Məhkəmə qərarları › İş №2(107)-60/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-60/2025

16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-60/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, əqdin etibarlılığının yoxlanılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X11 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(063)-140/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Torpağın mülkiyyət hüququna dair JN-464, KOD 90406018 nömrəli dövlət aktı ilə Ucar rayonu, Qaradağlı kənd sakinləri İddiaçı, X3, X5, X6 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.65 ha torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehin həmin torpaq sahəsini naturada istifadə etdiyini bildirməklə oradan çıxarılmasını tələb edir. 1 mart 2002-ci il tarixli İddiaçı, X8, X12, X13, X14 və Cavabdeh tərəfindən tərtib edilmiş Akta əsasən Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş 0.65 ha torpaq sahəsini əvəzsiz olaraq Ucar rayonu, Qaradağlı kənd sakini Cavabdeh Qnyaz oğluna bağışlamışlar.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehə qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonu, Qaradağlı kəndində “torpağa mülkiyyət hüququna dair” JN-464, KOD 90406018 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə (digər payçılara) verilmiş 0.65 hektar torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, torpağın mülkiyyət hüququna dair dövlət aktı (JN-464, KOD ********) ilə Ucar rayonu, Qaradağlı kənd sakinləri İddiaçı, X3, X5, X6 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0.65 hektar torpaq sahəsi cavabdeh tərəfindən naturada istifadə olunur. Məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının və onun ailə üzvlərinin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, iddiaçı özgənin qanunsuz sahibiliyindən öz əmlakını geri tələb edə bilər. Buna görə də iddiaçının iddiası təmin edilməlidir.

4. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Odur ki, məhkəmə qeyd olunanlara əsaslanaraq cavabdehin etirazını əsassız hesab edir.

5. Ucar Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(063)-140/2024 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin olunmuş, Cavabdeh Ucar rayonu Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonu, Qaradağlı kəndində “torpağa mülkiyyət hüququna dair” JN-464, KOD 90406018 nömrəli dövlət aktı ilə İddiaçı və ailə üzvlərinə (digər payçılara) verilmiş 0.65 hektar torpaq sahəsindən çıxarılsın və Cavabdeh həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddələrinə istinad etmişdir.

7. İstinad edilən sənədlər: JN-464, KOD 90406018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surəti 1 mart 2002-ci il tarixli İddiaçı, X8, X12, X13, X14 və Cavabdeh tərəfindən tərtib edilmiş Akt

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının öz göstərdiklərindən də aydın olur ki, o qeyd edilən torpaq sahəsinə mənə satmışdır. Onu da qeyd edir ki, iddiaçının ailə üzvüləri də buna razılıq vermişdirlər. Bu iş materiallarında olmalı olan və bu şikayətə əlavə edilmiş aktla da öz təsdiqini tapır. O, məhkəməyə xx.xx.2002-ci il tarixdə tərtib edilmiş aktı təqdim etsə də, məhkəmə həmin akta adları göstərilən torpaq sahəsinin digər payçılarını 3-cü şəxs qismində işə cəlb etməmiş və ya onların şahid qismində çağırılıb dindirilməsi üçün heç bir cəhd göstərməmişdir

10. Ona görə də, Ucar Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(063)- 140/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(063)-140/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Cavabdeh və üçüncü şəxs qismində işə cəlb edilmiş X8, X13 və X14 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

15. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarı Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarı S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadı

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Ucar Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(063)-140/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. Torpağa mülkiyyət hüququna dair JN-464, KOD 90406018 nömrəli dövlət aktı ilə Ucar rayonu, Qaradağlı kənd sakinləri İddiaçı, X3, X5, X6 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.65 ha torpaq sahəsi verilmişdir. İddiaçı Cavabdeh Qnyaz oğlunun həmin torpaq sahəsini naturada istifadə etdiyini bildirməklə oradan çıxarılmasını tələb edir. Cavabdeh iddiaya etiraz edərək məhkəməyə 1 mart 2002-ci il tarixli Aktı təqdim etmişdir. 1 mart 2002-ci il tarixli İddiaçı, X8, X12, X13, X14 və Cavabdeh tərəfindən tərtib edilmiş Akta əsasən Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş 0.65 ha torpaq sahəsini əvəzsiz olaraq Ucar rayonu, Qaradağlı kənd sakini Cavabdeh Qnyaz oğluna bağışlamışlar. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinə heç bir hüququ əmələ gəlməmişdir.

21. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, o hazırki iş üzrə iddiaçı olan İddiaçı və digərlərinə qarşı "Ucar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə Ucar rayonunun Qaradağlı kəndi ərazisindən cavabdehlərə və mərhum X1 təsərrüfatı mallarının istehsalı üçün verilmiş 0,65 hektar torpaq sahəsinin onlar tərəfindən mənə satması və mənim həmin torpaq sahəsini almağıma dair onlarla bağladığım xx.xx.2002-ci il tarixli əqdin etibarlı sayılması barədə qətnamə qəbul edilməsi" xahişinə dair iddia ərizəsi ilə Ucar rayon Məhkəməsinə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, həmin iş üzrə 28 yanvar 2025-ci ildə 2(063)-56/2025 nömrəli yekun məhkəmə qərardadı qəbul edilmişdir. Qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır.

22. Belə olan halda, məhkəmə tərəfindən araşdırılmalı olan məsələ həmin əqdin etibarlı olmaqla iddiaçıya mübahisəli əmlak üzərində hüquqlar verib-vermədiyidir. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, “əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, “payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırki halda iddia tələbi nəticə xarakterli tələb (torpaq sahəsindən çıxarılma) olsa da, məhkəmə tərəflər arasında ixtilafı tam və hərtərəfli həll etmək üçün mübahisəli hüquqi hadisənin təsbiti, yəni cavabdehin təqdim etdiyi 1 mart 2002-ci il tarixli əqdin etibarlılığı məsələsini həll etməlidir.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin təqdim etdiyi 1 mart 2002-ci il tarixli Akt 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış MM-in 335-ci maddəsinin tələbi baxımından nəzərdən keçirilməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Hazırki işdə Cavabdeh Qnyaz oğlu məhkəməyə xx.xx.2002-ci il tarixli Aktı təqdim etməklə bərabər iddia edir ki, o, İddiaçı mübahisəli torpaq sahəsinin qarşılığında pul verərək torpaq sahəsini ondan almışdır. İddiaçı məhkəmə kollegiyasının iclaslarında göstərmişdir ki, həqiqətən də hal-hazırda cavabdehdən geri almaq istədiyi torpaq sahəsi onun evindən çox aralıda yerləşdiyinə görə, cavabdehə sonuncudan o vaxtın pulu ilə cəmi 1 milyon 300 min manat (1.300.000) almaqla satmışdır. Cavabdehdən aldığı həmin pula özü üçün daha münasib yerdən torpaq sahəsi almışdır. Onun aldığı torpaq sahəsini həmin torpağın mülkiyyətçisi təqribən 5 il sonra ondan geri almışdır. O, torpaq sahəsini Cavabdeh Qnyaz oğluna satanda sadə yazılı formada Akt tərtib edilmiş, həmin Aktda özü və cavabdeh imza etmişlər. Ailə üzvlərinin də adından imzaları özü etmişdir. Torpaq sahəsini həmin vaxt Cavabdeh Qnyaz oğluna təhvil vermişdir və həmin vaxtdan etibarən torpaq sahəsi sonuncunun istifasdəsində olmuşdur. Son vaxtlara qədər ailə üzvləri də torpaq sahəsinin cavabdehdə olmasına etiraz etməmişlər. Hal-hazırda isə özü torpaq sahəsini cavabdehdən geri almaq istəməsə belə, ailə üzvlərinin təkidi ilə hazırki iddia ilə mhəkəməyə müraciət etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. 1 mart 2002-ci il tarixli Aktda isə İddiaçı və onun ailə üzvlərinə verilmiş 0.65 ha torpaq sahəsinin əvəzsiz olaraq Ucar rayonu, Qaradağlı kənd sakini Cavabdeh Qnyaz oğluna bağışlandığı göstərilir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki-hüquqi əqdlərin əvəzliliyi qanunvericiliklə hər bir müqavilənin əvəzliliyi prezumpsiyası ilə müəyyən edilmişdir. Belə ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. MM-dən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal olunur (MM-in 397.1 və 397.3-cü maddələri). Əvəzsiz əqdlərdə isə tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. MM-in 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, 05 aprel 2005-ci il tarixli Aktda tərəflərin həqiqi iradəsi əvəzsiz əqd bağlamaqla torpaq sahəsinin bağışlanması deyil, pul qarşılığında torpaq sahəsinin alqısatqısı olmuşdur. MPM-in 106.3-cü maddəsinə əsasən kollegiya torpaq sahəsi qarşılığında cavabdeh tərəfindən iddiaçı tərəfə pul verilməklə torpaq sahəsinin alqı-satqısının həyata keçirildiyini sübut olunmuş hesab edir. İddiaçı hazırki iddianı qaldırmaqda ifadə olunan davranışı isə vicdanlılıq prinsipinə zidd olmaqla hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

24. Mübahisəli torpaq sahəsinin digər mülkiyyətçiləri ilə bağlı kollegiya qeyd edir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-56/2025 nömrəli işi üzrə (2024-cü il üzrə nömrəsi 2(063)-802/2024) məhməkə xəttşünaslıq ekspertizası keçirilmişdir. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 1 noyabr 2024-cü il tarixli 4/1459 nömrəli ekspert rəyində göstərilmişdir: “Ekspertizaya təqdim edilmiş, 01 mart 2002-ci il tarixli "Akt”da “4.” qrafasında “T.İddiaçı” yazılarının qarşısında olan imza - X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

2. Ekspertizaya təqdim edilmiş, 01 mart 2002-ci il tarixli “Akt”da “2.” qrafasında “Z.M.Abdullayeva” yazılarının qarşısında olan imza - X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, 01 mart 2002-ci il tarixli "Akt”da “5.” Qrafasında “E.İddiaçıa” yazılarının qarşısında olan imza - X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.” Həmin iş üzrə məhkəmə qərardadı ilə ekspert qarşısında X4 adının qarşısında olan imzanın yoxlanılması ilə bağlı sual qoyulmadığından həmin imzanın tədqiqatı aparılmamışdır. Nəticədə, 01 mart 2002-ci il tarixli Aktda 3-cü qrafada yazılmış X.İddiaçıa sözlərinin qarşısındakı imzanın X5 aid olub-olmaması müəyyən edilmir. Hər hansı əqdin mübahisələndirilməsi barədə işə baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində müqavilə tərəfinin hüquqdan sui-istifadə hallarının olub-olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa, əqdi mübahisələndirmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materiallarına görə İddiaçı yazılı əqdi imzalamış, digər mülkiyyətçilərdən isə üç nəfəri əqdi imzalamamış, birinin isə əqdi imzalayıb-imzalamadığı müəyyən edilə bilməmiş, müqavilənin bağlanmasına yazılı razılıqları da olmamışdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2002-ci ildən torpaq sahəsi Cavabdeh Qnyaz oğluna təhvil verilmiş, həmin vaxtdan da o, torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Mülkiyyətçilər uzun müddət bu vəziyyətə etiraz etməmiş, iddiaçıya qarşı hər hansı bir iradları olmamışdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı ailə üzvlərinin ona torpaq sahəsini geri almaq üçün təkid etdiklərini bildirsə də, iş materiallarında iddiaçının ailə üzvləri olan digər mülkiyyətçilərin daha öncə cavabdehə qarşı hər hansı irad və iddialarının olması müəyyən edilmir. Göründüyü kimi, iddiaçı istisna olmaqla, digər mülkiyyətçilərin torpaq sahəsinin bağışlanmasına (əslində alqı-satqısına) dair əqdin bağlanmasına zahirən razılıqları müəyyən edilməsə də, onların həmin müqavilədən xəbərdar olmalarına və bəyənmələrinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin mülkiyyətçilərin tərəfindən imzalanmaması və onların həmin müqavilənin bağlanmasına yazılı razılığının olmaması onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunub ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında da ifadə edilmişdir: “Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əqdin etibarsızlığının bu növü düzələ bilən etibarsızlıq halı olmaqla, sonradan digər tərəfin (ərin və ya arvadın) əqdi bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

25. Göründüyü kimi, 1 mart 2002-ci il tarixli akt qanuna zidd deyildir. Belə ki, akt imzalanarkən mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olmuşdur və akt mülkiyyətçilər tərəfindən bəyənilməklə etibarlı hala gətirilmişdir. Əqdin hər iki tərəfi aktın tərtibində iştirak etməklə aktı imzalamış, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Əqd tamamilə icra edilmiş, yəni mübahisəli torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Beləliklə, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış MM-in 335-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilmiş tələblər yerinə yetirilmişdir.

26. Göstərilənlərə əsasən, kollegiya bu nəticəyə gəlir ki, 1 mart 2002-ci il tarixli Aktın etibarlı alqı-satqı müqaviləsi olması təsbit edilməli, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbinə dair hazırki iddiası isə hüquqdan sui-istifadə edilməsi hesab edilməklə rədd edilməlidir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(063)-140/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbinə dair iddiası rədd edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(063)-140/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar