Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-634/2022 10.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsi üzrə maneənin aradan qaldırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin sədri X2 iştirakı ilə İddiaçı cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(035)-869/2021 nömrəli qətnaməsindən cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları: Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin 20.12.2005-ci il tarixli 15 saylı iclas protokolundan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Kəlbəcər rayon sakini X4 Bıçaqçı bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının inkişafı məqsədi ilə 50 il müddətinə, 7.50 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. X4 bələdiyyə fondundan icarəyə ayrılmış torpaq sahəsinin yerqurluşu Planının təsdiq olunmuş surətindən görünür ki, həmin yerqurluşu X1 20.12.2005-ci il tarixli 15 saylı iclas protokolu əsasında tərtib edilmişdir. X7 tərəfindən Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin sədrinə ünvanlanmış 05.01.2016-cı il tarixli ərizədən görünür ki, o, adına olan 7.50 ha torpaq sahəsinin oğlu İddiaçı adına keçirilməsini xahiş etmişdir. 2016-cı il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bıçaqçı Bələdiyyəsinin 10.01.2016-cı il tarixli 15 saylı iclasının qərarı əsasında bələdiyyə mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin 20.12.2005-ci il tarixli 15 saylı iclas protokolundan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Kəlbəcər rayon sakini İddiaçı Bıçaqçı bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının inkişafı məqsədi ilə 50 il müddətinə, 7.50 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. 20.12.2005-ci il tarixli, 15 saylı icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bıçaqçı Bələdiyyəsinin 20.12.2005-ci il tarixli 15 saylı qərarı əsasında bələdiyyə mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin sədri X5 tərəfindən X7 və İddiaçı ünvanlanmış 22.06.2020-ci il, 26.01.2021-ci il, 19.02.2021-ci il tarixli bildirişlərin təsdiq olunmuş surətlərindən görünür ki, sözügedən torpaq sahəsini qanunsuz, hərrac vasitəsi ilə müqavilə bağlamadan istifadə etmələri, 2-ci Qarabağ müharibəsində iştirak edən Bıçaqçı kəndindən olan onlarla gəncin torpaq sahəsinə ehtiyaclarının olması nəzərlərinə çatdırılaraq sahəni boşaltması barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Zərdab rayonu Bıçaqçı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəsinə verilmiş torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideyinləri əslən Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Zərdab rayonu ərazisində məskunlaşmışlar. Özü isə Zərdab rayonunda anadan olmuşdur. Məcburi köçkün kimi dövlət tərəfindən həmişə onlara himayədarlıq edilmiş və dolanışıqları üçün şərait yaradılmışdır. Elə həmin səbəbdən Bıçaqçı bələdiyyəsinin 15 saylı, 20.12.2005-ci il tarixli iclas protokolundan çıxarışa əsasən onun atası X8 kəndi ərazisindən yaşayış məskənindən təxminən 10 km aralıda, 50 il müddətinə, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.50 ha torpaq sahəsi ayrılmış və həmin tarixdə aralarında icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq onlara təhvil verilmiş, Bıçaqçı bələdiyyəsi və DT və XK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icarəyə ayrılmış torpaq sahəsinin yerqurluşu Planı tərtib edilmişdir. Sonradan atasının səhhətində problemlər yarandığından atası 05.01.2016-cı ildə Zərdab rayonu Bıçaqçı bələdiyyəsinə ərizə ilə müraciət edərək adına olan 7.50 ha torpaq sahəsinin, yəni icarə müqaviləsinin onun adına keçirilməsini xahiş etmişdir. Atasının ərizəsi əsasında sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi qalan müddət üçün, yəni 40 il müddətinə onun adına keçirilmiş və bu barədə Bıçaqçı bələdiyyəsi ilə onun arasında bələdiyyənin 10.01.2016-cı il tarixli qərarı əsasında 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır. Əslində həmin müqavilə ilə artıq mövcud olan icarə hüquqları bir ailə üzvündən ailənin başqa üzvünə adına, yəni atasının adından onun adına keçrilmişdir. Bu yeni icarə müqaviləsi demək deyildir. Atası 2021-ci ilin yazında vəfat etmişdir. Ötən müddət ərzində icarə haqlarını nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir. Əks təqdirdə bələdiyyə tərəfindən onlara qarşı icarə haqlarının ödənilməsi ilə bağlı tələb irəli sürülərdi. Lakin, heç vaxt bələdiyyə tərəfindən onlara qarşı pretenziya irəli sürülməmiş və heç bir etirazsız torpaq sahəsində icarə hüquqlarını həyata keçirmişlər. Bununla belə bələdiyyə qəbz verərsə qalan icarə borclarını da ödəyə bilər. Hazırda sözügedən torpaq sahəsində yonca əkmişdir. Lakin, 2020-ci ilin yay aylarından başlayaraq hazırkı bələdiyyə sədri onlara qarşı tələblər irəli sürməyə başlamış, hazırda da torpaq sahəsindən çıxmasını tələb edir və onun torpaq sahəsindən istifadəsinə manelər yaratmağa başlamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, sənədləşmədə hər hansı bir qüsur vardırsa, bunun məsuliyyətin bələdiyyə daşımalıdır. O, savadsız olduğu üçün bələdiyyənin necə sənədləşdirmə aparmasını bilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, onun icarə hüquqları qorunmalıdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 24 dekabr 2021-ci il tarixli, 2(035)- 869/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadəsinə cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi tərəfindən törədilən maneənin aradan qaldırılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçrülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 il müddətinə iddiaçının hazırda atasının və özünün icarəsinə verilmişdir. Sözügedən torpaq sahəsi hazırda da iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə edir və hazırda orada yonca əkmişdir. Cavabdeh Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin hazırkı sədri X5 iddiaçıdan sözügedən torpaq sahəsindən istifadənin dayandırılması və boşaldılmasını tələb etməklə iddiaçının icarə hüquqlarını həyata keçirilməsinə maneçilik törədir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsasən hesab edir ki, cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı icarə hüququnun həyata keçirilməsinə maneəçilik törətməsi məhkəmə iclasında sübut olunduğu üçün iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 və 399.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.0.2 və 6.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1-ci bəndinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 22-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi hüquq normalarıni düzgün tətbiq etməmişdir. Belə ki İddiaçı maneələrin aradan qaldırılmasına dair Bıçaqçı bələdiyyəsinə qarşı iddiası araşdırılmamış və ona qarşı kim tərəfindən hansı maneələr törədildiyi müəyyən edilməmişdir. İddiaçı İlə Bıçaqçı bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi torpaqdan istifadə hüququna dair şəhadətnamə alınmadığı üçün hüquqi qüvvəsini itirmişdir, ona görə də bəldiyyə ilə özünü icarəçi adlandıran İddiaçı arasında heç bir münaqişə olmamışdır . Sadəcə olaraq İddiaçı 2016- cı ildən sonra ötən beş il ərzində Bıçaqçı bələdiyyəsi ilə heç bir əlaqə saxlamamış və bir manat da olsa icarə haqqı ödəməmişdir. 10 hektar torpaq sahəsini özbaşına zəbt edib qanunsuz istifadə etdiyinə görə bələdiyyə tərəfindən onlara 3 dəfə rəsmi xəbərdarlıq məktubu göndərilmişdir barəsində şikayət verilən həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Regional İdarələrində qeydiyyatdan keçmədiyi, yer quruluşu planı hazırlanmadığı üçün, hərraca çıxarılmadığı üçün və Notarial qaydada icarə müqaviləsi təsdiq edilmədiyi üçün həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə Bıçaqçı bələdiyyəsində heç bir qərar qəbul edilməmiş və Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə belə bir qərar göndərilməmişdir. Göründüyü kimi həmin torpaq sahəsi heç vaxt hüquqi olaraq iddiaçının istifadəsində olmamışdır. Barəsində şikayət verilən məhkəmə aktı qəbul edilərkən istinad edilən qanun normasının tələbləri kobud şəkildə pozulmuşdur. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı guya onun hüquqlarının cavabdeh tərəfindən pozulduğunu iddia etmişdir. Lakin pozuntunun konkret nədən ibarət olması, özünü nədə göstərməsi iddia ərizəsində göstərilməmişdir. Qətnamənin yekun (nəticəvi) hissəsində də hansı manənin aradan qaldırılmalı olduğu göstərilməmişdir. Qeyd edilənlərə əsasən barəsində şikayət verilən məhkəmə aktının ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin sədri X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə keçmiş bələdiyyə sədri arasında bağlanmış icarə müqaviləsi qanunvericiliyin tələbinə uyğun deyildir. Bundan əlavə iddiaçıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq sonuncu icarə haqqını ödəməkdən boyun qaçırır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 40 il müddətinə onun icarəsinə verilmişdir. O icarə haqqının ödənilməsi ilə bağlı dəfələrlə bələdiyyə sədrinə müraciət etsə də, pulun ödənilməsi ilə bağlı ona kod verilmir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xaricihüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. «Torpaq İcarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnamənin tam mübahisələndirərək, qətnamənin tam ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşdən görünür ki, iddiaçı hazırki tələbində mübahisəli ünvanda yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən olunan maneənin aradan qaldırılmasını və özünün sahiblik və istifadə hüququnun maneəsiz həyata keçirilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 il müddətinə iddiaçının hazırda atasının və özünün icarəsinə verilmişdir. Sözügedən torpaq sahəsi hazırda da iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə edir və hazırda orada yonca əkmişdir. Cavabdeh Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin hazırkı sədri X5 iddiaçıdan sözügedən torpaq sahəsindən istifadənin dayandırılması və boşaldılmasını tələb etməklə iddiaçının icarə hüquqlarını həyata keçirilməsinə maneçilik törədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi 40 il müddətə icarə müqaviləsi əsasında onun istifadəsində olmaqla müqavilə qüvvədədəir, ləğv olunmamışdır. Bütün bunlar iddiaçının izahatı və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə istifadə və sahiblik hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(035)-869/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Zərdab rayon Bıçaqçı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(035)-869/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-634/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-634/2022
10.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver