Məhkəmə qərarları › İş №2(107)-605/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-605/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-605/2025 06.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əldən çıxmış fayda, sübutetmə yükü) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(075)-148/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü il tarixində cavabdeh "xxxx" MMC-yə ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. İddiaçı MMC cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq cavabdehin "xxxx" MMC-də əmək fəaliyyətini davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq cavabdeh 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 12 avqust 2024-cü il tarixində "xxxx" MMC-yə də əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aralarında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə ünvanladığı etirazında bildirmişdir ki, iddianı qəbul etmir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Təəssüf ki, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamamışdır. Həmin müqavilə və əmək müqaviləsini dəfələrlə tələb etsə də, ona təqdim edilməmişdir. Şirkət tərəfindən ona təlim keçirilməmişdir. Belə ki, 28 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-yə məxsus avtoservisdə operator vəzifəsi üzrə işə qəbul edilmişdir. İşin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatlar verilmişdir. İş yerində ilk vaxtlarda şirkətin əməkdaşına təhkim olunmuşdur. Həmin şəxs iş fəaliyyətinə nəzarət edib, işə başlamamışdan əvvəl avtomobillərin ehtiyyat hissələri haqqında məlumat olan kitab verilmiş və həmin kitab əzbərlənməsi tapşırılmışdır. Həmin kitabda avtomobilin təkəri, nakladka, mühərrik, sürətlər qutusunun və s. yağı, nasos, çən, idarə etmə sistemi haqqında məlumatlar əks olunmuşdur. Şirkətin əməkdaşı da avtomobilin detalları haqqında məlumatlar vermişdir. Qısa müddət sonra müstəqil vəzifəsini icra etmişdir. Hər hansı təlimin keçirilməsi üçün təlimçi olmalıdır. "xxxx" MMC-nin iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC müqavilə üzrə ona şirkətə məxsus servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, “təlim alan” yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. "xxxx" MMC “təlim alana” peşə öyrətməyi öhdəsinə götürür. Ancaq peşə öyrədilməyib. Digər tərəfdən işə götürməyi öhdəsinə götürür, eyni tarixdə əmək müqaviləsi bağlanmış və operator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Yəni, əmək müqaviləsi üzrə işə başlamağı “təlim”in nəticəsi ilə bağlı deyil. Operator vəzifəsi peşə hesab oluna bilməz. Əmək funksiyası isə servisdə təmir olunan maşınlarda görüləcək işlərin 1 C proqramında sistemə yazmaqdan ibarət olmuşdur. Qeyd etdiyi 1C proqramında servisdə sifarişlər və ustalar tərəfindən görülən işlər qeyd olunur. Həmin qeydiyyat işi nəqliyyat vasitəsinə aid olan terminlər ilə aparılır. İddiaçının iddia etdiyi təlim isə məhz ilkin əmək vərdişlərinin, yəni 1C proqramında işləməyin və müvafiq terminlərin öyrədilməsi (əzbərlənməsi) olmuşdur. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC üzərinə götürdüyü öhdəliyin mahiyyətinin əmək fəaliyyəti və tutduğu vəzifə ilə heç bir əlaqəsi yoxdur. Ona nəqliyyat vasitələrini təmir etmək məqsədi ilə xüsusi peşə bilikləri öyrədilməmişdir. Nə onun servisdə təmir ustası kimi işləmək, nə da şirkətin onu təmir ustası kimi işə götürmək niyyəti olmamışdır. Müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə mütləq tədrisin qaydaları, tədrisin tarixi və vaxt, imtahan qaydaları, tədrisin nəticəsi və istehsalata və ya işə buraxılması qaydası göstərilməli idi. Yekunda 20 sualdan ibarət test imtahanına cəlb edilmişdir. Lakin, test imtahanı təlimin nəticəsi ilə bağlı olmamışdır. İmtahan mövzusu hər işçinin öz işi ilə bağlı olmuşdur. Şirkət rəhbərliyi bildirmişdir ki, imtahandan zəif bal toplayanın əmək haqqısı azaldılacaq. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. xx.xx.2022- ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə "xxxx" MMC sonradan əmək müqaviləsi üzrə işəgötürən, o isə işçi olmuşdur. O, təlim almadığı halda ondan əvəzsiz olaraq 2000 manat tələb edilməsi etimad və vicdanlılıq prinsiplərinə ziddir və zərərlidir. xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyin pozulmasını cavabdehin işdən azad edilməsi əsasında yarandığını göstərir. Beləliklə, tərəflər arasında bağlanmış təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə iddiaçı müqavilənin davamlığını əmək münasibətlərinin davam etdirilməsi ilə şərtləndirmişdir. Bu məcburi əməyə cəlb etmənin əlamətidir. Hazırkı müqavilə şirkətdə işçilərin az əmək haqqı ilə işdə saxlanılmasına xidmət edir. Təlim tədrisinin keçirilməsini iddia edən, təlimçinin olmasını, təlimçiyə ödənilən xidmət haqqını, təlim proqramını, strukturunu, tədrisin qaydaları, tədrisin tarixi və vaxtı, imtahan qaydaları, tədrisin nəticəsi, istehsalata və ya işə buraxılması qaydasını əks etdirən sübutlar təqdim etməlidir. İş materiallarında bununla bağlı heç bir sənəd yoxdur. "xxxx" MMC xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və ona nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə bilikləri öyrətməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(075)-148/2025 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən "xxxx" MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsini bağlamağı, Cavabdeh isə “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in servis mərkəzində işləməyi və əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və ya lazımi şəkildə icra etməyi, həmçinin “Şirkət”lə əmək müqaviləsi bağlandığı gündən 3 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə 2000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəməyi öhdələrinə götürmüşlər. Bundan 1 gün sonra, yəni 29 noyabr 2022-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 6 aylıq müddətə, yəni 28 may 2023-cü il tarixədək əmək müqaviləsi imzalanmış, həmin müqavilə əsasında Cavabdeh "xxxx" MMC-də aylıq əmək haqqısı 326.86 manat müəyyən edilməklə operator vəzifəsinə işə qəbul edilmişdir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə Cavabdeh təşəbbüsünə əsasən 30 avqust 2023-cü il tarixdə xitam verilmişdir. Daha sonra cavabdehin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər "xxxx" MMC-də operator vəzifəsinə 400 manat maaşla işə qəbul edilmişdir. Cavabdeh tərəfindən 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləsinin şərtlərinin pozulmasını əsas gətirən iddiaçı "xxxx" MMC Cavabdeh 2000 manat cərimənin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin cavabdeh iddia tələbini qəbul etməmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.İddia tələbinin əsası məhz tərəflər arasında imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulması ilə bağlıdır. Lakin iş materiallarına 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliklərin icrası olaraq "xxxx" MMC-yə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməsi, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsi, “Təlim alan”ın müvafiq peşəyə yiyələnməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

9. İddiaçı tərəfindən təlimkeçmə və əməkdaşlıq haqqında 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, aralarında bağlanmış müqavilə üzrə götürülmüş bütün öhdəliklərin tam şəkildə icra edilməsinə ilə bağlı iddiaçının dəlili özü özlüyündə əsassızdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385.1, 386.1, 389.1, 390.1, 390.2, 399.1, 404.1, 404.2, 405.1, 425.1, 452.1, 441.1, 441.2, 448.1, 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə yalnız iddia ərizəsində qeyd edilənlər, cavabdehin etirazı və hüquq normalarını sadalamaqla kifayətlənərək yalnız bir cümlə ilə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, iddianın rədd edilməsi üçün əsas kimi “Təlim alana” müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etmədikləri, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsi, “Təlim alan”ın müvafiq peşəyə yiyələnməsinə dair tədbirlərin görülməsiylə bağlı tərəflərindən heç bir sübut təqdim edilmədiyi göstərmişdir. Bildirir ki, qətnamədə iddianın rədd edilməsinin səbəbi kimi bundan başqa heç bir əsas yoxdur.

13. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddianın əsaslı olması və iddia ərizəsində qeyd edilənlərin faktiki olaraq cavabdeh tərəfindən etiraf edilməsidir. Həmin etiraflar: 1. Etirazın 4-cü bəndində cavabdeh göstərmişdir ki, “iş yerində ilk vaxtlarda şirkətin əməkdaşına təhkim olunmuşam. Şirkətin əməkdaşı da avtomobilin detalları haqqında məlumatlar vermişdir”. 2. Etirazın 6-cı bəndində cavabdeh göstərmişdir ki, İddiaçı MMC-nin iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir”. 3. Etirazın 9-cu bəndində cavabdeh göstərmişdir ki, əmək müqaviləsi üzrə işə başlamağım “təlim”in nəticəsi ilə bağlı deyil. 4. Etirazın 10-cu bəndində cavabdeh göstərmişdir ki, “İddiaçının iddia etdiyi təlim isə məhz ilkin əmək vərdişlərinin, yəni 1C proqramında işləməyin və müvafiq terminlərin öyrədilməsi (əzbərlənməsi) olmuşdur. 5. Etirazın 11-ci bəndində cavabdeh göstərmişdir ki, “yekunda 20 sualdan ibarət test imtahanına cəlb edilmişəm. Lakin test imtahanı təlimin nəticəsi ilə bağlı olmayıb”. Beləliklə də iddiaya qarşı verdiyi yazılı etirazda yuxarıda qeyd edilənləri bildirməklə faktiki olaraq cavabdeh iddiaçının ona təlim keçdiyini etiraf etsə də, birinci instansiya məhkəməsi qeyd edilən etiraflara əhəmiyyət verməmiş, həmin halları ümumiyyətlə araşdırmamış və onlara münasibət bildirməmişdir. Bundan başqa cavabdehin də təqdim etdiyi etirazın əsası təlimin keçirilməməsi ilə bağlı olsa da, cavabdeh tərəf də, 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərini icra etməmələri ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əgər öhdəliklərini icra etməsəydilər, 28 noyabr 2022-ci il tarixindən işdən çıxana qədər cavabdeh hər hansı bir şəkildə bununla bağlı etirazını onlara bildirərdi. Cavabdeh işdən çıxmaq haqqında ərizəsində belə bununla bağlı hər hansı bir istinad göstərməmişdir. Onların öz öhdəliyini icra etməyinin əsas sübutu da cavabdehin iş yerində qalaraq işləməyə davam etməsidir. Belə ki, keçirilən təlimi lazımi şəkildə mənimsəməyən şəxsin cəmiyyətə məxsus olan nəqliyyat vasitələrinə xidmət mərkəzində işləməsi mümkün deyil. Həmçinin təlimi lazımi şəkildə mənimsəməyən şəxs onların göstərdiyi xidmətlərin icra edilməsi üçün tamamilə yararsız olduğundan hər hansı bir əmək funksiyasını icra edə bilməz. Yalnız keçilən təlimi tam və lazımi şəkildə mənimsəyən şəxs onlar üçün yararlı əməkdaş hesab edilir və həmin təlimin keçilməsinin əsas məqsədi də şirkət üçün yararlı kadrların hazırlanmasından ibarətdir.

14. Həmçinin qeyd edir ki, 28 noyabr 2022-ci il tarixində təlim keçmə və əməkdaşlıq haqqında müqavilə cavabdehdən başqa daha 9 (doqquz) nəfər şəxslə də bağlanmışdır. Yəni, bu təlim təkcə cavabdehə deyil 10 (on) nəfərdən ibarət qrupa keçilmişdir. Bu günə qədər cavabdehdən başqa daha 3 (üç) şəxs həmin müqavilə üzrə öhdəliyini pozduğu üçün məhkəməyə verilmişlər. Hər üç iddia məhkəmə tərəfindən təmin edilmişdir. Həmin qrupda olan şəxslərdən biri ilə bağlı iş üzrə çıxarılmış qətnamə tərəfindən sübut qismində iş materiallarına da əlavə edilmişdir. Həmin qətnamədə hazırkı iş üzrə cavabdehlə eyni qrupda olan şəxsə təlimin keçirilməsi və eyni məzminlu etirazın əsassız olması müəyyən edilmişdir. Bundan başqa cavabdehlə eyni qrupda təlim almış daha iki şəxsə qarşı qaldırdıqları iddialarla bağlı iş üzrə çıxarılmış qətnamələri də məhkəməyə təqdim edəcəklər. Həmin qətnamələrdə də cavabdehlə eyni qrupda olan şəxslərə təlimin keçirilməsi müəyyən edilmişdir. İddianın təmin edilməsi üçün kifayət qədər sübutların olmasına baxmayaraq məhkəmə həmin sübutlara əhəmiyyət verməmiş, sübutları məcmu halda qiymətləndirməmiş, kifayət qədər sübut təqdim etmələrinə baxmayaraq sübutetmə yükünün onlara aid olmasına istinad etməklə bu qədər sübuta qarşı cavabdehdən etirazında istinad etdiyi halları təsdiq edəcək heç bir sübut tələb etməmişdir. Məhkəmə cavabdehin etirazında iddanın əsaslı olmasını etiraf etməsinə heç bir əhəmiyyət verməmiş, etirazda istinad edilən halları araşdırmamış və cavabdehin iddiaya etirazda istinad etdiyi halları sübut edəcək heç bir sübut tələb etməmişdir. Həmçinin məhkəmə cavabdehin iddiaya etirazda göstərdiyi ziddiyyətli halların heç birini araşdırmamışdır. Bundan başqa məhkəmə təqdim edilən sübutlara düzgün qiymət verməmiş və həmin sübutları işdə olan digər sübutlarla birlikdə məcmu halda qiymətləndirməmişdir. Sübut qismində təqdim edilən qətnamədə hazırkı iş üzrə cavabdehlə eyni qrupda olan şəxsə təlimin keçirilməsinin müəyyən edilməsi, eyni məzmunlu etirazların əsassız olmasının müəyyən edilməsi və sairə bu kimi digər hallara əhəmiyyət verməmişdir. Beləliklə də məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, sübutları düzgün və məcmu halda qiymətləndirməmiş, sübutları obyektiv, hərtərəfli və tam araşdırmadan onlara qiymət verməklə qeyd edilən maddənin tələblərini pozmuşdur. Məhkəmə prossesi zamanı iddianın əsaslı olması və təmin edilməsi üçün kifayət qədər sübut təqdim olunmasına baxmayaraq məhkəmə iddia ərizəsindən göstərilən halları təsdiq edəcək sübut təqdim edilməməsinə istinad edərək iddianın rədd edilməsi haqqında qətnamə çıxarmışdır. Əgər onların təqdim etdikləri sübutlar yetərli deyildisə və onların əsasında işə baxmaq mümkün deyildisə məhkəmə bununla bağlı məlumat verməli və zəruri əlavə sübutlar təqdim etməyi təklif etməli idi. Belə ki, prosessual qənaətlilik prinsipini nəzərə alaraq təqdim etdikləri sübutların iddianı təmin etmək üçün yetərli olmasını nəzərə alaraq əllərində olan digər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə isə isdə olan sübutlar əsasında işə baxılmasının mümkün olmaması səbəbindən zəruri əlavə sübutları təqdim etməyi təklif etmədiyi üçün həmin sübutları məhkəməyə təqdim etməmişlər. 15.Bundan başqa Məhkəmə cavabdehin iddiaya etirazında göstərilən ziddiyyətli halların heç birini araşdırmamış və aydınlaşdırmamışdır.

16. Belə ki, məhkəmə aşağıda göstərilən halların heç birini araşdırmamışdır: 1. Cavabdehin etirazında göstərdiyi təhkim olunduğu şəxsin kim olmasını; 2. Şirkətin əməkdaşının avtomobilin detalları haqqında məlumatları harda və necə verməsini; 3. Bu məlumatların təkcə cavabdehə və ya qrup halında başqa şəxslərə də verilməsini; 4. Qrup halında verilmişdirsə daha kimlərə məlumatların verilməsini; 5. Təlim keçilmədiyi halda nə üçün cavabdehin test imtahanına cəlb edilməsini; 6. Test suallarının nədən ibarət olmasını; 7. Cavabdehə öyrədilən məlumatların dəqiq olaraq nədən ibarət olması və nə üçün həmin məlumatların ona öyrədilməsini; 8. Əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsinin nədən ibarət olmasını və hansı müddəti əhatə etməsini; 9. İnsanların ödəniş edərək aylarla kursa gedərək öyrəndiyi 1C kimi böyük həcmli bir proqramı cavabdehin bir neçə gün ərzində necə öyrənməsini; 10. Cavabdehə təlim keçirilməmişdirsə nə üçün bu günə qədər cavabdeh həmin müqavilə üzrə onların öhdəliklərini icra etməməsini dair tələb irəli sürməməsini,; 11. Operator kimi cavabdehin hansı işlə məşğul olmasını; 12. Və sairə bu kimi halları ümumiyyətlə araşdırmamışdır. Bu halların araşdırması cavabdehə həqiqətən də təlimin keçirilməsini sübut edərək iddianın əsaslı olmasını və təmin edilməli olmasını təsdiq edərək məhkəmənin düzgün qənaətə gəlməməsini sübut edəcək.

17. Birinci instansiyada məhkəməsində prosessual qənaətlilik prinsipini nəzərə alaraq mövcud olan bəzi sübutları məhkəməyə təqdim etməmişlər.

18. Belə ki, təqdim etdiyikləri sübutları və cavabdehin etirazında göstərilən etiraf hallarının iddianın təmin edilməsi üçün yetərli hesab edərək həmin sübutları məhkəməyə təqdim etməmişlər. Həmin sübutlardan biri qanuni qüvvəyə minmiş Balakən rayon məhkəməsinin e-2(019)-589/2023 № li iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsidir. Belə ki, 28 noyabr 2022-ci il tarixində təlim keçmə və əməkdaşlıq haqqında müqavilə cavabdehdən başqa daha 9 (doqquz) nəfər şəxslə də bağlanmışdır. Yəni, bu təlim təkcə cavabdehə deyil 10 (on) nəfərdən ibarət qrupa keçilmişdir. Bu günə qədər cavabdehdən başqa daha 3 (üç) şəxs həmin müqavilə üzrə öhdəliyini pozduğu üçün məhkəməyə verilmişdir. Həmin şəxslərdən biri olan X9 ilə bağlı məhkəmə qətnaməsini sübut kimi məhkəməyə təqdim etmişlər. X6 ilə bağlı Balakən rayon məhkəməsinin e-2(019)-589/2023 № li iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsini isə məhkəməyə təqdim etməmişdik. Həmin qətnamə ilə hazırkı cavabdehlə eyni qrupda olan X4 qarşı eyni əsasla qaldırılmış iddianın təmin edilməsi qət edilmişdir. Cavabdehlə eyni qrupda təlim almış X2 qarşı eyni əsasla Bakı şəhəri Xətai rayon məhkəməsində qaldırılmış iddia da təmin edilmişdir (iş № e- 2(011)-706/2025). Lakin Şəki rayon məhkəməsi hazırkı iş üzrə qətnamə çıxarılarkən Bakı şəhəri Xətai rayon məhkəməsi hələ e-2(011)- 706/2025 № li iş üzrə hələ qətnamə çıxarılmamışdı. Həmin qətnamə ilə cavabdehlə eyni qrupda olan X1 təlim alması müəyyən edilir. X3 isə təlim keçilməsini qəbul etsə də başqa əsaslarla iddianın təmin edilməli olmamasına istinad edir. Bundan başqa cavabdehlə eyni qrupda təlim almış şəxslərdən X7 hələ də İddiaçı MMC-də, X10 isə əməkdaşlıq etdiyikləri "xxxx" MMC-də işləməkdə davam edir. Həmin şəxslər cavabdehlə eyni qrupda təlim almalarını, təlimin nə qədər davam etməsi, təlim mövzuları və sairə ilə bağlı zəruri məlumatlara malik olduqları üçün şahid qismində dindirilə bilərlər.

19. Odur ki, Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(075)-148/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(075)-148/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

26. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyator Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(075)-148/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur. 32.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən "xxxx" MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsini bağlamağı, Cavabdeh isə “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in servis mərkəzində işləməyi və əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və ya lazımi şəkildə icra etməyi, həmçinin “Şirkət”lə əmək müqaviləsi bağlandığı gündən 3 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə 2000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəməyi öhdələrinə götürmüşlər. Bundan 1 gün sonra, yəni 29 noyabr 2022-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 6 aylıq müddətə, yəni 28 may 2023-cü il tarixədək əmək müqaviləsi imzalanmış, həmin müqavilə əsasında Cavabdeh "xxxx" MMC-də aylıq əmək haqqısı 326.86 manat müəyyən edilməklə operator vəzifəsinə işə qəbul edilmişdir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə Cavabdeh təşəbbüsünə əsasən 30 avqust 2023-cü il tarixdə xitam verilmişdir. Daha sonra cavabdehin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər "xxxx" MMC-də operator vəzifəsinə 400 manat maaşla işə qəbul edilmişdir. Cavabdeh tərəfindən 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləsinin şərtlərinin pozulmasını əsas gətirən iddiaçı "xxxx" MMC Cavabdeh 2000 manat cərimənin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin cavabdeh iddia tələbini qəbul etməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.

35. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin cavabdehin etirazı və hüquq normalarını sadalamaqla kifayətlənərək yalnız bir cümlə ilə iddianın rədd edilməsi qənaətinə gəlməsi, cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddianın əsaslı olması və iddia ərizəsində qeyd edilənlərin faktiki olaraq cavabdeh tərəfindən etiraf edilsədə məhkəmənin həmin halların heç birinə əhəmiyyət verməməsi, etirazda istinad edilən halların araşdırmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı MMC (Şirkət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Təlim keçmə və əməkdaşlıq haqqında” müqaviləsindən görünür ki, “Şirkət” ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı, Cavabdeh isə “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in avtosevisində işləməyi, “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi, şirkətlə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində yalnız “Şirkət”in avtoservisində işçi kimi işləməyi, “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 il müddətində yalnız “Şirkət”in avtoservisində işçi kimi işləməyi, “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə “Şirkət”in xərclədiyi 2000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəməyi öhdələrinə götürmüşlər.

36. İşdə olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022- ci il tarixdən xx.xx.2023-cü il tarixədək operator vəzifəsinə işə qəbul olunması ilə bağlı müddətli əmək müqaviləsi bağlamışdır.

37. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən-tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir.

38. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilədə cavabdehin əmək müqaviləsi bağlandığı gündən 3 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyində olduğu halda 2000 manat məbləğində dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmaqla yanaşı, tərəflər arasında həmçinin 29 noyabr 2022-ci il tarixli əmək müqaviləsi imzalanmışdır. Hansı ki, tərəflər arasındakı mübahisənin yaranması da məhz Cavabdeh işdən azad edilməsi təşəbbüsündə olması ilə bağlıdır. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin müvafiq normalarına istinad etməkdə doğru mövqedən çıxış etmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avabdeh tərəfindən təqdim edilmiş etirazda iddianın əsaslı olması və iddia ərizəsində qeyd edilənlər faktiki olaraq cavabdeh tərəfindən etiraf edilsə də məhkəmə həmin halların heç birinə əhəmiyyət verməməsi, 28 noyabr 2022-ci il tarixində təlim keçmə və əməkdaşlıq haqqında müqavilə cavabdehdən başqa daha 9 (doqquz) nəfər şəxslə də bağlanması, təlimin təkcə cavabdehə deyil 10 (on) nəfərdən ibarət qrupa keçilməsi, bu günə qədər cavabdehdən başqa daha 3 (üç) şəxs həmin müqavilə üzrə öhdəliyini pozduğu üçün onların məhkəməyə verilməsi və hər üç iddia məhkəmə tərəfindən təmin edilməsi, həmin qrupda olan şəxslərdən biri ilə bağlı iş üzrə çıxarılmış qətnamə sübut qismində iş materiallarına da əlavə edilməsi, bundan başqa cavabdehlə eyni qrupda təlim almış daha iki şəxsə qarşı qaldırdıqları iddialarla bağlı iş üzrə çıxarılmış qətnamələri də məhkəməyə təqdim edəcəkləri, həmçinin məhkəmə prossesi zamanı iddianın əsaslı olması və təmin edilməsi üçün kifayət qədər sübut təqdim etmələri, əgər onların təqdim etdiyi sübutlar yetərli deyildisə və onların əsasında işə baxmaq mümkün deyildisə məhkəmə bununla bağlı onlara məlumat verməli və zəruri əlavə sübutlar təqdim etməyi təklif etməli olması, onların prosessual qənaətlilik prinsipini nəzərə alaraq təqdim etdikləri sübutların iddianı təmin etmək üçün yetərli olmasını nəzərə alaraq əllərində olan digər sübutları məhkəməyə təqdim etməmələri məhkəmənin sübutlara məcmu halda qiymət verməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Həmin Məcəllıənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 41.Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

42. Kollegiya qeyd edir ki, iddiaçı öz tələbini təsdiq edən sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işə Şəki Rayon Məhkəməsində baxılrakən məhkəmənin hazırlıq iclasında təqdim etməli olmuşdur. Lakin iş materiallarından görünür ki, 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliklərin icrası olaraq "xxxx" MMC-nə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməsi, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsi, “Təlim alan”ın müvafiq peşəyə yiyələnməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

43. Həmçinin iddiaçı apellyasiya şikayətində buna dair sənədlərin təqdim ediləcəyini qeyd etsə də, həmin sübutların təqdim edilməsi təmin edilməmişdir. Həmçinin apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olumuş etiraza istinad edilsədə, həmin etirazdan görünür ki, cavcabdeh etirazında şirkət tərəfindən ona təlim keçirilmədiyini, sadəcə şirkətdə operator vəzifəsi üzrə işə qəbul edildikdən sonra işin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatların verildiyini, iş yerində ilk vaxtlarda şirkətin əməkdaşına təhkim olunduğunu, həmin şəxsin sadəcə olaraq onun iş fəaliyyətinə nəzarət etdiyini bildirmişdir.

44. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış “Təlim keçmə və əməkdaşlıq haqqında” müqavilənin mətnindən görünür ki, “Şirkət”in müqavilə üzrə öhdəliyi ona məxsus olan servisdə təlim alana nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi müvafiq nəzəri və təcrübi dərslərin küçirilməsini təşkil etməsi olmuşdur. Lakin iddiaçı tərəfindən "xxxx" MMC-nə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməsi, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsi, “Təlim alan”ın müvafiq peşəyə yiyələnməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

45. İddiaçı tərəfindən təlimkeçmə və əməkdaşlıq haqqında 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin aralarında bağlanmış müqavilə üzrə götürülmüş bütün öhdəliklərin tərəflərindən tam şəkildə icra edilməsinə dair dəlili özü-özlüyündə əsassızdır.

46. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

47. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddiaya etirazında test imtahanlarına cəlb edildiyini təsdiq etməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, tərəflər arasında iki müqavilənin bağlanması nəzərə alınaraq cavabdehin test imtahanına cəlb edilməsi, digər sübutlarla təsdiq edilmədiyi halda özü-özlüyündə iddiaçı tərəfindən müqavilə öhdəliklərinin icrası kimi şərh edilə bilməz.

49. Əlavə olaraq kollegiya qeyd edir ki, 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilədə cavabdehin əmək müqaviləsi bağlandığı gündən 3 il müddətində əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istədiyi halda 2000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəmək vəzifəsinin olması, “Təlim alan”ın yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin edilməsi, onunla əmək müqaviləsini bağlanılması nəzərdə tutulmasına baxmayaraq, bundan sonrakı 3 il ərzində cavabdehin hansı peşəyə yiyələnməsinə aydınlıq gətirilməməklə yanaşı, 29 noyabr avqust 2022-ci il tarixli əmək müqaviləsində onun 3 il müddətinə deyil, 28 may 2023-cü il tarixədək bağlanması müəyyənləşdirilmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

52. Məhkəmə kollegiyаsı hesаb edir ki, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(075)-148/2025 nömrəli qətnaməsi iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

53. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(075)-148/2025 nömrəli qətnaməsi iddiaçı "xxxx" MMC -nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar