Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-578/2020 07.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı oğlunun və cavabdeh Vəzifə Sadəddin qızının iştirakı ilə İddiaçı oğlunun cavabdeh Vəzifə Sadəddin qızına qarşı evdən çıxarılma, evin sökülməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-345/2019 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı oğlu cavabdeh Vəzifə Sadəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində 0,21 ha torpaq sahəsində yerləşən yaşayış evindən cavabdehin çıxarılması və mülkiyyətində olan evin qanunsuz sökülməsi ilə bağlı vurulmuş ziyanın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iş üzrə iddiaçı məhkəməyə iddianın təmini barədə ərizə göndərərək mübahisə predmeti olan yaşayış evinin qalan hissəsinin və bünövrəsinin cavabdeh tərəfindən sökülməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(033)-345/2019 nömrəli qərardadı ilə Zaqatala rayonu Bəhmətii kəndində yerləşən iddiaçının mülkiyyətində olan yaşayış evinin qalan hissəsinin və bünövrəsinin cavabdeh Vəzifə Sadəddin qızı tərəfindən sökülməsinin qadağan edilməsi qərara alımışdır. Qərardaddan Cavabdeh şikayət verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-345/2019 nömrəli qərardadının ləğv edilməsi və İddiaçı oğlunun ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu ona qarşı "mülkiyyətində olan Zaqatala rayonu, Bəhmətli kəndindəki 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən onun çıxarılmağı və evin sökülməsi nəticəsində vurulmuş ziyanın ondan alınaraq iddiaçıya verilməsi tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, İddiaçı oğlu məhkəməyə iddianın təmin tədbiri ilə bağlı ərizə verərək, fərdi yaşayış evinin qalan hissəsinin və bünövrəsinin sökülməsinin ona qadağan edilməsini məhkəmədən xahiş etmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-345/2019 iş nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Qeyd olunan fərdi yaşayış evi İddiaçı oğlunun mülkiyyətində deyildir. Həmin fərdi yaşayış evi həqiqətən də İddiaçı oğlunun mülkiyyətindədirsə, o zaman, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim edə bilərdi. Qeyd olunan fərdi yaşayış evi İddiaçı oğlunun mülkiyyətində olmadığı halda həmin əmlak üzərində ona qadağa qoydurması Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəlləsinin və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinə ziddir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-14/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan iddia ərizəsində göstərilən yaşayış evinin qalan hissəsinin və bünövrəsinin sökülməsinin qadağan edilməsi qərara alınmışdır. Hansıki, həmin söküntü məhkəmə prosesindən əvvəl olub. Hazırda heç bir söküntü işi aparılmır. Qeyd edilənlərə əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu şikayətə etiraz edərək bildirmişdir ki, mübahisəli yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Ona görə də cavabdeh tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-345/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçı mübahisələndirilən yaşayış evinin qalan hissəsinin sökülməsinin qadağan edilməsini xahiş etmiş və həmin fərdi yaşayış evi tərəflər arasında yaranmış mübahisənin bilavasitə predmetinə aiddir. Apelyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-345/2019 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-345/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-578/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-578/2020
07.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver