Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-631/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi Nümayəndə, cavabdeh X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı torpaqdan çıxarılma və dəymiş ziyan tələbinə dai mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(039)-917/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayon Nəmərli kəndində yerləşən ümumi birgə mülkiyyətə verilmiş 1.50 hektar torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və torpaq sahənin zəbt etməsi nəticəsində dəymiş ziyana görə 30,000 manat pulun cavabdehdən alınıb verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdehin soyadı Salahov deyil, İbrahimovdur. Bu səbəbdən X6 əsl cavabdeh kimi işə cəlb edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(039)-917/2020 nömrəli (hakim T.Əliyev) qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı Yevlax rayon Nəmərli kəndində yerləşən ümumi birgə mülkiyyətlərinə verilmiş 1.50 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahələrini zəbt etməsi nəticəsində dəymiş ziyana görə 30,000 manat pulun tutulması tələbinə dair iddiaları təmin edilməyərək mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərc 60 (altmış) manat 36 (otuz altı) qəpik iddiaçılar İddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-917/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayəti təmin edilməsini, cavabdeh X2 onlara məxsus torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin zəbt edilməsi nəticəsində onlara dəymiş 30.000 (otuz min) manat məbləğində pulun onlara ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli, 32 nömrəli qərarı ilə Yevlax rayonu Nəmərli kəndində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir (JN-0075 KOD ********) Mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 13 fevral 2020-ci il tarixli çıxarışla da təsdiq edilmişdir. Cavabdeh 2000-ci ildən etibarən mülkiyyətə verilmiş torpaq sahəsini zəbt edib istifadə etməklə onlara maddi ziyan vurmaqdadır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək zəbt etdiyi torpaq sahəsini tərk etməmişdir. Bu barədə aidiyyəti dövlət orqanlarına müraciətlər etsələr də heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb mülkiyyətlərinə verilmiş torpaq sahəsindən çıxarılma və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehin iddiaçılar İddiaçı1 və İddiaçı2 Yevlax rayonu Nəmərli kəndində yerləşən, onların birgə mülkiyyətinə verilmiş 1.50 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində dəymiş ziyana görə 30.000 (otuz min) manat pulun cavabdehdən alınmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. Həmin sözü gedən toraq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli, 32 nömrəli qərarı ilə onların xüsusi mülkiyyətlərinə verilmişdir (JN-0075 kod ********). Onların mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 13 fevral 2020-ci il tarixli çıxarışla da təsdiq edilmişdir. Cavabdeh 2000-ci ildən etibarən həmin torpaq sahəsini zəbt etmişdir və bunun nətəcəsində onlara maddi ziyan vurmuşdur. Onlar cavabdehə dəfələrlə torpaq sahəsini tərk etməyi təklif etməklərinə baxmayaraq, o buna məhəl qoymayaraq torpaq sahəsindən çıxmamış və onlara maddi ziyan vurmaqda davam edir. Onlar bu haqda müvafiq dövlət orqanları və məhkəməyə müraciət etməklərinə baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə işə hərtərəfli , obyektiv araşdırmamış və bunun nəticəsində onların iddiası təmin edilməmişdir. Belə ki, məhkəmədə cavabdeh qismində Firdovsi İbrahimov izahat verərək göstərmişdir ki, onlara məxsus heç bir toraq sahəsini zəbt etməmişdir. Güya Yevlax rayonu Qaramanlı Bələdiyyəsinə məxsus 1 ha toraq sahəsini icarəyə götürmüş və hazırda həmin torpaq sahəsindən istifadə edir. Bu hal həqiqəti əks etdirmir və məhkəmə bu faktı hərtərəfli araşdırmamışdır. Cavabdeh məhz onlara məxsus torpaq sahəsindən qeyri-qanuni uzun illərdir ki, istifadə edir. Həmçinin qətnamədə göstərilir ki, mübahisəli torpaq sahəsinə onların, mütəxəssisin və cavabdehin iştirakı ilə baxış keçirilmiş və cavabdehin onlara məxsus olan, sözü gedən torpaq sahəsindən istifadə etməməsi müəyyən edilmişdir. Bu hal da həqiqəti əks etdirmir. Ona görəki, sözü gedən torpaq sahəsi baxış keçirilərkən, onlar orada yonca əkildiyini və torpaqdan istifadə edilməsinin, becərilməsinin şahidi olmuşlar. Bildirir ki, onlar onlara məxsus toraq sahəsindən istifadə etmirlər. Belə olan halda, məhz sözü gedən torpaq sahəsindən cavabdehin istifadə etməsi məlum olur və onun həmin torpaqdan istifadə etməsi hamıya məlumdur. Hesab edir ki, Yevlax rayonu Qaramanlı bələdiyyə nümayəndəsi, mütəxəssis bu haqda məhkəmədə izahat verməli idi. Göstərilənləri nəzərə alaraq bir daha hesab edir ki, qəbul edilən qətnamə əsassızdır və həqiqəti əks etdirmir. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 2(039)-917/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayəti təmin edilməsini, cavabdeh X2 onlara məxsus torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin zəbt edilməsi nəticəsində onlara dəymiş 30.000 (otuz min) manat məbləğində pulun onlara ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ona məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi bu işi tam araşdırmamışdır. Mübahisəli torpaq sahəsindən xeyli müddətdir ki, cavabdeh istifadə edir. Ona görə də qətnamənin qarşılıqılı iddianın təmin olunmuş hissəsində ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi neçə illərdir ki, onun istifadəsindədir. Həmin ərazinin iddiçılara heç bir aidiyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(039)-917/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-0075 KOD 90107028 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ciı il tarixli 32 nömrəli qərarı ilə 1,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Nəmərli kənd sakini X4 və X9 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********77 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Nəmərli kəndində yerləşən 1.50 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. Çıxarışa Torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. X11 verilməsi haqqında 04 yanvar 2004-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Köyük kənd sakini X3 1.0 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi 15 il müddətinə istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu Nəmərli kəndində yerləşən, iddiaçıların birgə mülkiyyət hüququ qeydiyyata alınmış 1.50 ha torpaq sahəsinin koordinatları, mütəxəssisə təqdim olunan sənədlərə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmişdir. Mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə Yevlax rayonu Qaramanlı bələdiyyəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirildi. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********77 reyestr nömrəli çıxarışla, İddiaçı1 Saleh oğlunun mülkiyyət hüququ qeydiyyata alınmış, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1,50 ha torpaq sahəsindən cavabdeh X1 istifadə etmədiyi müəyyən edildi. Mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçılar iddia tələbini əsaslandırarkən qeyd etmişlər ki, cavabdeh 2000-ci ildən etibarən mülkiyyətə verilmiş torpaq sahəsini zəbt edib istifadə etməklə onlara maddi ziyan vurmaqdadır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək zəbt etdiyi torpaq sahəsini tərk etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Kollegiya şikayətin dəlilləri ilə bağlı mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq hüquq normalarının təhlilini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edildiyi bildirilsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarının 42-ci səhifəsində olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********77 reyestr nömrəli çıxarışla, İddiaçı1 Saleh oğlunun mülkiyyət hüququ qeydiyyata alınmış, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1,50 ha torpaq sahəsindən cavabdeh X1 istifadə etmədiyi müəyyən edildi. Üçüncüsü, Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Bu məqsədlə ekspertiza təyin edilmiş, lakin məhkəmə tərəfindən dəfələrlə səy və cəhd göstərilməsinə baxmayaraq ekspert rəyinin alınması mümkün olmamışdır. Buna da əsas səbəb kimi birinci halda “X5” rəy vermək üçün səlahiyyətinin olmaması (i/m səh. 124-125), ikincisi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin imtinası (i/m 167-168) və bundan sonra MEM-dən işin icrasız geri qaytarılması olmuşdur (i/m səh. 170-171). Dördüncü, apellyasiya instansiya məhkəməsinin icraaatı zamanı "xxxx" MMC-yə müvafiq məbləğdə rüsum ödənilməsi tərəflərin, o cümlədən iddiaçı tərəfin diqqətinə çatdırılsa da, hər iki tərəf maddi imkanlarının olmadığını bildirdilər. İddiaçı tərəf etiraz edərək həmçinin bildirmişdir ki, həmin orqanın nümayəndələrindən bu barədə soruşduqda, “məhkəmə tərəfindən təyin edildiyi üçün heç bir rüsum ödənilmir” deyə cavab vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər surət olmaqla, məhkəmə icraatı zamanı bu nöqsanlar da aradan qaldırılmamışdır. Аzərbаycаn Respublikаsı MPM-nin 89.3-cü mаddəsinə əsаsən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(039)-917/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-631/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-631/2021
21.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver