Məhkəmə qərarları › İş №2(107)-641/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-641/2025

22.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-641/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15inə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(033)-431/2025 nömrəli qətnaməsindən cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15i tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15in xx.xx.2024-cü il tarixli 18-1-78/3-1- 3564/2024 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15də 20 ildən artıqdır ki, qüsursuz işləmişdir. Heç vaxt işində nöqsanı olmamış, heç vaxt barəsində hər hansı tənbeh tədbiri olmamışdır. Xəstənin qohumu xx.xx.2024-cü il tarixdə işdə olarkən cibinə pul qoymuşdur. Pul qoyanda o, görməmişdir. İki dəqiqə içində direktor Tamara xanım onu çağırmışdır ki, xəstənin adamından pul götürübdür. Bir saat içində ona ərizə yazdırdılar ki, tez ol ərizə yaz, yoxsa maddə ilə çıxardacaqlar. Özü də 2-ci qrup əlildir. Xəstə adamdır. Həyəcandan qorxub nə deyiblər eləmişdir. Təzyiq nəticəsində ərizə yazmışdır. Korona vaxtı bir gün evdə yatmamışdır. O vaxtı Balakəndən də xəstələr gəlirdi. Necə işçi olduğunu işdə hər kəs bilir. Kim istəyər ki, Yeni il bayramı qabağı işdən çıxsın. Heç bir əsas olmadan, heç bir xəbərdarlıq, töhmət olmadan ona təyziqlə ərizə yazdırıb, xx.xx.2024-cü il tarixdə əmr verərək işdən azad etmişlər. Beləliklə, əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun hüquqları pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, keçmiş iş yoldaşları da şahid olmuşdur ki, ərizəni öz istəyi ilə yazmamışdır. Ərizəni yazıb çıxandan sonra onun ağladığını hər kəs görmüşdür. Təzyiqlər nəticəsində hətta təzyiq dərmanı da qəbul etmişdir. Buna isə xəstəxananın vəzifəli şəxsləri, eləcə də iclasda nümayəndə kimi çıxış edən Həsrət müəllim də şahiddir. Onun işdən çıxması üçün heç bir əsas olmamışdır. Yenə Zaqatala şəhərində yaşayır eyni şəraitdə yaşayır. Həyatında heç nə dəyişməmişdir. Odur ki, ərizə yazıb işdən çıxmasına heç bir səbəbi olmadığı da hamıya aydındır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası X15in nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixində işdən azad olunması barədə ərizə ilə yazılı müraciət etmiş, ərizəsində həmin tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Onunla əmək müqaviləsinə tərəfindən Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İddiaçının qeyd etdiklərini doğru hesab etmir. İddiaçı ərizəsində işdən azad edilməsini özü xahiş edib. Dərman qəbul edilməsi ilə bağlı məsələyə gəlincə bəli, dərman qəbul etmişdir. Lakin iddiaçı özü də səhhətində əvvəllər də problemlər olduğunu bildirmişdir. Çünki özünün də ərizəsində qeyd etdiyi kimi səhhətində problem yaranır. Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunması üçün ərizəsində konkret xx.xx.2024-cü il tarixində işdən azad olunmasını xahiş etmişdir. Belə olduğu halda 1 ay xəbərdarlıq müddəti nəzərə alınmır. İddiaçının iddiasında qeyd etdiyi tələblər əsassızdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir.

5. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Dilarəni ağlaya-ağlaya gələn görmüşdür. İşdən azad edildiyini demiş və günortadan sonra olmuş, başqa heçnə demədən getmişdir.

6. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Dilarə ilə iş yoldaşıdır. İşdə o günü bir yerdə olmuşlar və hər ikisi xəstə baxıcısıdır. Bir də görmüşlər ki, ağlayır. Dedi işdən çıxardıblar. Təzyiqi qalxmış və pis olmuşdur.

7. Məhkəmə iclasında şahid kimi dindirilən X8 verdiyi ifadəsində bildirmişdir ki, zorla ona Zaqatala Rayon Xəstəxanasının rəhbərliyi tərəfindən ərizə yazdırılmışdır ki, guya İddiaçı Rəsul qızı xx.xx.2024-cü il tarixdə oğlunun doğulması münasibəti ilə ondan 20 manat şirinlik almışdır. Əslində isə onu yoldaşı öz tərəfindən vermişdir.

8. Zaqatala Rayon Məhkəməsinin (hakim Z.Məmmədova) 12 mart 2025-ci il tarixli, e-2(033)-431/2025 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15in xx.xx.2024-cü il tarixli, 18-1-78/3-1-3564/2024 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı Rəsul qızının “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15in “Ginekologiya və Doğum şöbəsində “sanitar” işinə bərpa edilməsi, İddiaçı Rəsul qızına xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi, İddiaçı Rəsul qızı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Rəsul qızı xx.xx.2001-ci ildə Zaqatala RMX-nın doğum evinə xidmətçi, xx.xx.2015-ci ildə Yenidoğulmuşlar şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı, xx.xx.2022-ci ildə Radiologiya şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə sanitar işinə təyin edilmiş və işdən azad edildiyi tarixədək həmin işdə çalışmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə Zaqatala RMX-nın baş həkimi Tamara Nurəliyevaya müraciət edərək həmin tarixdən işdən azad edilməsini xahiş etmiş, Zaqatala RMX-nın xx.xx.2024-cü il tarixli əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndində əsasən xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 10.Sadalanan hallar iş materiallarında öz əksini tapmışdır. Tərəflər arasında mübahisənin səbəbi və qaldırılan iddianın məzmunu qeyd edilən işdən çıxmaqla bağlı ərizənin iddiaçının öz istəyi ilə deyil, cavabdeh tərəfindən məcburi şəkildə yazdırılmasından və əsassız yerə işdən çıxarılmasından ibarətdir. 11.Məhkəmə qeyd etmişdir ki, işdən çıxmaq barədə ərizənin məcburi surətdə yazdırılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə, ərizənin könüllü surətdə yazılmasını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. 12.Bununla bağlı iddia tələbinin əsaslı olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə iddiaçı və cavabdeh tərəfin təqdim etdiyi sübutlara ayrılıqla hüquqi qiymət verilməsini zəruri hesab etmişdir: 13.İddiaçının təqdim etdiyi sübutlar və əsaslandığı hallar–“Zaqatala RMX-nın “Ginekologiya və Doğum şöbəsinin kiçik tibb bacısı X4 və həmin şöbənin sanitarı kimi işləyən X3 şahid ifadələri. Belə ki, iddiaçı iddia edir ki, xəstə yaxının onun cibinə 20 manat pul qoymasına görə ona qorxudaraq işdən çıxaracaqları ilə hədələmişlər. O da könüllü surətdə deyil, məcburiyyət qarşısında qalaraq ərizəni yazmışdır. Bununla bağlı təqdim etdiyi sübutlar qismində şahid ifadələri çıxış edir. Şahid qismində dindirilmiş iddiaçının keçmiş iş yoldaşları izahatlarında bildirir ki, ərizəni yazdıqdan sonra otaqdan çıxarkən İddiaçı ağlayan vəziyyətdə görmüşlər və ona zorla ərizə yazdırdıqlarını bildirmişdir. Eyni zamanda tərəflər məhkəmə iclaslarında qeyd etmişlər ki, həmin gün ərizə yazdıqları zaman İddiaçı təzyiq dərmanı qəbul etmişdir. Cavabdeh tərəf həmin arqumentlərə qarşılıqlı olaraq bildirir ki, şəxsin təzyiq dərmanı qəbul etməsi heç bir hədə-qorxu səbəbi deyil. Səhhətindəki digər problemlərlə bağlı da dərman qəbulu mümkündür. İddiaçının işdən çıxarılmasına səbəb isə öz razılığı ilə yazdığı ərizədir və ərizədə işdən çıxarılma tarixini dəqiq qeyd etdiyindən 1 aylıq müddət gözlənilmədən əmək müqaviləsinə həmin gün xitam verilmişdir.

14. Cavabdeh tərəfin sübutu: iddiaçının işdən çıxmaqla bağlı yazılı ərizəsi. Cavabdeh iddia tələbinə etirazını belə əsaslandırır ki, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçinin yazılı ərizəsi əsasında onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmin ərizədə dəqiq tarix göstərildiyindən 1 aylıq müddət gözlənilmədən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunidir.

15. İddiaçının ərizəni yazmasına məcbur edildiyi xəstə yaxınının cibinə 20 manat şirinlik kimi pulun qoyulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən bu məsələ ilə bağlı hər hansı qəbul və ya etiraz olmadığından və cavabdehin əsaslandığı hallar mahiyyət etibari ilə əmək vəzifələrinin icrası zamanı rüşvətin alınmasına əsaslanmadığından iş üzrə dindirilmiş X5 ifadəsi iş üzrə dolayı sübut qismində qiymətləndirilməlidir. 16.Məhkəmə şahid ifadələrinin hazırki iş üzrə mötəbər sübut qismində qiymətləndirilməsinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən ərizənin yazılması və əmrin verilməsi şahidlərin ifadələrindən və tərəflərin izahatlarından da aydın olduğu kimi günortadan sonrakı saatlara təsadüf etmişdir. Qeyd edilən şahidlər iddiaçının keçmiş iş yoldaşlarıdır və iş materiallarına əlavə edilmiş 2024-cü ilin “Dekabr” ayı üzrə növbətçilik cədvəlindən görünür ki, həm iddiaçı, həm də şahidlər İrəfiyeva Pərvanə və Kusayeva Nəcibə xx.xx.2024-cü il tarixdə qrafik üzrə işdə olmuşlar. İşdən çıxma əmri isə həmin günün axşam saatlarında 18:11-də sistemə salınmışdır. İddiaçı qrafik üzrə işdə olduğu zaman axşam saatlarında anidən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etməsi və dərhal işdən çıxarılması işdən çıxmaqla bağlı iradə ifadəsinin olmasını şübhə altına salır və məhkəmə tərəfindən ağlabatan hesab olunmur. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər hesab etmişdir. 17.Həmçinin, cavabdehin sübutlarına münasibətdə məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). 18.İşçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Bir ay ərzində işçi işə çıxmalı və gündəlik işlərini görməlidir. Xəbərdar edilmənin vaxtı ərizə veriləndən növbəti gün başlayır. Lakin, əgər işçi və işəgötürən razılığa gəliblərsə, əmək müqaviləsinə daha tez xitam verilə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Bəzi hallarda əmək )pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər: 19.Qanunvericilikdə işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin bu cür tənzimlənməsi sırf əmək hüquq münasibətlərində zəif tərəf kimi çıxış edən işçinin hüquqlarının qorunması məqsədi daşıyır. Yəni, işçinin hüquqlarının əsassız pozulmaması və iradə ifadəsinin düzgün tətbiqi baxımından 1 ay müddət nəzərdə tutulmuşdur ki, həmin müddət ərzində işçinin ərizəsini geri götürərək əmək fəaliyyətinə davam etməsi mümkün olsun. Yalnız xüsusi hallarda həmin gün əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi isə yenə də işçinin normal həyat şəraitinin pozulmaması və ziddiyyət yarandığı təqdirdə təhsil və digər hüquqlarının həyata keçirilməsinə mane olmamaq məqsədi daşıyır. 20.Hazırki vəziyyətdə işçi tərəfindən nəinki əmək müqaviləsinə həmin gün, ümumiyyətlə xitam verilməsi ilə bağlı iradə ifadəsinin olmamasını mübahisələndirilməsi işəgötürən tərəfindən işçinin hüquqlarının kobud surətdə pozulması hallarını təsdiq edir. 21.Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli saymış və hesab etmişdir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. 22.İddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu hissədə də tələbindən haqlı olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 23.Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15in xx.xx.2024-cü il tarixli 18-1- 78/3-1-3564/2024 saylı əmri ləğv edilməli, iddiaçı işə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hisəssinə, 3-cü maddəsinin 4-1-ci hisəsinə, 9-cu maddəsinin “a” bəndinə, 11-ci maddəsinin “a” və “b” bəndi, 68-ci maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 1,2,3 və 4-cü hissələrinə, 300-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 107, 119.1, 217.4 216-220 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən narazı qalan cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X15i apellyasiya şikayəti vermişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixində öz ərizəsi ilə işdən çıxmaq istədiyini bildirib və bu ərizə onun imzası ilə təsdiqlənmişdir. Ərizə könüllü şəkildə tərtib olunmuş, heç bir məcburiyyət, təzyiq və ya zorakılıq olmadan işəgötürənə təqdim olunmuşdur. Ərizənin surəti işəgötürəndə saxlanılır və məhkəməyə də təqdim edilmişdir. Əmək Məcəlləsinin 68.2 maddəsinə "a" əsasən, işçinin əmək müqaviləsinə xitam verilməsi onun yazılı müraciəti ilə qanuni əsasda həyata keçirilə bilər. İddiaçı işdən çıxması bu prosedura tam uyğun şəkildə reallaşdırılmışdır. İddiaçının işdən çıxmağa məcbur edilməsi barədə irəli sürdüyü iddialar yalnız şifahi bəyanatlardan ibarətdir və hər hansı sənəd, tibbi arayış, psixoloji rəy və ya şahid ifadəsi ilə təsdiqlənməmişdir. Əksinə, məhkəmə iclasında ifadə vermiş şahidlərin heç biri iddiaçının ərizəni təzyiq altında yazdığına dair birbaşa şahidlik etməmiş, sadəcə “ərizə yazıb işdən çıxmaq istədiyini dedi” şəklində ifadələr vermişlər. Bu ifadələr isə təzyiq faktını sübut etməyə kifayət etmir. Həmçinin, iddiaçının işə bərpa tələbi sağlamlıq vəziyyəti ilə ziddiyyət təşkil edir. iddiaçının əlillik sənədində onun yalnız oturaq işlərdə çalışa biləcəyi qeyd olunmuşdur. Halbuki “sanitar” vəzifəsi ayaqüstü, fiziki güc tələb edən, hərəkətli və müəyyən mənada təhlükəli işdir. Bu vəzifənin əlillik statuslu şəxsə verilməsi sağlamlıq və təhlükəsizlik baxımından yol verilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 219-cu maddələri işçinin sağlamlıq vəziyyətinə uyğun işlə təmin olunmasını tələb edir. Belə olan halda, məhkəmənin İddiaçı “sanitar” vəzifəsinə bərpa etməsi əmək qanunvericiliyinə və sosial müdafiə prinsipləri ziddir. Bundan başqa iddiaçı tərəfindən işdən çıxmazdan əvvəl yazılmış izahatda, onun xəstə yaxınından 20 manat pul istədiyi öz etirafı ilə qeyd olunmuşdur. Bu davranış tibbi etika və əmək intizamı normalarına ziddir və işəgötürən tərəfindən etimadın sarsılması üçün əsaslı səbəbdir. Məhkəmə bu faktı hüquqi qiymətləndirmədən kənarda qoymuşdur. Etik pozuntu faktı işçi ilə işəgötürən arasında yaranmış etimadın pozulduğunu göstərir və bu səbəbdən işçinin əvvəlki vəzifəsinə bərpa olunması hüquqi və mənəvi baxımdan yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə yalnız iş üzrə təqdim olunmuş və tədqiq edilmiş sübutlara əsasən qətnamə çıxarmalıdır. Lakin Zaqatala Rayon Məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi mühüm sənədlərə (ərizə, izahat, əlillik arayışı və digər tibbi sənədlər) hüquqi qiymət verməmiş, əsaslandırılmamış şəkildə yalnız iddiaçının subyektiv ifadələrini əsas götürmüşdür. Bu isə MPM-in pozuntusudur və qətnamənin ləğvi üçün hüquqi əsas yaradır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən işçinin işdən çıxma ərizəsinin yazılma şəraiti araşdırılmamışdır. Məhkəmə, iddiaçının işdən çıxmaq barədə ərizəsinin hansı şəraitdə yazıldığını araşdırmamış, bu ərizənin saxtalaşdırılması, zor tətbiqi ilə alındığı və ya məcburiyyət qarşısında yazıldığı barədə hər hansı ekspertiza təyin etməmişdir. Halbuki, ərizənin könüllü yazıldığına dair cavabdeh tərəfindən təqdim edilmiş sübutlara (o cümlədən ərizənin surəti və izahatlar) lazımi hüquqi qiymət verilməmişdir. Şahid ifadələrinin qiymətləndirilməsi qərəzli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahidlərin heç biri ərizənin təzyiq altında yazıldığına dair konkret ifadə verməmiş, sadəcə iddiaçının “öz ərizəsi ilə çıxmaq istədiyini” bildirdiyini demişdir. Bu ifadələrə rəğmən, məhkəmə onların məzmununu təhrif edərək, iddiaçının təzyiq altında ərizə yazdığı qənaətinə gəlmişdir. Təzyiq altında ərizə yazılması barədə məhkəmənin nəticəsi sübutsuzdur. Əksinə, iddiaçının ərizəsi onun öz imzası ilə təsdiq edilmiş və könüllü yazıldığı məlumdur. Məhkəmənin bu nəticəsi yalnız iddiaçının subyektiv bəyanatına əsaslanır və sübut olunmayıb.

27. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

28. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(033)-431/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüququi şəzxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(033)-431/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(033)-431/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 7-ci hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyator Zaqatala Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(033)-431/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. 38.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 39.Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Rəsul qızı xx.xx.2001-ci ildə Zaqatala RMX-nın doğum evinə xidmətçi, xx.xx.2015-ci ildə Yenidoğulmuşlar şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı, xx.xx.2022-ci ildə Radiologiya şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə sanitar işinə təyin edilmişdir. İşçi İddiaçı xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə cavabdeh təşkilata müraciət edərək ərizə verilən tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Zaqatala RMX-nın xx.xx.2024-cü il tarixli 18- 1-78/3-1- 3564/2024 saylı əmri ilə İşçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmağa məcbur edildiyini və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

41. Belə ki, apellyasiya şikayətinin İddiaçı xx.xx.2024-cü il tarixində öz ərizəsi ilə işdən çıxmaq istədiyini bildirməsi, ərizənin könüllü şəkildə tərtib olunması, heç bir məcburiyyət, təzyiq və ya zorakılıq olmadan işəgötürənə təqdim olunması, İddiaçı işdən çıxması prosedura tam uyğun şəkildə reallaşdırılmasına dair dair dəlilini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş “Zaqatala RMX-nın “Ginekologiya və Doğum şöbəsinin kiçik tibb bacısı X4 və həmin şöbənin sanitarı kimi işləyən X3 izahatlarından görünür ki, ərizəni yazdıqdan sonra otaqdan çıxarkən İddiaçı ağlayan vəziyyətdə görmüşlər və ona zorla ərizə yazdırdıqlarını bildirmişdir. Məhkəmə araşdırması zamanı şahidlərin izahatlarının əsassız olmasını və onun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. 42.Həmçinin məhkəmə kollegiyası bir faktı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş Şəki 1 saylı Mediasiya təşkilatından verilmiş 15 yanvar 2025ci il tarixli mediasiya arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Güman etsək ki, işçi işdən azad olunması ilə bağlı ərizəni könüllü yazmışdır, təxminən 12 gün sonra (nəzərə alsaq ki, həmin müddətin təxminən 5-6 günü Yeni il bayramına düşmüşdür) işə bərpa olunması üçün müdiasiya təşkilatına müraciət etməsi ağlabatan deyildir.

43. Bundan başqa, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

44. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 45.Əmək Məcəlləsinin qeyd edilən normasından da göründüyü kimi, işçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Bir ay ərzində işçi işə çıxmalı və gündəlik işlərini görməlidir. əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. İşçi yalnız yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi qanunvericinin işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin bu cür tənzimlənməsi işçinin hüquqlarının əsassız pozulmaması və iradə ifadəsinin düzgün tətbiqi baxımından 1 ay müddət nəzərdə tutulmuşdur ki, həmin müddət ərzində işçinin ərizəsini geri götürərək əmək fəaliyyətinə davam etməsi mümkün olsun. Yalnız xüsusi hallarda həmin gün əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi isə yenə də işçinin normal həyat şəraitinin pozulmaması və ziddiyyət yarandığı təqdirdə təhsil və digər hüquqlarının həyata keçirilməsinə mane olmamaq məqsədi daşıyır. Hazırki vəziyyətdə işçi tərəfindən nəinki əmək müqaviləsinə həmin gün, ümumiyyətlə xitam verilməsi ilə bağlı iradə ifadəsinin olmamasını mübahisələndirilməsi işəgötürən tərəfindən işçinin hüquqlarının kobud surətdə pozulması hallarını təsdiq edir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işçinin işə bərpa olunması onun sağlamlıq vəziyyəti ilə ziddiyyət təşkil etməsi, iddiaçının əlillik sənədində onun yalnız oturaq işlərdə çalışa biləcəyi qeyd olunması, “sanitar” vəzifəsi ayaqüstü, fiziki güc tələb edən, hərəkətli və müəyyən mənada təhlükəli iş olması, bu vəzifənin əlillik statuslu şəxsə verilməsi sağlamlıq və təhlükəsizlik baxımından yol verilməz olması, həmçinin iddiaçı tərəfindən işdən çıxmazdan əvvəl yazılmış izahatda, onun xəstə yaxınından 20 manat pul istəyib alması və bu davranış ilə tibbi etika və əmək intizamı normalarına zidd olması və işəgötürən tərəfindən etimadın sarsılması üçün əsaslı səbəb olması dair dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya qeyd edir ki, işçinin işdən azad olunmasının əsası yuxarıda qeyd olunan hallar olmamışdır.

47. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ümumi fikirlərdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

49. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)- 431/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-431/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar