Məhkəmə qərarları › İş №2(107)-599/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-599/2020

07.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-599/2020 07.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızının və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızının övladlığa götürmənin ləğvi tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2420/2019 nömrəli qərardadından iş üzrə ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərərək, Şəki şəhər XDS İK-nin xx xxxxxxxx 1991-ci il tarixli, 04 saylı iclas protokol qərarının 6-cı bəndini onun X8 və X5 övladlığa verilməsinə dair qərarının ləğv edilməsi, valideynləri kimi X6 və X1 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2420/2019 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızı məhkəmənin həmin qərardadından şikayət verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2420/2019 nömrəli qərardadının ləğv edilməsi bаrədə qərardad çıxаrılmаsını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-2420/2019 nömrəli qərаrdаdı ilə ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızıtərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızı şikayətini onunla əsaslandırmışdır ki, o qərardaddan narazıdır, hesab edir ki, qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi davam etdirilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızı şikayətini müdafiə edərək, sonda şikayətinin təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X3 şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2420/2019 nömrəli qərardadı tam, xx xxxxxx 2020-ci il tarixli, 2(075)-2420/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 351-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, MPM-in 152-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin yuxarıda sadalanan hallarla bağlı geri qaytarılması barədə mövqeyi əsaslıdır və hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən övladlığa götürülmənin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Lakin, ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızı övladlığa götürmənin ləğvi barədə iddiasını xüsusi icraat qaydasında vermişdir. Buna görə də ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızının ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir. Buna görə də ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızının ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2420/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi Muxtarova (İsmayılzadə) Xəyalə Əbulfəz qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2420/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar