Məhkəmə qərarları › İş №2(107)-58/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-58/2023

08.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-58/2023 08.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaqdan çıxarılma və vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaqdan çıxarılma və vurulmuş ziyan, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaqdan çıxarılma və vurulmuş ziyan» tələbinə dair Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı «torpaqdan çıxarılma və vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və Cavabdeh2 mülkiyyətlərində olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 3.0207 hektar torpaq sahəsinin zəbt etdikləri 0,90 hektar hissəsindən çıxarılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh X12 əsil Cavabdeh1 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Yevlax rayonu, Nəmərli kəndində 3.0207 torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin təxminən 0.90 ha hissəsindən halhazırda Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq istifadə edir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də, Cavabdeh1 və Cavabdeh2 torpaqdan çıxmaqdan imtina etmişdirlər. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddianın qismən təmin edilməsi, İddiaçı və ailə üzvlərinə məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 3.02 ha torpaq sahəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı və ailə üzvlərinin torpağa mülkiyyət hüququna dair JN-0037 kod 90107028 saylı dövlət aktına əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.02 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.18 ha hissəsini Cavabdeh1 faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin torpağa mülkiyyət hüququna dair JN-0037 kod 90107028 saylı dövlət aktına əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.02 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.18 ha hissəsini Cavabdeh1 faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3.02 ha torpaq sahəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 124-cü maddələir ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində 3.0207 ha torpaq sahəsinin zəbt edilən 0,90 ha hissəsindən çıxarılmasını xahiş itmişdir. Məhkəmə tələbi qismən təmin etmiş, 0,18 ha hissəsindən onun çıxarılmasını təmin etmişdir. Məhkəmə həmin qətnaməni qəbul edərkən əsaslanma mənbəyi Torpaq münsibətlərinin tənzimlənməsi və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin mütəxəssis rəyinə əsaslanmışdır. Bundan başqa, məhkəmə qərar qəbul edərkən səlahiyyətli ekspert rəyindən istifadə etməmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün əhəmiyyətli addım atmamışdır. İşdə hər iki tərəfin mülkiyyət hüquqlarını istifadə edən sənədlərə önəm verilməmişdir. Nəticədə, işdə tam mənada tələbdə subyektiv hüququ olmayan bir iddiaçının mülkiyyətindən yaranan münasibətlərdə öz adından çıxış etmişdir. İddiaçı Elşad Quliyevi onu məhkəməyə verərək onun torpaq sahəsinin 0,90 ha hissəsinin qanunsuz istifadə edildiyi bildirmişdir. İddiaçının JN-0037 kod 90107028 saylı Dövlət Aktına əsasən X5, İddiaçı, X6, X8 mülkiyyətində 3,02 ha torpaq sahəsi vardır. Bu mülkiyyətçilərdən biri X10 vəfat etmişdir. Mülkiyyət sənədlərində 4 nəfər ailə üzvünün 3,02 ha torpaq sahəsi vardır. Deməli, hər bir mülkiyyətçiyə 0,755 ha torpaq sahəsi düşür. Bu mülkiyyətçilərdən biri vəfat etsədə, həmin miras digər mülkiyyətçilər tərəfindən rəsmi olaraq qəbul edilməmişdir. İşdə iddiaçı, yeganə şəxs İddiaçıdır. Ancaq mülkiyyətdə olan 3,02 ha torpaq sahəsi ümumbirgə mülkiyyətdədir. Burada tək İddiaçı digər mülkiyyətçilərin də adından çıxış etmişdir. Digər mülkiyyətçilər işə tələbdə iddiaçı olmamışlar. Bundan başqa, ümumbirgə mülkiyyətdə olan 3,02 ha torpaq sahəsinin mülkiyyətçisinin biri vəfat etsədə, ona aid torpaq sahəsinin vərəsələr tərəfindən qəbulu rəsmi edilməsi ilə bağlı mülki işin materiallarında heç bir əsas və sübut yoxdur. İşdən göründüyü kimi, torpaq sahəsi naturada belə ayrılmamışdır. Dövlət aktına nəzər yetirsək, dövlət aktı ilə vəfat edən şəxsin mirasını belə qəbul etmədən digər iki mülkiyyətçinin də iddiaçı qismində adları keçmədən onların adından da onların maraq dairəsinə aid olan torpaq sahəsini cəm olaraq mübahisləndirmək, 0,90 ha hissədən onların çıxarılmaxlarını istəmək iddiaçının subyektiv hüququ deyildir. Nəzərə alınsa ki, ümumbirgə mülkiyyətdə olan torpaq sahəsinin hər bir şəxsə düşən pay hissəsi 3,02 ha 4 =0,755 ha-dır ki, hazırki iddiaçı ancaq ona aid olan torpaq sahəsinin zəbti ilə bağlı mübahisə aça bilərdi ki, həmin pay da ayrılmadığından onun torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyildir. İşdən göründüyü kimi, digər mülkiyyətçilərin tələbdə adı olmadığı halda bir şəxsin adından digər şəxslərə də münasibətdə hazırki tələblə çıxış etmək iddiasını məhkəmə əsassız olaraq təmin etmişdir. İşdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş 29 mart 2022-ci il tarixli **********52 reyestr nömrəli çıxarışa əsasən onun Yevlax rayonu, Köyük kəndi ərazisində mülkiyyətində 0,3056 ha torpaq sahəsi vardır. O, qeyd olunan torpaq sahəsini 3 mart 2022-ci ildə illər boyu həmin sərhədlər çərçivəsində yaşamış, insanlardan almışdır. Onun torpaq sahəsinin bir metri belə zəbt oluna bilməz. Evinin arxası suvarma arxıdır. Həmin suvarma arxı Qoyunbinəsi S.İ.B-nın balansındadır. Həmin arxın qoruma zolağı sağa və sola 6 metr təşkil edir. Ondan sonra isə onun almış olduğu həyətyani torpaq sahəsi başlayır. İş materiallarında olan X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin 08 iyun 2022-ci il tarixli M/21 saylı mütəxəssis rəyində onun qeyd olunan torpaq sahəsinin 0,18 ha hissəsinin zəbt etmədiyi bildirilmişdir. İşdən göründüyü kimi, məhkəmə mübahisəni həm subyektlərə münasibətdə ədalətsiz həll etməklə bərabər, həm də vermiş olduğu rəyi belə qeyri-peşəkar, işdə qanunla məsuliyyəti müəyyən edilməyən, cavabdehlik daşımayan şəxs tərəfindən verilməsini nəzərə almamışdır. Bu kimi tələblərdə zəbtlə bağlı mübahisələr obyektiv həllini tapması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin iştirakı ilə Ədliyyə Nazirliyinin ekspertiza institutunun müvafiq ekspertləri ilə mübahisə öz həllini tapır. O, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Yerini yoxlatmışdır. Torpaq sahəsinin bir kimsənin torpaq sahəsi ilə qismən belə üst-üstə düşmədiyini ona bildirmişlər. Aidiyyatı əməkdaşlar yerinə baxmışlar. Verilən rəyin həqiqət olmadığını bildirmişlər. Bu səbəbdən də işdə mütəxəssis hesab edilən MMC mütəxəssisinnin məsuliyyətini daşımadığı bir rəyi heç bir halda əsaslı ola bilməz. Bu səbəbdən də məhkəmə maddi hüquq normalarını pozmaqla son dərəcədə ədalətsiz bir qərar qəbul etmişdir. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. İşdə mülkiyyətçilərin əhatə dairəsini digər subyektləri cəlb etmədən həmin subyektlərin də maraqlarını əks etdirən qərar qəbul etmişdir. İşdən göründüyü kimi, 3,02 ha torpaq sahəsini 4 mülkiyyətçisindən ancaq biri iddiaçı qismində məhkəməyə cəlb edilmişdir. 4 mülkiyyətçinin mülkiyyəti ilə bağlı mübahisədə bir şəxs iddia qaldıraraq ona aid torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Halbuki, onun torpaq sahəsi naturada ayrılmadığından ümumbirgə mülkiyyətdədir. O torpaq sahəsinin 4 mülkiyyətçisi vardır. Məhkəmə onları cəlb etmədən, daha doğrusu, həmin iddiaçılar məhkəmədə iştirak etmədən, öz istəklərini ortaya qoymadan məhkəmə onların da mülkiyyətçisi olduğu torpaq sahəsinin zəbti ilə bağlı məsələyə baxmışdır. Məhkəmə bununla da prossesual hüquq normalarını pozmuşdur. Bundan başqa, məhkəmə dönə-dönə mütəxəssis rəyi ilə bağlı onların mövqeyini açıq olduğunu, razılaşmadıqlarını, MMC ilə bağlı real obyektivliyi, onların işdə narazılıqlarını heç bir halda qiymətləndirmədən hazırki ədalətsiz qərarı qəbul etməklə bərabər rəyin peşəkar ekspert və ya mütəxəssis tərəfindən alınması əvəzinə qeyri-peşəkar, işdə vermiş olduğu rəyinə cavabdehliyini daşımayan bir şəxs tərəfindən əldə etməsini nəzərə almamışdır. Məhkəmə hazırki işi obyektiv araşdırmamışdır. Bütün bunlar onun nəticəsidir ki, qeyri-obyektiv qərar qəbul edilmişdir. Bildirmişdir ki, məhkəmə öz qərarını qeyri-peşəkar bir MMC mütəxəssisi üzərində vurmuşdur. Bundan başqa, iddia tələbi 4 mülkiyyətçinin əvəzindən bir mülkiyyətçi tərəfindən verilmişdir. Bir mülkiyyətçi başqasının da hüquqlarını və qanuni mənafeyini özünün istəyi əsasında formalaşdırmışdır. Halbuki, hazırki iddiaçının başqalarının adından da çıxış etməsi üçün ən azı digər mülkiyyətçilərdə iddiaçı qismində cəlb edilməklə onların hüquqları müvafiq etibarnamə əsasında formalaşmalı idi. Göründüyü kimi, bir mülkiyyətçi özündən başqa vərəsəliyinə sahib çıxmadığı şəxsin, həm də digər mülkiyyətçilərin adından çıxış etməklə özünə aid olmayan torpaq sahəsinində zəbti ilə bağlı iddia qaldırmışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əmlakın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 84-cü mаddəsinə əsаsən torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə, torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Həmin Məcəllənin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, 05 iyul 2022-ci il tarixli saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin torpağa mülkiyyət hüququna dair JN-0037 kod 90107028 saylı dövlət aktına əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.02 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, qətnaməni qəbul edərkən əsaslanma mənbəyi Torpaq münsibətlərinin tənzimlənməsi və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin mütəxəssis rəyinə əsaslanmışdır. Bundan başqa, məhkəmə qərar qəbul edərkən səlahiyyətli ekspert rəyindən istifadə etməmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün əhəmiyyətli addım atmamışdır. İşdə hər iki tərəfin mülkiyyət hüquqlarını istifadə edən sənədlərə önəm verilməmişdir. Nəticədə, işdə tam mənada tələbdə subyektiv hüququ olmayan bir iddiaçının mülkiyyətindən yaranan münasibətlərdə öz adından çıxış etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Ona görə də hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmuşdur. Apellyator qeyd etmişdir ki, ümumbirgə mülkiyyətdə olan 3,02 ha torpaq sahəsinin mülkiyyətçisinin biri vəfat etsədə, ona aid torpaq sahəsinin vərəsələr tərəfindən qəbulu rəsmi edilməsi ilə bağlı mülki işin materiallarında heç bir əsas və sübut yoxdur. Kollegiya şikayətin bu hissəsi ilə razılaşmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, şikayətin dəlili bu hissədə əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, 4 mülkiyyətçinin mülkiyyəti ilə bağlı mübahisədə bir şəxs iddia qaldıraraq ona aid torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Halbuki, onun torpaq sahəsi naturada ayrılmadığından ümumbirgə mülkiyyətdədir. Bu torpaq sahəsinin 4 mülkiyyətçisi vardır. Məhkəmə onları cəlb etmədən, daha doğrusu, həmin iddiaçılar məhkəmədə iştirak etmədən, öz istəklərini ortaya qoymadan məhkəmə onların da mülkiyyətçisi olduğu torpaq sahəsinin zəbti ilə bağlı məsələyə baxmışdır. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əmlakın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Hazırkı halda isə iddiaçı digər mülkiyyətçilərin mənafeyinə uyğun iddia qaldırmış, birgə mülkiyyətdə olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasını tələb etmişdir. Yəni iddiaçı tərəf birgə mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı hər hansı bir sərəncam verməmiş, birgə mülkiyyətçilərin mənafeyinə uyğun olan iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Kollegiyanın qənaətinə görə şikayət iddiaçıya məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi hissəsində əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC təyin edilmiş və rəyin verilməsi «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC -yə həvalə edilmişdir. «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 08 iyun 2022-ci il tarixli M/21 saylı mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu, Nəmərli kəndində yerləşən İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan JN-0037 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 3.02 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə edilir. İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan JN-0037 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 3.02 ha torpaq sahəsinın 0.18 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək naturada istifadə edilir. Lakin məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməmiş və mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 1 may 2023-cü il tarixli, 10/1554 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin tərəfindən mütəxəssis rəyinin məlumatlarına əsasən, Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən JN-0037 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin ölçüsü faktiki istifadə vəziyyətinə uyğun olaraq məlumat bazasında 2.62 ha təşkil edir. Həmin torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. 2-ci sual üzrə Mütəxəssis rəyinə əsasən, İddiaçı və digərlərinin xüsusi mülkiyyətinə verilmiş Yevlax rayonu, Nəmərli kəndində yerləşən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uğun olaraq ölçüləri rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. 3-cü sual üzrə Mütəxəssis rəyinə əsasən, 29 mart 2022-ci il tarixli **********52 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 Yevlax rayonu, Köyük kəndi ərazisində mülkiyyətində olan 0.3056 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. 4-cü sual üzrə Mütəxəssis rəyinə əsasən, 29 mart 2022-ci il tarixli **********52 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 Yevlax rayonu, Köyük kəndi ərazisində mülkiyyətində olan 0.3056 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. 5-ci sual üzrə Mütəxəssis rəyinə əsasən, üst-üstə düşmə halı mövcud deyil. 6-cı sual üzrə Mütəxəssis rəyinə əsasən, İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən faktiki istifadə vəziyyətinə uyğun məlumat bazasında qeydə alınmış 2.62 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı və ailə üzvlərinə məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 3.02 ha torpaq sahəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılması barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1032/2022 saylı, 05 iyul 2022-ci il tarixli saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbinin iddiaçıya məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 3.02 ha torpaq sahəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılması hissəsi təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə cavabdehlər Cavabdeh1 və X4 tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar