Məhkəmə qərarları › İş №2(107)-581/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-581/2024

29.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-581/2024 29.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Ağsu Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tаrixli, 2(016)-40/2024 saylı qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tаrixli, 2(016)-40/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər(maddə 364.2). İş materiallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyi iş üzrə tərəf və ya üçüncü şəxs deyil və mübahisələndirilən qətnamənin onun hüquq və vəziflərinə toxunması barədə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilməmişdir. Beləliklə də, müəyyən olunur ki, apellyasiya şikayəti, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Ağsu Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tаrixli, 2(016)-40/2024 saylı qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar