Məhkəmə qərarları › İş №2(107)-575/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-575/2020

11.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-575/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Yevlax Rayon Məhkəməsinin (hakim Vəzirxan Məlikov) xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək Cavabdeh İddiaçı Yevlax rayonu Qaraoğlan kəndində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) ona məxsus olan yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X11 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onun doğma əmisi, iddiaçı isə qardaşıdır. Cavabdehin ayrı evi olmasına baxmayaraq hazırda onun mülkiyyətimdə olan evə yerləşib və bu evdə yaşayır. O özü, atası, anası, iki bacıları birlikdə hazırda bir otaq, bir şüşəbənd və bir mətbəxdən ibarət olan evdə yaşayırlar. Bu vəziyyətdə onunla birlikdə orada yaşaması onun vəziyyətlərini daha da ağırlaşdırır. Mülkiyyətçi olan Kamil cavabdehə dəfələrlə evindən çıxıb öz evinə yerləşməsini xahiş etsə də, bunun heç bir müsbət nəticəsi olmayıb. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh Yevlax rayonu Qaraoğlan kəndində yerləşən və mülkiyyət hüququna əsasən iddiaçıya məxsus olan, hazırda ailə üzvləri ilə birlikdə yaşadıqları yaşayış evindən çıxarılmasını xahiş edir. Hesab edir ki, iddia tam əsaslı və qanunidir, cavabdeh ona məxsus olan yaşayış evindən çıxarılmaldır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh bildirmişdir ki, o, xx.xx.1954-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. 5 nəfərlik ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatdadır və yaşayır. Yaşadığı ev və həyətyanı sahə onun mərhum atası X14 məxsus olmuşdur. Atası xx.xx.1965-ci ildə vəfat etmişdir. Hal-hazırda həmin evdə ailə üzvləri ilə o və öz ailə üzvləri ilə birlikdə qardaşı, indiki halda iddiaçı ortaq vəsait qoymaqla birgə inşa etmişlər. Lakin onun xəbəri olmadan qardaşı Sərdar saxta sənədlər toplayaraq həmin evi öz mülkiyyətinə keçirərək mülkiyyət hüququna dair maraqlı şəxs, Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı çıxarış almış və həmin gündən etibarən ondan yaşadığı evi tərk etməyi tələb edir. Sonradan X18 həmin evi oğlu İddiaçı adına rəsmiləşdirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X15 onunla eyni məzmunlu izaht vermişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)- 36/2019 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)- 36/2019 nömrəliqətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7567/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-36/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. O, bu məhkəmə işindən sonra vəkilin məsləhəti əsasında onun sorğusu ilə müraciət edərək evin hansı sənədlərlə İddiaçı adına keçməsi ilə maraqlanmışdır. DƏDRX-in 17 saylı Ərazi İdarəsindən alınmış cavabla ona məlum olmuşdur ki, onun torpağı və evi Şəki İnzibati-İqlisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2-1(084)-86/2015 saylı və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli. 2-1(084)-4l6/2016 saylı qərarları əsasında X8 adına sənədləşdirilmiş, daha sonra ona məxsus ev və torpaq sahəsi sonuncunun adından oğlu İddiaçı bağışlanılmış və yekunda sonuncu həmin əmlaka dair adına çıxarış almışdır. Hazırda həmin məhkəmə qərarlarının hər ikisindən üçüncü şəxs kimi tərəfindən apelyasiya şikayəti verilmişdir və odur ki, hər iki məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxılana qədər hazırkı iş üzrə icraat dayandırılmalıdır. Hesab edir ki, qeyd edilən məhkəmə qərarı ləğv edildikdən sonra həmin mənzilin hazırkı iş üzrə iddiaçıya bağışlanılması barədə alqısatqı müqaviləsi miibahisələndirilərək ləğv ediləcəkdir və bundan sonra hazırkı iddianın heç bir əsası qalmayacaqdır və yekunda qanuni qüvvəyə minmiş məhkəmə qərarları olacağı üçün hazırkı iş üzrə də məhkəmə qətnaməsi ləğv edilərək iddia rədd ediləcəkdir. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını lazımınca araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə və nümayəndəsi X19 apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 7567/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-36/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Hal-hazırda İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu hüququn cavabdehin evdən istifadə hüququ ilə məhdudlaşdırılması barədə hər hansı qeydiyyat yoxdur. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi maddi hüquq normaları yeni Mənzil Məcəlləsi qüvvəyə minənə kimi yaranmış münasibətlərə tətbiq olunmaqla dövlət mənzil fondunda olan mənzillərlə bağlı münasibətləri tənzimləmişdir. Ona görə də məhkəmə kollegiyası qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin mübahisəli hüquq münasibətlərinə tətbiqini tətbiq edilməli olmayan maddi hüquq normasının tətbiqi kimi qiymətləndirir. Mülki işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yevlax rayon Xaldan kənd Sovetliyinin (Qaraoğlan kəndi üzrə) 1966-1973-cü illərə dair təsərrüfatbaşına kitabında X8 anası X16 təsərrüfat başçısı kimi qeyd olunmuşdur. Təsərrüfatda olan fərdi yaşayış evi 1968-ci ildə tikilmişdir. İddiaçı X18 və üçüncü şəxs Cavabdeh həmin təsərrüfatda olmuşlar. 1974-1976-cı illərə dair təsərrüfatbaşına kitabında X8 həmin təsərrüfatdan ayrılaraq 934 nömrəli təsərrüfata köçməsi göstərilir.” Mülki işə əlavə olunmuş arayışlarla həmçinin təsdiq olunur ki, Cavabdeh torpaq islahatı keçirilən vaxtda ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraoğlan kəndində yaşamışdır. Belə bir xüsusat torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsinin ayrılması, yəni onların yaşadığı yerdə həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamədə adlarının qeyd olunmasını şərtləndirir. İddiaçı şikayətlərində Cavabdeh ayrıca evinin olmasını qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi bu xüsusatları ətraflı araşdırmamışdır. Cavabdeh və onun ailə üzvlərinin (arvadı, övladları) adına həyətyanı torpaq sahəsinin ayrılıb-ayrılmaması, həmin torpaq sahəsində yaşayış evinin olub-olmaması, evin kimin adına olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Əgər Cavabdeh başqa yaşayış sahəsinə malikdirsə, onda onun mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququ istisna olunur. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxx 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayonu Qaraoğlan kəndində yerləşən və özünə məxsus olan fərdi yaşayış evinu oğlu İddiaçı bağışlamışdır. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayon Qaraoğlan kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.8 kv.m. olan fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. X37 Hakimiyyəti başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 48 nömrəli arayışında qeyd olunmuşdur ki, Yevlax rayonu Qaraoğlan kənd sakinləri Cavabdeh, X19 və X17 nümayəndəliyin 11 nömrəli təsərrüfatbaşına kitabının 23-cü səhifəsində, X3 təsərrüfatında qeydiyyatdadırlar, onların adına həyətyanı torpaq sahəsi və yaşayış evi yoxdur. Kollegiyanın sorğusu əsasında alınmış ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin xx xxxxx 2020-ci il tarixli **********24 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Kollegiya mübahisənin obyektiv həlli üçün zəruri olduğundan Yevlax rayonu Qaraoğlan kəndində aqrar islahatın aparılan vaxt Yevlax rayonu Qaraoğlan kənd sakinləri Cavabdeh və ailə üzvləri X17, X19, X9 və X6 həyətaynı torpaq sahəsi verilib-verilməməsi barədə rəsmi məlumat verilməsi, habelə Yevlax rayonu Qaraoğlan kəndində aqrar islahatın aparılması barədə Yevlax rayonu Qaraoğlan kəndi üzrə X36 Komissiyasının qərarına əlavə edilmiş Yevlax rayonu Qaraoğlan kəndində həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından ailə başçısı Cavabdeh və ailə üzvləri X17, X19, X9 və X4 adları olan hissəsindən çıxarışın təsdiq edilmiş surətlərini məhkəmə kollegiyasına təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu etmiş, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2020-ci il tarixli **********31 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi”nin arxivlərində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində onların iradəsinə zidd olaraq yaşayır və həmin evdən çıxmayaraq iddaçının mülkiyyət hüququ pozulur. Odur ki, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşır. İşin gerçək hallarından görünür ki, Yevlax rayonu Qaraoğlan kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.8 ha olan fərdi yaşayış evi vardır ki, həmin ev 1970-ci illərdə tikilmişdir. Həmin evə dair X8 adına xx.xx.2016-cı ildə ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. X18 həmin evi hazırkı iş üzrə iddiaçı olan oğlu İddiaçı bağışlamış və xx.xx.2017-ci ildə sonuncunun adına RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. Lakin sözügedən evdə iddiaçı və onun ailə üzvləri ilə yanaşı cavabdehdə yaşayır. İddiaçı hesab edir ki, mülkiyyətində olan evdə onun iradəsinə zidd olaraq cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur. Odur ki, cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmasını tələb edir. Mülki işin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yevlax rayonu Xaldan kənd Sovetliyinin (Qaraoğlan kəndi üzrə) 1966-1973-cü illərə dair təsərrüfatbaşına kitabında X8 anası X16 təsərrüfat başçısı kimi qeyd olunmuşdur. Təsərrüfatda olan fərdi yaşayış evi 1968-ci ildə tikilmişdir. İddiaçı X18 və üçüncü şəxs Cavabdeh həmin təsərrüfatda olmuşlar. 1974- 1976-cı illərə dair təsərrüfatbaşına kitabında X8 həmin təsərrüfatdan ayrılaraq 934 nömrəli təsərrüfata köçməsi göstərilir.” İşdə olan X37 Hakimiyyəti başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 48 nömrəli arayışından görünür ki, Yevlax rayonu Qaraoğlan kənd sakinləri Cavabdeh, X19 və X12 nümayəndəliyin 11 nömrəli təsərrüfatbaşına kitabın 23-cü səhifəsində, X3 təsərrüfatında qeydiyyatdadırlar. İstinad olunan məhkəmə qərarından və arayışdan göründüyü kimi, iddiaçının atası X18 və Cavabdeh əvvəllər anaları X7 təsərrüfatında 1968-ci ildə tikilən və analarına məxsus olan fərdi yaşayış evində yaşamışlar. Yevlax rayonu Xaldan kənd Sovetliyinin (Qaraoğlan kəndi üzrə) təsərrüfatbaşına kitabında həmin təsərrüfatın başçısı kimi göstərilən dövrdə X8 və Cavabdeh anaları X16 həmin təsərrüfatın başçısı kimi qeyd olunmuşdur. X18 1974-cü ildə ayrılaraq özünün tikdirdiyi fərdi yaşayış evinə köçmüş, həmin ildən etibarən o, Qaraoğlan kəndi üzrə təsərrüfatbaşına kitabda 934 nömrəli təsərrüfatın başçısı kimi qeyd edilmişdir. Cavabdeh isə anasının təsərrüfatının üzvlüyündə qalmışdır. Anaları X16 öldükdən sonra bacıları X13 təsərrüfatbaşına kitabda həmin təsərrüfatın başçısı kimi qeyd olunmuşdur. İndi də həmin təsərrüfatın başçısı X13 olmaqla Cavabdeh ailə üzvləri X12 və X19 ilə birlikdə həmin təsərrüfatda qeydiyyatdadırlar. 1968-ci ildə tikilmiş və mərhum X10 məxsus olan fərdi yaşayış evi də X3 təsərrüfatına aid olmaqla sonuncu hazırda həmin evdə yaşayır. Göstərilənlərdən müəyyən edilir ki, Cavabdeh və ailə üzvləri X12 və X19 1968-ci ildə tikilmiş və mərhum X10 məxsus olmuş, hazırda X3 təsərrüfatına aid olmaqla sonuncunun yaşadığı fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ev onların yaşayış yeri sayılır. Göründüyü kimi, cavabdeh və ailə üzvləri başqa yaşayış sahəsinə malikdirlər. Ona görə də onların mülkiyyət hüququ ilə başqasına (İddiaçı) məxsus olan sözügedən evdən istifadə hüquqları istisna olunur. Deməli, iddiaçı mülkiyyətində olan yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X32 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Onunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsinə ziddinə heç kəs mənzilə daxil ola bilməz. X32 Məhkəməsinin formalaşmış mövqeyinə görə, X32 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntilərinin” olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayon Qaraoğlan kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.8 kv.m. olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evindən Cavabdeh hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sözügedən evin iddiaçının mülkiyyətində olması (mövcudluğu) və həmin evdən cavabdehin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.2-ci maddələrindən, X32 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə X32 Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə iddiası qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X32 Məhkəməsi “X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X32 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X32 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7567/2019 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər vəmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedərəkhesаb edirki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar