Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-648/2022 25.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)- 94/2021 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia ərizəsi qismən təmin olunmuş, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsinin cavabdeh X1 alınaraq, İddiaçı1 qaytarılması, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin cavabdeh X1 alınaraq İddiaçı2 qaytarılması, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəklərinin sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdeh X1 tutularaq “X10” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəniİddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında ölän cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; onun yəni-İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək- açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 və ailə üzvləri - həyat yoldaşı X6, övladları X7, X11, X12 və X14 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.46 ha torpaq sahəsinə görə onlara JN-0059 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 1.9494 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 1.9494 ha torpaq sahəsinin təxminən 0.50 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin, ünvan reyestri və kadastr xidmətinin əməkdaşlarını əraziyə dəvət etsəmdə, zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Cavabdeh dəfələrlə torpaq sahəmdən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişəm və cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəmi mənə qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 və ailə üzvləri - həyat yoldaşı X3, övladları X15, X13, islamov Tərlan Valik oğluna və X9 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.14 ha torpaq sahəsinə görə onlara JN-0058 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 0.6307 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 0.6307 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən narazı qalan cavabdeh X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2(107)-1519/2021 saylı qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)- 94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2(107)-1519/2021 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2(102)-440/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiyi kimi - məhkəmə baxışı iclaslarında çatdırmışdır ki, iddiaçılarla aralarında mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadəsində və sahibliyindədir. Yəni, həmin torpaq sahəsini yararsız və istifadəsiz vəziyyətdən aqrotexniki vasitələr və üsullarla qulluq göstərməklə hazırki münbit vəziyyətə çatdırmışdır. İlk baxışda və sözdə bu məsələlər asan və çox sadə görünsə də əslində böyük əziyyət, zəhmət və fiziki qüvvə, bundan savayı maddi vəsait və xərc tələb edir. Belə ki, həmin torpaq sahəsində müxtəlif növ ağac növləri əkmiş, calaqlar calayaraq müxtəlif meyvə növlərini yetişdirmişdir. Həmin ağaclara qulluq göstərmiş və hazırki vəziyyətdə çatdırmaqla, göz qabağında olan gözəl, ağacları bar verən bağ yaratmışdır. Bunu bütün kənd icması (camaatı) və eləcə də iddiaçıların özləri də çox gözəl bilirlər. Bu yaxın vaxtlara qədər istifadəsində və sahibliyində olan bağ sahəsinin mülkiyyət sənədlərinin iddiaçılarda olan sənədlərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Çünki, həmin ərazidə onun özünə də məxsus torpaq sahəsi mövcuddur. Hesab etmişdir ki, istifadə və sahibliyində olan torpaq sahəsi onun özünə məxsusdur. Bu işdən islahatdan 25 il sonra xəbər bilmişdir. Sonra isə məsələnin əsl mahiyyəti ilə maraqlanmağa başlamış və son nəticədə ona məlum olmuşdur ki, iddiaçılar müxtəlif “yollar və vasitələrlə’’ mübahisələndirilən torpaq sahəsinə, yəni hazırki bağ sahəsinə mülkiyyət sənədləri əldə etmişlər. Bir sözlə hazırına yiyə və sahib olmuşlar. Bundan sonra iddiaçılarla yaranan münasibətlərə barışıq mövqeyindən yanaşaraq aralarında torpaq sahəsinə dair qarşılıqlı razılığın əldə olunmasına dəfələrlə cəhd etmişdir. Hətta onlara ayrı yerdən torpaq sahəsinin onun tərəfindən alınıb verilməsi də təklif olunmuşdur. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər. Bir sözlə iddiaçılar təkliflərini qəbul etməyərək, arzuladıqları formada, bir növ düşünülmüş və şüurlu surətdə onunla məhkəmə çəkişməsindən vaz keçmək istəməmişlər. Onların son məhkəmə iclasında nümayiş etdikləri mövqe və hərəkətləri bunu deməyə əsas verir. Ancaq iddiaçılar bir məsələni unudurlar ki, həyatda kimin və nəyinsə hesabına torpaq sahəsinə və başqa mülkiyyətə də sahib olmaq olar, ancaq halallıq olmayan yerdə heç bir xeyir tapmazlar. Yəni illər boyu halal zəhmətiylə (47 il müəllim işləmiş 72 yaşında təqaüdçüdür) və əziyyətiylə əldə etdiyi ağacların məhsulunu və meyvəsini yeyə bilməzlər. Uzun illərin əziyyəti və zəhməti hesabına yaratdığı bağa çəkilən xərclərin iddiaçılardan tələb edilməsi də onun hüquqlarıdır. Çox güman ki, gələcəkdə qəbul olunacaq məhkəmə qərarından asılı olaraq onun da bu istiqamətdə və s. iddiaları olacaqdır. Buna görə də iddiaçılara birinci növbədə mübahisə predmeti üzrə barışıq sazişinin bağlanmasını təklif etmişdir. Lakin iddiaçılar barışıq sazişindən imtina etmişlər. Hesab edir ki, iddiaçıların onun barışıq sazişindən imtina etmələri (məntiqi olaraq belə düşünmək üçün əsas verir) məhkəmədə ekspert rəyi ilə razı olmadığına və əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair verdiyi vəsatətin hakim tərəfindən təmin edilməməsi ilə üst-üstə düşür. Yəqin ki, iddiaçılar onların iddia tələblərinin hakim tərəfindən təmin ediləcəyinə dair olan “sövdələşmələrindən” arxayın olmuşlar. Çünki, əks təqdirdə hakim onun tam hüquqi və qanuni əsaslarla təqdim etdiyi vəsatəti təmin edərdi və əlavə ekspertiza təyin edərdi. Güman ki, iddiaçılar əvvəlcədən bilirdilər ki, ekspertizadan narazılığımla bağlı verəcəyim hər hansı vəsatət təmin edilməyəcəkdir.İddiaçıların məhkəmədəki hərəkətləri tam olaraq arxayın olduqlarına işarə edən dəlillərdir.Əlavə ekspertizaya işin getməsi və yenidən ekspertizanın keçirilməsi güman ki, nə məhkəməni (işə baxan hakimi nəzərdə tuturam) və nə də ki, iddiaçıları təmin etmirdi. Ona görə ki, onlar verilən rəyin göydən düşmə olmadıqlarını, buna müəyyən qədər “əziyyət” çəkdiklərini, təkrar və əlavə ekspertizaların keçiriləcəyi halda isə həmin “əziyyətlərinin” hədər getməsinə şəraitin yaranacağını bilirdilər. O, vəsatətində tam əsaslandıraraq qeyd etmişdi ki, "xxxx" MMC isə 05 aprel 2021-ci il tarixdə 99 nömrəli natamam, əsassız və iddiaçıların mənafelərini təmsil edən, onların maraqlarına uyğun rəy verilmişdir. Ekspertlər mübahisə predmetinə yerli baxışları zamanı keçmiş qaydalarla heç bir müasir texniki vasitələrdən (CıRS və s ) istifadə etməməklə demək olar ki, mübahisəli torpaq sahəsinin qonşu sərhədləri üzrə koordinatlarını müəyyən etmədən, kortəbii ölçü işləri aparmaqla kifayətlənməklə əsassız və qanunsuz rəy tərtib etmişlər. Aparılan ölçü işləri ilə bağlı o mübahisə üzrə tərəf olduğunu ekspertlərin nəzərinə çatdırmaqla hazırki şəraitdə istifadə olunan texniki vasitələrdən istifadə edilmədən niyə ölçü işlərinin aparıldığını xəbər aldıqda, onlar həmin ölçülərin onların ofislərində yerləşən texniki vasitələrlə analiz və araşdırmaqla ekspert rəyinin veriləcəyi barədə yalan danışmaqdan belə çəkinməmişlər. Ekspetlərin belə cavabları təbii ki, müasir elm və texnologiyanın inkişaf etdiyi və insanların informasiya mənbələrinin zəngin (insanların əvvəlki illərə nisbətən daha da geniş məlumatlara sahib olduqları) olduğu bir dövrdə başqa insanlar kimi onun da də diqqətini cəlb etmiş, konkret olaraq onun üçün qəbuledilməz və gülüş doğuran olmuşdur. Ekspertin rəyində konfiqurasiya fərqləri, koordinat sürüşmələri və s. kimi ifadələr işlədilmişdir. Bu ifadələrin özləri də iddiaçıların adlarını çəkmədiyi və həmin məsələlərlə bağlı işləri görən təşkilatlarda işləyən qohumları vasitəsi ilə torpaq sərhədlərini sürüşdürməklə, yerlərini dəyişdirməklə və daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumat bazasında olan xəritələrində konfiqurasiya işlərini görməklə saxta yollarla sənəd alınmasına nail olduğuna dəlalət edir. Onlar onun həmin sahədə olan 0,24 ha bələdiyyə torpağını da iddiaçılara pay torpağı kimi təhvil verməsini tələb edirlər. Torpaq qonşuları Usub və Elmanda olan torpaqlarını isə onlardan tələb etmirlər. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2(102)-440/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2(102)-440/2022 saylı qərarında göstərilmişdir ki, iddia tələbini qismən təmin edən məhkəmələrin qənaətinə görə İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı dövlət aktında göstərilən 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı dövlət aktında göstərilən 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh X8 tərəfindən zəbt edilmişdir. Məhkəmələr bu nəticəyə gələrkən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 99 saylı ekspert rəyinə istinad etmişdir. Lakin, Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir. Cavabdeh apellyasiya icraatında ekspertin rəyini məhz bu əsaslarla mübahisələndirmiş və onun səlahiyyətli şəxs tərəfindən verilmədiyinə istinad etməklə, ekspertiza təyin olunmasını və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunması barədə yazılı vəsatət vermişdir. Lakin, məhkəmə kollegiyası həmin vəsatətə heç bir münasibət bildirməmiş, sözügedən ekspert rəyinin bu baxımdan qiymətləndirməsini aparmamışdır. Halbuki, MPM-in 88-ci maddəsində bəhs olunan sübutların qiymətləndirilməsi, məntiqi və hüquqi əsaslar üzərində qurulmuş təfəkkür prosesi olmaqla, məhkəmədən sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, mötəbərliyini müəyyən etməyi tələb edir. Həmçinin sübutların qiymətləndirilməsində obyektivlik və hərtərəflilik təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir(Hiro Balani İspaniyaya qarşı iş üzrə9 dekabr 1994-cü il,Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə21 yanvar 2007-ci il tarixli Qərarları). Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin müəyyən etdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş JN-0058 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN0059 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0057 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 99 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilən JN-0057, JN-0058 və JN-0059 saylı Dövlət Aktlarının planşetləri DTXK tərəfindən köhnə koordinat sistemi olan Pulkovo42 koordinat sistemində tərtib olunmuşdur. DƏDRX tərəfindən ərazinin ümumi elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM - 38N; 39N) koordinat sistemində yığıldığından, Azərbaycan Respublikasının bütün əraziləri üzrə verilən Dövlət Aktlarının və şəhadətnamələrin xəritə məlumatlarının yeni elektron məlumat bazasına inteqrasiyası zamanı müəyyən koordinat sürüşmələri və planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı uyğun torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinə gətirib çıxarmışdır. Məhz bu ərazidə də konfiqurasiya fərqləri olduğundan sözügedən JN0058 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı2 və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 58A konturu üzrə 0.63 ha olan torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi - X5) naturaya nisbətdə müəyyən yerquruluşu-mühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN-0058 saylı Dövlət Aktının 58A konturu üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Həmçinin JN-0059 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 59A konturu üzrə 1.949 ha olan torpaq sahəsinin planşet əsasında (X5) naturaya nisbətdə müvafiq yerquruluşu-mühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN0059 saylı Dövlət Aktının 59A konturu üzrə 1.949 ha olan, torpaq sahəsinin 0.4589 ha hissəsinin Cavabdeh istifadəsində olunması müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 ha torpaq sahələrini iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsindən ağac dirəklər, mövcud olan ağaclar və kollar ayırır. Mübahisəli torpaq sahələrinin ölçüləri AutoCad, ArcMap, Google Mapper və SAS.Planeta xəritə proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(107)-648/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyi 03 oktyabr 2022-ci il tarixində Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, Əmlak Məslələri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-0058 kod 40600068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayonu Nic qəsəbəsi ərazisində İddiaçı2 mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsinin 58A saylı cizgisində göstərilmiş 0,63 hektar, JN-0059, kod 40600068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 2,46 hektar torpaq sahəsinin 59A saylı cizgidə göstərilmiş 1,95 hektar və JN-0057 kod 40600058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən cavabdeh X2 mülkiyyətinə verilmiş 1,46 hektar topaq sahəsinin 57A cizgisində göstərilən 0,85 hektar hissələrinin Dövlət Aktında göstərilmiş cizgilər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(107)-648/2022 nömrəli qərardadı ilə iş üzrə icrааt təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Hazırda təhlil olunan ekspert rəyindən bəlli olur ki, tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin Dövlət Aktında göstərilmiş cizgilər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamış, bununlada birinci instansiya məhkəməsi məlum hüquqi nəticəyə gələrkən haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh X2 apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qətetdi: Cavabdeh X2 apellyasiya şikayətləri təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-648/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-648/2022
25.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver