Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-645/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundanndan ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1760/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 “xxxx” MMC-ə məxssus ərazidən çıxarılması və onun Mingəçevir şəhərinin hüdudları daxilində başqa yaşayış sahəsində məskunlaşdırılması vəzifəsinin Mingəçevir şəhər İcra Hakmiyyətinə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyətinin və Maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin adlarının cavabdehlərin siyahısından çıxarılmasını və Cavabdeh1 “xxxx” MMC-ə məxsus ərazidən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1760/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 “xxxx” MMC-ə məxsus ərazidən çıxarılması qət edilmişdir. . Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı “xxxx” MMC tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC təsis edilmiş və onun nizamnaməsi dövlət qeydiyyatından keçmişdir. Hazırda COVİD-19 pandemiyası ilə əlaqədar “xxxx” MMC-nin maliyyə vəziyyəti pisləşmişdir. Ona görə də İdarə Heyyəti MMCni bütün mülkiyyəti ilə birlikdə satışa çıxarmaq niyyətindədir. MMC-ni almaq niyyətini bildirmiş alıcı isə Mingəçevir şəhəri H.Əliyev prospekti 31 ünvanda qeydiyyatda olmasına baxmayaraq onların ərazisində müvəqqəti məskunlaşmışdır. Laçın rayonundan məcburi köçkün Cavabdeh1 həmin ərazidən çıxarılmasını ilkin şərt kimi qoymuşdur. Cavabdeh1 müstəqil qaydada onların ərazisində məskunlaşması MMC-nin hüquqlarını və qanuni mənafelərini kobud surətdə pozur. Ona görə də Cavabdeh1 məskunlaşdığı yerdən çıxması üçün ona xəbərdarlıq edilmişdir. Lakin o bu xəbərdarlıqlara məhəl qoymadan onların MMC-nin ərazisində yaşamaqda davam edir. Onun ərazidən çıxarılması və Mingəçevir şəhərinin hüdudları daxilində digər yaşayış sahəsi ilə təmin edilməsi üçün müvafiq xahişlərlə Cavabdeh2nə və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Cavabdeh2 bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilməsi tövsiyə etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi isə bu məsələyə Mingəçevir şəhəri və ətraf ərazilərdə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni qəsəbələr istifadəyə veriləndən sonra baxılacağını bildirmişdir. İddiaçı olaraq Cavabdeh1 onlara məxsus ərazidən çıxarılması və onun Mingəçevir şəhərinin hüdudları daxilində başqa yaşayış sahəsində məskunlaşmasını istəyirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 20 ildir ki, avtobazanın qarajında məskunlaşmışdır. Oğlu müharibə başlayandan Kəlbəcərdə hərbi xidmətdədir. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı xəstəliyindən rəhmətə getmişdir. Hazırda himayəsində üç uşaq var. Bunlara baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyev xx.xx.2020-ci il tarixdə 2(051)-1760/2020 nömrəli qətnaməni qəbul etmişdir. Qətnamə ilə həmin ərazidən çıxmağını tələb edirlər. Getməyə heç bir yeri yoxdur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə etiraz edərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Doğma yurdu Laçına qayıdana qədər ona möhlət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, 20 ildən çoxdur ailəsi ilə birlikdə həmin əmlakda yaşayır. Düzdür, mübahisəli əmlak iddiaçıya məxsusdur və bu vaxta qədər həmin əmlakda yaşamağa şərait yaratmışdır. Lakin hazırda getməyə yeri yoxdur. Ona görə də iddiaçıdan əlavə vaxt verilməsini xahiş edir. Cavabdeh1 sonda apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əvvəla qeyd olunan əmlak yaşayış sahəsi deyil, yanacaqdoldurma məntəqəsinin operator otağıdır. Cavabdeh məlum hadisələrlə bağlı qaçqın olduğundan müvəqqəti olaraq həmin qeyri-yaşayış sahəsində məskunlaşmasına etiraz etməmişdir. İndi əmlakı satmaq istəyir, lakin cavabdeh orada məskunlaşdığından heç kim əmlakı almaq istəmir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanımasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1760/2020 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər İcra Hakmiyyətinin Başçısının xx xxxxxxxx 2020-ci il tarixli 1366 saylı məktubundan görünür ki, məcburi köçkün qəsəbələri Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansındadır. Qəsəbələrdə məcburi köçkünlərin mənzilə təmin edilməsi Komitənin səlahiyyətləri daxilindədir. İddia ərizəsinə əlavə edilmiş Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin xx xxxxxxxx 2020-ci il tarixli 02/1429 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə inşa edilmiş qəsəbəyə köçürülməsi nəzərdə tutulmuş şəxslərin mənzillə təmin edilməsi prosesi başa çatmışdır və hazırda Mingəçevir şəhər üzrə Komitənin boş mənzil fondu yoxdur. Növbəti mərhələdə Mingəçevir şəhəri və ətraf ərazilərdə məcburi köçkün ailələrinin mənzil-məişət şəratinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələr istifadəyə verilən zaman “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus inzibati binada müvəqqəti məskunlaşmış Laçın rayonundan məcbri köçkün Cavabdeh1 və ailəsinin mənzillə təmin edilməsi məsələsinə də mövcud qanunvericiliyin tələblərinə əsasən baxılacaqdır. Apellyasiya məhkəməsinin icraatı zamanı təqdim edilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsusdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər, eləcə də həmin əmlakın neçə illərdir onun tərəfindən istifadə edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir. Çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisələndirdiyi əmlak tam mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf əmlaka mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1760/2020 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-645/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-645/2021
06.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver