Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-593/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçılar - İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil2; Cavabdeh - Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-233/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 saylı qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddiaçı Əliyeva (iş materiallarında bəzi hallarda soyadı Ələkbərova kimi getmişdir) Kəmalə Dilqəm qızının cavabdehlər İddiaçı1 İddiaçı2 və Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı vərəsəlik hüququ haqqında 2V-742 nömrəli xx.xx.2018-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası təmin edilərək cavabdeh Əliyeva (Ələkbərova) Kəmalə Dilqəm qızının, övladları X17 və X12 ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)- 55/2020 saylı qətnaməsi ilə cavabdeh X10 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 233/2019 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5152/2020 saylı qərarı ilə cavabdeh X10 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının xx xxxx 2020ci il tarixli, 2(107)-55/2020 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 Yusif qızı və İddiaçı2 Yusif qızı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Ələkbərova (Əliyeva) Kəmalə Dilqəm qızının azyaşlı övladları X17 və X12 ilə birlikdə mülkiyyətlərində olan Yevlax şəhəri H.Əliyev prospekti ev 56, mənzil 7-dən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Onlar iddia ərizəsini belə əsaslandırmışlar ki, xx xxxxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən, Yevlax şəhəri, H.Əliyev prospekti, 56-saylı evin, 7-saylı mənzili ½ hissədə onların paylı mülkiyyətindədir. Kəmalə Əliyeva həmin mənzilə özbaşına daxil olaraq oradan istifadə edir. Kəmalə Əliyeva onların etibardan suiistifadə edərək nəinki mənzildən çıxır, əksinə onların razılığı olmadan mənzildə müəyyən konstruksiya və təmir işləri aparır. Həmçinin onlara məxsus olan əmlakları həmin mənzildən özbaşına çıxararaq digər mənzilə, yəni 8 saylı mənzilə yığmışdır. Kəmalə Əliyevanın hərəkətləri nəticəsində onlar öz mənzilinə daxil ola bilmirlər. Halbuki, həmin mənzil onların xüsusi mülkiyyətindədir və Kəmalə Əliyeva bu hərəkətləri ilə onların mülkiyyət hüququnu pozur. Ona görə də ilk iddianın təmin edilməsini xahiş edirlər. İddiaçı X10 cavabdehlər İddiaçı1, İddiaçı2 və Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı Yevlax Rayon Məhkəməsinə müraciət edərək vərəsəlik hüququ haqqında 2V-742 nömrəli xx.xx.2018-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X10 iddia ərizəsini belə əsaslandırmışdır ki, 2002-ci ildə İddiaçı1 və İddiaçı2 qardaşı X18 ilə faktiki nikah münasibətinə girmiş və xx xxxxx 2003-cü il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırmışlar. Rövşən Əliyevlə birgə nikahından iki övladları olmuşdur. 2002-ci ildən hazırki vaxtadək övladları ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospekti, 56saylı evin, 7-saylı mənzilində yaşayır. X31 xx xxx 2018-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra baldızları İddiaçı1 və İddiaçı2 mənzilə aid sənədləri saxtalaşdıraraq onun xəbəri olmadan mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışlar. Hətta onlar bununla kifayətlənməyərək ona qarşı övladları ilə birlikdə mənzildən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışlar. Halbuki, mülki qanunverciliyə görə övladları ilə birlikdə o, da miras mənzilə vərəsə sayılır. Ona görə də qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi Vəkil2 İddiaçı1 və İddiaçı2 iddia ərizəsini müdafiə edərək, Kəmalə Əliyevanın iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, mərhum X13 ölümündə sonra ona məxsus olmuş mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun verilmiş və bu şəhadətnamə əsasında mübahisə predmeti olan mənzil mülkiyyət hüququ üzrə hər birinə ½ hissədə pay olaraq İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Kəmalə Əliyevanın mərhum X31 isə miras əmlakı qəbul etməmişdir. Belə ki, o, ailəsi ilə birlikdə miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddətdə başqa ünvanda yaşamışdır. Sonrada isə Rövşən Əliyev də ölmüşdür. İddiaçı1 ilə İddiaçı2 iddiasının təmin edilməsini, Kəmalə Əliyevanın iddiasının təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, Kəmalə Əliyevanın iddia ərizəsini qəbul etməyərək oxşar məzmunlu izahat verərək iddiasının təmin edilməsini, Kəmalə Əliyevanın iddiasının təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Kəmalə Əliyeva iddia ərizəsini müdafiə edərək, İddiaçı1 ilə İddiaçı2 iddiasını qəbul etməyərək bildirmişdir ki, mərhum X31lə nikahlarını rəsmi olaraq qeyd etdirdikdən sonra qayınatası Yusif Əliyevə məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilində yaşamışlar. Bir müddət sonra oradan müvəqqəti çıxaraq başqa ünvanda yaşasalar da, sonradan yenidən həmin mənzilə köçmüşlər və o, mərhum qaylnatasına qulluq etmişdir. Qayınatasının ölümündən sonra həmin mənzildə yaşamaqla miras əmlakı onun X31 qəbul etmişdir. Lakin sonradan əri ölmüş və o, iki azyaşlı övladı ilə həmin mnzili müvəqqəti olaraq tərk etmişdir. Bundan sonra isə yenidən həmin mənzilə köçmüş və hazırda həmin mənzildə yaşamaqdadır. İddiasının təmin edilməsini, İddiaçı1 və İddiaçı2 iddialarının təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh X10 apellyаsiyа şikаyəti vermişdir. Apellyаsiyа şikayətinin dəlilləri: Cavabdeh X10 apellyаsiyа şikayətini özü tərəfindən verilmiş iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. Məhkəmə işin hallarını hərtərəfli araşdırmamış və mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində göstərmişlər ki, giya ki, o, övladlarıyla birlikdə onların paylı mülkiyyət hüququ ilə istifadələrində olan mənzilə özbaşınalıq edərək yaşayır. Eyni zamanda qeyd etmişdir ki, onlar 01.09. 2018 - ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2018- ci il tarixdə isə mülkiyyət hüquqlarını təstiq edən Çıxarış əldə etmişlər. Sual olunur? O, Yevlax şəhəri Heydər Əliyev prospekti 56 saylı evin 7 saylı mənzildə övladlarıyla birlikdə yaşayan zaman həmin mənzil kimin mülkiyyətində idi. Mərhum qaynatası X14, yoxsa iddiaçılar İddiaçı2 və İddiaçı1? Cavabı budur. Heç birinin.Qondarma mülkiyyət hüququ əldə edilmiş X21 xx xxxx 2007-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə mərhum Yusif Əliyevə məxsus olmamışdır. Və həmin mənzil Dövlət mənzil fonduna daxil olmuşdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum atalarının qanunsuz yollarla mülkiyyət hüququ təstiq edən sənəd almışlar. O, mərhum X14 adına olan Seriya RX1296020 nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair Yevlax Rayon Məhkəməsində iddia qaldırmışdır. Hərgah, Yusif Əliyevdən miras qalmışdırsa, belə, hansı səbəbdən onun vərəsələri yalnız İddiaçı1 və X2 olmalıdır? Məgər onun mərhum həyat yoldaşı da onun vərəsəsi deyildirmi? Qaynaasının vəfatından sonra o və həyat yoldaşı mərhum Yusif Əliyevin yas mərasimini təşkil etmişlər. Daha sonra isə birlikdə Yevlax şəhəri Heydər Əliyev prospekti 56 saylı evin 7 saylı mənzilini idarə etmişlər. Qaynatasının vəfatından sonra qızları Sevinc və İlhamiyyə bir gün olsun belə, Yevlax şəhəri Heydər Əliyev prospekti 56 saylı evin 7 saylı mənzildə yaşamamışlar. Bəs nə üçün, onlar atalarının vərəsələri olur, onun mərhum həyat yoldaşı vərəsə hesab edilmir. İddiaçılar X3 və İddiaçı1 guya ki, mərhum atalarından qalmış mirasa dair (əslində isə Dövlət mənzil fonduna daxil olan əmlaka) vərəsəlik hüququ şəhadətnamə əldə edən zaman artıq onun həyat yoldaşı vəfat etmişdi. Lakin, əmlak, mərhum Yusif Əliyevə məxsus olmuş olsa da belə, onun həyat yoldaşı miras açılan zaman mirası qəbul etmişdir. Və hazırda da həyat yoldaşının qəbul etdiyi miras mülkiyyət hüququ üzrə, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, onun azyaşlı övladları X17 və X7 çatmalıdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)233/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona qarşı mənzildən çıxarma tələbinə dair iddia tələblərinin rədd edilməsi və onun cavabdehlər İddiaçı1, İddiaçı2 və Bərdə Regional "Asan xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı vərəsəlik hüququ haqqında 2V -742 nömrəli xx.xx.2018- ci il tarixli şəhadətnamənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli DƏDRX -dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 və onun vəkili Vəkil1 apellyаsiyа şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-233/2019 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil2 apellyаsiyа şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-233/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Bərdə Regional "Asan xidmət" mərkəzində notariat kontorunun notariusu işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 5152/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-233/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ 954157№-li, xx xxxxxx 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxx 2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik haqqında xx xxxxxxxx 2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2007-ci il tarixdə ölmüş X14 vərəsələri İddiaçı1 və İddiaçı2, miras əmlak Yevlax şəhəri H.Əliyev prospekti 56/7-də saylı mənzilindən ibarətdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX 1351091№-li, çıxarışın surətindən görünür ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 nömrəli evin 7 nömrəli mənzili ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AZ-İ 056709№-li, xx xxxxx 2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə Cavabdeh xx xxxxx 2003-cü il tarixdə nikah bağlamaqla ailə həyatı qurub evlənmişlər. İş materiallarına əlavə edilmiş AZ-İ 314879№-li, xx xxxxx 2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxxx 2003-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, atası X18, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İ 908399№-li, xx xxxx 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 2006-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, atası X18, anası X5r. İş materiallarına əlavə edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar Sahəsinin xx xxxxxxxx 2018-ci il tarixli, 141№-li arayışından görünür ki, X10 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospekti 56/7-də yaşayır. İş materiallarına əlavə olunmuş Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar Sahəsinin xx xxxx 2021-ci il tarixli, 095 №-li arayışından məlum olur ki, X1 Rövşən Yusif oğlu ilə nikaha daxil olduqdan sonra qaynatası X19 məxsus ictimai yaşayış binası Yevlax şəhəri H.Əliyev prospekti, 56 №-li evin 7№-li mənzilinə gəlin köçmüş, X13 vəfat etdiyi günədək və ondan sonra X6 vəfat etdiyi xx.xx.2018-ci ilədək 2 (iki) övladı ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmişdir. Hal-hazırda da yuxarıda göstərilən ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş Yevlax RPŞ-nin xx xxxxx 2021-ci il tarixli, 195-7484- 1221 №-li müşaiyət məktubuna əlavə olunmuş xx.xx.1967-ci il təvəllüdlü X8 fərdi uçot kartoçkasının (xx.xx.2006-cı ilə doldurulmuş) təsdiq edilmiş surətindən görünür ki, sonuncu xx.xx.2003-cü ildə Cavabdeh ilə evlənmiş, Yevlax şəhəri H.Əliyev prospektində yerləşən bina 54, mənzil 7-də qeydiyyatdadır. Müəyyən edilmişdir ki, H.Əliyev prospektində yerləşən bina 54, mənzil 7 ünvanı sonradan dəyişdirilərək bina 56, mənzil 7 olmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 qardaşı X18 ilə 2002-ci ildə faktiki nikaha girməklə ailə qurmuş və nikahlarını xx xxxxx 2003-cü ildə rəsmiləşdirmişlər. X18 ilə nikahlarından iki övladı olmuşdur. 2002-ci ildən hal-hazıradək Cavabdeh, övladları ilə mübahisələndirilən ünvanda yaşayır. X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra baldızları, yəni İddiaçı1 və İddiaçı2 hazırda övladları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına aid sənədlərini saxtalaşdıraraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İddiaçı X4 iddiasını təmin etməyən, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasını təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzili Yusif Əliyevin xüsusi mülkiyyətində olmuş, sonuncu, xx xxxx 2007-ci il tarixdə öldükdən sonra onun vərəsələrindən qızları İddiaçı1 və İddiaçı2 ərizə ilə notariat kontoruna müraciət etmiş və onlara xx xxxxxxxx 2018-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzili mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yusif Əliyevin oğlu, iddiaçı Kəmalə Əliyevanın X31 xx xxx 2018-ci il tarixdə ölmüşdür. Kəmalə Əliyeva hazırda Rövşən Əliyevlə nikahlarından olan iki yetkinlik yaşına çatmayan övladı ilə həmin mənzildə yaşayır. Vərəsəlik hüquq normalarının tələblərinə görə vərəsə, miras açıldığı vaxtdan üç ay ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras qoyan Yusif Əliyevin ölümündən sonra onun oğlu Rövşən Əliyevin həmin mənzildə yaşamaqla miras əmlakı qəbul etməsini sübut etmək vəzifəsi hazırkı halda Kəmalə Əliyevanın üzərində düşür. İddiaçı Kəmalə Əliyeva həmin dəlilinin təsdiqi olaraq bacısı olan Samirə İbrahimovanın ifadəsindən başqa hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmin şahidin ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, o, iddiaçı Kəmalə Əliyevanın bacısı olmaqla mübahisənin onun xeyrinə həllində maraqlı olduğundan onun ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa Mənzil İstismar Sahəsinin arayışında Kəmalə Əliyevanın həmin mənzildə yaşadığı qeyd edilsə də, onun ailə üzvləri ilə birgə Yusif Əliyevin ölümündən sonra həmin mənzildə daimi yaşamağı qeyd edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Kəmalə Əliyevanın vərəsəlik hüququ haqqında 2V-742 nömrəli xx.xx.2018-ci il tarixli şəhadətnamənin və xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddiasının təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilmir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası ilə bağlı məhkəmə qeyd edir ki, X16 şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilindən istifadə hüququnun mövcudluğunu təsdiq edən sübutlar müəyyən edilməlidir. Lakin, mövcud hallarla onun həmin mənzildən istifadə hüququnun yaranması müəyyən edilmir. Belə ki, Kəmalə Əliyeva qayınatası Yusif Əliyevə məxsus həmin mənzildən istifadə hüququnun yaranmasına əsas ola biləcək notarial qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olmasını təsdiq edən sübut təqdim etməmişdir. Eləcə də, Kəmalə Əliyevanın həmin mənzildə daimi yaşamaqla mənzilin sahibi ilə birgə təsərrüfat aparmasını təsdiq edən sübutlar da müəyyən olunmur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Kəmalə Əliyevanın iddiası təmin edilməməli, İddiaçı1 və İddiaçı2 iddiaları isə təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1166, 1193, 228.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, Yevlax şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1966-cı il tarixli, 02 saylı protokol-qərarına əsasən, Yevlax şəhəri, H.Əliyev prospekti, 56 saylı evin 2 otaqlı, ümumi sahəsi 42,8 kv.metr olan 7 saylı mənzilinin icarədarı X22 olmuş və o, xx xxxx 2007-ci il tarixdə ölmüşdür. xx xxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil mülkiyyət hüququ üzrə ölümündən sonra onun adına qeydə alınmışdır. Eyni zamanda işdən görünür ki, İddiaçı1 və İddiaçı2 ərizə ilə notariat kontoruna müraciət edərək, mərhum ataları Yusif Əliyevdən miras qalmış mənzilə dair onların adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə notariat kontoru tərəfindən miras mənzildə hər birinin payı ½ hissədə olmaqla İddiaçı1 və İddiaçı2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən sözügedən mənzil mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 adına qeydə alınmış və bu barədə reyestr orqanı tərəfindən onların adlarına xx xxxxxxxx 2018-ci il tarixli Çıxarış verilmişdir. Daha sonra işdən görünür ki, 2002-ci ildə X25 Əliyevlə faktiki nikah münasibətinə girmiş, xx xxxxx 2003-cü ildə nikahlarını rəsmi qaydada qeydə aldırmışlar və onların birgə nikahından xx xxxxxx 2003-cü ildə Yusif, xx xxxxxx 2006-cı ildə isə Günay adlı iki uşaqları doğulmuşdur. xx xxx 2018-ci il tarixdə Rövşən Əliyev ölmüşdür. Hazırda İddiaçı1 və İddiaçı2 sözügedən mənzilin xüsusi mülkiyyətlərində olduğunu və Kəmalə Əliyevanın həmin mənzilə hər hansı hüququnun olmadığını əsas tutub, sonuncunun övladları ilə birlikdə mənzildən çıxarılmasını iddia edir. Kəmalə Əliyeva isə mübahisəli mənzilə 2002-ci ildə mərhum Rövşən Əliyevin arvadı, ailə üzvü qismində köçdüyünü, həmin mənzilin ölümündən sonra mülkiyyət hüququ üzrə qayınatası Yusif Əliyevin adına qeydə alındığını, mərhum X31in ailə üzvü kimi övladları ilə birlikdə onun da miras mənzilə vərəsəlik hüququnun olduğunu göstərib, həmin mənzilə dair İddiaçı1 və İddiaçı2 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Çıxarışın ləğv edilməsini iddia edir. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, Yevlax şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1966-cı il tarixli, 02 saylı protokol-qərarına əsasən, mübahisəli mənzil dövlət mənzil fondunda olmaqla Yusif Əliyevin mülkiyyətində deyil, icarəsində olmuşdur. X26 xx xxxx 2007-ci il tarixdə ölümündən 11 il sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə mənzil mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Müəyyən edilmişdir ki, X25 Əliyevlə ailə qurduqdan sonra uşaqları da mübahisə predmeti olan mənzildə yaşamış, onların uşaqları da həmin mənzildə doğulmuş, onlar bir ailənin üzvü kimi onların mübahisəli mənzildə mərhum Yusif Əliyevlə birgə yaşayıb, ümumi təsərrüfat aparmışlar. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu Maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 2002-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin tələblərinə uyğun olaraq Kəmalə Əliyevanın mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Mülki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtlərini və xitamını tənzimlədiyindən, eyni zamanda Kəmalə Əliyeva mübahisəli mənzilə gəlin köçərkən həmin mənzil dövlət mənzil fondunda olmaqla Yusif Əliyevin mülkiyyətində deyil, icarəsində olduğundan, o, istəsə də belə mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Yusif Əliyevlə notarial qaydada təsdiqlənməklə hər hansı yazılı razılaşma bağlaya bilməzdi. Ona görə də birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İş materialları ilə müəyyən edildiyi kimi, Yusif Əliyevun ölümündən 11 il sonra mübahisəli mənzil əvvəl mülkiyyət hüququ üzrə onun adına qeydə alınmış və bundan sonra notariat kontoru tərəfindən həmin mənzil mirasın kütləsinə aid edilməklə, mənzilin ½ hissəsinə dair İddiaçı1, ½ hissəsinə dair isə İddiaçı2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsində göstərilir ki, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Həmin Məcəllənin 1317.1-ci maddəsində göstərilir ki, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak vergisinin ödənilməsi, kommunal xidmətlərin mirasa vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər ola bilər və sair. Yusif Əliyevin xx xxxx 2007-ci il tarixdə öldüyünə görə, qanunun tələbinə görə, ondan miras qalmış əmlaka vərəsəlik həmin vaxt açılmışdır. Mübahisəli mənzilin həmin vaxt mirasın kütləsinə daxil olmamışdır. Çünki, həmin mənzilin yalnız xx xxxxxx 2018-ci il tarixdə mülkiyyət hüququ üzrə Yusif Əliyevin adına qeydə alınmışdir. İddiaçı1 və İddiaçı2 da 11 ildən sonra mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışlar.Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 ataları Yusif Əliyevin sağlığında ailə quraraq həmin evdən köçüb getmişlər. Onlar atalarının vəfatınfdan sonra da həmin evdə yaşamamışlar. Əksinə, Yusif Əliyevin vəfatından əvvəl və sonra həmin mənzildə Kəmalə Əliyeva, X6 (xx xxx 2018-ci ildə vəfat etmişdir), uşaqları və qaynı X23 (2015- ci ildə vəfat etmişdir) yaşamışlar. İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında atalarının vəfatından əvvəl və sonra mübahisəli mənzildə yaşamadıqlarını göstərmişlər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5152/2020 saylı qərarında göstərilmişdir ki, “...Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq əsaslandırmağa çalışsa da, mərhum Rövşən Əliyevin miras mənzilə sahiblik etməyə və həmin mənzili idarə etməyə faktiki başlayıb-başlamaması ilə bağlı heç bir araşdırma aparmamış, mirasa vərəsəlik açılarkən onun həmin mənzildə yaşayıb-yaşamamasını, miras mənzilin idarə edilməsində iştirak edib-etməməsini aydınlaşdırmamış, həmçinin mərhum Rövşən Əliyevlə müqayisədə İddiaçı1 və İddiaçı2 da eyni vəziyyətdə olmalarını, yəni onların da mirasa vərəsəlik açılandan 11 ildən sonra mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almalarını nəzərə almamış, yalnız onların irəli sürdükləri arqumentlərlə razılaşaraq, ilk iddianın əsaslı, qarşılıqlı iddianın əsassız olması qənaətinə gəlmişdir”. Məhkəmə kollegiyası tərəfindən notariat işini tələb edilib alınmış və ona baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 notariat kontoruna verdikləri ərizədə mərhum Yusif Əliyevin vərəsələri sırasında başqa vərəsələrin, o cümlədən mərhum Rövşən Əliyevi və onun qardaşı mərhum Zaur Əliyevin adları olmamış, vərəsə kimi yalnız özlərini göstərmişlər. Onlar notariat orqanına təqdim ataları Yusif Əliyevin vəfatından sonra sonuncunun təsərüfatında yalnız özlərinin qaldıqları barədə arayış da təqdim etmişlər ki, bu da işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir. Notariat orqanı da İddiaçı1 və İddiaçı2 verdikləri məlumatlarla kifayətlənmiş, digər vərəsələrin olub-olmaması, o cübmlədən mirasın açıldığı yerdə olmayan Rövşən Əliyevin axtarılması üçün müvafiq araşdırma aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Röşən Əliyev vəfatına qədər ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi Rövşən Əliyevin miras mənzilə sahiblik etməyə və ya həmin mənzili idarə etməyə faktiki başlamaması və beləliklə də mirası qəbul etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil mərhum Yusif Əliyevin icarəsində olsa da, onun həmin mənzilə gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan həmin mənzilə Yusif Əliyevin mülkiyyət hüququ onun ölümündən sonra qeydiyyata alınsa da həmin mənzili miras kütləsinə daxil olunmuş hesab etmək olar. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin maddənin şərhi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmçinin “X20rşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunun mənasına görə, miras onun açıldığı gündən vərəsənin o, vaxt mülkiyyəti sayılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmiş olsun və mirasın açıldığı gündən altı ay keçməsin. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Kamilə Əliyevanın iddia tələbi “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğvi edilməsi hissəsində əsaslıdır. Məhkəmə kollegiyası həmçinin, iddianın mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğvinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, vərəsəlik hüquq münasibətlərindən törəndiyindən, iş üzrə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edildiyindən iddia tələbi qeyd edilən hissədə də əsaslıdır. Ona görə də sözü gedən mənzilə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı (RX seriyalı ******* saylı çıxarış) ləğv edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitamverilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-233/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilməməli, Kəmalə Əliyevanın qarşılıqlı iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X10 tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-233/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və İddiaçı2 “mənzildən çıxarılma” barədə iddiası təmin edilməsin. X4 iddiası təmin edilsin Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2018-ci il tarixdə 2V-742 nömrəli reyestrdə qeydə alınaraq İddiaçı1 və İddiaçı2 adına verilmiş “Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə və və onun əsasında İddiaçı1 və İddiaçı2 adına verilmiş xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı ( ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarış) ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-593/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-593/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver