Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-576/2022 20.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və cavabdeh Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(025)-121/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları İddiaçı cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 19.01.2015-ci il tarixli 2 nömrəli əmr ilə Qəbələ şəhəri, 4 saylı tam məktəbdə əvəzçi müəllim olaraq işə qəbul olunmuşdur. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 06.02.2017-ci il tarixli, 07 nömrəli əmr ilə məktəbin orta ixtisas təhsilli sinif müəlliməsi İddiaçı 06 fevral 2017-ci il tarixdən dekret analıq məzuniyyətinə buraxılmışdır. Həmin məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmri ilə İddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə dekret analıq məzuniyyəti bitdiyi üçün həmin tarixdən Əmək Məcəlləsinin 68B bəndinə əsasən onunla bağlanmış müqaviləyə xitam verilmişdir.. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızından işdən azad edilməsi barədə 14 iyun 2017-ci il tarixli 38 saylı əmrini ləğv edib texnologiya müəllimi işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının 19 yanvar 2015-ci il tarixli 2 saylı əmri ilə Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin texnologiya müəllimi təyin edilmişdir. 2017-ci ilin yanvar ayında hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışdır. 12 iyun 2017-ci il tarixində hamiliyə və doğuşa görə məzuniyyəti müddətin başa çatdığı üçün işə qayıtmışdır. 12 iyun 2017-ci il tarixində cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının adına ərizə yazaraq uşağın 3 yaşı tamam olanədək qismən ödənişli sosial məzuniyyətdə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının 14 iyun 2017-ci il tarixli 39 saylı əmrinə əsasən qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. 2020-ci ilin aprel ayında işə çıxmaq istədikdə cavabdeh tərəfindən müxtəlif bəhanələr, pandemiya dövrü olduğu və dərs ilinin sonu olduğu bəhanə edilərək gözləməsi təklif olunmuşdur. 2021-ci ilin mart ayında cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızından əmək kitabçasını və cavabdehin işdən azad edilməsi barədə 14 iyun 2017-ci il tarixli 38 saylı əmrdən çıxarışı almışdır. Bundan sonra Qəbələ rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Qəbələ rayon Məhkəməsinin 01 iyun 2021- ci il tarixli 2(025)-1078/2021 saylı qərardadı ilə iddia ərizəsinə işdən çıxarılma əmrinin əsli yox, çıxarış qoyulduğu əsas gətirilərək sənədləri geri qaytarılmışdır. İşdən çıxma əmrinin əslini cavabdehdən 10 noyabr 2021-ci il tarixində almış və Qəbələ rayonu üzrə mediator Ədalət Əliyevə müraciət etmişdir. 24 noyabr 2021-ci il tarixində cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızı ilə onun arasında mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesində cavabdeh onunla razılaşmadığı üçün mediasiya prosesinə mediator tərəfindən xitam verilmişdir. Bundan sonra iddia ərizəsinə cavabdehin barəsində verdiyi işdən çıxma əmrinin əslini əlavə edərək Qəbələ rayon məhkəməsinə yenidən müraciət edir. Cavabdehin işdən çıxarılması haqqında 14 iyun 2017-ci il tarixli, 38 saylı əmri qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının 14 iyun 2017-ci il tarixli 39 saylı əmrinə qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır və əmrin əsli hal-hazırda ondadır. Amma sosial məzuniyyət müddəti bitib işə qayıtmaq istəyərkən cavabdehin əmək kitabçasına 14 iyun 2017-ci il tarixli 38 saylı əmri yazdığını görmüşdür. Bunlardan göründüyü kimi cavabdeh onu özü xəbəri olmadan işdən azad edərkən Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddələrini pozmuşdur. Mülki işin 10.01.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizə ilə bağlı onu bildirmişdir ki, cavabdeh ərizəsində onun əmrdən çıxarışı 2021-ci ilin mart ayında almasına baxmayaraq 1 təqvim ayı məkhəməyə müraciət etmədiyini və bununla da iddia müddətini ötürüldüyünü bildirmişdir. Lakin o, 2021-ci ilin mart ayında əmrdən çıxarış aldıqdan sonra Qəbələ rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərardadı ilə iddiası geri qaytarılmışdır. Buna əsas kimi işdən çıxarılma əmrdən çıxarışın iddia ərizəsinə əlavə edildiyini, əmrin əslinin ərizəyə əlavə edilmədiyi əsas göstərilmişdir. Bundan sonra əmrin əslini cavabdehdən alaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən “iddia müddətinin tətbiqi” barədə ərizəsinin hazırkı iddiaya tədbiq edilməməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmi.dir. Cavabdeh Qəbələ şəhəri, Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Nümayəndə2 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla bağlı müvafiq ərizəni məhkəməyə təqdim etdiyini bildirərək göstərmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi 14 iyun 2017-ci il tarixdən etibarən işdən çıxarılmışdır. Hal-hazırda həmin tarixdən 4 ildən artıq müddət keçmişdir. İddiaçı Fizuli qızının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14 iyun 2017-ci il tarixli, 38 nömrəli əmrdən vaxtında xəbəri olmuşdur. Belə ki, iddiaçının əgər işdən çıxarılmasından xəbəri olmasaydı bu 4 il ərzində işə gələr, işi ilə maraqlanırdı. 4 il keçəndən sonra iddiaçının işdən çıxarılmasından xəbəri olmaması barədə dedikləri həqiqəti əks etdirə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin mart ayında işdən çıxarılma barədə əmrdən çıxarışı almışdır. Beləliklə, iddiaçı əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı işdən çıxarılmasından xəbərdar olmuş və bunun nəticəsində müəllimlərin işə qəbul imtahanında iştirak etmiş, lakin yətərli bal toplaya bilməmişdir. 2017ci ilin 14 iyun 2017-ci il tarixində həm işdən çıxarılma, həm də sonrakı nömrə ilə analıq məzuniyyətinə çıxarılma barədə əmr verməsinə səbəb iddiaçının anası olmuşdur. Belə ki, iddiaçının anası X1 rayon Təhsil şöbəsində işləyir və onun təkidi ilə 2017-ci il 14 iyun 2017-ci il tarixli “analıq məzuniyyətinə buraxılma” barədə əmr vermişdir. İddiaçıya hər hansı bir analıq məzuniyyətinə görə müavinət ödənilməmiş, o əmr sadəcə təkidlə yazılmış, formal xarakterli bir əmr olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki İddiaçı 19.01.2015-ci il tarixdə 2 saylı əmrlə ixtisası üzrə əvəzçi müəllim təyin olunmuşdur. 14 iyun 2017-ci ildə 38 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı müəllimlərin işə qəbul imtahanında iştirak etmiş və keçid balını toplamamışdır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. 10 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesabşama Mərkəzinin nümayəndəsi X9 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla bağlı müvafiq ərizəni məhkəməyə təqdim etdiyini bildirərək göstərmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi 14 iyun 2017-ci il tarixdən etibarən işdən çıxarılmışdır. Hal-hazırda həmin tarixdən 4 ildən artıq müddət keçmişdir. İddiaçı Fizuli qızının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14 iyun 2017-ci il tarixli, 38 nömrəli əmrdən vaxtında xəbəri olmuşdur. Belə ki, iddiaçının əgər işdən çıxarılmasından xəbəri olmasaydı, bu 4 il ərzində işə gələr, işi ilə maraqlanırdı. 4 il keçəndən sonra iddiaçının işdən çıxarılmasından xəbəri olmaması barədə dedikləri həqiqəti əks etdirə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin mart ayında işdən çıxarılma barədə əmrdən çıxarışı almışdır. Beləliklə, iddiaçı əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. Hazırkı mülki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 19.01.2015-ci il tarixli 2 nömrəli əmr ilə Qəbələ şəhəri, 4 saylı tam məktəbdə əvəzçi müəllim olaraq işə qəbul olunmuşdur. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 06.02.2017-ci il tarixli, 07 nömrəli əmr ilə məktəbin orta ixtisas təhsilli sinif müəlliməsi İddiaçı 06 fevral 2017-ci il tarixdən dekret analıq məzuniyyətinə buraxılmışdır.Həmin məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmri ilə İddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə dekret analıq məzuniyyəti bitdiyi üçün həmin tarixdən Əmək Məcəlləsinin 68B bəndinə əsasən onunla bağlanmış müqaviləyə xitam verilmişdir.. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ şəhər, N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 39 nömrəli əmri ilə İddiaçı məktəbin orta ixtisas təhsilli texnologiya müəlliməsi 12.06.2017-ci il tarixində (dekret) analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdən etibarən 01.09.2018-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmışdır.Göründüyü kimi əmək qanunvericliyinin tələbləri pozularaq eyni gündə həm güzəştli analıq məzuniyyətinə buraxılma, həm də sonrakı nömrə ilə işdən çıxarılma barədə əmr verilmişdir. Bundan başqa əmək qanunvericiliyin tələbləri pozularaq “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi» vaxtında sistemə daxil edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş işə bərpa tələbinə görə əmək qanunvericiliyi ilə müddət (iddia müddəti) müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçı 14.06.2017-ci il tarixli, 39 nömrəli əmrlə güzəştli analıq məzuniyyətinə çıxdığını, işdən çıxarılma barədə əmrdən xəbəri olmadığını bildirsə də, “Elektron Məhkəmə” sistemində videogörüntü vasitəsilə aparılmış məhkəmə iclasında iddiaçı 2018-ci ildə işdən çıxdığını, hər hansı bir analıq məzuniyyətinə görə müavinət almadığını etiraf etmişdir. İddiaçı onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmrindən xəbərinin olmadığını dair izahatına tənqidi yanaşan məhkəmə qeyd edir ki,iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin mart ayında işdən çıxarılma barədə əmrdən çıxarışı almışdır. Lakin birinci dəfə məhkəməyə 30.06.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bütün bu hallar iddiaçının izahatını təkzib edir və onun cavabdeh məktəbdə işdən azad olunmasına dair əmrdən xəbərinin olduğuna dəlalət edir. İşin sadalanan hallarını və cavabdeh Qəbələ şəhəri, Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X5 məhkəməyə təqdim edilmiş «iddia müddətinin tətbiqi barədə» ərizələrini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən qanunla nəzərədə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə iddia verilmişdir. İddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır. Buna görə də İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə aparılmış məhkəmə araşdırması zamanı Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin və Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsinin hərəkət və ya hərəkətsizliyində qanun pozuntusunun mövcud olub-olmadığının araşdırılmasına zərurət yaranmışdır. Bununla əlaqdar yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün, bu istiqamətdə müəyyən tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdimat verilməlidir. Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(025)-121/2022 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44, 68, 83, 84 və 296-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan 19.01.2015-ci il tarixli, ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.01.2015-ci il tarixdə 2 nömrəli əmrlə Qəbələ şəhəri, 4 saylı tam məktəbdə əvəzçi müəllim olaraq işə qəbul olunmuş və həmin məktəb direktorunun 14.06.2017-ci il tarixli 38 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi ilə onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 06.02.2017-ci il tarixli, 07 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin orta ixtisas təhsilli sinif müəlliməsi 06 fevral 2017-ci il tarixdən dekret analıq məzuniyyətinə buraxılmışdır. (Qəbələ şəhər Səhiyyə şöbəsinin verdiyi 00004 seriyalı 510782 saylı xəstəlik vərəqi) İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 39 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin orta ixtisas təhsilli texnologiya müəlliməsi 12.06.2017-ci il tarixində (dekret) analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdən etibarən 01.09.2018ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmışdır.(əsas uşağın AZE İİİ 892347 saylı doğum haqqında şəhadətnamənin surəti) İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmrdən çıxarışdan görünür ki,İddiaçı məktəbin orta ixtisas təhsili texnologiya müəllimi 12 iyun 2017-ci il tarixində dekret analıq məzuniyyəti bitdiyi üçün həmin tarixdən Əmək Məcəlləsinin 68B bəndinə əsasən onunla bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesabı verilməsi qərara alınmışdır. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi Bildiriş”indən görünür ki, İddiaçı işdən azad edilməsi barədə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmr 20.07.2020-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun cavabdehin 14 iyun 2017-ci il tarixli 39 saylı əmrinə əsasən qismən ödənişli sosial məzuniyyətə buraxıldığı məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, 39 saylı əmrin əslini məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə tərəfindən cavabdehin əmrlər kitabına baxış keçirilməmişdir. 39 saylı əmrin əslində göründüyü kimi cavbadeh əmri yazarkən övladının AZEİİİ892347 saylı doğum haqqında şəhadətnaməsinə əsaslanmışdır. Bu da özlüyündə onun tərəfindən cavabdehə məzuniyyətə çıxmağı barədə ərizə verdiyini və uşağın doğum haqqında şəhadətnaməsini də cavabdehə təqdim etdiyini sübut edir. Məhkəmə bu halı araşdırsaydı doğurdan da analıq məzuniyyətində olduğunu görəcəkdi. Bu hal həm də Əmək Məcəlləsi 79-cu əmək müqaviləsinin ləğv olunmasını qadağan edilən işçilər və hallar maddəsində üç yaşına kimi uşağı olan qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağan olunduğu bununlada cavabdehin onun barəsindəki əmrinin qanunsuz olduğunu üzə çıxarardı. Məhkəmə onun işdən çıxarılması barədə əmrin 20 iyul 2020-ci il tarixində elektron sistemə daxil edildiyi vaxtı və nəyə görə həmin tarixə qədər müqavilənin elektron sistemdə qaldığını araşdırsaydı aydın olacaqdı ki, o, həqiqətən 3 illik məzuniyyətdə olmuşdur və elektron sistemdə müqaviləsi olduğuna görə işə getməmişdir. Məhkəmə pandemiyanın başladığı vaxtı nəzərə alsaydı aydın olacaqdı ki, uzun bir müddət məktəblərdə dərs olmayıb və heç kim iş yerində olmayıb. Bundan da göründüyü kimi o, cavabdehin qəbulunda ola bilməmişdir. Məhkəmə birinci iddia ərizəsində adi bir hala görə sənədlərini geri qaytrarmaq əvəzinə əmrin əslini cavabdehdən tələb etsəydi ikinci iddia ərizəsini iddia müdətinin tədbiqi ilə qaytarmasına əsas olmazdı. Belə ki, əmrdən göründüyü kimi əmrdən çıxarışı cavabdeh yazıb və bu cavabdehin səhfidi məhkəmə nəzərə almalı idi ki, cavabdeh ona əmrdən cıxarış verməklə bilərəkdən iddia müddətini ötürməsinə nail olmuşdur. Məhkəmə cavabdeh tərəfindən verilmiş 38 saylı əmri əsas saymış amma 39 saylı əmrə hüquqi qiymət verməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(025)- 121/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(025)-121/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Qərarlar: «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qərar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(025)-121/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində cavabdehin 14 iyun 2017-ci il tarixli 39 saylı əmrinə əsasən qismən ödənişli sosial məzuniyyətə buraxıldığının məhkəmə tərəfindən araşdırılmaması, cavabdehin əmrlər kitabına baxış keçirilməməsi, cavabdehin həmin əmri yazarkən övladının AZEİİİ892347 saylı doğum haqqında şəhadətnaməsinə əsaslanması və iddia müddətini ötürməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehin təqdim etdiyi “məktəb üzrə əmr kitabı”na baxış keçirilərkən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 06.02.2017-ci il tarixli, 07 nömrəli əmri ilə İddiaçı məktəbin orta ixtisas təhsilli sinif müəlliməsi 06 fevral 2017-ci il tarixdən dekret analıq məzuniyyətinə buraxılması (Qəbələ şəhər Səhiyyə şöbəsinin verdiyi 00004 seriyalı 510782 saylı xəstəlik vərəqi) İddiaçı 12.06.2017-ci il tarixdə işdə olmalı olması müəyyən edilmişdir. Həmin kitabın 29-cu səhifəsində İddiaçı Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli 38 saylı əmri ilə dekret analıq məzuniyyəti bitdiyi üçün həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilərək ona axırıncı hesabının verilməsi göstərilmişdir. Qeyd olunan əmr qismən qaralanıb yenidən yazılmışdır. Həmin səhifədə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 01 iyul 2017-ci il tarixli əmrdə 2016-2017-ci dərs ilində işləmir məktəb müəllimlərinin 01 iyul 2017-ci il tarixdən növbəti yay məzuniyyətinə buraxılmaları göstərilmişdir. İddiaçının 14 iyun 2017-ci ildə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 39 nömrəli əmri ilə güzəştli analıq məzuniyyətinə buraxılması ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun məktəbin orta ixtisas təhsilli texnologiya müəlliməsi İddiaçı 12.06.2017-ci il tarixində (dekret) analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilməsi və həmin tarixdən etibarən 01.09.2018-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılması ilə bağlı 14.06.2017-ci il tarixli, 39 nömrəli əmrdən çıxarışın heç bir yerdə rəsmi qeydiyyata alnmadığı və iddiaçının Qəbələ rayon təhsil şöbəsində işləyən anası X2 təzyiqi və təsiri ilə yazılması birinci instansiya məhkəməsinin araşdırmaları zamanı və həmin məhkəmənin 28 yanvar 2022-ci il tarixli təqdimatı ilə təsdiq edilmişdir. Bu barədə birinci instansiya məhkəməsində cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktoru Nümayəndə2 verdiyi izahatda da məlumat verilmişdir. İddiaçının iddia müddətini ötürmədən hazırki iddianı verməsi ilə bağlı göstərdiklərinə gəlincə isə, apellyasiya qaydasında işə baxılarkən cavabdehin təqdim etdiyi jurnalın 1-ci səhifəsində əmək kitabçasının iddiaçıya 05 mart 2021-ci ildə rəsmi qaydada təqdim edilməsi əksini tapmışdır. Qəbələ rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(025)- 1078/2021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X4rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı hazırki iddia ilə isə 2 dekabr 2021-ci ildə Qəbələ rayon məhkəməsinə müraciət etmişdir. Hər iki halda iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda həmin müddəti ötürmüşdür. Cavabdehlər isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə vermişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(025)-121/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(025)-121/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-576/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-576/2022
20.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver