Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-565/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X1 (bundan sonra ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(051)-1233/2019 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, maraqlı şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin (hakim U.Osmanov) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən narazı qalan ərizəçi apelyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan 1089 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan ərizəçi kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, onun dövlət büdcəsinə xx xxxx 2018-ci il tarixə 1089 manat məbləğində (vergilər üzrə 49 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 1040 manat) vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx xxxxxxx 2015-ci il tarixli **********401300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatına əsasən, Əhmədov X2 şəhəri, A.Məmmədov küçəsi, ev 4/2, mənzil 33 ünvanında yaşayır. Ona görə də vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1089 manat vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx xxxx 2019-cu ilə dövlət büdcəsinə 1089 manat məbləğində (o cümlədən, vergilər üzrə 49 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 1040 manat) vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2015-ci il tarixli **********401300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-1233/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan 1089 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Maraqlı şəxs xx xxxxx 2004-cü ildə çayxanalar tərəfindən xidmətlərin göstərilməsi üçün vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmiş, hazırda fəaliyyətini dayandırmışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1973-cü ildə Ağdaş rayonunun Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatdadır. xx xxxxxxx 2015-ci il tarixli **********401300 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi tərəfindən vergi borcunun ödənilməsi barədə Maraqlı şəxs xəbərdarlıq edilmişdir. Elektron sənəd mübadiləsi haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, hazırda Maraqlı şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra VM) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, onun dövlət büdcəsinə xx xxxx 2018-ci il tarixə 1089 manat məbləğində (vergilər üzrə 49 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 1040 manat) vergi borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə həmin qətnamə əsasında borclunun borcuna 1040 manat azalma tətbiq olunmuş və qeyd olunan tarixə onun 91,10 manat qalıq borcu, 9,25 manat faiz üzrə qalıq borcu qalmış, sonuncu dəfə isə ona xx.xx.2017-ci il tarixdə MÖMV 2016 - Cari (arayış) üzrə 49 manat qalıq borcu hesablanmışdır. Maraqlı şəxs vergilər üzrə 49 manat qalıq, məhkəmə qətnaməsi üzrə 1040 manat vergi borcunun (cəmi 1089 manat) olması göstərilsə də, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X1 nümayəndəsi sözügedən qətnamə üzrə borclunun borcunun ödənilməsinin təmin etmək məqsədilə siyahıya alınmış əmlaklarına yönəlmələrinin icra vəziyyəti, 49 manatla bağlı isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda sadalanan maddi hüquq normalarından irəli gələn hərəkətləri barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə ərizənin təmin edilməməsi nəticəsinə gələrkən səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, borcun könüllü icra edilməsi üçün bildirişin borcluya rəsmi qaydada təqdim olunması, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamın verilməsi, habelə vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi borclunun əmlakının siyahıya alınması, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsinin vergi ödəyicisindən tələb edilməsinə dair sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci məsələ ilə bağlı qeyd edir ki, borcun könüllü ödənilməsi barədə bildiriş borcluya rəsmi qaydada təqdim olunmuşdur. Belə ki, xx xxxxxxx 2015-ci il tarixli **********401300 nömrəli borc bildirişi elektron qaydada vergi ödəyicisinə göndərilmiş və onun tərəfindən xx xxxxxx 2016-cı ildə oxunmuşdur. Tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir. VM-in 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Birinci instansiya məhkəməsinin əsaslandığı ikinci məsələ ilə bağlı qeyd olunmalıdır ki, vergi ödəyicisinin bank hesabı olmadığından vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və Maraqlı şəxs hər hansı bankda bank hesabının mövcud olmadığını araşdırmamışdır. Halbuki, MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası üçüncü məsələ ilə bağlı qeyd edir ki, VM-ə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər (mad. 89.1). Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər (mad. 89.3). Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər (mad. 90.1). İşdən görünür ki, vergi orqanı siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar qəbul olunması üçün məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-2(84)- 906/2014 nömrəli qiyabi qətnaməsi ilə vergi ödəyicisi Maraqlı şəxs dövlət büdcəsinə olan 1040 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1550 manat dəyərində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılması qərara alınmış, lakin Maraqlı şəxs şəxsi hesab vərəqəsindən çıxarışdan da göründüyü kimi, 1550 manat dəyərində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılması barədə məhkəmə qətnaməsi icra hesablarına sərəncam qoyulması mümkün olmamışdır. Göründüyü kimi, borcun alınması ilə bağlı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş hərəkətlərin edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi VMin qeyd olunan maddələr üzrə vergi orqanının müəyyən hərəkətləri etməli olmasını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” x xxxxxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlət büdcəsinə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı. Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Lakin birinci instansiya məhkəməsi qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməyən vergi ödəyicisini qanunla müəyyən olunmuş vəzifəsindən azad edərək, onun vergi öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün vergi orqanının imkanlarını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 73-cü maddəsinin İ hissəsində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin maddənin İİ hissəsinə əsasən isə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Vergi Məcəlləsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (mad. 16.1.1). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir (mad. 23.1.15-3). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir (mad. 65.1). Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir (mad. 65.2). MPM-in 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kоllegiyаsı tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilərək Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan 1089 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ (borc ödənilənə qədər) müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır, çünki apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. Həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(051)-1233/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Vergi ödəyicisi Maraqlı şəxs dövlət büdcəsinə olan, ümumilikdə 1089 (bir min səksən doqquz) manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququ müvəqqəti (borc ödənilənə qədər) məhdudlaşdırılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-565/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-565/2020
25.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver