Məhkəmə qərarları › İş №2(107)-653/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-653/2021

01.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-653/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə, ünvan 1 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzilin ¼ hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissələrə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi və iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatının cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2) müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Göyçay rayon notariat kontoru, X23 və X5 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, mərhum X7ndan miras qalmış, Göyçay şəhəri Natəvan küçəsi 2 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzilin, Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha və 120 kvm torpaq sahələrinin qanun üzrə birinci növbə vərəsələr kimi onun və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bərabər bölünərək hər birinin ¼ hissə paylarının olmasının müəyyən edilməsi, onun və cavabdehlərin hər birinə miras əmlakların ¼ hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxx 1989-cu il tarixdə X24 ilə X10 nikahından Göyçay şəhərində doğulmuşdur. Atası ilə anası arasında xx xxxxxx 1989-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah xx xxxx 1990-cı il tarixdə ləğv edilmişdir. X7 xx xxxxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra ondan Göyçay şəhəri Natəvan küçəsi 2 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzil, Göyçay rayonu Cəyirli kəndində 0,0116 ha və 120 kv.m. torpaq sahələri miras qalmışdır. O, mərhum atasının ölümündən sonra xx xxxxxx 2016-cı il tarixdə onun mirasını qəbul etməsi barədə Göyçay rayon notariat kontoruna ərizə ilə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mərhum atasından miras qalmış evdə yaşayan, mərhumun ikinci arvadı olan Cavabdeh2, mərhumun ikinci nikahından olan uşaqları Cavabdeh1, Cavabdeh3 mirasın qanun üzrə vərəsələr arasında bölünməsi üçün Göyçay rayon notariat kontoruna gəlmədikləri və mirasın bölüşdürülməsinə razı olmadıqları üçün Göyçay rayon xüsusi notariusu X26 xx xxx 2017-ci il tarixli 443 saylı məktubla mirasın bölüşdürülməsindən imtina etmişdir. Mərhum atası vəfat edərkən onların qanun üzrə vərəsələrindən o, notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə, cavabdehlər isə faktiki miras əmlakı idarə etməklə mirası qəbul etmişlər. Digər qanun üzrə vərəsələr X23 və X11 mirası nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Belə ki, X23 mərhum atasının sağlığında ailə quraraq hazırda miras olan evi tərk edib ər evinə köçmüşdür. X11 isə daim Göyçay şəhəri Natəvan küçəsində miras mənzilin yerləşdiyi binanın yaxınlığındakı fərdi yaşayış evində yaşamışdır və hazırda da həmin evdə yaşayır. O, tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X20 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qəbul etməmişlər və bildirmişlər ki, hazırda nənələri X11 da onlarla yaşayır və onun da miras əmlakda payı vardır. Bundan başqa iddiaçının miras əmlakdan pay tələb etməyə mənəvi haqqı yoxdur. X2 isə X13 vəfatından əvvəl Göyçay şəhəri Natəvan küçəsi 2 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzili tərk edib ər evinə köçmüş və hazırda da ər evində yaşayır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 və X17 ifadələrində bildirmişlər ki, X24 vəfat etdikdən sonra Göyçay şəhəri Natəvan küçəsi 2 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzildə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 yaşamışlar. X11 bu yaxınlarda həmin ünvana gətirilmişdir. X23 isə X13 vəfatından əvvəl Göyçay şəhəri Natəvan küçəsi 2 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzili tərk edib ər evinə köçmüş və hazırda da ər evində yaşayır İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-627/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 saylı qətnaməsinin İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddianın həmin hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-627/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-4515/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ünvan 4 ünvanda yaşayan X24 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli 27/254 nömrəli arayışına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli MH-0004413 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən 0,0116 ha torpaq sahəsindən 46,8 km. torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi ilə ona, yəni Göyçay rayonu Çaxırlı kənd sakini Maraqlı şəxs satmışdır. Həmin xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın X15 rayon Notariat Kontorunun notariusu Nəcəfli P.Ə tərəfindən təsdiq edilmiş və Reyestrdə 4Ə-117 nömrə ilə qeyd edilmişdir. O, xx xxxxxxx 2019-cu il tarixdə X22 4Ə-117 nömrəli xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında ona satılmış 0.00468 ha torpaq sahəsi üzərində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki pasportun hazırlanaraq verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 16 saylı Ucar Ərazi İdarəsinin rəisi cənab Ayxan Səfərovun ona ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********81 nömrəli cavab məktubunda qeyd etmişdir ki, araşdırma zamanı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(046)-2873/2017 saylı qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edildiyi, Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha. torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququnun və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanındığı, həmin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2018-ci il tarixli məktubla 16 saylı Ucar Ərazi İdarəsinə göndərildiyi məlum olmuşdur. Bundan sonra onun Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 saylı qətnаməsindən xəbəri olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi (qardaşı) X6 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin qətnaməsinin İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin X24 tərəfindən xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Maraqlı şəxs satılan 46,8 km. hissəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı izahatında apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X8 Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-4515/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlərə uyğun qərar qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh3 izahatında apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X11 məhkəmə iclasına gəlməmiş, Göyçay rayon notariat kontoru isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instanisiyası məhkəməsinin qətnaməsi Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələri istisna olmaqla qalan hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materialları ilə müəyyən edilir ki, miras qoyan X24 (miras qoyan) Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Maraqlı şəxs satmışdır. Göründüyü kimi miras qoyan torpaq sahəsinin hamısını deyil, yanlız 46,8 kvadrat metr hissəsini özgəninkiləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməmiş hissəsinin miras əmlakın kütləsinə daxil olubolmamasını və tərəflərin həmin əmlakdan miras pay almaq hüququnun yaranıbyaranmamasını araşdırmamış və iddianı həmin hissədə tam rədd etmişdir. Ona görə də mübahisənin düzgün həlli məqsədi ilə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməmiş hissəsinin miras əmlakın kütləsinə daxil olub-olmaması və tərəflərin həmin əmlakdan miras pay almaq hüququnun yaranıb-yaranmaması araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərildiyindən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi bu hissələrdə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən: İddiaçı Göyçay rayon notariat kontoruna ünvanlanan xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, ərizəçi xx.xx.2016-cı ildə vəfat etmiş X7ndan miras qalmış əmlaklara dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ******* nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən ümumi sahəsi 0.0116 ha yaşayış məntəqələrinin torpaqları X13 xüsusi mülkiyyətindədir. Cəyirli Bələdiyyəsi ilə X24 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış torpaqların alqı-satqısına dair Akta əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 380 kv.m. torpaq sahəsi bələdiyyə tərəfindən X1. Göyçay rayon xüsusi notariusunun xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı miras əmlakın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli çıxarışından görünür ki, X24 ilə X21 arasında nikah xx.xx.1989-cu ildə bağlanmışdır. Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu ildə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1989-cu ildə anadan olmuş, X7, anası X14r. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən X24 xx.xx.2016-cı ildə vəfat etmişdir. Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü ildə verilmiş boşanma haqqında şəhadətnaməsindən görünür ki, X24 ilə X12 arasında nikah xx.xx.1990-cı ildə ləğv edilmişdir. Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci ildə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə Cavabdeh2 arasında nikah xx.xx.1992-ci ildə bağlanmışdır. Göyçay rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu Cəyirli kəndi ərazisində yerləşən 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə 500 (beş yüz) manata Maraqlı şəxs satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin Maraqlı şəxs ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, araşdırma zamanı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(046)-2873/2017 saylı qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edildiyi, Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha. torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququnun və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanındığı, həmin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2018-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145 və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşdən görünür ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsi X24 ilə Cavabdeh2 birgə nikah dövründə əvəzli olaraq əldə olunmuş, bundan sonra X24 hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDRXnin Ərazi İdarəsinə müraciət etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ******* nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən ümumi sahəsi 0.0116 ha yaşayış məntəqələrinin torpaqları X13 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx xxxxxx 2014-cü il tarixdə X24 (miras qoyan) Göyçay rayonun Cəyirli kəndi ərazisində yerləşən sözügedən 0,0116 ha. torpaq sahəsinin 46,8 kvadrat metr hissəsini notariat qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Maraqlı şəxs satmışdır. Göründüyü kimi, miras qoyan torpaq sahəsinin hamısını deyil, yanlız 46,8 kvadrat metr hissəsini özgəninkiləşdirmişdir. Sözügedən 0,0116 ha. (yəni 116 kv.m.) torpaq sahəsinin 46,8 kvadrat metr hissəsi özgəninkiləşdirildikdən sonra, 116 - 46,8= 69,2 kv.m. torpaq sahəsi X13 (miras qoyan) və Cavabdeh2 ümumi mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İstinad olunan qanunvericilik normalarının tələbinə uyğun olaraq, 69,2 kv.m. torpaq sahəsində miras qoyan X13 və onun arvadı Cavabdeh2 hər birinin payları 2/1 hissədədir. Yəni, sözügedən 69,2 kv.m. torpaq sahəsinin 2/1 hissəsi miras əmlakın kütləsinə daxildir və İddiaçı həmin əmlakdan miras pay almaq hüququna malikdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının Göyçay rayonu Cəyirli kəndində yerləşən 69,2 kv.m. (116 kv.m - 46,8 kv.m. = 69,2 kv.m.) torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququ tanınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(102)-4515/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 nömrəli qətnaməsi “İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququ tanınsın” hissəsində dəyişdirilməli, İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən sözügedən 69,2 kv.m. torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(046)-2873/2017 nömrəli qətnaməsi “İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququ tanınsın” hissəsində dəyişdirilsin. İddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 69,2 kvadrat metr torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququ tanınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar