Məhkəmə qərarları › İş №2(107)-628/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-628/2024

14.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-628/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X8 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Zərdab rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1974- cü il tarixli, 08 nömrəli qərarına əsasən, Zərdab şəhəri Azərbaycan küçəsində istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 9 nömrəli 3 otaqlı mənzil tərəflərin atası X7 verilmişdir. Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən Texniki İnventarlaşdırma Bürosuna təqdim edilməsi üçün X6 adına Zərdab şəhəri, Azərbaycan küçəsi 55 nömrəli evin 9 nömrəli mənzili ilə bağlı xx.xx.1996-cı il tarixli, 744 nömrəli arayışın kötüyü tərtib edilmiş, həmin sənəddə mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X9, İddiaçı, Nümayəndə1, X13, X19, X14, Cavabdeh, X3, X15 göstərilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,77 kv.m, yaşayış sahəsi 39,76 kv.m olan, üç otaqlı mənzil xx.xx.1996-cı il tarixdə şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Bu barədə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən (reyestr kitabı № 322, inventar işi 226 olan) qeydiyyat vəsiqəsi verilmişdir. Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 233 saylı, xx.xx.2021-ci il tarixli arayışa əsasən, sözügedən ünvan 1999-cu ilə kimi ünvan 2ab şəhəri Azərbaycan küçəsi bina 2, mənzil 9, 2009-cu ildən hal-hazıra kimi Zərdab şəhəri Azərbaycan küçəsi bina 93, mənzil 9 adlandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzildən(bundan sonra- mübahisəli mənzil) istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil əvvəllər onun atasına məxsus olmuşdur. 1978-ci ildən o, həmin mənzildə qeydiyyatdadır. Həmin ildə ailə həyatı qurduğu üçün atası evi ona bağışlamış və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Həyat yoldaşı və uşaqları həmin mənzildə qeydiyyatdadır. O, 1991-ci ildə ildə ailəsi ilə birlikdə yoldaşının valideynlərinə məxsus mənzilə köçərək orada yaşamağa başlamışlar. Həmin ildə o, qardaşı olan cavabdehə gələcəkdə özünə ev alanadək mübahisəli mənzildə yaşamağa icazə vermişdir. Sonradan qardaşı özünə həyətyanı ev almış və həmin mənzilə köçmüşdür. Son zamanlar həyat yoldaşının qohumları ilə münasibətləri pozulduğundan qaynatasına məxsus yaşadığı evdən çıxmaq məcburiyyətində qalmışdır. Həmin mənzildən çıxıb mübahisəli mənzilə köçmək istəyərkən ona məlum olmuşdur ki, cavabdeh mənzilin mülkiyyət hüququna dair sənədlər əldə etmiş və mənzili ona təhvil verməkdən imtina edir. Bir sözlə cavabdeh mübahisəli mənzilə köçüb orda yaşamağına mane olur. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(035)- 724/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı 1988-ci ildən sözügedən mənzili tərk edərək daimi yaşamaq üçün başqa yaşayış yerinə - ünvan 4 ünvana getdiyi və hal-hazırda da orada yaşadığı üçün əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Mübahisəli mənzil artıq 1996-cı ildən cavabdehin xüsusi mülkiyyəti olduğundan onun mülkiyyətçi olaraq iradəsinə zidd iddiaçının həmin mənzilə köçürülməsi və istifadə hüququnun tanınması tələbi onun qanunla qorunan hüquq və azadlıqlarına aid deyildir. Ona görə də həmin hüquqa məhkəmə qaydasında təminat verilməməlidir. Əksinə iddianın təmin edilməməsi ilə cavabdehin mülkiyyət hüququ gözlənilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə və xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, məhkəmənin qətnamə çıxararkən istinad etdiyi Zərdab rayonu Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsi qanunsuz yollarla əldə edilmişdir. Həmin sənədin saxtalığı məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, şahidlərin dindirilməsini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-21/2023 nömrəli iş üzrə xx.xx.2023-cü tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və V.Məlikov) аpellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə Cavabdeh adına verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-309/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(102)-312/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, yuxarıda göstərilən məhkəmə qərarları hazırki iş üçün preyudisiallıq kəsb etməsə də, mübahisəli fərdi yaşayış evinin artıq Cavabdeh mülkiyyəti hesab olunmadığını göstərir. Kollegiya həmin qərarda göstərilmiş ünvan 8ümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına və Səki iznibati Məhkəməsinə Zərdab rayonu Sarıqaya kənd sakini X25 oglu, X24 oglu və X22 oglu tərəfindən verilmiş izahatlara işin digər halları ilə birlikdə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh İddiaçı həmin mənzildən 1988-ci ildə köçüb getdiyini bildirsə də, bu xüsusat toplanmış sübutlarla təsdiq olunmamışdır. İddiaçı həmin mənzildən qayınanası X1 yaşadığı ünvana yalnız 2004-cü ildə köçdüyü müəyyən edilmişdir. O cümlədən müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzildən köçdükdən sonra da, onun və ailə üzvlərinin həmin mənzillə əlaqəsi kəsilməmiş, arvadı Nümayəndə1 mübahisəli - Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzildə yaşamışdır. Kollegiya hesab etmişdir ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbləri baxımından iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Sonuncunun mənzildən istifadə hüququnun itirilməsi üçün həmin Məcəllənin 60 və 87-ci maddələrində göstərilən hallar hazırki iş üzrə müəyyən edilmir. Kollegiya bildirmişdir ki, cavabdeh mübahisəli mənzili özəlləşdirərkən özəlləşmə prosesində iştirakları təmin edilməli olan şəxslərin iştirakını təmin etmədən iddiaçının istifadə hüququnu şübhə altına salsa da, özəlləşmə nəticəsində əldə olunmuş qeydiyyat vəsiqəsi ləğv edildiyindən iddiaçının mövcud olmuş istifadə hüququ yenidən mübahisəyə səbəb olmaması üçün həmin hüquq hazırki qətnamə ilə yenidən tanınmalı və mənzilə köçürülmə təmin edilməklə həmin hüquq reallaşdırılmalıdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-288/2024 saylı iş üzrə 06 fevral 2024-cü il tarixli qərarı ilə (İ.Şəfiyev – sədrlik edən və məruzəçi, hakimlər V.Həsənov, Ə.Əhmədov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli mənzil Zərdab rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 08 nömrəli qərarına əsasən tərəflərin atası Murad Fərəcova verilmişdir. Mənzilə dair Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən Texniki İnventarlaşdırma Bürosuna təqdim edilməsi üçün X6 adına mənzilə dair xx.xx.1996-cı il tarixli, 744 nömrəli arayışın kötüyü tərtib edilmiş, həmin sənəddə mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X9, İddiaçı, Nümayəndə1, X13, X19, X14, Cavabdeh, X3, X15 göstərilmişdir. Mənzil xx.xx.1996-cı il tarixdə şəxsi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınmış, bu barədə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən (reyestr kitabı № 322, inventar işi 226 olan) qeydiyyat vəsiqəsi verilmişdir. Lakin İddiaçı iddia ərizəsi ilə inzibati məhkəməyə mütaciət edərək, Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. İddiaçı mübahisəli mənzildə qeydiyyatdadır və həmin mənzildən istifadə hüququ tanınmaqla köçürülməsini tələb edir. Bu mübahisə mənzildən istifadə münasibətlərindən yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub olmaması müəyyən edilməlidir. Qeyd edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Əvvəlkli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından, mənzil verilən zaman iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranıb. Lakin nəzərə alınmalıdır ki, həmin Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdi. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87). Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, baxılan iş üzrə iddiaçının mənzildən istifadə hüquququnun yarandığı müəyyən edildikdən sonra, həmin hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövsud olubolmaması müəyyən edilməlidir. Bu baxımdan mübahisənin həlli üçün əhəmiyyətli olan işin hallarından görünür ki, iddiaçı iddia ərizəsində mübahisəli mənzildən 1991-ci ildə çıxdığını bildirir (mülki iş, səh. 2). Birinci instansiya məhkəməsində iddiaçının etibarnamə üzrə nümayəndəsi – arvadı Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirib ki, “iddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə qayınanasına məxsus olan Zərdab şəhəri, 1 May küçəsində yerləşən evə köçərək ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır” (mülki iş, səh. 47). Həmçinin Zərdab rayon İH Qoşaoba kənd İƏD üzrə nümayəndəsinin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, 378 saylı arayışında qeyd olunub ki, Qoşaoba kənd sakini İddiaçı həqiqətən də uzun illərdir ki, ailəsi ilə birlikdə Qoşaoba kəndi Y.Məmmədəliyev (keçmiş 1 May) küçəsi ev 8 ünvanda yaşayır. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilib-edilməməsini müəyyən etmək üçün bu məlumatlar əhəmiyyətli idi və birinci instansiya məhkəməsi məhz bu sübutlara əsaslanmaqla iddiaçının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququnu itirdiyi qənaətinə gəlmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi, mübahisəli mənzilə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinin Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə ləğv olunmasına istinadən bildirmişdir ki, həmin iş üzrə məhkəmə qərarları hazırki iş üçün preyudisiallıq kəsb etməsə də, mübahisəli fərdi yaşayış evi artıq cavabdehin mülkiyyəti hesab olunmur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki, hətta qeydiyyat vəsiqəsi ləğv edilmiş olsa belə, Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Bundan başqa, Mənzil Məcəlləsinin sonuncu bəndində də “həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin” məhkəmədə iddia vermək hüquqları tanınmışdır. Buna görə də mənzilə dair cavabdehə verilmiş qeydiyyat vəsiqəsi ləğv olunmasına baxmayaraq, işin halları mənzildən istifadə hüququnun əsasları üzrə araşdırılmalı idi. Apellyasiya instansiyası məhkəməsi ünvan 8ümayəndəliyinin xx.xx.2022ci il tarixli arayışına və Səki İnzibati Məhkəməsinə Zərdab rayonu Sarıqaya kənd sakini X25 oglu, X24 oglu və X22 oglu tərəfindən verilmiş izahatlara işin digər halları ilə birlikdə qiymət verərək hesab edib ki, Cavabdeh İddiaçı həmin mənzildən 1988-ci ildə köçüb getdiyini bildirsə də, bu xüsusat toplanmış sübutlarla təsdiq olunmamışdır. İddiaçı həmin mənzildən qayınanası X1 yaşadığı ünvana yalnız 2004-cü ildə köçdüyü müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, iddiaçının 1998-ci ildən (iddia ərizəsində yazıldığına görə 1991-ci ildən) mübahisəli mənzildən çıxıb başqa yaşayış məntəqəsinə köçməsi barədə özlərinin aydın və birmənalı məlumatlarına qiymət verməmiş, nəyə görə həmin məlumatları qəbul etməməsini əsaslandırmamışdır. Çünki əvvəla iddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi sərbəst izahatında evdən çıxdıqları tarixləri özləri bildiriblər. Həmçinin mülki işin 44-cü vərəqində olan Zərdab rayon İH Qoşaoba kənd İƏD üzrə Nümayəndəinin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, 378 saylı arayışında qeyd olunub ki, Qoşaoba kənd sakini İddiaçı həqiqətən də uzun illərdir ki, ailəsi ilə birlikdə Qoşaoba kəndi Y.Məmmədəliyev (keçmiş 1 May) küçəsi ev 8 ünvanda yaşayır. Mülki işin 163-cü vərəqində olan ünvan 8ümayəndəliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Qoşaoba kənd İƏD üzrə nümayəndəliyi 2004-cü ildə yaranmışdır. Sorğu verilən təsərrüfat ünvan 10 ünvanı ünvan 11, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X2 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X4, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X10 icra nümayəndəliyi yaranan gündən - 2004-cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə1 ailə problemləri ilə əlaqədar hazırda ünvan 12 ünvanında yaşayır. Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubunun məzmununa diqqət edildikdə görünür ki, nümayəndəlik 2004-cü ildə yaranmışdır və verilən məlumatlar da həmin tarixdən sonrakı dövrə aiddir. Lakin eyni zamanda arayışda qeyd olunur ki, «Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur». Bu cümlədən belə məna hasil olur ki, nümayəndəlik 2004-cü ildə yaradılanda artıq həmin iki təsərrüfat mövcud olub. Bu halda, məhkəmə iddiaçının 2004-cü ildən əvvəl hansı tarixdə oraya köçməsini müəyyən etməli idi. Bundan başqa, hətta iddiaçının 2004-cü ildən qayınanasının evində yaşamağa başlaması, özlüyündə iddianın təmin olunması üçün əsas deyil. Çünki həmin dövrdə də 1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş Mənzil Məcəlləsi qüvvədə idi və yenə də iddiaçının həmin Məcəllənin 60-cı maddəsinə əsasən mənzildən istifadə hüququnun itirilib itirilmədiyi müəyyən edilməli idi. Apelyasiya instansiyası məhkəməsinin “özəlləşmə nəticəsində əldə olunmuş qeydiyyat vəsiqəsi ləğv edildiyindən iddiaçının mövcud olmuş istifadə hüququ yenidən mübahisəyə səbəb olmaması üçün həmin hüquq hazırki qətnamə ilə yenidən tanınmalı və mənzilə köçürülmə təmin edilməklə həmin hüquq reallaşdırılmalıdır” dəlili də əsassızdır. Çünki şəhadətnamənin ləğvi, iddiaçının mənzildə qeydiyyatda olması və ümumiyyətlə mənzilin özəlləşdirilməsinin əsasları müəyyən edilmədiyinə görə ləğv olunmuşdur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün işin hallarını lazımi həddə araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə baxmış Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi (8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı. “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən aydın olur və tərəflər arasında mübahisə doğurmur ki, dövlət mənzil fonduna aid mübahisəli mənzil Zərdab rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 08 nömrəli qərarına əsasən verilmiş order əsasında, iş üzrə tərəflərin atası X7 verilmişdir. Orderdə icarəçinin ailə üzvləri kimi övladları, o cümlədən hazırki iş üzrə iş üzrə tərəflər Əli və Nəbi və onların ailə üzvlərinin adları qeyd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mülki mübahisənin düzgün həlli, o cümlədən iddiaçının mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilibedilməməsini müəyyən etmək üçün üçün iddiaçının mübahisəli mənzili tərk etməsi vaxtını müəyyən etmək əhəmiyyət kəsb edir. Bununla bağlı iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirir ki, o, mübahisəli mənzildən 1991-ci ildə çıxmışdır (mülki iş, səh. 2). Rayon Məhkəməsində hazırki iş baxılması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “iddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə qayınanasına məxsus olan Zərdab şəhəri, 1 May küçəsində yerləşən evə köçərək ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır” (mülki iş, səh. 47). Zərdab rayon İcra Hakimiyyətinin Qoşaoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, 378 saylı arayışında göstərilir ki, Qoşaoba kənd sakini İddiaçı həqiqətən də uzun illərdir ki, ailəsi ilə birlikdə Qoşaoba kəndi Y.Məmmədəliyev (keçmiş 1 May) küçəsi ev 8 ünvanda yaşayır (mülki iş, səh 44). ünvan 14a Ərazi Dairəsi üzrə nümayəndəliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Qoşaoba kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəliyi 2004-cü ildə yaranmışdır. Sorğu verilən təsərrüfat ünvan 10 ünvanı ünvan 11, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X2 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X4, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X10 icra nümayəndəliyi yaranan gündən - 2004-cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə1 ailə problemləri ilə əlaqədar hazırda ünvan 12 ünvanında yaşayır (mülki iş, səh.163). Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan göründüyü kimi, iddiaçının adına olan təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Bu cümlədən belə məna hasil olur ki, nümayəndəlik 2004-cü ildə yaradılanda artıq həmin iki təsərrüfat mövcud olmuşdur. Bundan başqa, iddiaçının 1988-ci ildən (iddia ərizəsində yazıldığına görə 1991-ci ildən) mübahisəli mənzildən çıxıb başqa yaşayış məntəqəsinə köçməsi özünün və nümayəndəsinin (eyni zamanda arvadı) aydın və birmənalı məlumatları ilə təsdiq olunur. İddiaçının mübahisəli mənzili tərk etdiyi zaman Azərbaycan Respublikasında qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin mənasına görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının 1988-ci (iddia ərizəsində yazıldığına görə 1991ci ildən) ildən mübahisəli mənzildə yaşamaması onun ailə üzvləri (arvadı və övladları) ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, iddiaçı mübahisəli mənzildə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, həmin mənzillə əlaqəsini kəsmişdir. Göstərilənlərə əsasən işin halı kimi müəyyən edilir ki, iddiaçı, mübahisəli yaşayış sahəsində yerləşən yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. Bundan başqa, iddiaçının 2004-cü ildən qayınanasının evində və ya ayrıca təsərrüfat şəklində yaşamağa başlaması, özlüyündə iddianın təmin olunması üçün əsas deyil. Çünki həmin dövrdə də 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Mənzil Məcəlləsi qüvvədə idi və yenə də həmin Məcəllənin 60-cı maddəsinə əsasən iddiaçı mənzildən istifadə hüququnu itirmişdir. İddiaçı, iş üzrə verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi qətnamə çıxararkən istinad etdiyi Zərdab rayonu Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsi qanunsuz yollarla əldə edilmişdir. Həmin sənədin saxtalığı məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili əsassızdır və iddianın təmin, qətnamənin isə ləğv olunması üçün əsas ola bilməz. Belə ki, işdə olan sənədlərə əsasən məlum olur ki, mübahisəli mənzil xx.xx.1996-cı il tarixdə şəxsi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınmış, bu barədə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən (reyestr kitabı № 322, inventar işi 226 olan) xx.xx.1996-cı il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Lakin İddiaçı (iddiaçı) iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, həmin qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə verilmiş qeydiyyat vəsiqəsinin ləğvi, iddiaçının mənzildə qeydiyyatda olmasına və ümumiyyətlə mənzilin özəlləşdirilməsinin əsasları müəyyən edilmədiyinə görə ləğv olunmuşdur. Digər tərəfdən mənzilə dair cavabdehə verilmiş qeydiyyat vəsiqəsi hətta ləğv edilmiş olsa belə, Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Buna görə də mənzilə dair cavabdehə verilmiş qeydiyyat vəsiqəsi ləğv olunmasına baxmayaraq, işin halları mənzildən istifadə hüququnun əsasları üzrə araşdırılmalıdır ki, Məhkəmənin apardığı həmin araşdırma nəticəsində iddiaçının 30 ildən çox müddətdə mübahisəli mənzili tərk etməsi və mənzildə yaşamaması müəyyən edilmişdir. Müəyyən olunmuş bu halı Məhkəmə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinadən iddiaçının yaşayış yerini daimi olaraq dəyişməsi kimi qiymətləndirir və hesab edir ki, iddiaçı, mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək hüququnu itirmışdır. İddiaçının apellyasiya şikayətində ifadə olunmuş son dəlili Rayon Məhkəməsi tərəfindən şahidlərin dindirilməməsi barədədir. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, mülki iddia icraatında məhkəmə sübutlar toplamır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Göstərilənlərlə bağlı Məhkəmə bildirir ki, əgər iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların sübuta yetirilməsi ilə bağlı şahid ifadələrinə istinad edirsə, bu halda o, işə baxan məhkəməyə vəsatət verməlidir. Lakin belə bir vəsatətin verilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçı hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclas protokoluna dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, iddiaçı məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən, apellyasiya şikayətii isə təmin etmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Hazırki iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar