Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-606/2023 08.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(051)-909/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və azyaşlı uşağı olan X2 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnmaə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilərək, onun İnci adlı azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(051)-909/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin 28 mart 2023cü il tarixli, 2(051)-909/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını qanunsuz və əsassız sayır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Belə ki, İddiaçı onun qaynatasıdır. O, İddiaçı oğlu X4 ilə 2015-ci ildə ailə qurmuşdur. Birgə nikahdan İnci adlı uşaqları olmuşdur. Uşaq onun yanında qalmışdır, əri isə Polşa Respublikasındadır. O və uşağı sözügedən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 12, mənzil 30 ünvanında qeydiyyatdadırlar. Həmin mənzildən başqa yaşayış yerləri yoxdur. O işləmir və uşağına valideynlərinin köməyi ilə çətinliklə baxır. Maddi imkanı başqa kirayə mənzil tutmağa imkan vermir. İddiaçı göstərmişdir ki, guya onlar anarla ailə qurmağına razılıq verməmişdir. Lakin İddiaçı onların evə elçiliyə gəlmiş, toy etmişlər və onun mülkiyyətində olan sözügedən mənzilə köçmüşdür. İddiaçı onu bu evə qeydiyyata düşməyinə və yaşamağına rəsmi qaydada icazə vermişdir. Sözügedən sənədləri onun əldə etməyi mümkün olmadığı üçün Mingəçevir Şəhər Polis Şöbəsinə bununla bağlı sorğu verilə bilər. Sözügedən razılıq notariusda olmuşdur. Lakin DƏDRX-dən keçirilməsi ilə bağlı məlumatı yoxdur. Bu barədə məlumatlar notariusun özü tərəfindən olunmalıdır. Onun və azyaşlı uşağının sözügedən mənzildən başqa yaşayış yerləri yoxdur. İddiaçının bu cür hərəkətləri onun konstitusion hüquqlarını pozur. Odur ki, ilkin iddianın rədd olunaraq onun tərəfindən verilmiş qarşılıqlı iddianın təmin olunması mütləqdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı tam qanunsuz və əsassızdır. Sözügedən qərardadın hüquqi əsası yoxdur. Belə ki, qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən qarşılıqlı iddia ərizəsini qaytarsa da, bunun hüquqi əsası yoxdur. Dövlət rüsumunun ödənilməsi üçün onun maddi imkanı yoxdur. İddia ərizəsində də göstərdiyi kimi əri Anar Əhmədov xarici ölkədədir və həmin rüsumu hazırda ödəyə bilmir. Lakin gələcəkdə həmin rüsumu ödəyə bilər. Bu qanunla mümkündür və işin sonunda məhkəmə məsrəflərinə daxil edilə bilər. Ona görə də həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 2(051)-909/2023 saylı qərardadı ilə Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-909/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(051)-909/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Cavabdeh şikayətində dövlət rüsumunun ödənilməsi üçün maddi imkanının olmamasını bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə hazırki şikayətlə bağlı 8 may 2023-cü il tarixədək mülahizələr, ərizələr, müraciətlər və sair sənədlərin təqdim olunması təklif edilməsinə baxmayaraq onun tərəfindən məhkəməyə dövlət rüsumunun ödənilməsi üçün maddi imkanının olmaması ilə bağlı hər hansı bir subut dəqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 2(051)-909/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(051)-909/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-606/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-606/2023
08.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver