Məhkəmə qərarları › İş №2(107)-652/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-652/2022

03.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-652/2022 03.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə Oğuz Rayon Məhkəməsinin 2(054)- 13/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, xx.xx.2013-cü il tarixli ********** (RX 0183524) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 0,018 hektardan ibarət hissəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, 0,12 hektar həyətyanı torpaq sahəsinə dair onun mülkiyyət hüquqları qeydiyyata alınaraq ona xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin kənarlarını bağlamış və torpaq sahəsində abadlaşdırma işlərini yerinə yetirmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektara yaxın hissəsi cavabdehlərin zəbtində qalmışdır. Onun həyətyanı torpaq sahəsi ilə cavabdehlərin həyətyanı torpaq sahəsinin sərhədinə hasar çəkilən zaman cavabdehlər onun orada olmamasından istifadə edərək hasar çəkən şəxslərə hasarın 5-6 metr onun torpaq sahəsinə tərəf çəkilməli olduğunu bildirmişlər. Torpaq sahəsinin planı və ölçüsü sənədindən də göründüyü kimi, cavabdehlərin evi ilə onun mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin sərhədi arasında Oğuz şəhəri Nizami küçəsi istiqamətində 4,6 metr, digər tərəfdən isə 3,8 metr məsafə vardır. Cavabdehlər isə hasar çəkən şəxslərə sərhədi öz evlərindən, təxminən, 10 metr məsafədən göstərmişlər. O, mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektara yaxın hissəsinin cavabdehlərin zəbtində qaldığını bildikdən sonra həmin torpaq sahəsinin qaytarılmasını Cavabdeh1 təklif etmiş, lakin o, həmin təkliflə razılaşmayaraq həmin torpaq sahəsinin Cavabdeh2 adına qeydiyyata alındığını bildirmişdir. Ona görə də o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlərdən alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 2(054)-13/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 0,12 hektar həyətyanı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,018 hektardan ibarət hissəsindən çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi, iş üzrə müayinə və tədqiqat xərci olan 95,00 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,024 hektardan ibarət hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, mübahisə predmetinə aid olan 0,12 hektar həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçının əmlak hüquqlarının pozulması, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdehlər tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri qanuni zəbt edilmiş hissəsinin 0,024 hektardan ibarət olduğu müəyyən olunsa da, iddiaçı 0,018 hektar torpaq sahəsinin boşaldılmasını tələb etdiyindən və məhkəmə prosesinin gedişində də iddia tələbinin həcminin artırılması barədə ərizə verilmədiyindən, habelə məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan hazırki tələbə iddia ərizəsində qeyd edilən iddia tələbi çərçivəsində - 0,018 hektar torpaq sahəsindən çıxarılma, həmin miqdarda torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi məzmununda baxılmasını qanunauyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qonşu sərhəd hasarını (barısını) qonşunun özünün göstərişi ilə və özünün hesabına ustalar tikib. O nə torpaq zəbt etməmişdir, nə də hasar çəkməmişdir. Hasarın çəkilməsindən 7-8 il keçir. Mütəxəsis rəyində göstərilir ki hər iki mülkiyyətçinin torpaq sahəsinin sənəd üzrə istifadə etdiyi torpaq sahələri, yəni 12 ha və 0.18 ha sahəsinin sənəd üzrə koordinatları üst-üstə düşür. Hər iki mülkiyyətçinin istifadəsində zəbt torpaq sahəsi vardır. Bu onu göstərir ki hər iki mülkiyyətcinin torpaq sahəsi faktiki istifadələrində olan torpaq sahəsi ilə sənəddə olan torpaq sahəsi uygundur. Mütəxəssis rəyinin-3 cü bəndində göstərilir ki İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.024 ha sahəsi X1 oglu və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Lakin mütəxəssisin bu rəyi və 3 cü bənddə göstərilən nəticə heç bir sübutla əsaslandırılmamışdır. Məhkəmənin qətnaməsində göstərilir ki, hər iki mülkiyyətçinin sahibliyində əlavə zəbt torpaq sahəsi var. Zəbt kimi qeyd etdiyi bu torpaq sahəsinin mülkiyyətçisi qətnamə ilə müəyyən olunmur, bələdiyyə, dövlət yaxud xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqeylərinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. İş materiallarında cavabdehlərin təqdim etdikləri heç bir mötəbər sübut yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri də ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada məhkəmə ekspertizası təyin edilməli və müvafiq rəy alındıqdan sonra qərar. Məhkəmə iddia tələbini təmin edərkən belə bir qənaətə gəlmişdir ki. işdə mütəxəsis rəyi vardır. Bu da sübut kimi qiymətləndirilə bilməz yuxanda qeyd etdiyi əsaslara görə. Qeyd edilənləri nəzərə alaraq o, Oguz Rayon Məhkəməsinin 2(054)-13/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi, Oguz Rayon Məhkəməsinin 2(054)- 13/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Oğuz Rayon Məhkəməsinin 2(054)-13/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Oguz Rayon Məhkəməsinin 2(054)-13/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 2(054)-13/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,024 hektardan ibarət hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, mübahisə predmetinə aid olan 0,12 hektar həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçının əmlak hüquqlarının pozulması, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Apellyatorlar apellyasiya şikayətinin dəlillərində bildirmişlər ki, Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqeylərinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Məhkəmə kollegiyası apellyatorların bu yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Belə ki, iş materiallarında olan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın verilməsinə dair sms bildirişdən (səhifə 93) məlum olur ki, mülki proses tərəfləri məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar. Bundan başqa 15 fevral 2022-ci il tarixli məhkəmə iclasının protokolundan və qətnamədən də göründüyü kimi İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmişlər. Bu isə onu deməyə əsas verir ki, mülki proses tərəflərindən hər biri üçün çəkişmə prinsipinin həyata keçirilməsi üçün yetərli şərait yaradılmışdır. Bundan başqa apellyatorlar apellyasiya şikayətində qeyd etmişlər ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Həmçinin apellyatorlar başqa apellyasiya şikayətinin bir dəlili kimi qeyd etmişlər ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri də ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada məhkəmə ekspertizası təyin edilməli və müvafiq rəy alındıqdan sonra qərar qəbul etməli idi. Bu işdə torpaq sahəsinin zəbtindən söhbət gedə bilməz nə qədər ki işdə ekspert rəyi yoxdur. Həmçinin hər iki mülkiyyətçinin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri məlum deyil. Daha sonra apellyatorlar apellyasiya şikayətində göstərmişlər ki, məhkəmə iddia tələbini təmin edərkən belə bir qənaətə gəlmişdir ki, işdə mütəxəsis rəyi vardır. Bu da sübut kimi qiymətləndirilə bilməz yuxarıda qeyd edilən əsaslara görə. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadı ilə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından olan 30 sentyabr 2022-ci il tarixli 10/5388 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Oğuz şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Oğuz şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. Naturada ölçüləri müəyyən edildikdən sonra müəyyən edilmişdir ki, iddiaçıya məxsus ********** nömrəli Çıxarış sənədində qeyd edilən torpaq sahəsinin 0.024 ha hissəsi cavabdehlər təfindən istifadə olunur. Məhkəmə kollegiyası ekspertin müvafiq rəyinə əsaslanaraq qeyd edirki, şikayətin bu dəlili əsassızdır. Belə ki, ekspert rəyindən də göründüyü kimi ********** nömrəli Çıxarış sənədində qeyd edilən İddiaçı mülkiyyətində olan Oğuz şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin 0.024 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır və qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdehlər apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduqları halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Buna görə də məhkəmə kollegiyası apellyatorların apellyasiya şikayətində qeyd etdikləri sonuncu dəlil ilə də razılaşmır və hesab edir ki əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 2(054)- 13/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 2(054)-13/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar