Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-622/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(051)-1645/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Südabə Məmmədova, Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(051)-1645/2020 saylı qətnaməsi ilə (hakim M. Kərimova) İddiaçı cavabdehlər Südabə Məmmədova, Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan Mingəçevir şəhəri, M.Hüseyn küçəsi, 7 №li evin, 20 №li mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, 1976-cı ildə X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 4 nəfər uşaqları olmuşdur. Birgə nikahda olduqları zaman Mingəçevir şəhəri, M.Hüseyn küçəsi, 7 №li evin, 20 №li mənzili onların ailəsinin istifadəsinə verilmişdir. 1991-ci ildə onunla Ramis Məmmədov arasındakı nikah pozulmuş, onlar ayrılmışlar. Bundan sonra bir mənzildə yaşamaqları mümkün olmadığına görə mənzilə istifadə qaydalarının müəyyən edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Mingəçevir şəhər məhkəməsinin 10.07.1991-ci il tarixli qətnaməsi ilə həmin mənzilin 12.4 kv.m. sahəsi olan 1 otağı Ramis Məmmədovun 3 otağı isə onun və uşaqların istifadəsinə verilmişdir. Ramis Məmmədov 1992ci ilin oktyabr ayında Südabə Məmmədova ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan 10 yanvar 1994-cü il təvəllüdlü Günay adlı uşaqları olmuşdur. Ramis Məmmədov arvadı Südabəni, Günayı və Südabənin əvvəlki nikahdan doğulmuş qızı Cavabdeh1 özünün istifadəsinə verilmiş mənzilə qeydiyyata aldırmışdır. 1995-ci ilin dekabr ayında Ramislə Südabənin aralarında olan nikah pozulmuşdur. Bundan sonra Ramis məhkəməyə müraciət edərək X1 şəhəri, M.Hüseyn küçəsi, 7 №li evin, 20 №li mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11.07.2005-ci il tarixli qətnaməsi ilə X1 şəhəri, M.Hüseyn küçəsi, 7 №li evin, 20 №li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qərara alınmışdır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə qeydiyyatda qalmışlar. Ramis Məmmədov 12.09.2019-cu ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mənzildə qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar. 2019-cu ilin dekabr ayında mənzili özəlləşdirmiş, hazırda ünvan 1 mənzili onun mülkiyyətindədir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olmaları onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır, eyni zamanda əlavə kommunal xərclər ödəyir. O hesab edir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri olmalıdır. Cavabdehlərin başqa yerdə yaşamaqları, lakin ona məxsus evdə qeydiyyatda qalmaları dövlət və cəmiyyət qarşısında vəzifələrin icrasına ciddi maneələr yaradır.Belə ki, mülki iş üzrə tərəflərin münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi alyı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin məcəllənin 61-ci maddəsinə əsasən icarədarın müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. Həmin məcəllənin 62-ci maddəsinə əsasən, icarədarın müvəqqəti başqa yerə getməsi, onu yaşayış sahəsinin icarə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Cavabdehlər ümumiyyətlə heç bir zaman həmin ünvanda yaşamamışlar. Onların həmin mənzilə hər hansı hüquqları yoxdur. Bundan əlavə Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Bu səbəblə də iddiaçı cavabdehlərin evdə qanunsuz və formal qeydiyyatlarının onun hüquqlarını pozduğunu bildirmişdir. Əlavə olaraq, cavabdehlər 2005-ci ildən pasport qeydiyyatından çıxarılsalar da, sonradan MİS işçilərinin qanunsuz arayış vermələri nəticəsində yenidən qeydiyyata düşmüşlər. Onlar formal qeydiyyatdadılar və istifadə hüququnu itirmiş hesab edilməlidirlər. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(051)-1645/2020 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(051)- 1645/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(051)-1645/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Ramis Məmmədov ilə birgə nikahda olduqları zaman Mingəçevir şəhəri, M.Hüseyn küçəsi, 7 №li evin, 20 №li mənzili onların istifadəsinə verilmişdir. Sonra onların arasındakı nikah pozulmuş, ayrılmışlar. Onların bir mənzildə yaşamaqları mümkün olmadığına görə sözügedən mənzilin 3 otağı iddiaçının, 1 otağı isə Ramis Məmmədovun istifadəsinə verilmişdir. İddiaçı istifadəsinə verilmiş mənzili özəlləşdirmiş, həmin mənzilə ünvan 1 ünvan verilmiş, hazırda həmin mənzil iddiaçının mülkiyyətindədir. Yaşayış sahəsi 12.4 kv.m. olan 1 otaqlı mənzil isə 20 “A” ünvan kimi X2 adına qeyd edilmişdir. Mənzil hazırda dövlət fondu mənzilidir və Mingəçevir şəhər İcra Hakimiyyətinə məxsusdur. Ramis Məmmədovun uşaqları, hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh2 və Cavabdeh1 isə iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri, M.Hüseyn küçəsi, 7 №li evin, 20 №li mənzilində deyil, M.Hüseyn küçəsi 7 №li evin 20 “A” №li mənzilində, dövlət fondu mənzilində qeydiyyatdadırlar. Həmin mənzilin də iddiaçıya aidiyyəti olmadığına görə onun mənzilə hər hansı hüququ da yoxdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Cavabdehlər iddiaçının mülkiyyətində olan ünvan 1 mənzilinə istifadə hüquqları olması müəyyən edilmədiyinə, həmin mənzildə qeydiyyatda olmadıqlarına görə iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən heç bir maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübaisəli mənzillə bağlı hər hansı araşdırma aparmamış, Mingəçevir şəhəri, M.Hüseyn küçəsi, 7 №li evin, 20 saylı mənzili və ünvan 2 saylı mənzilinin bütöv bir mənzil, yoxsa ayrı-ayrı mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını aydınlaşdırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Mingəçevir şəhəri M.Hüseyn küçəsi 7 №li evin 20A №li mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Lakin, ünvan 1 mənzilin üzərində İddiaçı tam mülkiyyət hüququ 10.12.2019 il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2005-ci tarixli, 2-364- 2005 saylı qətnaməsinə ilə X3 ünvan 1 mənzildə yaşama hüququnun itirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş aktlardan aydın olur ki, X6, Cavabdeh2 Ramiz qızı və Mehdiyeva X4 şəhəri M.Hüseyn küçəsi 7 №li 20A ünvanında heç vaxt yaşamamışdır və akt verilən tarixdə də yaşamamışdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 1976-cı ildə X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 4 nəfər uşaqları olmuşdur. Birgə nikahda olduqları zaman ünvan 1 mənzili onların ailəsinin istifadəsinə verilmişdir. Bundan sonra iddiaçının Ramis Məmmədovla birlikdə yaşaması mümkün olmadığından onunla ayrılmışlar. Daha sonra Ramis Məmmədov 1992-ci ilin oktyabr ayında Südabə Məmmədova ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan 10 yanvar 1994-cü il təvəllüdlü Günay adlı uşaqları olmuşdur. Ramis Məmmədov arvadı Südabəni, Günayı və Südabənin əvvəlki nikahdan doğulmuş qızı Cavabdeh1 özünün istifadəsinə verilmiş mənzilə qeydiyyata aldırmışdır. 1995-ci ilin dekabr ayında Ramislə Südabənin aralarında olan nikah pozulmuşdur. Südabə Məmmədova uşaqları ilə birlikdə daimi olaraq gəncə şəhərinə köçmüşdür. Bundan sonra Ramis Məmmədov məhkəməyə müraciət edərək X1 şəhəri M.Hüseyn küçəsi 7 №li evin 20 №li mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11.07.2005-ci il tarixli qətnaməsi ilə X1 şəhəri M.Hüseyn küçəsi 7 №li evin 20 №li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qərara alınmışdır. Südabə Məmmədovanın qeyd edilən mənzildən pasport qeydiyyatından çıxarılmışdır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə qeydiyyatda qalmışlar. Ramis Məmmədov 12.09.2019-cu ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mənzildə qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar. 2019-cu ilin dekabr ayında mənzili özəlləşdirmiş, hazırda ünvan 1 mənzili iddiaçının mülkiyyətindədir. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Qanunvericilik mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 53cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərin mənzildə qeydiyyatda olmalarına baxmayaraq əslində orada heç vaxt yaşamadıqlarını irəli sürmüşdür. İş materialları, tərəflərin izahatları ilə cavabdehlərin mübahisəsi gedən mənzildə yaşamadıqları müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11.07.2005-ci il tarixli qətnaməsi ilə X1 şəhəri M.Hüseyn küçəsi 7 №li evin 20 №li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qərara alınmışdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları da onların həmin ünvana istifadə hüquqlarının yaranmasına zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun illərdir yaşadıqları yeni ünvanlar üzrə qeydiyyata durmalı idilər. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehlərin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehlərin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Eyni zamanda, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə pasport qeydiyyatında olmaqda davam edir və onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşısa da, hər bir halda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə pasport qeydiyyatında olması məsələsinə də hüquqi qiymət verilməli və hazırki qətnamə onların mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(051)- 1645/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməlidir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(051)-1645/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Südabə Məmmədova, Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Hazırkı qətnamə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 ünvan 1 mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-622/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-622/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver