Məhkəmə qərarları › İş №2(107)-63/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-63/2023

13.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-63/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi tələbi, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(046)- 18/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonun Qarabaqqal kəndində 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli JN -598Z nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Göyçay Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə 40-88 nömrəli alqı-satqı müqaviləsi bağlamış və həmin torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsi tərəfindən Gövçay rayonu Qarabaqqal kəndində 0.3104 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Seriya MN ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışa əsasən qeydə alınmışdır. Lakin torpaq sahəsinə gedən gediş-gəliş yolu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(046)18/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən darvaza qoyulmaqla magistral yol tərəfdən bağlanmış, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə suvarma arxının kənarından gedən gediş-gəliş yolunun Cavabdeh hesabına açılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonun Qarabaqqal kəndində 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir, buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yolun açılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edərək, müvafiq rəylər almış, torpaq sahəsinə tərəflərin və DƏDRX-nin Ucar ərazı idarəsinin Yerqulurluşu mühəndisi X1 iştirakı ilə yerli baxış keçirilmişdir. GPS vasitəsi ilə torpaq sahəsinin plan sxeminin koordinatlarına uyğun ölçmə işləri aparılmış, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu magistral yol tərəfdən və həmin torpaq sahəsindən keçən suvarma arxının magistral yol tərəfdən başlanğıcından Cavabdeh tərəfindən darvaza qoyulmaqla bağlanmış, iddiaçıya məxsus torpaq sahəsinə qədər olan məsafə cavabdeh tərəfindən çəpərlənmişdir. İddiaçıya məxsus torpaq sahəsini yarıya bölərək həmin torpaq sahəsindən keçən su arxının kənarından iddiaçı yol kimi istifadə edə bilər. Hazırki vəziyyətdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu olmadığından istifadə edə bilmir. Cavabdeh isə suvarma arxının kənarından yol kimi istifadə edilməsinə iddiaçıya imkan vermir. Hazırki işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş, mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən bağlanmışdır. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılmalı və həmin gediş-gəliş yolundan iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsində torpaq sahəsinə gedən gediş-gəliş yolunun müəyyən edilməsi tələbini qoyur, lakin məhkəmə baxışı zamanı müəyyən edilir ki, torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən bağlanmışdır. Buna görə də məhkəmə iddia tələbindən kənara çıxaraq, həmin yolun Cavabdeh tərəfindən bağlanıldığını əsas götürərək, həmin yolun cavabdehin hesabına açılması barədə qətnamə qəbul edilməsini qanuni hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətinə olan torpaq sahəsinə gedən gediş-gəliş yolunun onun tərəfindən və ya digər qonşu torpaq sahələri tərəfindən tutulub-tutulmaması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssisləri tərəfindən ətraf torpaq sahələrinin sərhədləri ölçüldükdən sonra müəyyən oluna bilərdi. X6 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2021 tarixli rəydən görünür ki, MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə birinci kənd daxili yoldan keçməklə onun həyətinin əks tərəfindən 280 metr hissədən gedib-gəlmək mümkündür. Kəndin pay torpaqlarının bölgü layihəsində ikinci boş sahə birbaşa mərkəzi asfalt yola çıxan boşluq kimi saxlanılmışdır. MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları onun tərəfindən zəb edilməmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4335 saylı rəyindən görünür ki, X6 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisləri tərəfindən verilmiş xx.xx.2021 tarixli 36 saylı mütəxəssis rəyinə əsasən, MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları onun tərəfindən tutulmamışdır. Mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərinə aydın göstərilmədiyi üçün, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Mütəxəssis və ekspert rəyləri iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun onun tərəfindən tutulmaması barədə nəticəyə gəlsələr də, qətnaməyə əsasən iddia təmin edilmiş, guya onun tərəfindən darvaza qoyulmaqla magistral yol tərəfdən bağlanmış, iddiaçının mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə suvarma arxının kənarından gedən gediş-gəliş yolunun onun hesabına açılması qət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin 2(046)18/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Göyçay Rayon Məhkəməsinin 2(046)18/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ona görə də, hazırki iş üzrə kollegiya Göyçay Rayon Məhkəməsinin 2(046)18/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsini tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 2(046)-18/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 26 oktyabr 2019-cu il tarixli 2(046)-1201/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “Tədqiq olunan İddiaçı adına Daşınmaz Əməlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmış Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilmişdirmi?” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2019-cu il tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə suvarılmasına xidmət edən suvarma arxının elektron baza məlumatlarında əks edilmədiyi müəyyən olundu. Lakin sözügedən suvarma arxının naturada mövcud olduğu müəyyən olundu. Göyçay Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(046)-53/2020 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28092 saylı 30 dekabr 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahələrinə suvarılmasına xidmət edən suvarma arxının elektron baza məlumatlarında əks edilmədiyi müəyyən olunmuş, lakin sözügedən suvarma arxının naturada mövcud olduğu müəyyən olunmuşdur” müddəası hazırkı iş üzrə mübahisəyə aiddirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2160 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən sözügedən suvarma arxının naturada mövcud olduğu müəyyən olunmuş müddəası hazırki iş üzrə mübahisəyə aid deyildir. Lakin 29 oktyabr 2019-cu il tarixli qərara əsasən ekspertiza qarşısında qoyulmuş suala əsasən aşağıdakılar müəyyən olunmuşdur: mülki iş materiallarında olan yerquruluşu xəritəyə, çıxarışlara əlavə olunmuş Torpaq sahəsi və ölçüsünə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmış Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,3104 ha torpaq sahəsinə gediş-gəliş yolu torpaq sahəsinin kənarı ilə hər iki tərəfdən nəzərdə tutlmuşdur. Lakin İddiaçı mülkiyyətinə olan torpaq sahəsinə gedən gediş-gəliş yolunu Cavabdeh tərəfindən və ya digər qonşu torpaq sahələri tərəfindən tutulubtutulmaması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssisləri tərəfindən ətraf torpaq sahələrinin sərhədləri ölçüldükdən sonra müəyyən oluna bilər. Göyçay Rayon Məhkəməsinin 7 iyun 2021-ci il tarixli 2(046)-33/2021 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu mövcuddurmu? 2. MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilmişdirmi? Həmin qərardadla iddiaçıya məxsus MN ******* saylı çıxarışa əsasən mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilib-edilməməsi barədə mütəxəssis rəyinin verilməsi "X6 və Ekspertiza Mərkəzi" MMC-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4335 saylı rəyində göstərilmişdir ki, X6 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisləri tərəfindən araşdırılmış və bu barədə xx.xx.2021 tarixli 36 saylı mütəxəssis rəyinə əsasən, MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları Cavabdeh tərəfindən tutulmamışdır. Mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərinə aydın göstərilmədiyi üçün, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Bundan sonra, Göyçay Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(046)- 18/2022 saylı qərardadı ilə DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış MH ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinin plan cizgisinə uyğun naturada qeyd edilən konturlar daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün torpaq sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2019-cu il tarixli rəyində Göyçay Rayon Məhkəməsinin 26 oktyabr 2019-cu il tarixli 2(046)-1201/2019 saylı qərardadı ilə ekspert qarşısında qoyulm üç suala heç bir cavab verilməmiş, əvəzində hazırki işlə əlaqəsi olmayan rəy verilmişdir. Belə ki, hazırki işdə suvarma arxı deyil, gediş-gəliş yolu mübahisələndirilir və məhkəmənin qərarında da həmin sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2160 saylı rəyində isə öncəki ekspert rəyində göstərilənlərin hazırki iş üzrə mübahisəyə aid olmadığı göstərilmiş, əlavə olaraq iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları nəzərdə tutulduğu, lakin həmin yolların cavabdeh tərəfindən zəbt edilib-edilmədiyinin müəyyən edilməsi üçün ətraf torpaq sahələrinin sərhədlərinin ölçülməsi zərurətinin olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ətraf torpaq sahələrinin – hazırki iş üzrə mübahisəyə görə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının müəyyən edilməsi və sərhədlərinin ölçülməsinə zərurət olduğu halda, Göyçay Rayon Məhkəməsinin 7 iyun 2021-ci il tarixli 2(046)-33/2021 saylı qərardadı ilə iddiaçıya məxsus MN ******* saylı çıxarışa əsasən mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt ediledilməməsi barədə mütəxəssis rəyinin verilməsi "X6 və Ekspertiza Mərkəzi" MMC-nə həvalə edilmişdir. Halbuki, torpaq sahələrinin elektron baza məlumatları "X6 və Ekspertiza Mərkəzi" MMC-də mövcud ola bilməzdi, həmin məlumatlar yalnız Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində və həmin publik hüquqi şəxsə tabe olan ərazi idarələrində saxlanılır. Həmin səbəbdən də, mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərinə aydın göstərilmədiyi üçün, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Məhkəmə torpaq sahələrinin elektron baza məlumatlarının və sənəd üzrə koordinatları və ölçülərinin əldə edilməsini təmin etmədən torpaq sahəsinə yerli baxış keçirmiş və gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulduğunun aşkar edildiyini qeyd etmişdir. Halbuki 2-ci ekspert rəyi ilə iddiaçının torpaq sahəsinə gedən iki yolun olduğu müəyyən edilmişdir, yerli baxışda isə hansı yolun zəbt olunduğunun müəyyən olunduğu aydın deyil. Eyni zamanda, 3-cü ekspert rəyində gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilmədiyi göstərilmiş, yerli baxışda isə zəbt edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, elektron baza məlumatları və sənəd üzrə koordinatlar və ölçülər əldə edilməməklə birlikdə, yuxarıda göstərilən ekspert rəylərinin nəticələri ilə yerli baxış nəticəsində müəyyən edilən halların arasında olan ziddiyyətlərin səbəbləri də aydınlaşdırılmamışdır. Beləliklə, göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlmişdir ki, keçirilmiş ekspertizaların və yerli baxışın nəticələri hazırki iş üzrə qərar qəbul edilməsi üçün kifayət hesab edilə bilməz. Çünki, iddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolu və ya yollarının cavabdeh tərəfindən zəbt edilib-edilmədiyi dəqiq müəyyən edilməmişdir. Məhkəmə isə ehtimallar əsasında qərar qəbul edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. İşdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilməsi və ya rədd edilməsi səbəblərini göstərməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Göyçay Rayon Məhkəməsinin yerli baxış keçirilməsi barədə olan 2(046)-18/2022 saylı qərardadı iş materiallarında 24 fevral 2022-ci il tarixli görünsə də, Elektron məhkəmə informasiya sistemində həmin məzmunlu qərardad 6 aprel 2022-ci il tarixli qərardad olaraq görünür. Elektron məhkəmə informasiya sistemində 24 fevral 2022-ci il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən heç bir qərardad qəbul edildiyi aşkar edilmir. Həmçinin, mülki işin materiallarında olan həmin qərardadın tərəflərə çatdırılması barədə xəbərnamələrdə də poçt göndərişlərinin həm məhkəmədən çıxması, həm də tərəflərə çatması barədə olan möhürlər aprel ayını göstərir. O cümlədən, mülki işin materialalrından 24 fevral 2022-ci il tarixə məhkəmə iclasının təyin olunması görünür, 6 aprel tarixdə isə hansı əsasla məhkəmə iclasının keçirilməsi məlum deyildir. Əgər sözügedən qərardad 24 fevral 2022-ci il tarixdə qəbul edilmişdirsə, həmin qərardadın nə üçün 6 aprel 2022-ci il tarixdə Elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi, həmçinin iş üzrə tərəflərə aprel ayında göndərilməsi məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266.3-cü maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilməmiş yuxarıda göstərilən halların müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(107)-1234/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan sənədlər rəy verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə göndərilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yeləşən MH ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0.3104 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilsin.

2. İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yeləşən MH ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0.3104 ha torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin naturada ölçüləri müəyyən edilsin.

3. Daşınmaz Əmlakın 02 aprel 2019-cu il tarixli, AN-1№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,1034 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin.

4. Daşınmaz Əmlakın 02 aprel 2019-cu il tarixli, AN-1№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,1034 ha torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin naturada ölçüləri müəyyən edilsin.

5. MH ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu?

6. MH ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş- gəliş yolu nəzərdə tutulmuşdursa, sözügedən gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilmişdirmi?

7. Zəbt edilmişdirsə hansı hissədə? Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 11 yanvar 2023-cü il tarixli məktubda cavabdeh məhkəmə tərəfindən ona məktub göndərilmədiyindən mütəxəssislər tərəfindən keçirilən yerli baxışda iştirak etmədiyi üçün ölçmə işlərinin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Kollegiya tərəfindən iş üzrə tərəflərə mütəxəssis tərəfindən yerli baxış keçirilməsinin 24 fevral 2023-cü il tarixə təyin edilməsi barədə məktub göndərilmişdir. İddiaçı 25 mart və 10 aprel 2023-cü il tarixli ərizələrlə məhkəməyə müraciət edərək ekspertizanın keçirilməsinə və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahələrinin ölçülməsinə etiraz etmişdir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 13 aprel 2023-cü il tarixli məktubda iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığı üçün ölçmə işlərinin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Kollegiya tərəfindən bir daha iş üzrə tərəflərə mütəxəssis tərəfindən yerli baxış keçirilməsinin vaxtı barədə məktub göndərilmiş, baxış keçirilməsi 16 may 2023-cü il tarixə təyin edilmişdir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 16 may 2023-cü il tarixli məktubda iddiaçı ilə telefonla əlaqə saxlanıldığı zaman sonuncunun baxışda iştirak etməkdən imtina etdiyi səbəbindən ölçmə işlərinin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Kollegiya tərəfindən bir daha iş üzrə tərəflərə mütəxəssis tərəfindən yerli baxış keçirilməsinin vaxtı barədə məktub göndərilmiş, baxış keçirilməsi 7 iyun 2023-cü il tarixə təyin edilmişdir. 7 iyun 2023-cü il tarixdə İddiaçı məhkəməyə teleqramla müraciət edərək Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahələrinin ölçülməsinə etiraz etmişdir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 8 iyun 2023-cü il tarixli məktubda iddiaçı ilə telefonla əlaqə saxlanıldığı zaman sonuncunun baxışda iştirak etməkdən imtina etdiyi səbəbindən ölçmə işlərinin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Dəfələrlə baxış təşkil edilməsinə baxmayaraq ekspertiza keçirilməsi mümkün olmadığından iş üzrə icraat təzələnmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, dəfələrlə mütəxəssislərin tədqiqat obyektinə baxışı üçün vaxt təyin edilməklə ona məlumat verilməsinə baxmayaraq iddiaçı hər dəfə baxışda iştirak etməkdən və torpaq sahəsini mütəxəssislərə təqdim etməkdən imtina etmişdir. İddiaçının bu hərəkətləri ekspertizanın keçirilməsini mümkünsüz etmişdir. Belə olan halda, əlavə sübutlar əldə edilməsi iddiaçının hərəkətləri nəticəsində mümkün olmadığından məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Hazırki iş üzrə mövcud olan sübutlar əsasında isə iddiaçının cavabdehə qarşı iddiası, yəni birincinin torpaq sahəsinə gedən yolun sonuncu tərəfindən tutulması sübut olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 2(046)18/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia ərizəsi təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)18/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edildiyindən birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza xərclərinin dəyəri olan 300 manat pul İddiaçı tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)18/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat pul İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar