Məhkəmə qərarları › İş №2(107)-594/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-594/2021

09.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-594/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibiyi, İddiaçı, cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru X2 və Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri N.Apayev adına 4 saylı tam orta məktəbin direktorunun onun işdən azad edilməyi barədə verilmiş xx xxxx 2017-ci il tarixli 36 nömrəli əmrin ləğv edilməsi və həmin məktəbdə işlədiyi ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hаkim Elman İsayev) xx xxxxxx 2020-ci il tarixli 2(025)- 263/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı “işə bərpa” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçi hakim V.İ.Məlikov, hakimlər R.R.Rəfiyev və M.A.Əsədli) xx xxxx 2020-ci il tarixli 2(107)-1197/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-1197/2020 saylı qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-5239/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1197/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə ali təhsil almışdır. xx xxxx 2015-ci il tarixdə, 06 nömrəli əmrlə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olmuşdur. xx xxxx 2017-ci il tarixdə 36 nömrəli əmrlə müddətli işlədiyi üçün işdən azad edilmişdir. Amma faktiki olaraq o, 2017- 2018-ci il tədris ilində də fənni üzrə müəllimlik etmiş, əmək haqqı almışdır. 2018-2019-cu il tədris ilində isə səhhəti ilə əlaqədar, yəni övladı xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmasına görə pedoqoji fəaliyyətini davam etdirə bilməmişdir. Halhazırda pedoqoji fəaliyyətini davam etdirmək istəsə də, ona müvafiq əmr olduğu üçün mümkünsüz olduğu bildirilmişdir. Hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin onunla bağladığı müddətli əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi müvəqqəti bağlanmış müqavilə göstərilmişdir. Həmin müqavilənin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Həmçinin, xx xxxx 2017-ci il tarixli, 36 nömrəli əmrin surəti ona xx xxxxxx 2019-cu il tarixdə müraciətindən sonra verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2015-ci il əmək müqaviləsi bağlayaraq məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olmuşdur. xx xxxx 2017-ci il tarixdə 36 nömrəli əmrlə müddətli işlədiyi üçün işdən azad edilmişdir. Amma faktiki olaraq 2017-2018-ci il tədris ilində də müəllimlik etmişdir. 2018- 2019-cu il tədris ilində isə səhhəti ilə əlaqədar, yəni övladının olmasına görə pedoqoji fəalyyətini davam etdirə bilməmişdir Hal-hazırda pedoqoji fəaliyyətini davam etdirmək istəsə də ona müvafiq əmr olduğu üçün mümkünsüz olduğu bildirilmişdir. Hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin onunla bağladığı müddətli əmək müqaviləsinə onun xəbəri olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o 2015-ci il tarixdə işə qəbul olunarkən müddətli işə götürüldüyünü bilməmişdir. Hesab etmişdir ki, müddətsiz işə qəbul olunub. Lakin müqavilə müddəti bitən kimi onu işdən azad ediblər. Hazırda müəllim kimi işləməyə çox həvəsi var. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru X2 izahat verərək bildirdi ki, iddiaçı 2015-ci ilin mart ayında bir il müddətinə əvəzçilik üzrə işə götürülsə də, ona daimi başqa iş də (tarixləşdirmə) həvalə edilmişdir. Lakin sonradan müqavilə müddəti bitdikdən sonra ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh sonda mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X8 iddiaçının müddətli əmək müqaviləsi əsasında işə götürüldüyünü və işdən də müqavilə müddətinin bitməsi ilə əlaqədar azad olunduğunu bildirərək, sonda mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla birlikdə araşdırıb, işdə iştirak edən şəxslərin izahat və ifadələrini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2015-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru X1 xx.xx.2015-ci il tarixli 06 saylı əmri ilə Qəbələ şəhər 4 saylı tam orta məktəbə əvəzçi müəllimə təyin edilmişdir. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın xx xxxx 2015-ci il tarixli 06 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə tərəflər (məktəb direktoru və iddiaçı) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə əvəzçi müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə xx xxxx 2015-ci tarixdən xx xxxx 2016-cı il tarixədək bağlanmışdır. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın xx xxxx 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-5239/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1197/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, istinad edilən maddi hüquq normasından göründüyü kimi, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi üçün iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəsinin olması mütləq şərtdir. Hazırki halda isə cavabdehlərin heç birinin belə bir ərizəsinin olmamasına baxmayaraq, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarında cavabdehlərin hər hansı biri tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla əsassız qətnamə qəbul etmişdir Ali Məhkəmə öz qərarında həmçinin qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, əmək müqaviləsinə müddətin keçməsi əsası ilə xitamının qanuniliyinə qiymət verməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apelyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apelyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas olsa da, iddianın təmin edilməsi üçün əsaslı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq apellyasiya qaydasında işə yenidən baxılarkən məhkəmə kollegiyası İddiaçı ilə cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya verilməsi gününün müəyyən edilməsi ilə bağlı hərtərəfli, tam və obyektiv araşdırma apararaq bu məsələyə xüsusi diqqət yetirməyi zəruri hesab etmişdir. İşdən azad edilmə barədə əmrin surətinin nə vaxt əldə edilməsi və ya verilməsi barədə tərəflərin mövqeyini aydınlaşdırarkən, tərəflərin hər biri öz mənafeyindən çıxış etmiş, iddiaçı əmrin surətinin 2019-cu ilin sonlarında, cavabdeh tərəf isə daha əvvəl təqdim edildiyini bildirmişdir. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı hüquqi münasibətə, yəni əmək müqaviləsinə müddətin keçməsi əsası ilə xitamının qanuniliyinə qiymət verməməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməmiş, əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasına, işçinin (iddiaçının) hansı əsasla işdən azad edilməsinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən;

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 68-ci (əmək müqaviləsinə xitam verilməsinin əsasları) maddəsinə əsasən;

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından göründüyü kimi əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya müəyyən müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxx 2015-ci il tarixli 06 saylı əmrə əsasən Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. xx xxxx 2017-ci il tarixli 36 saylı əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi səbəbi ilə) İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İddiaçı müqavilə müddəti bitdikdən sonra işlədiyini bildirsə də, sonuncu dəfə əmək müqaviləsinin müddətinin hansı tarixdən hansı tarixədək artırılması barədə məlumat təqdim olunmamış, onun hansı əsaslarla işləməsini müəyyən etmək mümkün olmamışdır. Bunun əsl səbəbini soruşduqda isə nə idddiaçı, nə də ki, cavabdeh tərəfin nümayəndələri inandırıcı və ağlabatan cavab verə bilməmişlər. Bundan əlavə iddiaçının özünün mülahizəsinə, yəni müqavilənin müddətli olmasından xəbərsiz olmasına gəlincə kollegiya bunu heç də inandırıcı hesab etmir və belə hesab edir ki, iddiaçı məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. İddiaçı qeyd olunan əmək müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Belə ki, müqavilədə, müqavilənin müddəti, hansı vəzifəyə təyin olunma, əmək münasibətləri və s. dəqiq müəyyən edilmişdir. Beləliklə kollegiya belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi məhz əmək müqaviləsi müddətinin bitməsi səbəbindən xitam edilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş imperativ normalara istinad edilməklə xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qəbul edilsin. İddiaçı cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı “Qəbələ şəhəri N.Apayev adına 4 saylı tam orta məktəbin direktorunun onun işdən azad edilməyi barədə verilmiş xx xxxx 2017-ci il tarixli 36 nömrəli əmrin ləğv edilməsi və həmin məktəbdə işlədiyi ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar