Məhkəmə qərarları › İş №2(107)-586/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-586/2024

30.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-586/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinin naturada ayrılması, mülkiyyət hüququn qeydə alınması və torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən payın ayrılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X6 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-14/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİK-nın qərarı ilə mülkiyyətlərinə verilmiş JN- 1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylarına uyğun naturada bölünməsi, 6/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşamışdır. Torpaq islahatı zamanı X4 ailə başçısı olmaqla, o, anası X12, bacısı Cavabdeh2, qardaşları X10 və Cavabdeh1 İsmayıllı rayon AİKnin 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin JN-1135 KOD 40719028 mülkiyyət sənədi olan torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanaraq verilmişdir. Atası və anası sağlıqlarında torpaq sahəsini əkib-becərmişlər. X4 11 yanvar 2002-ci il tarixdə, anası X12 30 aprel 2006-cı il tarixdə vəfat etmiş, qardaşı X10 isə Qarabağ döyüşlərində şəhid olmuşdur. Paylı mülkiyyətlərində olan torpaq sahəsini yalnız qardaşı Cavabdeh1 tək istifadə edir. Cavabdeh1 miras əmlakından paylarının müəyyən olunmasına və hətta mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Cavabdeh1 bütün torpaq sahəsini öz mülkiyyəti kimi istifadə edir və öz ailəsinin maraqlarına uyğun olaraq əkibbecərir və məhsulunuda özü götürür. O, nə qədər bu problemi həll eləməyə çalışsa da Cavabdeh1 yola gəlməmişdir. O, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli qətnaməsi ilə birgə mülkiyyətlərində olmuş həyətyanı torpaq sahəsi üzrə miras payın müəyyən olunaraq mülkiyyət hüququnun qeydə alınması müvafiq idarəyə tapşırılmış və həyətyanı torpaq sahəsi naturada bölünərək ona verilmişdir. Lakin Cavabdeh1 paylı mülkiyyətlərində olan torpaq sahəsinin və miras paylarının müəyyən olunmasına, naturada bölünməsinə və nəticədə istifadə etməyinə heç bir imkan vermir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia tələbini müdafiə edərək, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİK-nın qərarı ilə mülkiyyətlərinə verilmiş JN-1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylarına uyğun naturada bölünməsi, 6/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək və izahat verərək göstərmişdir ki, iddiaçı onun bacısıdır. JN-1135 KOD 40719028 mülkiyyət sənədi olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X4 ailə başçısı olmaqla, o, anası X12, qardaşı X10, bacıları İddiaçı və Cavabdeh2 İsmayıllı rayon AİK-nin 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. X4 11 yanvar 2002-ci il tarixdə, anası X12 30 aprel 2006-cı il tarixdə vəfat etmiş, qardaşı X10 isə Qarabağ döyüşlərində şəhid olmuşdur. İddiaçı qeyd olunan torpaq sahəsini bölərək satmaq istəmişdir. O, bununla razılaşmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını qərara almışdır.

6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) xx.xx.2024-cü il tarixli, 2(037)- 14/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, JN-1135F KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən X18, X12, X19, X13, X10 və Cavabdeh1 birgə mülkiyyətində olan 1,56 hektar torpaq sahəsinin 0,26 hektar hissədə (1/6 hissə) naturada real bölünərək İddiaçı verilməsi, 1,56 hektar torpaq sahəsindən İddiaçı payına verilmiş 0,26 hektar hissədən (1/6 hissə) onun istifadəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneçiliklərə qadağanın qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid ediməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, N-1135 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə X18, X12, X19, X13, X10 və Cavabdeh1 birgə mülkiyyətinə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisindən 1,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X18 11 yanvar 2002-ci il tarixdə, X20 isə 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. X2 döyüşlərində şəhid olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli, 2-09/2008 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə X14, X19, Cavabdeh1, X15 və X8 adına verilmiş JN 124F seriyalı KOD 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək mülkiyyətçilər sırasından “X19” qeydi çıxarılaraq “X16” qeydinin yazılması, İsmayıllı rayon İsmayıllı kəndində yerləşən, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş JN - 1247F seriyalı 40719028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq mərhum X5 miras qalmış 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında və 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində isə şəxsi mülkiyyət hüququ əsasında olmaqla, cəmi 0,10 (sıfır tam yüzdə on) hektar həyətyanı torpaq sahəsi üzərində X7 mülkiyyət hüququnun müəyyən edilməsi, 0,10 hektar həyətyanı torpaq sahəsində müvafiq qaydada mərzçəkmə işlərinin aparılması, texniki sənədlərinin tərtib olunması Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsinə, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş overline İN - 1247F seriyalı 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilməsi və həmin 0,10 hektar həyətyanı torpaq sahəsinin X7 adına dövlət qeydiyyatına alınmasının isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ Rayon Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. İddiaçı İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİK-nın qərarı ilə mülkiyyətlərinə verilmiş JN- 1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylarına uyğun naturada bölünməsi, 6/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməmiş, iddiaçının qeyd olunan torpaq sahəsini bölərək satmaq istədiyini, bununla razılaşmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada ayrılması hissəsinə münasibətdə qeyd etmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 06 noyabr 2023cü il tarixli qərardadına əsasən JN-1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” na əsasən X18, X12, X19, X13, X10 və Cavabdeh1 birgə mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,56 hektar torpaq sahəsinin 2/6 (0,52 hektar) hissəsinin naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilmişdir. Lakin sorğunun nəticəsi barədə müvafiq rəy məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən torpaq sahəsinə dair sənəddə həmin torpaq sahəsinin bütün koordinatları öz əksini tapmışdır. Qeyd edilən mübahisəli torpaq sahəsinə dair müvafiq rəy olmadan da həmin sənədlər əsasında iddiaçının payı naturada bərabər bölünməklə ayrılmasının mümkün olub-olmaması barədə rəy verilə bilərdi. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlmişdir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmalı, tələb paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi hissəsində qismən təmin edilməli, JN-1135F KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən X18, X12, X19, X13, X10 və Cavabdeh1 birgə mülkiyyətində olan 1,56 hektar torpaq sahəsi 0,26 hektar hissədə (1/6 hissə) naturada real bölünərək İddiaçı verilməlidir.

9. Məhkəmə iddia tələbinin torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər iddiaçının paylı mülkiyyətçisi olduğu torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Ona görə də məhkəmə qərara gəlmişdir ki, iddia tələbi torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması hissəsində təmin edilməlidir.

10. Məhkəmə iddia tələbinin mülkiyyət hüququnun qeydə alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülkiyyət hüququnun qeydə alınması məhkəmə səlahiyyətinə aid deyil.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 165.1, 214.1, 239.2, 220.1, 220.2, 220.3-cü maddələri, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli 22 - 09/2008 nömrəli qətnaməsi ilə birgə mülkiyyətlərində olmuş həyətyanı torpaq sahəsi üzrə miras payın müəyyən olunaraq mülkiyyət hüququnun qeydə alınması barədə məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bölgü planı öz qanuni qüvvəsini almışdır. Miras qalmış həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ müəyyən edilmişdir.

14. Hal-hazırda vərəsəlik qaydasında müəyyən olunmuş payların naturada ayrılması zərurəti yaranmışdır. Məhkəmə əvvəlki bölgü planı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almadan, paylı mülkiyyətdə olan 1.56 hektar kənd təssərüfatlı torpaq sanəsindən 6/2 hissəsini yox 0,26 hektar hissədə (1/6 hissə) naturada real bölünərək 6/1 müəyyən olunaraq naturada bölünməsini qət etmişdir.

15. Beləliklə, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməyərək düzgün olmadığı nəticəyə gəlmişdir.

16. Hesab edir ki, hər bir mülkiyyətçinin payı bərabər hissələrə bölünməli, onun JN- 21135 seriyalı KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün payın 6/2 hissəsi ilə müəyyən edilməlidir.

17. Qeyd edilənlərə əsasən, İsmayıllı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2 (037)-14/2024 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilərək, birgə mülkiyyətdə olan JN-21135 seriyalı KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə İsmayıllı rayon İsmayıllı kəndində yerləşən ümumilikdə 1.56 hektar torpaq sahəsinin 6/2 hissəsi naturada real bölünərək ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2 (037)-14/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2 (037)-14/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxla nılmalı və qiymətləndirilməlidir 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz . 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirmişdir. Belə ki, o, apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilərək, birgə mülkiyyətdə olan JN-21135 seriyalı KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə İsmayıllı rayon İsmayıllı kəndində yerləşən ümumilikdə 1.56 hektar torpaq sahəsinin 6/2 hissəsinin naturada real bölünərək ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisələndirilən hissədə mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Kollegiyanın iclasında müəyyən edildi ki, İsmayıllı rayon AİK-nin 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayonu İsmayıllı kənd sakinləri X18, X12, X19, İddiaçı (Zəmilə) Ağalı qızı, X10 və Cavabdeh1 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-1135 KOD 40719028 olan dövlət aktına əsasən həmin torpaq sahəsi X18, X12, X19, İddiaçı (Zəmilə) Ağalı qızı, X10 və Cavabdeh1 mülkiyyətlərinə rəsmiləşdirilmişdir. Torpaq sahəsinin ümumibirgə mülkiyyətçilərindən X18, X12 və X10 vəfat etmişlər. Tərəflər torpaq sahəsindən payın ayrılması ilə bağlı razılığa gəlməmişlər.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

31. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin əvvəlki bölgü planı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almadan, paylı mülkiyyətdə olan 1.56 hektar kənd təssərüfatlı torpaq sahəsindən 6/2 hissəsini yox 0,26 hektar hissədə (1/6 hissə) naturada real bölünərək 6/1 müəyyən olunaraq naturada bölünməsini qət etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli, 2-09/2008 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə X14, X19, Cavabdeh1, X15 və X8 adına verilmiş JN 124F seriyalı KOD 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək mülkiyyətçilər sırasından “X19”qeydi çıxarılaraq “X16”qeydinin yazılması, İsmayıllı rayon İsmayıllı kəndində yerləşən, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş JN - 1247F seriyalı 40719028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq mərhum X5 miras qalmış 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında və 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində isə şəxsi mülkiyyət hüququ əsasında olmaqla, cəmi 0,10 (sıfır tam yüzdə on) hektar həyətyanı torpaq sahəsi üzərində X7 mülkiyyət hüququnun müəyyən edilməsi, 0,10 hektar həyətyanı torpaq sahəsində müvafiq qaydada mərzçəkmə işlərinin aparılması, texniki sənədlərinin tərtib olunması Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsinə, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş overline İN - 1247F seriyalı 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilməsi və həmin 0,10 hektar həyətyanı torpaq sahəsinin X7 adına dövlət qeydiyyatına alınmasının isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ Rayon Ərazi İdarəsinə tapşırılması qət edilmişdir.

32. Kollegiya qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli, 2-09/2008 nömrəli qətnaməsi ilə Torpağa mülkiyyət hüququna dair JN-1135 KOD 40719028 olan dövlət aktına əsasən ümumibirgə mülkiyyətə verilmiş 1,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin deyil, JN 124F seriyalı KOD 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsinin bölgüsü həyata keçirilmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vərəsəlik qaydasında müəyyən olunmuş payların naturada ayrılması zərurətinin yaranmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinin vəfat etmiş X18, X12 və X3 qalmış hissəsinə münasibətdə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, həmin hissələrdə mirasın İddiaçı adına rəsmiləşdirilməsi, İddiaçı miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi, notariat orqanının, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayətin verilməsi və s. tələblərdən hər hansı biri ilə ümumi qaydada məhkəmədə iddia qaldırması halı müəyyən edilməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun JN-21135 seriyalı KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün payın 6/2 hissəsi ilə müəyyən edilməli olmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili şikayətin hər bir mülkiyyətçinin payının bərabər hissələrə bölünməli olmasına dair dəlili ilə təkzib edilmişdir.

35. Həmçinin işdə olan JN-1135 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayonu İsmayıllı kənd sakinləri X18, X12, X19, X13, X10 və Cavabdeh1 birgə mülkiyyətinə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisindən 1,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

36. İşdə olan İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 14 avqust 2017-ci il tarixli, 2920 nömrəli arayışdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-1135 KOD 40719028 olan dövlət aktında İddiaçı adı texniki səhv olaraq X13 yazılmışdır.

37. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

38. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı JN-1135 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 6 mülkiyyətçidən biri olduğundan birinci instansiya məhkəməsi 1,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məhz 1/6 hissəsinin naturada real bölünərək iddiaçıya verilməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

39. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-14/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-14/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar