Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-645/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı MMCnin nümayəndəsi Nümayəndə Vladimiroviçin və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Oğuz rayonu Muxas kəndində yerləşən 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3M-26 nömrəli xx.xx.2019 tarixli icarə müqavilə ilə 15 il müddətə İddiaçı MMC-nin icarəsinə verilmişdir. İddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə iddiaçıya **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfindən istifadə edilir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı Oğuz rayonu, Muxas kəndində yerləşən, xx.xx.2019-cu il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2019-cu il tarixli, A 396074 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının icarəsində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, torpaq sahəsindən sahiblik və istifadəyə maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir.
3. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən hərrac vasitəsilə Oğuz rayon Muxas kəndində yerləşən 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə icarəyə götürülmüş, daşınmaz əmlak dövlət reyestrində 63 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmış və icarəçinin adına xx.xx.2019-cu il tarixdə **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, A 396074 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İcarə müqaviləsi bağlanarkən əraziyə baxış keçirilib, torpaq sahəsinin qənaətbəxş vəziyyətdə olduğu müəyyən edilmiş, bundan sonra sənədləşdirmənin aparılması barədə razılığa gəlinmişdir. İddiaçının məhkəməyə müraciətinin səbəbi ondan ibarətdir ki, cavabdeh indiyədək həmin torpaq sahəsini zəbt edib, 2020-ci ildən torpaq sahəsində əkin-biçin aparılmasına imkan vermir. Torpaq sahəsini qəbul edəndə onun kim tərəfindən təmizləndiyi ilə maraqlanmaq iddiaçının vəzifəsi deyildi. Bundan başqa cavabdehə torpağın təmizlənməsi üçün vəsait də verilib. Əslində cavabdeh özü də başa düşür ki, torpaq qanuni şəkildə icarəyə götürülüb və ordan çıxmalıdır.İddia ərizəsində torpaqdan indiyədək istifadəyə görə cavabdeh tərəfindən vurulmuş ziyanı tələb etməyiblər. Bu, cavabdehə jest kimi qəbul edilməlidir. İddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Oğuz rayonu Muxas kəndində yerləşən, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsü sənədinə əsasən 15 il müddətə iddiaçının icarəsinə verilmiş 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə olunur.
5. Bu hal məhkəmə icraatı zamanı cavabdeh tərəfindən etiraf edilsə də, cavabdeh iddia tələbini qəbul etməmiş, iddiaçı tərəfindən ona vəsaitin ödənilməli olduğunu bildirmişdir. Bütün bu sübutların məcmuyuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi iddiaçıya təhvil verilməlidir.
6. Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin olunmuş, Cavabdeh Oğuz rayonu Muxas kəndində yerləşən, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəsinə verilmiş, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında müəyyən olunmuş koordinatlar daxilində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 158-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Daşınmaz əmlakın Dövlət reyestrindən **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışından və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-6455/2023 saylı məktubu ilə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, əslən Oğuzludur. Pensiyaçı olsa da sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. 2016-cı ildə Oğuz rayonuna gəlib rayon rəhbərliyinə müraciət edərək torpaq sahəsi istifadəyə götürüb istifadə etmək istədiyini bildirmişdir. Rayon rəhbərliyinin tövsiyyəsi ilə Oğuz rayon Muxas bələdiyyəsinə müraciət edərək torpaq sahəsi icarəyə götürmək istədiyini bildirmişdir. Oğuz rayon Muxas bələdiyyəsinin sədri kimi özünü təqdim etmiş Mehralı adlı şəxs 23 hektar kolluq, çaylaq və daşlı sahəni ona göstərib torpaq sahəsini ağac, kol və daşlardan təmizləyib istifadə edə biləcəyini bildirmişdir. O, 2018-ci ildə külli miqdarda vəsait sərf edərək, texnika gətirib işlədərək torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirmiş, münbitləşdirmişdir. Keçən müddət ərzində həmin torpaq sahəsini əkib becərmiş, dəfələrlə Oğuz rayon Muxas bələdiyyəsinə müraciət edərək həmin sahənin ona icarəyə verilməsini tələb etmişdir. Qeyd edilən torpaq sahəsi hazırda da faktiki olaraq onun istifadəsindədir. Bu yaxınlarda qeyd edilən torpaq sahəsinin 9,2159 hektar hissəsinin iddiaçının icarəsinə verildiyi iddia edilmişdir. O, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyənləşdirməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə qərarı ilə ekspertiza təyin olunsa da, iş üzrə ekspertiza rəyi deyil, mütəxəssis rəyi alınması ilə kifayətlənilmişdir. O, iş üzrə verilmiş mütəxəssis rəyinin nəticəsi ilə razı deyil. Ekspertiza rəyinin alınmasını tələb edir.
11. İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin əvvəllər kolluq, daşlıq olması, tərəfindən təmizlənməsi, onun tərəfindən təmizləmə və münbitləşdirmə işlərinə xeyli vəsait xərclənməsi mübahisə edilməmiş, Oğuz rayon Muxas bələdiyyəsinin keçən müddət ərzində onun torpaq sahəsində təmizləmə işlərini həyata keçirməyinə, həmin torpaq sahəsini uzun illər əkib becərməyinə heç bir reaksiya verməməsi, rayon rəhbərliyinin və inzibati orqanlarının da bu məsələyə dözümlülük göstərməsi onun qeyd edilən torpaq sahəsindən müvafiq orqanların razılığı əsasında istifadə etdiyinə dəlalət edir. Mübahisə edilən torpaq sahəsi artıq 6 ildir ki, onun istifadəsindədir. O istifadə etməmişdən əvvəl həmin torpaq sahəsi əkinə yararlı olmamış, kolluq, daşlıq və çaylaq olmuşdur. Həmin torpaq sahəsi öz vəsaiti hesabına əlaqədar orqanların razılığı və yönləndirməsi ilə onun tərəfindən əkinə yararlı hala gətirilmiş və münbitləşdirilmişdir. Yenə həmin əlaqədar dövlət və bələdiyyə orqanları qeyd edilən torpaq sahəsini sənədləri imkan verəndə özünə icarəyə veriləcəyi bildirilmişdir. O da dövlət və bələdiyyə orqanına arxayın olub şəxsi vəsaitini sərf etmişdir. Hazırda bələdiyyə orqanı verdiyi vədə əməl etməyərək onun əməyi və vəsaiti hesabına yaxşılaşdırılmış torpaq sahəsini iddiaçıya icarəyə vermişdir. Nəticədə onun maddi mənafeyinə ciddi zərər dəymişdir.
12. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Vladimiroviç apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Vladimiroviç apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163-cü maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
22. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 152, 157 və 158-ci maddələrinə istinad etmişdir. Kollegiya əvvəlcə MM-in 157 və 158-ci maddələri ilə bağlı qeyd edir ki, həmin normalar mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsini və mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnun da əmlak hüququ sayılmasını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Başqa sözlə, əşyaya sahibliyi əldə etməmiş şəxs sahibliyinin pozulmasına istinad edə bilməz. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmə iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, yəni həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişdir.
23. Birinci instansiya məhkəməsinin tətbiq etdiyi MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddialarını nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.
24. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Hazırkı işdə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. Kollegiya onu da vurğulayır ki, torpaq sahəsinin icarəsi müqaviləsindən irəli gələn, müddətli icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin hüququn məhdud əşya hüququ sayılmasına əsas verə bilməz. Belə ki, qanunda nəzərdə tutulanlardan (girov, servitut, uzufrukt və s.) başqa məhdud əşya hüquqları təsis edilə bilməz (“numerus clausus” - məhdud say prinsipi). Nəzərə alınmalıdır ki, torpaq sahəsinə icarə hüququ dövlət reyestrində qeydiyyat anından deyil, icarə müqaviləsinin bağlandığı vaxtdan yaranır, reyestrdəki qeydiyyat isə vicdanlı üçüncü şəxsləri qorumaq üçün aparılmaqla açıqlayıcı funksiyanı yerinə yetirir. Beləliklə, işin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Oğuz rayonu Muxas Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Yəni, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. İcarəyə verən tərəfindən müqavilə öhdəliyinin icra edilməklə torpaq sahəsi iddiaçının sahibliyinə verilməsi isə işdən görünmür. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Oğuz rayonu Muxas Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxs olan cavabdehə qarşı qaldırılmışdır. Ona görə də, hazırki iddia tələbi təmin edilə bilməz.
25. Yuxarıda göstərilən əsaslarla iddia tələbi rədd edilməli olduğundan, o cümlədən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi əldə edildiyindən cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi ekspertiza rəyi alınmasına zərurət qalmamışdır.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.