Məhkəmə qərarları › İş №2(107)-64/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-64/2022

17.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-64/2022 17.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(014)-66/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 12 fevral 2021-ci il tarixli 2(014)- 66/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0,1878 hektar torpaq sahəsinin istifadə etdiyi 137 kv.metr (0,0137 ha) hissəsindən çıxarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 71,20 manat (yetmiş bir manat 20 qəpik) pulun Cavabdeh tutularaq Kapital Bankın 1 saylı Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesaba AZ37NABZ**********000001944, swift:AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən onun xüsusi mülkiyyətində olan qanunsuz zəbt etdiyi 0,07 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 28.08.2009-cu il tarixli 2 saylı qərarı ilə Ağdaş rayonu Türyançay qəsəbəsində ona yaşayış məntəqələrinin torpaqları təyinatlı ümumilikdə 0.1878 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı ona 26 dekabr 2019-cu ildə də DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ********** olan çıxarışı ona verilmişdir. Uzun müddətdir ki, ona məxsus torpaq sahəsinin 0.07 ha. hissəsi cavabdeh tərəfindən istifadə edilmişdir. O isə öz şəxsi mülkiyyətindən məhrum olmuş və öz torpağından heç bir qazanc götürə bilmir. Hazırda cavabdehlər torpaq sahəsinii qanunsuz zəbt etdiyindən heç bir təsərrüfat fəliyyəti ilə məşğul ola bilmir. Ancaq Cavabdeh torpaq sahəsindən qanunsuz olaraq istifadə edərək hər il xeyli miqdarda qazanc götürür. O isə cavabdeh torpaq sahəsini qanunsuz zəbt etdiyindən hər il xeyli miqdarda halal qazancından məhrum olur. Nəticə də isə cavabdehlər qanunsuz qazanc əldə edir, o isə maddi imkansızlıqdan səfalət çəkir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o, iddiasında cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsini təxmini qeyd etmişdir. Rəydə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin ölçüsü dəqiqliklə qeyd olunmuşdur. Dəfələrlə cavabdehi xəbərdar etməsinə baxmayaraq cavabdeh onun mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir. O, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(014)-66/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həmin qərar ilə mən razı deyil. İddiaçı məhkəməyə əsassız tələb irəli sürmüş, mütəxəssis məhkəmənin təyin etdiyi vaxtda baxışa gəlməmiş, onun iştirakı olmadan torpaq sahəsinə gələrək rəy yazmış, məhkəmə isə əsassız olaraq iddiaçının iddiasını təmin etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(014)-66/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(014)-66/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0,1878 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0,1878 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin istifadə etdiyi 137 kv.metr torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0,1878 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5487 saylı, 24 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir LTİ-nin mühəndisi Silyan Abbasovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən - Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin koordinatları Ağdaş rayonu Aşağı Ağcayazı yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında yerləşdirildikdə cavabdehin istifadə etdiyi torpaq sahəsinin 137 kv.metr hissəsi, iddiaçının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********7 reyestr nömrəli çıxarışla mülkiyyətinə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar daxilində yerləşən 0.1878 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərtib etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0,1878 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında etiraf etmişdir ki, həqiqətən də 0,1878 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus 0,1878 hektar torpaq sahəsinin 0.07 ha hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin birinci hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin ikinci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə yekun nəticəyə gəlmək üçün yalnız mütəxəssis rəyi ilə kifayətlənməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh hazırda istifadə etdiyi torpaq sahəsinin İddiaçı mülkiyyətində olan Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0,1878 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə mütəxəssis rəyi alsa da, iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə tikintitexniki ekspertizası təyin etməmiş, əsaslandırılmış ekspert rəyi almamış, yalnız mütəxəssis tərəfindən verilən rəyə istinad etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Ona görə də məhkəmə kolegiyasının 10 iyun 2021-ci il atrixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda qeyd edilən 10/5487 saylı, 24 noyabr 2021-ci il tarixli rəyi məhkəmə kollegiyasına təqdim edilmişdir. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması haqqında hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(014)-66/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli 10/5487 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(014)-66/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************; X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar