul qızından doğulmuş uşaqlarıdır. Cavabdehlər mübahisəli mənzildə 2003-cü ilə qədər – miras qoyan X1 və 2017-ci ildən sonra mənzilin hazırki iddiaçının mülkiyyəti kimi qeydiyyata alındığı vaxt da daxil olmaqla həmin mənzildə yaşadıqlarını iddia edirlər. 2003-cü ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Cavabdehlər mübahisəli mənzilin 2003-cü ildə də mülkiyyətçisi olmuş X13 mənzilindən istifadə hüququ əldə etməmişlər. Həmçinin, 2017-ci ildən və hal-hazıradək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə də cavabdehlər iddiaçının ailə üzvü olmadığından onların həmin mənzildən istifadə hüququ mövcud deyildir. X13 vərəsəsi olan digər cavabdehlərin atası Elçin cavabdehlərin bildirdiyinə görə daimi olaraq Rusiya Federasiyasında yaşayır, iddiaçının cavabdehlərin çıxarılmalarını tələb etdiyi miras qalmış mənzili miras kimi qəbul etməmişdir və cavabdeh olan uşaqlarını həmin mənzilə köçürməmişdir. Bu hal işin mübahisəsiz halıdır. Cavabdehlər Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan tələblər baxımından da İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən mənzillə bağlı verilmiş Çıxarışın etibarsız hesab edilməsini tələb etməkdə subyektiv hüquqa malik olmamışlar. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə, Zaqatala Rayon Məhkəməsi isə ilk iddianı təmin, qarşılqılı iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(033)-900/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(033)-900/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-555/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-555/2022
04.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver