Məhkəmə qərarları › İş №2(107)-614/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-614/2020

10.03.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-614/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi və ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X3 nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X3 Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2449/2019 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X5 cəmi 18255,62 manat vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxs “xxxx” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2449/2019 nömrəli (hakim M.Kərimova) qətnaməsi ilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X3 ərizəsi rədd olunmuşdur. Qətnamədən narazı qalan ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X5 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X5 ərizəsini onunlaəsaslandırmışdırki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi “xxxx” MMC-nin (VÖEN: **********) 18255,62 manat məbləğində (o cümlədən, vergilər üzrə 7460,68 manat, faizlər üşzrə 865,44 manat, maliyyə sanksiyası üzrə 9929,50 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardı. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisininə bildiriş göndərilmiş, lakin vergi borcu ödənilməmişdir. Maraqlı şəxsin rəhbəri olduğu müəssisə üzrə dövlət büdcəsinə ümumilikdə 18255,62 manat vergi borcu ödənilmədiyinə görə ərizənin təmin olunmasını, Maraqlı şəxs ölkədən getmək hüququqnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarıması xahiş olunur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, məhkəmə vergi borcunun ödənilməsi barədə bildirişin vergi ödəyicisinə çatdırılması barədə məlumatın olmadığını əsas gətirərək ərzəni təmin etməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X3 nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam araşdırma aparmamışdır. Belə ki, Maraqlı şəxs məhkəmədən kənar qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq mövcud borcunu ödəməkdən yayınır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2449/2019 nömrəli qətnaməsinin ləğv olunaraq, ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçiMaraqlı şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. (Maraqlı şəxs həmçinin istifadəsində olan ********** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur). “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci və 376.2-ci maddələrinə əsasən işəmaraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini ərizəçinin nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2449/2019 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Hüquqi şəxs haqqında məlumatdan görünür ki, vergi ödəyicisi “xxxx” MMC, fəaliyyətimebellərin və ev üçün oxşar məmulatların təmiri, rəhbəri Maraqlı şəxs, ünvan-Zaqatala rayonu, Aşağı Tala. “xxxx” MMC-nin rəhbəri Maraqlı şəxs Mingəçevir şəhəri, C.Əliyev küçəsi, ev 3-A №-li evin 24 №-li mənzilinə göndərilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqda göstərilir ki, xx xxxxxx 2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 17830,36 manat, o cümlədən vergilər üzrə 7460,68 manat, maliyyə sanksiyası üzrə 9929,50 manat, faizlər üzrə 440,18 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat borcu vardır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs ünvan 2 mənzil 24 ünvanda qeydiyyadtadır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Bu Məcəllənin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Bu Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəlləin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, vergi orqanı ərizəyə borcun könüllü icra edilməsi üçün bildirişin borcluya rəsmi qaydada təqdim olunması, borclunun milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamın verilməsi, borclunun əmlaklarının olub-olmaması, olduğu halda öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi borclunun əmlakının siyahıya alınması, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb etməsi barədə sübutlar əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, aşağıda göstərilən maddi və prosessual hüquq normalarını tələblərini pozmuşdur. Əvvəla, ona görə ki, Maraqlı şəxs (vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun dövlət büdcəsinə 18255,62 manat məbləğində (o cümlədən, vergilər üzrə 7460,68 manat, faizlər üşzrə 865,44 manat, maliyyə sanksiyası üzrə 9929,50 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcunun yaranması ilə bağlı, ərizəçi tərəfindən məhkəməyə sübut təqdim olunmuş, lakin işə baxan birinci instansiya məhkəməsi həmin sübutun mötəbərliyinə hüquqi qiymət verməmişdir. Həmin sənəd maraqlı şəxs tərəfindən də mübahisələndirilməmişdir. İkincisi, birinci insatansiya məhkəməsi ərizəni rədd edərkən vergi orqanı tərəfindən maraqlı şəxsə borcun könüllü ödənilməməsini qeyd etsə də, iş materiallarında olan “xxxx” MMC-nin rəhbəri Maraqlı şəxs Mingəçevir şəhəri, C.Əliyev küçəsi, ev 3-A №-li evin 24 №li mənzilinə göndərilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, həmin xəbərdarlıqla borcludan borcun ödənilməsi tələb olunmuşdur. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərdiyi vergi borcunun alınması üçün Vergi Məcəlləsinin 65.1, 65.2, 89.1 və 89.3-cü maddələrinin tələblərindən irəli gələn tədbirlərin görülməməsi və ya görülməsi barədə sübutun hazırki ərizəyə əlavə edilməməsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından imtinaya əsas ola bilməz. Vergi Məcəlləsinin göstərilən maddələrində göstərilən tədbirlər hər biri verginin alınması üçün görülən müstəqil tədbirlərdir və , dən hər biri vergi borcunun vaxtında ödənilməsinin təmin edilməsinə yönəlmişdir və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından əvvəl həmin tədbirlərin mütləq görülməsi qanunla şərtləndirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, vergi ödəyicisi Maraqlı şəxs vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış vergi borcunun ödənilməsini təmin etməmiş, nəticədə, ərizəçinin vergi borcunun təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X3 apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2449/2019 nömrəli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalı, Azərbaycan Respublikasının dövlət büdcəsinə olan 18255,62 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (xx xxxxxxx 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş və hazırda ünvan 2 mənzil 24 ünvanında yaşayan, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Azərbaycan Respublikasının Vergilər Nazirliyi 13 saylı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2449/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə ərizə təmin edilsin. Azərbaycan Respublikasının dövlət büdcəsinə olan 18255,62 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (xx xxxxxxx 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş və hazırda ünvan 3 mənzil 24 ünvanda yaşayan, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən sonra dərhal qüvvəyə minir. Qətnamə qəbul edildikdən sonra dərhal icraya yönəldilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar