Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-613/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair ilkin, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X7 qızının katibliyi, cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair ilkin, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işi üzrə Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Torpağa mülkiyyət hüququna dair JN-296 KOD 90318048 nömrəli dövlət aktı ilə müəyyən olunur ki, Ağdaş rayonu Tofiqi kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş rayon Aqrar islahat komissiyasının 20 noyabr 1998-ci il tarixli, 20 nömrəli qərarı ilə hazırki iş üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 birgə mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi iki müxtəlif konturda(planşetdə) qeyd olunmuşdur; 296 nömrəli planşetdə 20552,36 kv.m, 296C nömrəli planşetdə isə 4953,23 kv.m. 12 iyun 2006-cı ildə cavabdehlər onlara məxsus 2,05 ha torpaq sahəsinin alğısatqısı barədə iddiaçı ilə razılığa gəlmişlər və bu barədə tərəflər arasında akt tərtib edilmişdir. Sözügedən aktda qeyd olunur ki, “cavabdehlər onlara məxsus 2 hektar 5 sot torpaq sahəsinin ömürlük olaraq iddiaçıya satır və əvəzində 620 (altı yüz iyirmi) manat pul alırlar. Ailə üzvlərindən biri X1 olduğu üçün alğı-satqını notarius vasitəsi ilə rəsmiləşdirə bilmirlər”. Belarusiya Respublikasının Minsk vilayəti prokurorluğunun xx.xx.2007-ci il tarixli, 1800/26сл-2007 nömrəli məktubu ilə müəyyən olunur ki, X6 30 may 2007-ci ildə ölmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmlak qiymətləndirilmə mütəxəssis rəyindən müəyyən olunur ki, Ağdaş rayonu Tofiqi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 hektarı 4.500 manat müəyyən edilməklə, 2,05 hektarının hazırki real bazar satış qiyməti 9.225 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə onlara və daha bir ailə üzvlərinə verilmiş, birgə mülkiyyət hüququna dair Dövlər Aktına (JN-296, kod ********) əsasən müvafiq cizgidə göstərilən sərhəd daxilində verilmiş 2,05 hektar pay torpaq sahəsindən Cavabdeh əsassız və özbaşına istifadəsinə son qoyulması, cavabdehin mülkiyyətlərində olan 2,05 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinin 0,50 hektara yaxın olan ayrıca hissəsini cavabdeh istifadə etmək üçün istəmiş və onlar buna etiraz etməyərək razılaşdıqlarından xeyli müddət ərzində həmin sahədən və ona yaxın olan qalan sahələrindən əsassız istifadə etmişdir. Daha sonra onlar torpaqlarının geri qaytarmasını tələb etdikdə cavabdeh şəxs həmin ərazini onlardan almaq istədiyini bildirməklə torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Aktda adı olan Zaur adlı ailə üzvlərinin Rusiyada ölməsi səbəbindən satmalarının qeyri-mümkünlüyünü bildirmələrinə baxmayaraq, cavabdeh torpaq sahəsindən özbaşına istifadəsini davam etdirmişdir. Daha sonralar da cavabdehə bir neçə dəfə torpaqlarının geri qaytarmasına dair təklifləri, o cümlədən də mediasiya qaydasında təklifləri olmasına baxmayaraq, cavabdeh torpaqdan özbaşına və əsassız istifadəsini davam etdirmişdir. Cavabdeh hazırda da pay torpaq sahələrindən özbaşına istifadə hərəkətlərini davam etdirməklə mülkiyyət hüquqlarını aşkar şəkildə pozmaqda davam edir. Odur ki, məsələyə məhkəmə qaydasında baxılması, cavabdehin həmin torpaq sahəsindən məcburi çıxarılması üçün hazırkı iddia ilə müraciət edirlər. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 620 manat pulun və 2,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş 3.183 manat xərcin, həmin torpağa görə vurduqları 8.605 manat ziyanın və dövlət rüsumu hesabına ödəmiş olduğu 127,22 manat, mütəxəssis rəyinə görə 170 manat xidmət haqqı, cəmi 12.705,22 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ilin iyun ayında aralarında olan qarşılıqlı razılaşma əsasında qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 oğlu, İddiaçı2 və İddiaçı3 və ailə üzvlərinə məxsus 2,55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,05 hektar hissəsini alğı-satqı şərtlərinə tam əməl etməklə, yəni 620 (altı yüz iyirmi) manat əvəz (haqq) ödəməklə onlardan almışdır. Bu barədə, 12 iyun 2006-cı ildə kənd icra nümayəndəsinin iştirakı ilə akt tərtib edilmiş və imzalanaraq nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra cavabdehlər dövlət aktını və həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona təhvil vermişlər. Həmin vaxtdan o, faktiki olaraq qarşılıqlı iddia üzrə cavabdehlərdən aldığı həmin 2,05 hektar torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Lakin qarşılıqlı iddia üzrə cavabdehlər, sənədlərinin guya qaydasında olmamasını, mülkiyyətçilərdən birinin ölümünü göstərməklə notariat orqanına getmədiklərindən aralarında olan alğı-satqını notariat qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Keçən dövrdə hər dəfə o, torpağın alğı-satqısının rəsmiləşdirilməsini qarşılıqlı iddia üzrə cavabdehlərdən tələb edəndə onlar min bəhanə ilə torpağı onun adına sənədləşdirməkdən yayınmışdırlar. Qeyd edilən torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ona təhvil verildikdən sonra torpaq sahəsi qeyri-hamar, əkin üçün demək olar ki, tam yararsız hala düşdüyündən ilk növbədə əraziyə xüsusi texnika gətirərək sahəni hamar vəziyyətə salmışdır. Bunun üçün 820 manat vəsait xərcləmişdir. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün tam yararlı olmadığından 2022-cı ildə əlavə olaraq əraziyə qoşqusu 70 manat olmaqla 8 qoşqu peyin tökdürərək torpağı yararlı vəziyyətə salmaq üçün cəmi 560 manat xərc çəkmişdir. Həmin ildə 2 dəfə hər hektarı 100 manat olmaqla şumlanmasına 205 manat, hər hektarı 45 manat olmaqla 2 dəfə malalanmasına 184,50 manat xərc çəkmiş və torpaq əkin üçün tam yararlı vəziyyətə gətirilmişdir. 2022-ci ilin oktyabr ayında həmin əraziyə kiloqramı 85 qəpik olmaqla, ümumi qiyməti 468,50 manat olan 450 kq buğda bitkisi əkmiş və əkin yüksək keyfiyyətdə alınmışdır. Qarşılıqlı iddia üzrə cavabdehlərə dəfələrlə tərəfindən edilmiş xahiş və tələbinə baxmayaraq, faktiki olaraq ona satdıqları 2,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmalarını etiraf etsələr də və bunun müqabilində ondan torpağın pulunu tam almalarına baxmayaraq iddiaçılar ona qarşı məlum ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək onun iddiaçılara məxsus 2,05 hektar torpaq sahəsindən torpaq sahəsini əsassız və özbaşına zəbt etdiyini bildirərək, onun həmin torpaq sahəsindən məcburi çıxarılmağını məhkəmədən xahiş etmişlər. Göründüyü kimi o, həmin torpaq sahəsini, əsassız və özbaşına zəbt edərək istifadə etmir. Hazırda Ağdaş rayonu, Tofiqi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hektarının real bazar qiyməti 4.500 manat təşkil etdiyindən mübahisə predmeti olan 2,05 hektar torpaq sahəsinin qiyməti 9.225 manat təşkil edir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehlər 2,05 hektar torpaq sahəsini 2006-cı ildə bütün digər mülkiyyətçilər olan ailə üzvlərinin razılığı ilə qarşılıqlı razılaşma əsasında ona 620 manata satdıqlarını bildirməsi, lakin sonradan hazırda bundan imtina etmələri, yəni onların təqsiri üzündən ona əlavə olaraq 8.605 manat ziyan vurulmuşdur. O, həmin torpaq sahəsinə görə ödədiyi 620 manat məbləğində pulun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 3.183 manat xərcin və torpağı ona satmaqdan imtina etmələri nəticəsində ona vurmuş olduqları 8.605 manat ziyanın əvəzi ona tam ödənildikdən sonra həmin torpaq sahəsini cavabdehlərə qaytara bilər. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)-365/2023 nömrəli iş üzrə qəbul etdiyi 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) ilkin iddia tələbinin təmin edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarına əsasən ailə üzvləri ilə birlikdə iddiaçılara məxsus 2,05 ha torpaq sahəsindən əsassız və özbaşına istifadəsinə son qoyulmaqla ilkin iddia üzrə Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 620 manat torpağa görə ödənilmiş pul, 3.183 manat torpağın yaxşılaşdırılması üçün çəkilmiş xərc, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat pul, cəmi 3.973 manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarlı alğı-satqı müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə tərəflər qanunvericiliklə müəyyən edilmiş müqavilənin notarial qaydada bağlanmasına dair tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı alğı-satqı münasibəti yoxdur. Lakin işin faktiki halları ilə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçılara 620 manat ödəməklə onların torpaq sahəsini almasına dair anlaşmanı təsdiq edən akt var, ilkin iddia üzrə iddiaçılar həmin məbləği aldıqlarını inkar etmirlər, lakin müqavilənin bağlanması mümkün olmadığından və bu müddət ərzində ilkin iddia üzrə cavabdeh torpaqdan faydalandığından onun torpaqdan əvəzsiz qaydada çıxarılmasını istəyirlər. Beləliklə, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan torpaq sahəsini Cavabdeh 620 manat pul qarşılığında satmışlar, lakin mülkiyyətçilərdən biri olmadığından həmin torpaq sahəsini ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına rəsmiləşdirmək mümkün olmamışdır. Hazırda tərəflər məhkəməyə iddia ərizələri ilə müraciət edərək ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər torpaq sahəsini cavabdehə satmaq niyyəti ilə 620 manat pul alaraq verdiklərini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə sözügedən torpaq sahəsini pul qarşılığında aldığını və həmin torpaq sahəsinin əkin üçün yararlı olması olması üçün vəsait xərclədiyini iddia edir. Lakin tərəflər heç biri öz mülahizələri ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən Ağdaş rayonu, Tofiqi kəndində İddiaçı1 və ailə üzvləri X2, İddiaçı2, X4 ümumi birgə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və hazırda qarşılıqlı iddia üzrə iddiaçının istifadəsindədir. Eyni zamanda, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd olmadığından, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə əsassız olaraq pul vəsaiti vermiş, həmçinin özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Tərəflər arasında daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi üçün heç bir müqavilə olmadığından, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehə ödənilmiş pul vəsaiti əsassız varlanma kimi qiymətləndirilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 torpağa görə ödənilmiş 620 manat, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər üçün 3.183 manat, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat, cəmi 3973 manat pul işin halları ilə sübut olunduğundan qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Hazırkı halda ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçılara məxsus torpağın yaxşılaşdırılması üçün xərclər çəkmişdir və həmin xərclər "xxxx" MMC tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 008718/2023 saylı rəylə təsdiqini tapır. Əsassız varlanmaya görə 620 manat, özgə tapşırığını vicdanla aparmağa görə 3.183 manat, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat, cəmi 3.973 manat qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 146.1, 152.1, 152.5, 157.2, 157.4, 329.1, 406.1, 1087, 1090.1, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, o, mübahisəli torpaq sahəsinə küllü miqdarda pul xərcləmişdir. Necə ola bilər ki, onun daha da münbitləşdirdiyi torpağa görə cavabdehıər ona cəmi 3.973 manat pul ödəyirlər. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İlkin iddia üzrə cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin hazırki bazar qiyməti 9.225 manatdır. Birinci instansiya məhkəməsi torpağa görə cavabdehlərə ödədiyi 620 manatı və torpağın yaxşılaşdırılması üçün çəkdiyi 3.183 manatın cavabdehlərdən onun xeyrinə tutulmasını qət etsə də o, ona vurlmuş 8.605 manat ziyanın da tutulmasını istəyir. Belə ki, torpağın qiyməti hazırda bahadır, 2006-cı ildə torpağa görə cavabdehlərə 620 manat pul ödəmişdir, indi isə həmin pulun dəyəri yoxdur. Ona görə hesab edir ki, torpağın hazırki dəyəri də nəzərə alınmaqla ona vurulmuş ziyan 8.605 (9.225-620=8.605) manat da cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Qarşılqılı iddia üzrə cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianının həll edilməsi ilə bağlı hissəsi mübahisələndirildiyindən mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1091.2. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsini ilkin iddia üzrə Cavabdeh 620 manat pul qarşılığında satmışlar, lakin mülkiyyətçilərdən biri olmadığından həmin torpaq sahəsini Cavabdeh adına rəsmiləşdirmək mümkün olmamışdır. Ağdaş Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 13 dekabr 2023-cü il tаrixli qətnaməsi ilə (apelyasiya baxışının predmeti olmayan hissə) müəyyən edilmişdir ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd (alğı-satqı müqaviləsi) olmadığından, Cavabdeh əmlakın mülkiyyətçiləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 əsassız olaraq pul vəsaiti vermiş, bunun müqabilində istifadəsinə verilmiş torpaq sahəsində özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Tərəflər arasında daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi üçün mülki əqd olmadığından, Rayon Məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi Cavabdeh istifadəsindən alınaraq əmlakın mülkiyyətçiləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılmalıdır. Eyni zamanda Məhkəmə hesab etmişdir ki, mülkiyyətçilərin əsassız varlanmadan əldə etdikləri vəsait (cəmi 3.803 manat) də Cavabdeh qaytarılmalıdır. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmışlar. Hazırda Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirir ki, onun xeyrinə tutulan vəsaitlə yanaşı, həmçinin torpağın real bazar dəyərini təşkil edən 8.605 (9.225-620=8.605) manat da İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq ona verilməlidir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bu dəlili ilə qismən razılaşır və Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinə əsaslanaraq bildirir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh torpaq sahəsinin real bazar dəyərinin cavabdehlərdən alınmasına dair hissəsinə münasibətdə bildirir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Ağdaş rayonu Tofiqi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 hektarı 4.500 manat müəyyən edilməklə, 2,05 hektarının hazırki real bazar satış qiyməti 9.225 manat təşkil edir. Qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində cavabdehlərdən 12.705,22 manat məbləğində pul tələb edir ki, həmin vəsait torpağa görə ödənilmiş 620 manatı, yaxşılaşdarma ilə bağlı ödənilmiş 3.183 manatı, torpağın hazırki real bazar dəyərini (həmin məbləğdən 620 manat çıxılmaqla) 8.605 manatı özündə ehtiva edir. Göstərilənlərlə bağlı Məhkəmə qeyd edir ki, 2006-ci ildə torpaq sahəsinin dəyərinin 620 manatdan hazırki 9.225 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti hazırki real bazar dəyəri 9.225 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib (Cavabdeh) həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçilərdən (İddiaçı1, İddiaçı2 və İddiaçı3) tələb edə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq vəsaitin ümumi miqdarı müəyyən edilərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri (9.225 manat) əsas götürülməli, yaxşılaşdırmalarla bağlı çəkilmiş xərc (3.183 manat) nəzərə alınmamalıdır. Qarşılıqlı iddia qismən təmin edilməli, 9.225 manat, habelə mütəxəsis rəyinə görə ödənilmiş 170 manat cavabdehlərdən müştərək qaydada iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apelyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə səhvdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşımır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, mübahisələndirilən qətnamə apelyasya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə qarşılıqlı iddianın qismən təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə QƏT ETDİ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 dekabr 2023ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin həll edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 9.225 manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 170 manat xidmət haqqı alınaraq iddiaçı Cavabdeh verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-613/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-613/2024
14.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver