Məhkəmə qərarları › İş №2(107)-653/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-653/2025

30.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-653/2025 30.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilə köçürülmə ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavbadeh Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(024)-82/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu, Güllük kəndində yerləşən Cavabdeh adına dövlət tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı1 08 fevral 2006-cı il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşlar. Onların birgə nikahından üç uşaqları doğulmuşdur. Uşaqların hər üçü yetkinlik yaşına çatmışlar. İddiaçı1 Cavabdeh ilə 08 fevral 2006-cı ildə ailə qurub Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev dağılmış və dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi tikilmişdir. Onlar cavabdeh və uşaqlarla birlikdə bu günə kımı orada yaşamışlar. Həmin ev Cavabdeh adına icra nümayəndəliyində qeydiyyata alınmışdır. Evi dövlət hamı-bütün ailə üzvləri üçün tikmişdir. Lakin indi cavabdeh onları həmin evdən çıxarmış və evdə yaşamağa qoymur. Onların başqa yerdə yaşamağa yeri yoxdur. Hal-hazırda müvəqqəti olaraq Qax rayonu, Qaratala kəndində yerləşən ata-baba evində yaşayırlar. Onların əşyaları həmin evdə qalmışdır. Lakin cavabdeh onları evə girməyə, əşyalardan istifadə etməyə, onları həmin evdə yaşamağa qoymur. Onların yaşamaq üçün başqa yerləri yoxdur. Həmin ev üzərində onların mülkiyyət hüququ vardır. Cavabdeh onları həmin evdə yaşamağa qoymadığına görə mülkiyyət hüququ əldə edə bilmirlər. Evdə yaşamaq və evdən istifadə etmək mülkiyyət hüququnun tərkib hissəsidir. Qeyd etmək istəyirlər ki, həmin ev cavabdehin adına qeydiyyata alınmışdır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinə uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, o istəyir ki, anası həmin evdə yaşasın. Çünki onun evdə yaşamağa haqqı vardır. Hazırda cavabdeh atası onu həmin evə gəlib-getməyə qoymur. 7 aydır ki, o da evə gedib-gələ bilmir. Atasının anası ilə aralarında mübahisə olmuşdur. O, 2021-ci ildə ailə həyatı qurmuşdur. Həmin vaxtı mübahisəli ev hazır tikilmiş vəziyyətdə olmuş və həmin evdən gəlin köçmüşdür. Ev 2012-ci ildə təhvil verilmişdir. O, 2002-ci ildə anadan olmuş və ev təhvil verilərkən 11 yaşı olmuşdur. Mübahisəli evdə qeydiyyatdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qax RİH-ın məhkəməyə ünvanlandığı məktubdan görünür ki, Qax rayonu ərazisində 184 fərdi yaşayış evi tikilmiş və evlər aktla yaşayan şəxslərə təhvil verilmişdir. Həmin siyahıda Cavabdeh adı qeyd edilmişdir. Eyni zamanda Qax RİHB-ın təsdiq etdiyi Qax rayonu, Güllük, Qapıçay, Fıstıqlı kəndlərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə yenidən tikilmiş fərdi yaşayış evlərinin siyahısında Cavabdeh adı 13-cü sırada qeyd olunmuş və onun qarşısında ailə tərkibi 5 nəfərdən ibarət, tikilmiş evin otaqlarının sayı isə 2 otaqdan ibarət olduğu qeyd olunmuşdur. Bütün bunlardan görünür ki, həmin fərdi yaşayış evi tək Cavabdeh üçün deyil, onun bütün ailə üzvləri üçün tikilmişdir. Lakin aralarında yaranmış münaqişələrə görə o İddiaçı1 və onun qızı İddiaçı2 həmin evdə yaşamağa imkan vermir. Ona görə də, məcburiyyət qarşısında qalaraq iddiaçıların həmin evə köçürülməsi barədə iddia qaldırmalı olmuşlar. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı1 xəyanət üstündə boşamışdır. 04 aprel 2025-ci il tarixdə onların boşanması ilə bağlı işə baxılacaqdır. İddiaçı1 ona xəyanət etmişdir. Evi dövlət tərəfindən tikilmişdir. Ev tikilib təhvil verildikdən sonra orada ailəsi yaşamışdır. İddiaçı1 həmin evdə yaşamışdır. İddiaçı1 evə gəlməyəcək. İddianı qəbul etmir və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(024)-82/2025 saylı qətnaməsi ilə (hakim M.Zeynalov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 Qax rayonu Güllük kəndində yerləşən Cavabdeh adına Dövlət tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin İddiaçı2 münasibətdə təmin edilməməsi və mediasiya prosesinin keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 60 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat 0.40 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı1 ödənilməsini qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 08 fevral 2006-cı il tarixdə mübahisə predmeti olan evə gəlin köçmüş, orada yaşamış, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev dağılmış, 2012-ci ildə həmin ev bərpa olunmuş, həmin evdə yaşamağa başlamışlar. 2024-cü ildə isə cavabdeh tərəfindən evdən çıxarılmışdır. İddiaçı2 isə 2021-ci ildə ailə quraraq, evi tərk etmiş, həyat yoldaşı ilə birlikdə həyat yoldaşının evində yaşamağa başlamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 08 fevral 2006-cı il tarixdə mübahisçə predmeti olan evə gəlin köçmüş, orada yaşamış, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev dağılmış, 2012-ci ildə həmin ev bərpa olunmuş, həmin evdə yaşamağa başlamışlar. 2024-cü ildə isə cavabdeh tərəfindən evdən çıxarılmışdır. İddiaçı2 isə 2021-ci ildə ailə quraraq, evi tərk etmiş, həyat yoldaşı ilə birlikdə həyat yoldaşının evində yaşamağa başlamışdır. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

9. Məhkəmə digər İddiaçı2 tələbi ilə bağlı qeyd edir ki, İddiaçı2 2021-ci ildə ərə gedərək həmin evi tərk etmiş, hazırda əri ilə birlikdə başqa evdə yaşayır, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa və niyyəti mübahisəli evdə yaşamaq olsaydı, o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında evə köçürülmə və istifadə hüququnun iddia tələbi ilə müraciət etməsinin səbəbini həmin evdə yaşamaq niyyəti ilə bağlı yox, valideyinlərini görmək və qohumluq münasibətləri məqsədi ilə evə gedən zaman cavabdeh tərəfindən maneçilik yaradılması ilə əsaslandırmışdır. Beləliklə bəlli olur ki, onun tələbinin mahiyyəti fərdi yaşayış evinə köçürülmə ilə bağlı olsa da, onun niyyəti əslində həmin evdə yaşamaq yox, valideyinlərini görmək və qohumluq münasibətləri ilə bağlıdır. Lakin evə köçürülmə tamamilə fərqli anlayışdır və məhkəmənin fikrincə İddiaçı2 məlum evdən istifadə edə bilmək hüququ həmin şəxsin mənzilə olan təlabatını və ehtiyacını ödəmək məqsədi daşımalıdır. İddiaçı2 tərəfindən yuxarıda qeyd olunan niyyətlə evə köçürülmə ilə bağlı tələb irəli sürülən tələb əsassızdır.Bu baxımdan da onun iddiası təmin edilə bilməz.

10. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 Qax rayonu Güllük kəndində yerləşən Cavabdeh adına Dövlət tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülməli, iddia tələbi İddiaçı2 münasibətdə təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan) 3, 6.1-cı maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.3, 228.4, 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixi qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

14. Qeyd edir ki, o və İddiaçı1 nikahlarını xx.xx.2006-ci il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahlarından üç uşaqları dünyaya gəlmişdir. Uşaqların hər biri yetkinlik yaşına çatmışdır. Daha sonra iddiaçı ilə xasiyyətləri uyğun gəlməmiş və onlar faktiki olaraq ayrılmışdırlar. Ayrılığın səbəbi iddiaçının ona xəyanət etməsi olmuşdur.

15. Əlavə olaraq qeyd edir ki, iddiaçı ilə yaşadığı ev ona deyil, atası X2 məxsus olduğundan iddiaçı qismində atası olmalıdır. Həm də həmin evin hal-hazırda sənədi də yoxdur. Məhkəmə araşdırması zamanı da, müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətİ Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X12 12 №li Şəki Ərazi idarəsinin verdiyi 24 yanvar 2025-ci il tarixli məktubuna əsasən, ərazi idarəsinin arxiv materiallarında Cavabdeh və ailə üzvlərinin adına 2012-ci il tarixdən sonra qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi yalnız iddiaçının yalan mülahizələri və onu müdafiə edən sənədlərə əsasən qətnamə çıxarmışdır.

16. Həmçinin birinci instansiya məhkəməsi sübutları obyektiv qiymətləndirməmiş və araşdırmamışdır. İddiaçı hazırda atasına məxsus evdə yaşayır və himayəsində azyaşlı uşağı da yoxdur.

17. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Qax Rayon Məhkəməsinin 13 mart 2025ci il tarixli, e-2(024)-82/2025 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(024)-82/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

22. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixi qərarı.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e- 2(024)-82/2025 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4- cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı1 08 fevral 2006-cı il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşlar. Onların birgə nikahından üç uşaqları doğulmuşdur. İddiaçı1 Cavabdeh ilə 08 fevral 2006-cı ildə ailə qurub Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev dağılmış və dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi tikilmişdir. Qax RİHB-ın təsdqi etdiyi Qax rayonu, Güllük, Qapıçay, Fıstıqlı kəndlərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə yenidən tikilmiş fərdi yaşayış evlərinin siyahısında Cavabdeh adı 13-cü sırada qeyd olunmuş və onun qarşısında ailə tərkibi 5 nəfərdən ibarət, tikilmiş evin otaqlarının sayı isə 2 otaqdan ibarət olduğu qeyd olunmuşdur. Həmin ev Cavabdeh adına icra nümayəndəliyində qeydiyyata alınmışdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranan mübahisədir.

33. Göründüyü kimi, iddiaçının köçmək istədiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin zəlzələ nəticəsində qəzalı vəziyyət düşmüş və dövlət tərfindən inşa olunmuş Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh gözlənilən mülkiyyət hüququ vardır.

34. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin iddiaçı ilə yaşadığı evin ona deyil, atası X2 məxsus olması, həmin evin hal-hazırda sənədinin olmaması, birinci instansiya məhkəməsi yalnız iddiaçının yalan mülahizələri və onu müdafiə edən sənədlərə əsasən qətnamə çıxarmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlilləri əsaslı deyildir. 35.Belə ki, işdə olan Azərbaycan Respublikasının "xxxx" MMC-in fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Qax rayonu, Güllük kəndində yerləşən tikintinin sahibi Cavabdehdur və əmlakın dəyəri 57618 manat təşkil edir, ailə üzvləri 5 nəfərdən-İddiaçı1, Cavabdeh, X1, X5 və X3 ibarətdir.

36. Həmçinin məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli, 3-21-3-39/2-2680/2025 nömrəli məktubdan görünür ki, Qax rayon İcra Hakimiyyətinin təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanmış yeni yaşayış evlərinin siyahısında Cavabdeh 99-cu sırada qeyd edilmişdir. 37.Məhkəmə kollegiyası iş materiallarını sistemli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, mübahisə predmeti olan ev təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və ev inşa olunarkən Cavabdeh ailə üzvlərinin sayı (həmçinin, İddiaçı1) nəzərə alınaraq inşa edilmiş və hazırda Cavabdeh sözügedən evə gözlənilən mülkiyyət hüquququ vardır. İddiaçın isə cavabdehin ailə üzvü kimi həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Apellyator apellyasiya şikayətində mübahisəli fərdi yaşayış evinin atası X2 məxsus olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 38.Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmə qətnamə qəbul edərkən prosessual hüuqu normalarını pozması, işin faktiki hallarını araşdırmaması və işin faktiki hallarına düzgün qiymət verməməsinə dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin 13 mart 2025ci il tarixli, e-2(024)-82/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(024)-82/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar