Məhkəmə qərarları › İş №2(107)-583/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-583/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-583/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka predmeti olan əmlakın boşaldılaraq təhvil verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı ASCnin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(016)-62/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-40/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh cəmi 8.217,87 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli № 95 saylı yekun Protokolu və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binası İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən boşaldılmasını, bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə iddiaçıya verilməsi, qeyri-yaşayış binasına cavabdehin istifadə hüququnun itirilmiş hesab olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(016)-40/2018 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh cəmi 8.217,87 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli № 95 saylı yekun Protokoluna əsasən ilkin hərrac qiyməti 40.000 AZN olan ipoteka predmeti Cavabdeh mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binası 25.500 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyriyaşayış binası İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdeh ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri yaşayış binasını boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına olan qeydiyyat yazısı ləğv edilərək, həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına dair iddiaçının adına qeydiyyatın aparılması ilə Cavabdeh hüquqlarına xitam verilmiş, iddiaçının isə bu torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin göstərilən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından könüllü olaraq çıxmaması nəticəsində, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olduğundan, o, cavabdehin mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından məcburi çıxarılmasını, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının boşaldılaraq ona təhvil verilməsini və cavabdehin istifadə hüququnun itirilmiş hesab olunmasını tələb etməkdə haqlıdır.

5. Ağsu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(016)-62/2024 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin olunmuş, ünvan 1 ünvanda 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyriyaşayış binasının Cavabdeh tərəfindən boşaldılması, bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, qeyri-yaşayış binasına Cavabdeh istifadə hüququnun itirilmiş hesab olunması, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 203-cü maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-40/2018 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış xx.xx.2023-cü il tarixli mədaxil qəbzi

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 0.01045 ha torpaq sahəsi və onun üzərində olan qeyri yaşayış obyekti üzərində istifadə hüququ mövcüd olduğu halda buna məhəl qoyulmamışdır. Həmin daşınmaz əmlak üzərində istifadə hüququnun itirilmiş hesab edilməsi və boşaldılması barədə qətnaməni qət edibdir. Hal hazırda mübahisəli torpaq sahəsi və üzərində olan qeyri yaşayış sahəsinin bazar qiyməti onu qiymətləndirmədən qat-qat artıqdır. İddiaçı ASC-dən 20.000 manat məbləğində kreditə pul götürmüşdü, 25.200 manatı artıq ödəmişdi. Qalan 3000 manat borcu isə gecişdirməyə görə yığılan faiz borcudur. Lakin bu hallara məhkəmə iclasında diqqət yetirilməyib. Mübahisəli 0.01045 ha torpaq sahəsi və 56.1 kv metirli qeyri-yaşayış binasının birgə mülkiyyətdə olub-olmaması ayıdınlaşdırılmayıb. Məhkəmə bu halı araşdırmış olsaydı daşınmaz əmlak birgə mülkiyyətdə olduğu halda maraqları toxunan arvadın iştirakını təmin etməli idi. Çünki torpaqa və qeyri yaşayış yerində ondan başqa arvadın da hüquqları vardır.

10. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(016)- 62/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(016)-62/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşmar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşmar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

15. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunu: 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(016)-62/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ipoteka müqaviləsi əsasında ipoteka predmeti satıldığı anda cavabdeh və onun ailə üzvləri həmin əmlaka olan hüquqlarını itirmişlər. Hazırki vəziyyətdə cavabdehin mübahisəli əmlaka istifadə hüququna istinad etməsi əsaslı deyildir. İpoteka predmetinin qiyməti və cavabdehin borcunun məbləği ilə bağlı məsələlər Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-40/2018 nömrəli qətnaməsi ilə həll edilmişdir və hazırki məhkəmə baxışının predmeti deyildir. Cavabdehin arvadının ipoteka predmeti olan əmlaka hüquqlarının olması məsələsi ilə bağlı da kollegiya qeyd edir ki, borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı tələbə Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-40/2018 nömrəli qətnaməsi ilə baxılmışdır və həmin məsələ həmin məhkəmə baxışında mübahisələndirilə bilərdi. Hazırki halda həmin qətnamə icra edilmiş və ipoteka predmeti olan əmlak açıq hərracda satılmış və iddiaçı bank tərəfindən alınmışdır. Həmin məsələ artıq mübahisə predmeti deyildir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddianı iddiaçının mülkiyyətçi olaraq hüquqlarına əsaslanmaqla təmin etməkdə haqlı olmuşdur.

21. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(016)-62/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(016)-62/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar