Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-57/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2021-ci il qeydiyyat tarixli, **********10 №-li çıxarışa əsasən Yevlax rayon, Tanrıqulular kəndində yerləşən 2,1602 hektar onların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onların adına verilmiş, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.1602 ha torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi tərəflərindən hazırki cavabdehə istifadə etmək üçün verilmişdir. Cavabdeh həmin torpaq sahəsindən istifadə edirək orada yonca və taxıl əkirdi və bunun müqabilində onlara cəmi 1700 manat pul vermiş, son 3-4 il ərzində 2 dəfə 300 manat pul vermişdir. Əvəzində isə cavabdeh 30 – ildir ki, həmin torpaqdan istifadə edir. 3 ildir onların təkidlərinə cavab vermir. Pay torpaqlarından çıxmaq istəmir. Hər dəfə məsələni qaldırarkən müxtəlif bəhanələrlə onlardan pul alacağını və digər hədələrini açıq-aşkar bildirir. Nəticə etibarı ilə qanuni əsaslarla əldə etdikləri torpaq sahəsindən istifadə edə bilmirlər. Bütün bunlar da onların mülkiyyət üzərində olan hüquqlarını pozur. Heç bir halda cavabdehin torpaqlarından çıxmır, həmin torpaq sahəsi onların qazanc yeridir. Cavabdeh imkanından və imtiyazından istifadə edir, onlar cavabdehdən qanunsuz istifadəsində olan torpaqlarını tələb edirlər. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim K.Əliyev) 8 fevral 2023-cü il tarixli, 2(039)- 81/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən torpaq sahəsinin 2.1602 hektar hissəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçılara məxsus torpaq sahəsinin 2,1602 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçılar həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 2,1602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar, cavabdeh tərəfindən onlara məxsus 2,1602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd etmiş, mütəxəssis rəyində həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş, qeyd edilən torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin icarə müqaviləsi adı ilə təqdim etdiyi sübuta münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin müqavilə mülki qanunvericiliyin tələbinə uyğun bağlanmadığından, habelə notarial qaydada təsdiqlənmədiyindən hazırki mübahisə üzrə hər hansı bir sübut əhəmiyyəti olamaqla hər hansı bir nəticəni doğurmur. İddia ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçıların mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır. İddiaçılara məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən tam olaraq çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 140, 144.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 24 oktyabr 2014-cü il tarixli icarə müqaviləsindən (müqavilənin adı texniki səhv olaraq “icarə” kimi göstərilsə də, əslində mahiyyət etibarilə özündə “alqı-satqı”nı ehtiva edir) görünür ki, həmin müqavilə Yevlax rayonu Tanrıqulular kəndi ərazisində yaşayan o və iddiaçı arasında bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 1,44 ha pay torpaq sahəsini ona satmış və o torpağın əvəzi olaraq 1700 manat məbləğində pulu iddiaçıya ödəmişdir. Müqavilə hər iki şəxs tərəfindən imzalanmış, həmçinin Yevlax RİHB-nın Tanrıqulular kənd İƏN nümayəndəsi Həsənov tərəfindəm imza və möhürlə təsdiqlənmişdir. Həmçinin həmin tarixdə, yəni 24 oktyabr 2014-cü ildə tərəflər arasında akt da tərtib edilmiş və aktda da torpaq sahəsinin satılması birbaşa göstərilmişdir. Akt da həm hər iki tərəf, həm də digər şahidlər tərəfindən imzalanaraq təsdiq edilmişdir (surəti əlavə edilir). Həmin müqavilə və akta əsasən, torpaq sahəsi onun mülkiyyətinə keçmiş və o uzun illərdir ki, həmin torpaq sahəsindən maneəsiz istifadə etmişdir. Əgər iddiaçı tərəf torpaq sahəsini ona satmasa idi, bu illər ərzində susmaz, hər hansısa bir hüquq mühafizə orqanına və ya məhkəməyə müraciət edərdi. Bundan başqa, həmin müqavilədən görünür ki, ona 1,44 ha torpaq sahəsi satılmışdır. Yəni 2,16 ha torpaq sahəsinin 1,44 ha hissəsi ona bu müqavilə üzrə satılmış, yerdə qalan 0,72 ha hissəsi isə Məhərrəm Tağıyev tərəfindən ona icarəyə verilmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi 20 aprel 2004-cü il tarixli müqavilədən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yaşayan İddiaçı2 1,44 ha torpaq sahəsini X1. X7 vəfat etmiş və onun vərəsəsi kimi torpaq sahəsi Dəmir Məmmədova keçmişdir. Dəmir Məmmədovun verdiyi etibarnamə əsasında isə Məhərrəm Tağıyev həmin 1,44 ha torpaq sahəsinin 0,72 ha hissəsini ona icarəyə vermişdir. Yəni həmin 0,72 ha torpaq sahəsinin iddiaçılara heç bir aidiyyatı yoxdur. Göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş bu qətnamə birbaşa onun mülkiyyət hüquqlarınmın pozulması ilə nəticələnmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarının ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən iddiaçıların adına verilmiş, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.1602 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir. İddiaçılara məxsus torpaq sahəsinin 2,1602 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçılar həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər. Kollegiya hesab edir ki, şikayətin bu dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. İcarə müqaviləsi (mahiyyət etibarilə “alqı-satqı”) mülki qanunvericiliyin tələbinə uyğun bağlanmadığından, habelə notarial qaydada təsdiqlənmədiyindən hazırki mübahisə üzrə hər hansı bir sübut əhəmiyyəti olmamaqla hər hansı bir nəticəni doğurmur. Digər tərəfdən kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə ilə İddiaçı1 qardaşı X8 məxsus payın da cavabdehə icarəyə verilməsi (mahiyyət etibarı ilə satılması) barədə müqaviləni imzalayakən hər hansı bir səlahiyyəti olmamışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, 2,16 ha torpaq sahəsinin 1,44 ha hissəsi ona bu müqavilə üzrə satılmış, yerdə qalan 0,72 ha hissəsi isə Məhərrəm Tağıyev tərəfindən ona icarəyə verilmişdir. Yevlax rayonu Tanrıqulular kəndində yaşayan İddiaçı2 1,44 ha torpaq sahəsini X1. X7 vəfat etmiş və onun vərəsəsi kimi torpaq sahəsi Dəmir Məmmədova keçmişdir. Dəmir Məmmədovun verdiyi etibarnamə əsasında isə Məhərrəm Tağıyev həmin 1,44 ha torpaq sahəsinin 0,72 ha hissəsini ona icarəyə vermişdir. Yəni həmin 0,72 ha torpaq sahəsinin iddiaçılara heç bir aidiyyatı yoxdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, cavabdeh tərəf həmin 0,72 ha torpaq sahəsinin başqa şəxsdən icarəyə götürülməsi ilə bağlı məhkəməyə heç bir sübut (etibarnamə) təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən iddiaçıların adına verilmiş, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.1602 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Göründüyü kimi şikayət bu hissədə də əsassızdır. Bundan başqa məhkəmə kollegiyasının 22 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 5 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8762 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə Yevlax rayon, Tanrıqulular kənd ərazisində iddiaçıların naturada göstərdiyi və iddia etdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 2-ci sual üzrə Yevlax rayon, Tanrıqulular kənd ərazisində iddiaçıların naturada göstərdiyi və iddia etdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 3-cü sual üzrə Yevlax rayon, Tanrıqulular kənd ərazisində iddiaçıların mülkiyyətinə verilmiş və naturada göstərdiyi və iddia etdiyi 2,1602 ha kənd təsərrüfatı torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. 4-cü sual üzrə iddiaçıların mülkiyyətinə verilmiş 2,1602 ha torpat sahəsi naturada cavabdeh X5 tərəfindən istifadə edilir. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq edilir ki, cavabdeh X5 iddiaçılara məxsus torpaq sahəsində qanunsuz olaraq zəbt edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(039)-81/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatı Cavabdeh, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-57/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-57/2024
18.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver