Məhkəmə qərarları › İş №2(107)-630/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-630/2022

28.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-630/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbinə qarşı onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: əmək mübahisələri, müvafiq dərs saatının verilməsi, hüquq normalarının səhv tətbiq edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-185/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoruna qarşı onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyatinformatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin 15 sentyabr 2015-ci il tarixli əmri ilə məktəbə daimi riyaziyyat və informatika müəllimi işinə qəbul olunmuşdur. Həmin vaxt onunla əmək müqaviləsi bağlanmışdır. Mingəçevir şəhər 1 saylı məktəbin 14 iyun 2017-ci il tarixli, 750/b saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «d» bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)- 3598/2017 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyatinformatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. 14 iyun 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə 10 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 5 saat dərs vermiş və bildirilmişdir ki, işə bərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli «Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında» Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü - 18 saat müəyyən edilmişdir. Baxmayaraq ki, o müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərir, məktəb məhkəmə qətnaməsini nəzərə almayaraq ona müəyyən edilmiş 18 saatdan az olmayaraq dərs yükü ilə təmin etmir. Bundan əlavə əmək haqqını vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablamır. Cavabdeh onun diaqnostik qiymətləndirilməyə göndərilməyini təmin etmədiyindən yeni tarif cədvəlinə uyğun əmək haqqı ala bilmir. Buna görə də, onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia təmin edilməmiş, İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı əmək mübahisələri tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(107)-847/2021 saylı qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) İmamverdi Şükürov, Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(051)-185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-847/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.02.2022-ci il tarixli, 2(102)-548/2022 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-847/2021 saylı işi üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia təmin edilməmiş, İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı əmək mübahisələri tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı işə götürülərkən işəgötürən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar 15 sentyabr 2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, sonradan 14 iyun 2017-ci il tarixli, 750/b №li əmrlə əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir şəhər 1 №li tam orta məktəbin riyaziyyat-informatika müəllimi vəzifəsinə bərpa olunmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd edib ki, qanunvericiliyin tələbindən də göründüyü kimi işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Lakin İddiaçı işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil, məhkəmə vasitəsi ilə qəbul olmuşdur. Belə olan halda, sözügedən Qaydaların tələblərindən kənar işə qəbul olunmasına baxmayaraq iddiaçı diaqnostik qiymətlənmədən keçməlidir. İddiaçı diaqnostik qiymətlənmədən keçməsi üçün müraciət etməli, onun diaqnostik qiymətləndirilmədən keçirilməsindən imtina olunarsa, müvafiq icra hakimiyyəti orqanının qərarından İnzibati Məhkəməyə şikayət verməlidir. Ümumi (şəhər və rayon) məhkəmənin iddiaçının üzərinə sözügedən tələbi qoymaq hüququ yoxdur. İddiaçını diaqnostik qiymətləndirilmədən keçirməsi mütləq olsa da, sözügedən müsabiqənin keçirilməsi hazırki iş üzrə cavabdeh olan Mingəçevir şəhəri 1 saylı orta məktəbin direktorunun deyil, müvafiq icra hakimiyyəti aparmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Lakin İddiaçı işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil, məhkəmə vasitəsi ilə qəbul olmuşdur. Belə olan halda, sözügedən Qaydaların tələblərindən kənar işə qəbul olunmasına baxmayaraq iddiaçı diaqnostik qiymətlənmədən keçməlidir. İddiaçı diaqnostik qiymətlənmədən keçməsi üçün müraciət etməli, onun diaqnostik qiymətləndirilmədən keçirilməsindən imtina olunarsa, müvafiq icra hakimiyyəti orqanının qərarından İnzibati Məhkəməyə şikayət verməlidir. Ümumi (şəhər və rayon) məhkəmənin iddiaçının üzərinə sözügedən tələbi qoymaq hüququ yoxdur. İddiaçını diaqnostik qiymətləndirilmədən keçirməsi mütləq olsa da, sözügedən müsabiqənin keçirilməsi hazırki iş üzrə cavabdeh olan Mingəçevir şəhəri 1 saylı orta məktəbin direktorunun deyil, müvafiq icra hakimiyyəti aparmalıdır. Ona görə də iddia əsassızdır və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamı, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. O, Mingəçevir şəhər 1 saylı orta məktəbin 15 sentyabr 2015-ci il tarixli əmri ilə məktəbə daimi riyaziyyat və informatika müəllimi işinə qəbul olunmuşdur. Mingəçevir şəhər 1 saylı məktəbin 14 iyun 2017-ci il tarixli, 750/b saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «d» bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)- 3598/2017 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyatinformatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. Qətnaməyə əsasən 14 iyun 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə 10 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 5 saat dərs vermiş, əvvəlki əmək şəraitini təmin etməmiş, əmək haqqını düzgün hesablamamışdır. Bununla bağlı Təhsil Nazirinin müvafiq əmri vardır. Dəfələrlə müraciət etməyinə baxmayaraq məktəb onun işdən azad olunana qədər malik olduğu dərs yükü ilə təmin olunmağını təmin etmir. Bu səbəbdən məhkəmə qətnaməsi hazırki müddətə qədər icra olunmamışdır. Bu səbəbdən məhkəmədə Mingəçevir şəhər 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə iddia qaldırmışdır. Həmin vaxt o göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli «Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında» Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü-18 saat müəyyən edilmişdir. İddiaya baxan Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini rədd etmişdir. Halbuki, o, Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli qərarına əsasən işdən çıxarılana qədər yerinə yetirdiyi əmək funksiyasına uyğun həmin əmək şəraitinin təmin olunmasını istəyirdi. Məhkəmənin istinad etdiyi «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Azərbaycan Respublikasi Prezidentinin 16 yanvar 2015-ci il tarixli sərəncamı və 23 avqust 2017-ci il tarixli əlavə məhz Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması ilə bağlıdır. Onun tələbi əmək haqqının diaqnostik qiymətləndirmə aparılan müəllimlərin əmək haqqına uyğunlaşdırılması deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 1 stavka dərs yükü ilə təmin edilməyi ilə bağlıdır. Halbuki, o, işdən 14 iyun 2017-ci ildə azad olunarkən 18 saat dərs yükü olmuş və buna müvafiq olaraq əmək haqqı almışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz, işəgötürən 1 saylı orta məktəbin direktroru belə razılaşmaları olmadığı halda, birtərəfli qaydada onun əmək şəraitinin şərtlərini dəyişərək dərs yükünü 5 saat etmişdir. Qüvvəyə minmiş məhkəmə qətnaməsinə, həm də Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 saylı qərarına əsasən tələb edir və iddiasını əsaslı hesab edir. Qeyd edilənləri nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ünvan 1 ünvanlanmış məktubdan görünür ki, o, məhkəmə bildirişini almışdır və üzürlü səbəbdən kollegiyanın iclasında iştirak edə bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 9, d) bəndi. Əmək müqaviləsi üzrə işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ var. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il 994 №-li Sərəncamı Bənd 1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın. Bənd 1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2017-ci il 3191 №-li Sərəncamı Bənd 1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin: “1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar.”. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 24 noyabr tarixli 215 nömrəli qərarı Bənd 1. Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normaları aşağıdakı kimi müəyyən edilsin: bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır). Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli 270 nömrəli Qərarı

1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilsin. [1] 4-1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları: 2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına və "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması haqqında" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.10.2016-cı il tarixli 723-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 15 sentyabr 2015-ci il tarixdə Mingəçevir şəhər 1 saylı orta məktəbin daimi riyaziyyat və informatika müəllimi vəzifəsinə qəbul olunmuş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «d» bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmiş, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə təmin edilmişdir. İşə bərpa olunduqdan sonra iddiaçı 5 saat dərs yükü ilə təmin edilmiş, nəticədə əmək haqqı az hesablanmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, o, işdən 14 iyun 2017-ci ildə azad olunarkən 18 saat dərs yükü olmuş və buna müvafiq olaraq əmək haqqı almışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz, işəgötürən 1 saylı orta məktəbin direktroru belə razılaşmaları olmadığı halda, birtərəfli qaydada onun əmək şəraitinin şərtlərini dəyişərək dərs yükünü 5 saat etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı Sərəncamı, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli Qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”ın 4.1-ci bəndinə istinad edərək göstərmişdir ki, iddiaçı diaqnostik qiymətləndirilmə aparılandan sonra sözügedən dərs yükü ilə təmin edilən bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi hüquqi aktların məzmunundan görünür ki, həmin hüquqi aktlar müvafiq saatda dərs yükünün diaqnostik qiymətləndirilmə aparılandan sonra verilməsi məsələlərini deyil, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması məsələlərini nizama salır. Nəzərə alınsa ki, iddiaçı dərs yükünün və əmək haqqının diaqnostik qiymətləndirmə keçən şəxs kimi artırılmasını deyil, onun əvvəl malik olduğu 18 saat dərs yükü ilə təmin edilməsini xahiş edir, belə olan halda, birinci instansiya məhkəməsinin qeyd edilən normativ-hüquqi aktlara əsasən iddianı rədd etməsi düzgün olmamışdır. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarının 1-ci bənində görə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), müəyyən edilib. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil, məhkəmə vasitəsi ilə qəbul olunmasını qeyd etməklə, işdəki sübutları da düzgün qiymətməndirməmiş, iddiaçının işə məhkəmə vasitəsilə daxil yox, bərpa edilməsini nəzərə almamışdır. Ümumiyyətlə, məhkəmə müvafiq dərs yükü ilə təmin edilmənin şərti kimi iddiaçının diaqnostik qiymətlənmədən keçməli olmasını qeyd etməklə, yuxarıda adları çəkilən normaları səhv tətbiq etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hazırda çalışdığı vəzifəsinə məhkəmə qətnaməsi ilə bərpa edilib, işə bərpa olunma barədə qətnamənin icrası isə təkcə işçinin əvvəlki işinə bərpası demək deyil, həm də onun əvvəlki əmək funksiyasının, həmin funksiyanın həcmi və ödənilməsinin bərpası deməkdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-185/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı Cəfərova X1 şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunsun. Əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar