Məhkəmə qərarları › İş №2(107)-635/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-635/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-635/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: ləğv, aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(075)-212/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 150.000 (bir yüz əlli min) manat məbləğində əsas borc məbləğinin, 440 manat məbləğində dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(075)-212/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150000 (bir yüz əlli min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 440 (dörd yüz qırx) manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hisssədə təmin edilməməsi qət edilmişdir. Qətnаmədən nаrаzı Cavabdeh2 аpellyаsiyа şikаyəti vermiş, Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(075)-212/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(075)-212/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən o, cavabdehə 150000 (bir yüz əlli min) manat borc vermiş və cavabdeh həmin borcu bu günədək qaytarmamışdır. Cavabdeh2 isə bildirir ki, İddiaçı və o hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, hər ikisi vergi qeydiyyatında olmaqla, hər birinin müvafiq VÖEN-i vardır. Yəni, İddiaçı ondan tələb etdiyi məbləğ aralarında yaranmış sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Hər bir şəxsə məlumdur ki, hər hansı bir qohumluğu, dostluğu və yaxınlığı olmayan bir şəxsin digərinə qeyd edilən müqavilədə nəzərdə tutulmuş məbləği borc olaraq verməsi, qarşılığında hər hansı bir məqsəd gözləməməsi ağlabatan deyildir. Əgər, qeyd edilən məbləğ ona verilmişdirsə, onda bu məbləğin verilmə məqsədi olmalıdır. Əlbəttə ki, İddiaçı ilə aralarında sahibkarlıq fəaaliyyəti ilə bağlı müəyyən işlər görülmüşdür. Belə olduğu halda aralarında yaranmış mübahisəyə rayon məhkəməsi deyil, müvafiq kommersiya məhkəməsi baxmalı idi. Çünki, aralarında mebel əşyalarının alınıb satılması ilə bağlı əməkdaşlıq olmuş, mübahisəli müqavilələr də məhz mebel əşyalarının alış-satışı ilə bağlanılması nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. (İddiaçı VÖEN **********, Cavabdeh1 VÖEN **********, Cavabdeh2 VÖEN **********). Hər üç şəxsin VÖEN-i fəaliyyətini müvəqqəti dayandırmış statusunda göstərilir. Cavabdeh2 həmçinin məhkəmə kollegiyasına Həsənoğlu Mebel qeyri-yaşayış obyekti ilə bağlı fotoşəkillər, iddiaçı ilə aralarında tərtib edildiyini iddia etdiyi qeydiyyat kağızlarının surətlərini təqdim etmişdir. Məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə tərəflərin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlər müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 fəaliyyət obyektləri “Səma- Market” və “Mebel Elektronika”, Cavabdeh2 isə fəaliyyət obyektləri “AİK-Toshiba” və “Həsənoğlu Mebel salonu” olmuşdur. Cavabdehin təqdim etdiyi sənədlər arasında İddiaçı və Cavabdeh2 tərəfindən imzalanmış qəbz yer alır. Həmin qəbzdə göstərilir ki, Cavabdeh2 18 dekabr 2017-ci ildə İddiaçı aldığı 150.000 manat dəyərində mebellərə (sadalanır) görə ayda 3000 manat ödəməyi öhdəsinə götürür. O cümlədən, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018 tarixlərdə Cavabdeh2 tərəfindən İddiaçı 3000 manat ödənildiyi barədə İddiaçı imzası ilə təsdiq edilmiş qəbzlər məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi kollegiyanın iclasında həmin əlyazmaların həqiqətən mövcud olduğunu təsdiq etmişdir. Cavabdeh kollegiyaya həmçinin iddiaçı ilə aralarında olan digər müqavilələrin surətlərini göndərmişdir. Həmin sənədlərdən bəlli olur ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli 3M-1311 nömrəli 150.000 manat borcla bağlı hazırda mübahisələndirilən kredit müqaviləsindən başqa, xx.xx.2017-ci il tarixli 3M-1310 nömrəli 100.000 manat, 5 fevral 2018-ci il tarixli 3M-121 nömrəli 60.000 dollar, 24 aprel 2018-ci il tarixli 3M-348 nömrəli 40.000 dollar və 10 iyul 2018-ci il tarixli 3M-748 nömrəli 20.000 dollar borcla bağlı kredit müqavilələri mövcuddur. İş materiallarında olan fləş karta məhkəmə kollegiyasının iclasında baxış keçirilərkən həmin fləş kartda yer alan video yazısı müşahidə edilərək müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı ayrı-ayrılıqda 100.000 manat, 60.000 dollar, 40.000 dollar və 40.000 dollar olmaqla nağd pul və 150.000 manat dəyərində mebel borcludur. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddaçının cavabdehə daha əvvəl verdiyi borclar qaytarılmadığı halda yenidən 60.000, 40.000 dollar pulların nəyə görə verildiyi sualına cavab olaraq bildirmişdir ki, cavabdeh iş quracağını, mebel salonu inşa edəcəyini, oradan qazanc götürməklə iddiaçıya da gəlir gətirəcəyini bildirməklə, daha öncədən ailəvi münasibətlərinin olması da nəzərə alınmaqla, iddiaçını inandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7.Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-12-ci bəndlərində göstərilir ki, 2019cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin, həm də hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətin müəyyən edilməsində bu meyarların hər birinin qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 6 nömrəli Qərarının 2.2-ci bəndində göstərilir ki, qərara aşağıdakı məzmunda 28-ci bənd əlavə edilsin: “28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.” Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Ona görə də, hazırki iş üzrə tərəflərin sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırması hazırki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsini istisna etmir. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər üçü fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(075)- 212/2024 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 26, 32, 263-264, 384, 387, 399, 402-403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(075)-212/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar