Məhkəmə qərarları › İş №2(107)-581/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-581/2021

03.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-581/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiаçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Peşə Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2220/2019 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2220/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilərək, cavabdeh Mingəçevir Peşə Məktəbinin direktorunun xx xxxxxxxx 2019-cu il tarixli 122 №-li əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün İddiaçı əmək hаqqının ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2220/2019 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir Peşə Məktəbi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 471/2020 nömrəli qətnaməsi ilə cavabdeh Mingəçevir Peşə Məktəbi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(051)-2220/2019 nömrəli qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Mingəçevir Peşə Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 471/2020 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5832/2020 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2020-ci il tarixli, 2(107)- 471/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı cavabdeh Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 1989-cu ildə Bakı Sənaya Texnikumunu bitirimiş, istehsalat təlimi ustası ixtisasını almışdır. 1989-cu ilin oktyabr ayında Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə təyin olunmuşdur. İstehsalat təlim ustası vəzifəsi ixtisara düşdüyünə görə 1999-cu ilin avqust ayında həmin məktəbdə ixtisas fənn müəllimi təyin edilmişdir. 2000-ci ilin sentyabr ayında yenidən Peşə məktəbində istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. 30 il Peşə məktəbində işləyibdir. Peşə məktəbinin direktorunun xx xxxxxxxx 2019-cu il tarixli 122 №-li əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmasına əsas kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, o, 2018-ci ilin sentyabr ayına kimi müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Sonra məktəbə yeni təyin olunmuş direktor ona müddətli əmək müqaviləsi bağlanması lazım olduğunu, müddət bitdikdən sonra yenidən müqavilə bağlanacağını, müddətli əmək müqaviləsi bağlamadığı halda işdən azad oluncağını bildirmişdir. Direktorun təkidi ilə o, əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli ərizəni imzalamağa məcbur olmuşdur. xx xxxxxxxx 2018-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixli əmrlə o, yenidən məktəbə istehsalat təlimi ustası işinə qəbul edilmişdir. Eləcə də o, müddətli əmək müqaviləsini imzalamağa məcbur olmuşdur. Bir ildən sonra isə, xx xxxxxxxx 2019-cu il tarixli əmrlə müqavilənin müddətinin bitməsi əsası ilə işdən azad olunmuşdur. 30 il işlədiyi məktəbdən müqavilə müddətinin bitməsi səbəbindən azad olunmasını qanunsuz hesab edir. Bundan əlavə, ailədə işləyən tək odur. Əri İİ qrup əlildir. Himayəsində azyaşlı uşağı var. İddiasının təmin olunmasını, Mingəçevir Peşə Məktəbinin direktorunun xx xxxxxxxx 2019-cu il tarixli 122 №-li əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili Vəkil da əmr qanunsuz olduğuna görə iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktoru X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. İşin daimi xarakterə malik olmasının qabaqcadan bəlli olmaması halı nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığına əsasən İddiaçı ilə xx xxxxxxxx 2018-ci ildə bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqaviləsinin müddəti bitdiyinə görə iddiaçı ilə xx xxxxxxxx 2019-cu il tarixli 122 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2220/2019 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir Peşə Məktəbi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, sözügedən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir; məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Belə ki, iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2019cu il tarixli əmrdir. Qeyd edilən əmrlə bağlı tərəflər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixdə yaranmışdır ki, bu mübahisənin həlli xx.xx.2018-ci il tarixədək qüvvədə olan maddi hüquq norması ilə deyil, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları ilə tənzimlənməlidir. Digər tərəfdən iddiaçı məhkəmədə iddia qaldıraraq işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq tərəflərin mübahisələndirmədikləri tələb üzrə, yəni iddiaçının müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmağı vacib hesab edir ki, halhazırda iddiaçı ilə işəgötürən arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 13 saylı əmək müqaviləsi və bu müqavilənin bağlanmasına əsas olmuş xx.xx.2018-ci il tarixli 92 nömrəli əmr qüvvədə olduğu (hazırkı iş üzrə mübahisələndirilmədiyi) üçün iddiaçı ilə yeni müqavilənin bağlanması qüvvədə olan qanunvericiliyin tələbləri ilə ziddiyət yaradır. Ona görə də qeyd olunan hallar nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(051)-2220/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cаvаbdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiаçı İddiaçı izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cаvаbdeh Mingəçevir Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2220/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş mаteriаllаrınа əlаvə оlunmuş MT-1 294744 №-li diplomun surətindən görünür ki, X2 1986-cı ildə Bakı Sənaya Pedaqoji Texnikumuna daxil olmuş, 1989-cu ildə “qaynaq istehsalının texnoloqiyası” ixtisası üzrə tam kursu bitirmiş, ona mexanik-texnoloq, istehsalat təlimi ustası ixtisası verilmişdir. İş mаteriаllаrınа əlаvə оlunmuş nikah şəhadətnaməsinin surətindən görünür ki, X1 ilə X2 arasında xx xxxx 2006-cı ildə Yevlax rayon VVADQ şöbəsində nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Haqverdiyeva” soyadı verilmişdir. İş mаteriаllаrınа əlаvə оlunmuş əmək kitabçasının surətindən görünür ki, X2 xx xxxxxxx 1989-cu il tarixli 154 №-li əmrlə Mingəçevir şəhər Texniki- peşə məktəbinə istehsalat təlimi ustası vəsifəsinə, xx xxxxxx 1999-cu il tarixli 156 №-li əmrlə Mingəçevir Peşə Məktəbinə ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmiş, xx xxxxxxxx 2000-ci il tarixli 170 №-li əmrlə ixtisasa uyğun istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, xx xxxxxxxx 2018-ci il tarixli 88 №-li əmrlə Əmək Məcəlləsnin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx xxxxxxxx 2018-ci il tarixli 92 №-li əmrlə məktəbə istehsal təlimi ustası işinə qəbul edilmiş, xx xxxxxxxx 2019-cu il tarixli 122 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İş mаteriаllаrınа əlаvə оlunmuş Mingəçevir Peşə Məktəbi ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 13 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlı onunla əmək müqaviləsi 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə 1 (bir) il müddətinə, yəni xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək müddətə bağlanmşdır. İş mаteriаllаrınа əlаvə оlunmuş Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbi üzrə xx xxxxxxxx 2019-cu il tarixli 122 №-li əmrdən görünür ki, məktəbin istehsalat təlimi ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş mаteriаllаrınа əlаvə оlunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxx 2001-ci il təvəllüdlü Elsəvər və xx xxxx 2010-cü il təvəllüdlü Haqverdinin valideyinləri X1 və İddiaçıdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı texnikumu bitirdikdən sonra 1989-cu ilin oktyabr ayında Mingəçevir Peşə Məktəbində istehsalat təlimi ustası işinə təyin edilmişdir. 2018-ci ilin sentyabr ayına kimi həmin məktəbdə işləmişdir. 2018-ci ilin sentyabr ayında, işlədiyi vaxtdan 29 il müddət keçdikdən sonra onunla müddətli, 1 il müddətinə əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti qurtaran kimi, xx xxxxxxxx 2019-cu ildə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı öz tələbini eyni məktəbdə 29 il işlədikdən sonra onun müddətli əmək müqaviləsinə imza etməsinə məcbur edilməsi ilə, cavabdeh isə etirazını işin daimi xarakterə malik olub-olmadığının qabaqcadan bəlli olmaması səbəbindən iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması və əmək müqaviləsinin müddətinin qurtarması ilə əsaslandırmışlar. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5832/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli, 2(107)-471/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5832/2020 nömrəli qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi - əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının yerinə yetirdiyi istehsalat təlimi ustası işinin daimi xarakterə malik olmaqla qabaqcadan bəlli olması halına diqqət yetirmədən, onun gördüyü işin əmək müqaviləsinin müəyyən müddətə bağlana bilməsini ehtiva edən Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan halların dairəsinə aid olmamasını nəzərə almadan, eyni zamanda, iddiaçının işəgötürən tərəfindən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilməsinə dair irəli sürdüyü arqumentlər üzrə heç bir araşdırma aparmadan, müddətsiz bağlanmış əmək müqaviləsinin 29 ildən sonra müddətli əmək müqaviləsinə dəyişdirilməsinin səbəblərini aydınlaşdırmadan, müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin müvafiq normalarında müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb-bağlanmamasını araşdırmadan, yalnız tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin bitməsini əsas tutub, hazırkı iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5832/2020 nömrəli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində işi yenidən araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Mingəçevir Peşə Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası əsaslıdır və birinci instansiya məhkəməsi həmin iddianı təmin etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, işəgötürənin xx xxxxxxx 1989-cu il tarixli 154 saylı əmrinə əsasən Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmiş və sonradan həmin Məktəbdə müxtəlif işlərdə işləyərək işəgötürənin xx xxxxxxxx 2018-ci il tarixli 88 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Bundan sonra, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı birinci üç ayı sınaq müddəti hesab edilməklə bir il müddətinə, yəni xx xxxxxxxx 2019-cu il tarixədək yenidən Məktəbdə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmiş və işəgötürənin xx xxxxxxxx 2019-cu il tarixli 122 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xx xxxxxxxx 2019-cu il tarixdən xitam verilmiş, əmrin verilməsinə əsas kimi isə iddiaçı ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsi göstərilmişdir. İşdən görünür ki, iddiaçı faisiləsiz və etirazsız olaraq son 30 il müddət ərzində cavabdeh təşkilatda əvvəl istehsalat təlimi ustası, sonra müəllim, daha sonra isə yenidən istehsalat təlimi ustası işlərində işləmişdir. Belə olduğu halda iddiaçının 29 ildən sonra məcburiyyət olmadan, könüllü surətdə müddətsiz əmək müqaviləsini ləğv edib müddətli əmək müqaviləsi bağlamağa razılaşması inandırıcı və ağlabatan deyildir. Bu da iddiaçının müddətsiz əmək müqaviləsindən imtina edib müddətli əmək müqaviləsi bağlamağa Məktəbin yeni direktoru tərəfindən məcbur edilməsi barədə dəlillərinin həqiqətə uyğun olduğuna dəlalət edir. Digər tərəfdən, cavabdeh iddiaçı ilə müddətli əmək müqaviləsi bağlayarkən əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 4-cü hissəsində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilir ki, təbii və iqlim şəraitində və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı və sair hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddənin mənasına görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda işçi ilə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlamasının səbəbini Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq əsasa istinad etməklə əsaslandırmalı, belə əsas olmadıqda isə müddətsiz əmək müqaviləsi bağlamalıdır. Müddətli əmək müqaviləsi bağlamağa əsas olmadıqda işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq işəgötürənin hüququ deyil, vəzifəsi kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 12-ci maddəsinin b) və c) bəndlərinin mənasına görə, Əmək Məcəlləsinin və əmək qanunverciliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; habelə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sayılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda onun könüllü, öz iradəsini ifadə edərək son 29 il müddət ərzində işdədiyi Məktəblə müddəti müəyyən edilmədən bağladığı əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edəlməsinə razılıq verməsi və bunda işəgötürən tərəfindən ona qarşı hər hansı təzyiqin olmaması inandırıcı, ağlabatan görünmür. Xüsusən də, iddiaçının öhdəsində iki azyaşlı uşağı var, əri isə İİ qrup əlildir və belə vəziyyətdə onun işləməyə daha çox ehtiyacı olduğundan, iş yerini isə itirmək istəmədiyindən müdiriyyətin iradəsinə tabeçilik göstərərək müddətsiz əmək müqaviləsinin müddətli ilə əvəz edilməsinə razılıq verməsi başa düşüləndir. Halbuki, həmin razılıq onun öz iradəsinə uyğun olmamışdır. Müddəti müəyyən edilmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilərkən də tərəflər arasındakı əmək münasibətlərində hər hansı fasilə yaranmamışdır. Belə ki, işəgötürənin xx xxxxxxxx 2018-ci il tarixli 88 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilsə də, elə həmin gün işəgötürənin imzaladığı digər, 92 saylı əmrlə iddiaçı, Məktədə istehsalat təlimi ustası işinə qəbul edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddənin mənasına görə, əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, həmin müqavilə müddətli əmək müqaviləsi hesab edilə bilməz. İddiaçının xx xxxxxxx 1989-cu ildən xx xxxxxxxx 2019-cu il tarixədək fasiləsiz və etirazsız olaraq azı son 30 il müddət ərzində cavabdeh təşkilatda müəllim, istehsalat təlimi ustası işində işləməsi, hər ay əmək haqqı alması işin mübahisə olunmayan halıdır. Bu baxımdan da iddiaçı ilə xx xxxxxxxx 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsi “müddətli” kimi göstərilsə də, əslində Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən həmin müqavilə müddətli hesab edilə bilməzdi. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, birinci instansiya məhkəməsi onun üzərinə iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaq vəzifəsi qoymaqla iddia tələbindən kənara çıxmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi işəgötürənin xx xxxxxxxx 2019-cu il tarixli, 122 saylı əmrinin ləğv edilməsindən, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla Məktəbdə istehsalat təlimi ustası işinə bərpa edilməsindən və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarət olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin işə baxarkən iddiaçının verdiyi tələblərdən kənara çıxması halı olmamışdır. Bununla yanaşı, iddiaçı iddia ərizəsində “cavabdehin onunla müddətsiz əmək müqaviləsi bağlaması” tələbini irəli sürməsəydi belə, işin hallarına və cavabdeh tərəfindən iddiaçıya qarşı yol verilmiş qanun pozuntularının xarakterinə görə məhkəmə MPM-in 218.3-cü maddəsinin ona verdiyi səlahiyyətdən istifadə edərək cavabdehin üzərinə iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq vəzifəsini qoymalı idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən cаvаbdeh Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cаvаbdeh Mingəçevir Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2220/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cаvаbdeh Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)- 2220/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar