Məhkəmə qərarları › İş №2(107)-568/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-568/2020

10.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-568/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı), onun nümayəndəsi X4 və cavabdeh X1 (bundan sonra cavabdeh) iştirakı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin zəbt etdiyi ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rаyоn Məhkəməsinin (hakim T.Qubadov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X1 iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt etdiyi 616 kv m hissəsindən çıxarılması, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir. Bundan sonra cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şəki Apelyasiaya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tatrixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(035)-04/2018 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiaya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab Rayon X7 xx xxxxxx 1997-ci il tarixli 06 nömrəli qərarı ilə rayonun Çallı kənd sakini X8 mülkiyyətinə 0,24 hektar həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Onun övladı olmamışdır. Mən, İddiaçı onun ən yaxın qohumu olduğum üçün hələ xx xxxxxx 2008-ci ildə o, bütün mülkiyyətini və əmlakını mənə vəsiyyət etmiş və xx xxxx 2009-cu ildə Cəmilə Əliyeva vəfat etmişdir. Mən vəsiyyət üzrə yeganə vərəsə olduğum üçün bu barədə məndə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx xxxx 2013-cü il tarixli şəhadətnamə də vardır.Ona görə də adı çəkilən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evlərini və bütün mülkiyyəti öz adıma özəlləşdirmiş və bu barədə öz adıma Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli çıxarışda almışam. İndi baxıb görürəm ki, mülkiyyətimdə olan həyətyanı torpaq sahəsinin bir hissəsini yaxın qonşu olan X5 zəbt etmişdir. Dəfələrlə ona şifahi olaraq müraciət etməyimə baxmayaraq, könüllü olaraq zəbt etdiyi torpağı mənə qaytarmır.Beləliklə, mülkiyyət hüququm pozulub. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hər kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur: Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi,alqısatqısı, vərəsəliyə keçməsi,bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüququ şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Torpaq islahat haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni, istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-058A kodlu 90511018 nömrəli şəhadətnamədə göstərilən 0,24 hektar torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, cavabdehin zəbt etdiyi mənə məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə işə birtərəfli və səthi yanaşmış, işin faktiki hallarını hərtərəfli araşdırmamış və mübahisəyə düzgün olmayan hüquq normasına istinad etməklə qiymət vermiş, bununla da qanunsuz və əsassız olmaqla yanaşı, ədalətsiz məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan əvvəl iddiaçı ilə aralarında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisə yaranmış, ona məxsus 0,06 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyi təsdiqini tapmış və sonuncunun həmin torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin olunmuş, bu barədə məhkəmə qətnaməsindən İddiaçı Sıracəddin qızının verdiyi apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(106)- 24/2012 nömrəli qətnaməsi, kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(102)-4244/2012 nömrəli qərarı ilə rədd edilmişdir. Qətnamə icra edilərkən onun X7 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsindən kənar (artıq) torpaq sahəsini zəbt etmədiyi təsdiqlənmişdir. Həmin vaxtdan sonra heç bir çəpərləmə, yaxud mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədlərinin (mərzlərinin) dəyişdirilməsi üzrə hərəkətləri olmamış, iddiaçı da bunu iddia etməmişdir. Məhkəmə iddianı təmin edərkən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli xx.xx.2017-ci il tarixli 25692 nömrəlivəxx.xx.2017-ci il tarixli 20340 nömrəli rəylərinə sübut kimi istinad etmişdir. Həmin sübutlar "şübhədənkənar sübutlar" standartına cavab vermir, məhkəmə tərəfindən tənqidi, işin digər sübutları ilə, o cümlədən qanuni qüvvədə olan, preyudisial əhəmiyyət daşıyan məhkəmə aktları ilə müqayisədə qiymətləndirilməmişdir. Qeyd edilməlidir ki, həmin rəylər elə ilk baxışdan da mötəbərliliyi şübhə doğuran rəylərdir. Belə ki, zəbt edilmiş torpaq sahəsinin ölçüləri barədə ziddiyyətli məlumatları özündə əks etdirir. Qətnamənin məzmunundan da göründüyü kimi, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 20340 nömrəli rəyində iddiaçıya məxsus JN-58A saylı şəhdətnamə ilə ona məxsus JN-150 saylı şəhadətnamənin fotomaterialları üzərinə köçürən zaman torpaq sahəsinin tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir, lakin iddiaçıya verilmiş DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda iddiaçının iddia etdiyi 616 kvm torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə bu xüsusatı düzgün qiymətləndirib DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda göstərilənləri onu tərtib etmiş əməkdaşların səhvi kimi qiymətləndirmək əvəzinə, onun həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul etməkdə haqlı olmamış, mülkiyyət hüquqlarını aşkar şəkildə pozmuşdur. Ona görə də hesab Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qanunsuz və əsassız lduğundan ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdeh Mütəllif Əhmədov apelyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının aldığı texniki pasportda göstərilən torpaq sahəsinin şəhadətnaməyə uyğun gəlmədiyini, onun torpağını zəbt etdiyini, şəhadətnaməyə uyğun torpaq sahəsinin ona verilməsini bildirərək, məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməsini və Zərdab Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddia tələbinə uyğun izahat verən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi Seymur Əhmədov bildirmişdir ki, cavabdeh iddiaçıya qarşı iddia qaldırdığı zaman məhkəmədə bizə izah edilmişdir ki, Cəmilə Əliyevanın mirasını qanunauyğun şəkildə qəbul etmək lazımdır. Bu zaman müəyyən olunmuşdur ki, Cəmilə Əliyevaya verilmiş sənədlərdəki torpağın forması faktiki torpağın formasına uyğun gəlmir. Cəmilə Əliyeva tərəfindən istifadə edilmiş torpağın forması xəritədə çəkilmiş formadan fərqlənir. Bu halda ya köhnə sənədə uyğun, ya da Prezidentin sərəncamına əsasən faktiki torpaq sahəsinə uyğun cizgi verilməli idi. Bundan sonra, qonşuların, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bələdiyyə və icra nümayəndəliyinin iştirakı ilə ölçmə işləri aparılmış, müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi 1997-ci ildə verilmiş sənədə uyğun deyil. Həmin komissiyanın verdiyi rəyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti torpağın naturadakı vəziyyətinə uyğun texniki pasport hazırlayaraq çıxarış verdi. Hazırda həmin çıxarış qüvvədədir. Cavabdeh isə çəpəri 17 metr həyətəmizə tərəf çəkib. Ona görə də şəhadətnamələr faktiki vəziyyəti əks etdirmir. Bizə verilmiş şəhadətnamədə cavabdehlə sərhədimizin uzunluğu 46 metr göstərilib, amma faktiki uzunluğu 55 metrdir. Şəhadətnamədəki konfiqurasiya düzgün deyil, faktiki torpaq sahəsinə uyğun gəlmir, texniki pasport isə faktiki vəziyyətə tam uyğun verilib, amma şəhadətnamələr düzgün verilməyib. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında izahat verən mütəxəssis X9 bildirmişdir ki, Zərdab Rayon Məhkəməsində işə baxılarkən verilmiş mütəxəssis rəylərini mən yazmışam və həmin rəylər reystr xidməti tərəfindən tərtib edilmiş texniki pasporta uyğun verilmişdir. Həmin texniki pasportunun koordinatlarına uyğun araşdırma aparılanda və həmin koordinatları naturaya köçürəndə müəyyən olunur ki, faktiki olaraq torpaq sahələri üst-üstə düşür. Lakin şəhadətnamələrdə verilmiş konfiqurasiyalar faktiki vəziyyəti əks etdirmir. Mən özüm də hər iki torpaq sahələrində olmuşam. İddiaçıya verilmiş şəhadətnamədəki konfiqurasiya texniki pasportda olan konfiqurasiyadan fərqlidir. Eyni ilə cavabdehə verilmiş şəhadətnamədəki konfiqurasiya da aktiv istifadə vəziyyətindən fərqlidir. Lakin texniki pasportda olan koordinatları naturaya köçürdükdə torpaq sahələrinin üst-üstə düşmə halı müəyyən olunur. Texniki pasportda koordinatlar yoxdur, biz onları sorğu ilə reyestr xidmətindən alırıq. İddiaçının aldığı çıxarışa əlavə edilmiş texniki pasportda olan koordinatları naturaya köçürdükdə iddiaçıya məxsus 616 kv m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olur. Sonuncu rəy həm texniki pasport, həm də şəhadətnamələr əsasında verilib. Şəhadətnamələr faktiki vəziyyəti əks etdirmir. Baza məlumatlarında koordinatlar mövcuddur, lakin kəskin koordinasiya sürüşməsi baş verib, naturaya uyğun gəlmir. Şəhadətnamələrdə olan koordinatları ortofoto materialları üzərinə köçürən zaman xeyli fərq verir. Məhkəmə kollegiyasının əvvəlki iclasında çıxış edən iddiaçının vəkili və nümayəndəsi Əsgəran Muradov iddia tələbini müdafiə edərək apelyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Zərdab Rayon X7 xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarına əsasən X10 mülkiyyətinə 0,24 hektar torpaq sahəsi verilmiş və bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair JN-058A saylı90511018 kodlu şəhadətnamə verilmişdir. DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zərdab rayonunun Çallı kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha həyətyanı torpaq sahəsi İddiaçı Sıracəddin qızının xüsusi mülkiyyətindədir. Zərdab Rayon X7 xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarına əsasən X5 və ailə üzvlərinin mülkiyyətinə 0,22 hektar torpaq sahəsi verilmiş və bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair JN-150A nömrəli 90511018 kodlu şəhadətnamə verilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 25692 nömrəli rəyindən görünür ki, Zərdab rayonunun Çallı kəndində yerləşən JN-58A (kod 90511018) torpağın mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən, İddiaçı Sıracəddin qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin 840 kvm hissəsinin cavabdeh X5 tərəfindən istifadə olunduğu müəyyən edilir. Təkrar məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2017-ci il tarixli 24512 nömrəli rəyindən görünür ki, Zərdab rayonunun Çallı kəndində yerləşən JN-58A (kod 90511018) torpağın mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı Sıracəddin qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin 840 kv m hissəsinin cavabdeh X5 tərəfindən istifadə olunduğu müəyyən edilir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 20340 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus JN-58A nömrəli şəhadətnamə ilə cavabdehə məxsus JN-150A nömrəli şəhadətnaməni ortofoto materialları üzərinə köçürən zaman mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmiş, lakin DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı Sıracəddin qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda göstərilən ölçüləri naturaya köçürən zaman iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin 616 kvm hissəsinin cavabdeh tərəfin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Ortofoto materiallarına əsasən və baza məlumatlarında araşdırma aparılan zaman DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı Sıracəddin qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportla JN-058 A nömrəli şəhadətnamənin plan-ölçü cizgisi arasında müvafiq torpaq sahəsinin konfiqurasiya və ölçü (metrə) fərqliliyinin mövcud olduğu müəyyən edilmişdir. İşdə olan təkrar məhkəmə tikinti texniki ekspertizasının xx xxx 2019-cu il tarixli 11042 nömrəli ekspert rəyində qeyd olunur ki, mütəxəssis rəyinə görə Zərdab rayonunun Çallı kəndində yerləşən JN-058A və JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr əsasında verilmiş torpaq sahələrinin bir-biri ilə sərhədlərinin naturada olan vəziyyəti (koordinatları) həmin torpaq sahələrinə işlənmiş şəhadətnamələrdə göstərilən plan-ölçü cizgilərindəki ümumi (hər ikisinə aid) sərhədlərinin koordinatlarına uyğun gəlmədiyindən, şəhadətnamələrə aid olan torpaq sahələrinin sərhədlərinin pozulmasını müəyyən etmək mümkün olmadı. JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin naturadakı koordinatları və konfiqurasiyası həmin torpaq sahəsinə işlənmiş şəhadətnamədə göstərilmiş plan-ölçü cizgisindəki koordinatlarına və konfiqurasiyasına uyğun gəlmədiyi müəyyən edilmişdir. JN-058A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə RX-0147421 nömrəli çıxarışın aid olduğu torpaq sahəsinin JN-150A nömrəli torpaq sahəsi ilə həmsərhəd olan hissədə koordinatları və konfiqurasiyasının natura ilə uyğun gəlmədiyi müəyyən edilmişdir. JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin koordinatları və konfiqruyasiaysı natura ilə uyğun gəlmədiyindən üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. RX-0147421 nömrəli çıxarışın aid olduğu torpaq sahəsinin texniki pasportda təsvir edilmiş konfiqurasiyasının naturadakı vəziyyətinin JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin natura ilə uyğunsuzluğu olduğundan sərhədi pozmasını müəyyənləşdirmək mümkün olmadı. Zərdab Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2013-cü il tarixli 54 nömrəli icra işinin materiallarından görünür ki, icra işi Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(035)-221/2011 nömrəli qətnaməsinin icrası ilə bağlıdır. Həmin qətnamə ilə cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı (hazırkı iş üzrə cavabdeh) X2 və ailə üzvlərinə məxsus 0,22 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0,06 ha hissəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamə üzrə xx.xx.2013-cü il tarixdə icra vərəqəsi verilmiş, xx.xx.2013-cü il tarixli qərarla icra icraatına başlanmışdır. İcra işində olan xx.xx.2013-cü il tarixli aktda qeyd olunur ki, “...tərəflərə məxsus torpaq sahələri ölçülərək tələbkar X3 məxsus 0,22 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsi alınaraq ona təhvil verildi. Tələbkara məxsus 0,22 ha torpaq sahəsi tam ölçülərək təhvil verildi”. Aktın sonunda tələbkar X1 “heç bir əsas olmadan akta imza etməkdən imtina etdiyi” qeyd olunmuşdur. Bundan sonra icra məmuru məhkəməyə icra sənədinin tam icra olunması əsası ilə icra icraatına xitam verilməsi haqqında xx.xx.2013-cü il tarixli təqdimat göndərmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən xx.xx.2011-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xitam verilmişdir. Həmin qərardaddan tələbkar X5 tərəfindən apelyasiya şikayəti verilmiş, şikayətə baxan Şirvan Apelyasiya Məhkəməsi xx.xx.2013-cü il tarixli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadını ləğv edib icra məmurunun təqdimatını yenidən baxılmağa qaytarmışdır. İcra işində olan tələbkar X1 Zərdab Rayon İcra Qrupuna ünvanladığı xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, zəbt olunmuş 0,06 ha torpaq sahəsi ona qaytarılmaqla icra sənədi tam icra olunmuş, heç bir şikayət və tələbi yoxdur. Daha sonra icra məmuru məhkəməyə icra icraatına xitam verilməsi haqqında xx.xx.2014-cü il tarixli təqdimatla müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, tərəflər Zərdab rayonunun Çallı kəndində yaşamaqla qonşudurlar. JN-58A nömrəli şəhadətnaməyə və DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının 0,24 ha, cavabdehin isə JN-150A nömrəli şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahələri vardır. İddiaçının izahatından və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 25692 nömrəli və xx.xx.2017-ci il tarixli 20340 nömrəli rəylərindən müəyyən olunur ki, iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinin bir hissəsi (sonuncu ekspert rəyinə əsasən 616 kvm hissəsi) cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə araşdırması zamanı araşdırılan torpaq sahələrinin planından müəyyən olunur ki, cavabdehə məxsus olan torpaq sahəsinin iddiaçıya aid olan tərəfdə sərhədində son istinad nöqtəsi kimi cavabdehə məxsus olan dülgər sexi göstərilmişdir. Məhkəmə prosesinin gedişində tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı haqqında mübahisə qaldırılan və zəbt olunduğu iddia edilən torpaq sahəsinin həmin dülgər sexindən iddiaçı tərəfdə yerləşdiyi müəyyən olundu. Beləliklə, işin yuxarıda müəyyən olunan hallarına və yuxarıda adı çəkilən ekspert rəylərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Cavabdeh X6 iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir təkzibolunmaz və şübhədən kənar sübut təqdim etməmişdir. Ona görə də iddia təmin edilərək cavabdeh X1 iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt etdiyi 616 kv m hissəsindən çıxarılması qət edilməlidir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin mübahisəli hüquq münasibətləri üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. MPM-ya görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (mad. 76). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (mad. 101.3). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (mad. 106.3). Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (mad. 218.1). Beləliklə, məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin izahatını və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli rəylərini, mütəxəssisin izahatını, cavabdehin izahatı və məhkəmə tikinti texniki ekspertizasının xx xxx 2019-cu il tarixli rəyi ilə yanaşı yoxlayıb qiymətləndirərək müəyyən etmişdir ki, tərəflər Zərdab rayonunun Çallı kəndində yaşamaqla qonşudurlar. JN-58A saylı şəhadətnaməyə və DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının 0,24 ha, cavabdehin isə JN-150A nömrəli şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahələri vardır. İddiaçıya məxsus JN-58A nömrəli şəhadətnamə ilə cavabdehə məxsus JN-150A nömrəli şəhadətnaməni ortofoto materialları üzərinə köçürəndə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmur, lakin DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda göstərilən ölçülər naturaya köçürüldükdə, iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin 616 kv m hissəsinin cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İddiaçıya verilmiş ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportla JN-058 A nömrəli şəhadətnamənin plan-ölçü cizgisi arasında müvafiq torpaq sahəsinin konfiqurasiya və ölçü (metrə) fərqliliyi vardır. Təkrar məhkəmə tikinti texniki ekspertizasının xx xxx 2019-cu il tarixli rəyində isə qeyd olunur ki, mütəxəssis rəyinə görə Zərdab rayonunun Çallı kəndində yerləşən JN- 058A və JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr əsasında verilmiş torpaq sahələrinin bir-biri ilə sərhədlərinin naturada olan vəziyyəti (koordinatları) həmin torpaq sahələrinə işlənmiş şəhadətnamələrdə göstərilən plan-ölçü cizgilərindəki ümumi (hər ikisinə aid) sərhədlərinin koordinatlarına uyğun gəlmədiyindən, şəhadətnamələrə aid olan torpaq sahələrinin sərhədlərinin pozulmasını müəyyən etmək mümkün olmur. RX ******* nömrəli çıxarışın aid olduğu torpaq sahəsinin texniki pasportda təsvir edilmiş konfiqurasiyasının naturadakı vəziyyətinin JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin natura ilə uyğunsuzluğu olduğundan sərhədi pozmasını müəyyənləşdirmək mümkün olmadı. Halbuki, həm mütəxəssisin izahatından, həm də əvvəlki ekspert rəylərindən aydın olur ki, iddiaçıya məxsus RX ******* nömrəli çıxarışın texniki pasportunda təsvir edilmiş torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə tam üst-üstə düşür və cavabdeh hazırda həmin torpaq sahəsinin 616 kv metrindən istifadə edir. Ona görə də məhkəmə kollegiyası 20may 2019cu il tarixli ekspert rəyinə və cavabdehin izahatına tənqidi yanaşır və bunları mötəbər sübut kimi qəbul etmir. Bu mübahisədən əvvəl tərəflər arasında olmuş torpaq mübahisəsinin nəticəsi olaraq tələbkar Mütəlif Əhmədovun zəbt olunmuş 0,06 ha torpaq sahəsi ona qaytarılmaqla icra sənədi tam icra olunmuş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən xx.xx.2011-ci il tarixli həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Yəni bu mübahisə üzrə iş üzrə icraata xitam verilmiş və hazırda məhkəmənin icraatında olan işlə heç bir əlaqəsi qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Mülki Məcəllənin (bundan sonra MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (MM-in 157.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nın 165.1-ci maddəsi). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəllənin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi bu nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır. Çünki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. Həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаddəsi). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kоllegiyаsı tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mütəxəssisə və ekspertizaya sərf edilmiş məsrəfləri təşkil edən, ümumilikdə 479,20 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına ödənilməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dörd yüz manat Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına (Dövlət Xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************), yetmiş doqquz manat iyirmi qəpik isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (“xxxxxxxxxxx” ASC-nin Xətai filialı (kod: 200071), VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN: **********) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar