Məhkəmə qərarları › İş №2(107)-575/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-575/2022

18.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-575/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha torpaq sahəsindən və oradakı tikilidən çıxarılmaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən və tikilidən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha torpaq sahəsindən və oradakı tikilidən çıxarılmaları tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(019)-58/2022 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X3 Balakən rayonu Şərif kəndində 699.42 kvm həyətyanı torpaq sahəsi verilmişdir ki, onun üzərində ümumi sahəsi 56 kv.m olan 1968-ci ildə tikilmiş fərdi yaşayış evi mövcud olmuşdur. X6 1997-ci ildə hazırki iş üzrə cavabdeh olan nəvəsi Cavabdeh1 həmin evə köçürmüşdür və onlar həmin vaxtdan bəri birlikdə yaşamışlar. X6 18.03.2019-cu ildə ölmüşdür. 04 mart 2021-ci ildə həmin torpaq sahəsinə dair X1 adına çıxarış verilmişdir. 20 aprel 2021-ci il tarixli V-89/2021 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsi X1 vərəsəsi olaraq İddiaçı vərəsəlik qaydasında keçmişdir və 07 may 2021-ci il tarixdə İddiaçı adına çıxarış verilmişdir. 09 fevral 2021-ci ildə Cavabdeh1 Cavabdeh2 ilə evlənmiş və onu mübahisəli torpaq sahəsində yerləşən evə köçürmüşdür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus Balakən Rayonu Şərif kəndində yerləşən 0.0699 ha yaşayış məntəqələri üçün ayrılmış torpaq sahəsindən və onun üzərində yararsız vəziyyətdə olan tikilidən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xüsusi mülkiyyətində Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ona **********22 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi tam payla onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin aprel ayının əvvəlində onun yanına gələrək yaşamaq üçün yerləri olmadığını və müvəqqəti olaraq -1 aylıq ona məxsus olan 0.0699 ha torpaq sahəsinin üzərində yararsız vəziyyətdə olan tikilidə qalmaq istədiklərini bildirmişlər. Tikilinin yararsız vəziyyətdə olmasını, yaşamaq üçün təhlükəli olduğunu onlara bildirmişdir. Lakin cavabdehlər 1 aylıq müvəqqəti qalacaqlarını, daha sonra ev taparaq oradan çıxacaqlarını bildirmişlər. O, da razı olmuşdur. Artıq 1 ildən çox müddət keçməsinə baxmayaraq cavabdehlər ona məxsus olan torpaqdan və onun üzərində olan tikilidən çıxmırlar. Həmin tikili 1968-ci il tarixdə tikilmiş, hal-hazırda yararsız vəziyyətə düşmüşdür. Həmin tikilini sökərək yerində yeni yaşayış evi tikmək istəyir. Lakin cavabdehlər ona məxsus olan torpaq sahəsi və onun üzərində olan tikilini qanunsuz olaraq zəbt etdiklərindən, mülkiyyət hüququnu həyata keçirə bilmir. Cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxmalarını tələb etsə də, cavabdehlər buna məhəl qoymamışdırlar. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını kobud şəkildə pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 1995-ci ildən mübahisəli evdə yaşayır. Həmin təsərrüfat onun nənəsi X2 adına olmuşdur. O, Cavabdeh2 ilə 2021-cü ildə evlənmişlər. Bir uşaqları vardır. Onlar iki il olar ki, həmin evdə yaşayırlar. Ev iddiaçıya məxsus torpaq sahəsində deyil, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindədir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı mərhum anası X4 məxsus qəzalı vəziyyətdə olan tikilinin 84 kv.m hissəsi İddiaçı mülkiyyətində olan 0.0699 ha torpaq sahəsinin sərhədləri daxilində, qalan 35 kv.m hissə isə həmin Çıxarışda göstərilən torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir . Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən torpaq sahəsinə və oradakı tikiliyə heç bir hüquqları olmadığı halda həmin tikilidə yaşayaraq oradan və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edirlər. Nəticədə İddiaçı mülkiyyət hüququnu həyata keçirə bilmir. İddiaçı cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxmalarını tələb etsə də cavabdehlər buna məhəl qoymamışdırlar. Bu isə mülkiyyətçi olaraq iddiaçının hüquqlarını kobud şəkildə pozur. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən torpaq sahəsinə heç bir hüquqlarının olmamasını, cavabdehlərin məskunlaşdıqları tikilinin 84 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsini, cavabdehlərin sözügedən torpaq sahəsindən və oradakı tikilidən istifadə etmələri nəticəsində iddiaçının öz mülkiyyətindən istifadə edə bilməməsini, nəticədə onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsindən və oradakı tikilinin həmin torpaq sahəsində yerləşən 84 kv.m hissəsindən çıxarılmalı, mübahisəli tikilinin 35 kv.m hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmədiyindən, iddiaçı həmin tikiliyə mülkiyyət hüququnun olmasına dair sənəd təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Balakən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(019)-58/2022 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsindən və oradakı tikilinin həmin torpaq sahəsində yerləşən 84 kv.m hissəsindən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 238 və 239-cu maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82 və 84-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.05.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 258 nömrəli arayışdan görünür ki, Cavabdeh1 1997-ci ildə Ukraynadan kəndə köçmüşdür. Hərbi xidmətdən qayıtdıqdan sonra Rostov şəhərinə getmişdir. 2020-ci ilin mart ayından mübahisəli evdə yaşayırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli 387 nömrəli arayışdan görünür ki, İddiaçı anası mərhum X5 məxsus Şərif kəndində fərdi yaşayış evi vardır, qəzalı vəziyyətdədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli 410 nömrəli arayışdan görünür ki, X13 1997-ci ildə mərhum nənəsi X2 təsərrüfatına qeydiyyata düşmüşdür, halhazırda həmin təsərrüfatda yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 569 nömrəli arayışdan görünür ki, mərhum X2 təsərrüfatında ümumi sahəsi 56 kv.m olan 1968-ci ildə tikilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 21.12.2021-ci il tarixdə verilmiş **********39 nömrəli mütəxəssis rəyindən görünür ki; Balakən rayonu Şərif kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********22 olan hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0699 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı tikilinin 84 kv.m hissəsi İddiaçı mülkiyyətində olan 0.0699 ha torpaq sahəsinin sərhədləri daxilində, qalan 35 kv.m hissə isə həmin Çıxarışda göstərilən torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. (yerquruluşu planı 1) Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh1oviç 1995-ci ildən hazırda mübahisələndirilən evdə yaşamışdır. Həmin təsərrüfat nənəsi X2 adına olmuşdur. Cavabdeh1oviç 1997-ci ildə həmin təsərrüfata qeydiyyata düşərək nənəsi X7 ilə birlikdə onun təsərrüfatında olan 1968-ci ildə tikilmiş ümumi sahəsi 56 kvm olan fərdi yaşayış evində yaşamışdır. Bundan sonra fasilələrlə həmin evdə yaşamışdır. 2013-cü ildə Cavabdeh2 ilə qeyri-rəsmi nikahla evlənmiş, faktiki nikahlarından bir övladı olmuşdur. Nikahlarını isə 09 fevral 2021-ci ildə 01 sayla Balakən rayonu Şambul kənd inzibati Ərazi Dairəsində rəsmiləşdirmişlər. İki il olar ki, nənəsi X2 təsərrüfatında olan 1968-ci ildə tikilmiş ümumi sahəsi 56 kvm olan fərdi yaşayış evində yaşayır. X2 ölümündən sonra ona məxsus olan 0.0699 ha həyətyanı torpaq sahəsini İddiaçı öz adına rəsmiləşdirmişdir. Lakin hazırda onların yaşadığı X2 təsərrüfatında olan 1968-ci ildə tikilmiş ümumi sahəsi 56 kvm olan fərdi yaşavış evi 0.0699 ha həvətvanı torpaq sahəsinin hüdudları daxilində olmadığına, onun yerləşdiyi yerin bələdiyyə mülkiyyətinə aid olduğuna görə həmin fərdi yaşayış evinə çıxarış verilməsi mümkün olmamışdır. Müəyyən edilmişdir ki, cavabdehlərin çıxarılması tələb edilən tikilinin (yaşayış evinin) hələ 1968-ci il tarixdə inşa edilməsi iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində də qeyd edilmişdir. Bundan əlavə iddiaçının qeyd edilən mübahisə predmeti olan tikilinin iddiaçı tərəfindən torpaq sahəsinin vərəsəlik qaydasında öz adma rəsmiləşdirilməsindən əvvəl həmin torpaq sahəsində mövcud olması və cavabdehlərin həmin tikililərdə yaşaması etiraf edilmişdir. Hazırkı vəziyyətdə mübahisə predmeti olan 1968-ci ildə tikilmiş fərdi yaşayış evi üzərinədə iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikililərdən çıxarılması barədə iddiası təmin edilə bilməz. İddiaçı ərizəsində fərdi yaşayış evinin yararsız halda olduğunu bildirsə də, bu fakt hər hansı bir mötəbər sübutla təsdiq edilməmişdir. Balakən rayon məhkəməsində işə baxılarkən məhkəmə iddiaçıya məxsus olan torpaq sahəsinin ölçülərini və real vəziyyətini, fərdi vaşayış evinin iddiaçının mülkıvvətində olubolmamasını araşdırmamış, bunun üçün xüsusi bilik tələb olunduğundan məhkəmə mühəndis texniki ekspertizasını təyin etməmişdir. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Hazırkı vəziyyətdə mübahisə predmeti olan 1968-ci ildə tikilmiş fərdi yaşayış evi üzərinədə iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikililərdən çıxarılması barədə iddiası təmin edilə bilməz. İddiaçı ərizəsində fərdi yaşayış evinin yararsız halda olduğunu bildirsə də, bu fakt hər hansı bir mötəbər sübutla təsdiq edilməmişdir. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu qəbul etmişdir. Cavabdeh 1995-ci ildən həmin evdə nənəsinin, yəni əvvəlki mülkiyyətçinin razılığı ilə yaşadığından və orada qeydiyyatda olduğundan 1968-ci ildə inşa edilmiş evə münasibətdə cavabdehlərin əmlak və əşya hüquqları mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququ əldə etməsini sübuta yetirə bilməmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(019)- 58/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(019)-58/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərin xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Balakən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(019)-58/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın Cavabdeh1 münasibətdə təmin olunmuş hissəsində gəldiyi nəticə ilə razılaşmır. Hazırki iş üzrə cavabdehlər birinci instansiya məhkəməsində nümayəndə ilə təmsil olunsalar da, onlar özləri məhkəmə prosesində iştirak etmədiklərindən işin obyektiv həlli üçün zəruri olan onlara aid sənədləri məhkəməyə təqdim etməmişlər. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olduğundan hazırki iş üzrə məhkəmə kollegiyası sorğular vermiş, sübutlar əldə etmiş və onlara qiymət vermişdir. X1 adına verilmiş A N175763 nömrə ilə uçota alınmış Torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X3 Balakən rayonu Şərif kəndində 699.42 kvm həyətyanı torpaq sahəsi verilmişdir ki, göstərilən plan və ölçü sənədi də həmin qərar əsasında tərtib edilmişdir. 04 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət resyestrindən çıxarışla Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsi X1 adına dövlət qeydiyyatına alınmışdır. 20 aprel 2021-ci il tarixli V-89/2021 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsi 18.03.2019-cu ildə ölmüş X1 vərəsəsi olaraq İddiaçı vərəsəlik qaydasında keçmişdir. 07 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət resyestrindən çıxarışla Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Göstərilən sənədlərin məzmunnudan belə nəticəyə gəlmək olur ki, X1 1998-ci ildən etibarən mübahisələndirilən əmlaka gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki işin hüquqi əsasını 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri təşkil edir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində icarədarın ailə üzvləri olaraq icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunmaqla bərabər, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərin də icarədarın ailə üzvləri hesab edilə bilmələri göstərilir. Eyni zamanda, həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onların da malik olduğu göstərilmişdir. Hazırki halda, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinin və onun üzərində olan evin ilkin sahibi olmuş və həmin əmlaka gözlənilən mülkiyyət hüququ olan, Cavabdeh1 nənəsi, eyni zamanda İddiaçı anası X1 razılığı ilə 1997-ci ildə həmin evə köçmüş, 2021-ci ildə Cavabdeh2 ilə evlənmiş və sonuncunu həmin evə gəlin gətirmişdir. Bunu cavabdehlərin nümayəndəsi ilə yanaşı, iddiaçı da etiraf etmişdir. Cavabdeh1 onun mərhum nənəsi X1 razılığı ilə sonuncunun mülkiyyətində olan Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsində yerləşən evdə 1997-ci ildən hal-hazıradək yaşaması işin mübahisəsiz hallarındandır. Tərəflər arasında yaranmış hüquq münasibətləri 1997-ci ildən başlandığından hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Yuxarıda göstərilən işin mübahisəsiz hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli evə və torpaq sahəsinə iddiaçı həmin əmlakları vərəsəlik qaydasında əldə etməzdən öncə ailə üzvü kimi köçürülmüş, həmin torpaq sahəsi və evdən istifadə hüququ əldə etmiş və iddiaçının mərhum anasının istəyinə uyğun olaraq təqribən 25 il ərzində onunla birgə təsərrüfat aparmışdır. Onun həmin evdən istifadə hüququ vardır və o hüquq məhdudlaşdırıla bilməz. Mülkiyyətçinin dəyişməsi hazırki halda istifadəçinin hüquqlarını aradan qaldırmır. İş üzrə digər Cavabdeh2 hazırki iş üzrə nə özü, nə də ki nümayəndəsi vasitəsilə mövcud olan qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın Cavabdeh1 münasibətdə təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(019)-58/2022 nömrəli qətnaməsi Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsindən və oradakı tikilinin həmin torpaq sahəsində yerləşən 84 kv.m hissəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Balakən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(019)-58/2022 nömrəli qətnaməsi Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsindən və oradakı tikilinin həmin torpaq sahəsində yerləşən 84 kv.m hissəsindən çıxarılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar