Məhkəmə qərarları › İş №2(107)-656/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-656/2023

23.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-656/2023 23.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli maneələrə son qoyulma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(033)-113/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2023-cü il tarixdə verimiş 05/Q-17/69 nömrəli çıxarışdan görünür ki, X28 ilə İddiaçı nikahlarını 02 dekabr 2003-cü ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Şabanova soyadı verilmişdir.

2. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 275680 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 21 aprel 2008-ci ildə vəfat etmişdir.

3. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(033)-24/2009 saylı qətnaməsi ilə ilk iddia qismən rədd edilmiş, X9 iddiasının X7 qarşı hissəsinə xitam verilmiş, X9 X8 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsinə dair iddia tələbləri təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, X25 ilə mərhum X12 vərəsəsi Cavabdeh arasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayeva məxsus olmuş 1350 kv.m (0,135) ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir.

4. Azərbyacan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********96 olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən sahəsi 0,1279 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

5. Reyestrdə 4Ə-1258 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ********** qeydiyyat nömrəli mülkiyyətində olan 0,1279 ha torpaq sahəsini 5400 manata alıcı X17 mülkiyyətinə vermişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1279 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi X17 adına qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətiu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 24 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Kebeloba kəndi ərazisində İddiaçı adına 0,1350 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir.

8. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 10 yanvar 2023-cü il tarixdə verilmiş 03 nömrəli arayışdan görünür ki, Zaqatala RİHB-nın Kebeloba kənd İƏD-si üzrə nümayəndəliyinin təsərrüfat başına kitabında evin qeydiyyatı olmadığından yerində baxış keçirilmiş, həmin evdə Cavabdeh həqiqətən ailəsi ilə birgə daimi yaşayır. Həmin evin tikintisi barədə məlumat təsərrüfat başına kitabında olmadığı üçün evin nə vaxt və kim tərəfindən tikilməsi məlum olmamışdır.

9. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, onun mərhum X11 ilə birgə nikahda olduğu müddətdə Zaqatala rayonu Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Birinci instansiya məhkəməsində icraat

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X11 ilə 02 dekabr 2003-cü il tarixdə nikahlarını bağlanmışdır. Nikahda olduqları müddətdə 2005-ci ilin may ayında mərhum həyat yoldaşı X2 Kamil Mohuma oğlu ilə aralarında yazılmış sadə yazılı əqdə əsasən sonuncuya məxsus Zaqatala rayonu, Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsini almışdır. Qeyd olunan torpaq sahəsində mərhum X11 ilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. X11 21 aprel 2008-ci il tarixdə ölmüşdür. X12 ölümündən sonra ondan miras qalmış əmlakları faktiki olaraq qəbul etmişdir. Ərinin ölümündən sonra X25 ona və mərhum X11nun birinci nikahından olan oğlu Cavabdeh qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1350 ha torpaq sahəsindən çıxarılmalarını və inşa etdikləri fərdi yaşayış evinin sökülməsini tələb etmişdir, onlar isə öz növbələrində X13 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsi ilə X9 ilk iddiası rədd edilmiş, onların qarşılıqlı iddiası isə təmin edilmişdir. Həmin qətnamə ilə işin müəyyən hallarından biri də odur ki, mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi mərhum X11 ilə birgə nikahda olduqları müddətdə və sonuncunun onunla birlikdə inşa etdiyi evdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb, iş üzrə Cavabdeh mərhum X11 ilə birgə nikahda olduqları müddətdə Zaqatala rayonu, Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsində inşa etdiyı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə yaratdığı maneədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasnın 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırkı tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyildir. Zaqatala şəhəri, Bakı prospekti 22 saylı evdə yaşamış atası X28 24 aprel 2008-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu 2 saylı Notariat Ofisinə verilmiş 01 noyabr 2012-ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunmuşdur ki, 21 aprel 2008ci il tarixdə vəfat etmiş X12 vərəsələri - arvadı İddiaçı, oğulları Cavabdeh, X29, X30 və qızı X26 miras əmlakdan bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - X5 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 02 nömrəli reyestr kitabının, 3-cü səhifəsində, inventar işi 2557 nömrə ilə qeydiyyata alınmış 344 nömrəli Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinə əsasən, eyni zamanda DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 1576 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin bir hissəsindən və mərhuma düşən hissədə yerləşən 1989-cu ildə tikilmiş, 1 mərtəbəli, 73,2 kv.m. yaşayış, 42 kv.m. yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evindən ibarət olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(033)-24/2009 nömrəli qətnaməsi ilə ilk iddia qismən rədd edilmiş, X9 iddiasının X7 qarşı hissəsinə xitam verilmiş, X9 X8 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsinə dair iddia tələbləri təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, X25 ilə mərhum X12 vərəsəsi Cavabdeh arasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayeva məxsus olmuş 1350 kv.m (0,135) ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixi 2(033)-24/2009 nömrəli qətnaməsindən görünür ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşəni 350 kv.m (0,135) ha torpaq sahəsini o özü idarə edir. Atası sağlığında daşınmaz əmlakı ona almışdır. Zaqatala rayonu 2 saylı Notariat Ofisinə verilmiş 01 noyabr 2012-ci il tarixli - 1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq olunur ki, İddiaçı Zaqatala rayonu Kebeloba kəndində yerləşən 1350 kv.m (0,135) ha torpaq sahəsinə və iddia etdiyi tikiliyə dair notariat kontoruna ərizə verməmişdir. Bununla da, iddiaçı öz hərəkəti ilə iradəsini göstərmişdir. Eyni zamanda iddiaçı həmin əmlaka özünü miras şəriki kimi göstərməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-669/2022 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh, X29, X18, X14 və X4 cavabdehlər İddiaçı və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Hazırda İddiaçı ona qarşı pay üstünlüyü əldə etmək üçün əsassız iddia qaldırır. Hesab edir ki, iddiaçının hazırkı tələblə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, daşınmaz əmlakın birgə nikah dövründə qeydiyyata alınması barədə reyestrdə məlumat yoxdur. Hər şəxsin mütləq yaşayış yeri olmalı və bir (tək) yaşayış yeri olmalıdır. Atası ikinci dəfə ailə həyatı qurarkən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. İddiaçı həmin ünvanı özünə daimi yaşayış yeri seçmişdir. Eyni şəxsin bir yaşayış yerində faktiki yaşayaraq digərində qeydiyyatda olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun məqsədlərinə xidmət etmir. Hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin mahiyyəti birgə nikah dövrünə daxil olmayan əmlaka gələcəkdə payının müəyyən edilməsi üçün hüquqi don geydirməkdir. Faktiki olaraq iddiaçı ata yurdlarını ələ keçirmişdir. Ona görə də İddiaçı tələbi əsaslı sayıla bilməz. O eyni zamanda iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini də təqdim etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili Vəkil cavabdehin verdiyi izahata oxşar məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ********** qeydiyyat nömrəli mülkiyyətində olan 0,1279 ha torpaq sahəsini 5400 manata onun mülkiyyətinə vermişdir. O, həmin torpaq sahəsini almışdır. Bundan sonra həmin torpaq sahəsini öz adına rəsmiləşdirməklə çıxarış almışdır. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. İddia ərizəsinin rədd edilməsini xahiş edir.

15. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 02 mart 2023-cü il tarixli, e-2(033)-113/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddia ərizəsi rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 mülkiyyətində olan torpaq sahəsinin üzərində qanunsuz tikili olan fərdi yaşayış evinə dair hər hansı istifadə hüququ olmadığından və mübahisə predmeti olan tikiliyə iddiaçının mülkiyyət (sahiblik, istifadə, sərəncam vermək) hüquqları mövcud olmadığından onun tikilinin inşa edilmiş torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı verdiyi fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddiası təmin edilə bilməz.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 157.4, 180.1, 180.2, 367.1, 372.2, 377.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat a) apellyasiya şikayətinin dəlilləri

19. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin yanaşmasından asılı olamayaraq, onun həmin əmlaka əşya və gözlənilən mülkiyyət hüququ vardır. X47 21 aprel 2008-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış bütün əmlakları faktiki olaraq qəbul etmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(033)- 113/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh apellyasiya şikayətinə yazılı etirazında göstərmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassız olmaqla formal mülahizələrdir. Qətnamə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(033)-113/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 apellyasiya apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasının ünvanına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsnin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

28. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

29. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

33. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4 Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

38. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

39. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(033)-113/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

53. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

54. Müəyyən edilmişdir ki, İddiaçı ilə X28 02 dekabr 2003-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə yəni 2005-ci ildə X28 ilə X25 arasında sonuncuya məxsus 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuş və həmin torpaq sahəsindən X28 istifadə etməyə başlamış və orada yaşanması məqsədi ilə yarımçıq tikili inşa etmişdir. X28 21 aprel 2008-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra X1 Havva Məhəmməd qızına qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi”nə dair iddia tələbi ilə və cavabdeh X15 və Cavabdeh X13 qarşı 1350 kv.m torpaq sahəsinin alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddia ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2009 nömrəli 25 fevral 2009-cu il tarixli qətnaməsi ilə X9 X8 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi”nə dair iddia tələbləri təmin edilməmiş və qarşılıqlı iddia təmin edilərək, X25 ilə mərhum X16 vərəsəsi Cavabdeh arasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayevə məxsus olmuş 1350 kv.m. (0.135 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh torpaq sahəsi üzərində hüquqlarını Daşınmaz əmlakın Dövlət reyestrində 04.06.200-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına aldırmış və bu qeydiyyat MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Reyestrdə 4Ə-1258 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 5400 manata X17 mülkiyyətinə vermişdir.

55. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

56. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir.

57. Hazırkı iş materiallarından və tərəflərin izahatından da görünür ki, İddiaçı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdeh hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də məhkəmə hesab edir ki İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

58. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir.

59. Eyni zamanda müəyyən edilmişdir ki, iddianın predmeti olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə edilən tikili qanunsuz olmaqla Daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alınmamış və belə olan halda həmin cavabdeh də həmin tikilinin mülkiyyətçisi deyil. Göründüyü kimi, iddiaçı, qeyd olunan tələblə bağlı həmin tikilidə yaşayan şəxsə qarşı belə bir iddia ilə müraciət etmişdir.

60. Cavabdeh Şabanov X24 rayonu Kebeloba kəndində yerləşən Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli, 2(033)-24/2009 saylı qətnaməsində 1350 kv.m. (0.135 ha) kimi göstərilən, Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,1279 ha torpaq sahəsinin tam mülkiyyətçisi olmuşdur. Həmin torpaq sahəsi onun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində rəsmiləşdirilməzdən əvvəl həmin torpaq sahəsi üzərində vərəsəsi olduğu atası X28 tərəfindən yarımçıq tikili inşa edilmişdir. Cavabdehin atası-X28 21 aprel 2008-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin torpaq sahəsini oğlu-Cavabdeh idarə etmişdir.

61. Bu səbəbdən iddiaçının torpaq sahəsi üzərində keçmiş X11 tərəfindən qanunsuz inşa edilmiş tikilinin materiallarına münasibətdə 21 aprel 2008-ci il tarixdə vəfat etmiş X11 ilə birlikdə hüquqlarının mövcud olması ehtimalını, qeyd edilən tikilinin X12 vəfatı zamanı yaşayış üçün yararsız olmasını, iddiaçının ümumiyyətlə həmin tikilidə yaşamamasını, həmin tikilidə hər hansı əmlakının olmamasını, həmin tikiliyə istifadə hüququnun olmamasını, başqa daimi yaşayış yerinin olmasını, həmin tikilinin cavabdeh tərəfindən sonradan tikilib-bərpa edilərək yaşayış evi kimi istifadə edilməsini nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının qeyd edilən tikilidə istifadə və sahiblik hüququ yaranmamışdır.

62. Qeyd edilməlidir ki, üçüncü şəxs X3 rayonu, Kebeloba kəndində yerləşən 0,1279 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçı isə hər hansı hüququ olmadan üçüncü şəxsə, əvvəllər isə cavabdehə məxsus olan torpaq sahəsi üzərində tikilmiş tikiliyə istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulmasını tələb edir. Onun həmin tikili üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Belə olan halda mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır, cavabdehin isə belə bir hüququ yaranmamışdır.

63. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 mülkiyyətində olan torpaq sahəsinin üzərində qanunsuz tikili olan fərdi yaşayış evinə dair hər hansı istifadə hüququ olmadığından və mübahisə predmeti olan tikiliyə iddiaçının mülkiyyət (sahiblik, istifadə, sərəncam vermək) hüquqları mövcud olmadığından onun tikilinin inşa edilmiş torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı verdiyi fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddiası təmin edilə bilməz.

64. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətinə məhkəmə qətnaməsi əsasında keçmişdir. Həmin mülki iş üzrə tərəf olan iddiaçı qətnaməni mübahisələndirməmişdir. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla tikinti məqsədləri, o cümlədən yaşaış evi tikilməsi üçün ayrılmamışdır.

65. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(0330-669/2022 saylı qətnaməsində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş 01 noyabr 2012-ci il tarixli, 2v-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünüür ki, 21 aprel 2008-ci il tarixdə vəfat etmiş X12 vərəsələri arvadı İddiaçı, oğulları Cavabdeh, X29, X30 və qızı X26 miras əmlakdan bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak-X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş 02 nömrəli reyestr kitabının 3-cü səhifəsində, inventar işi 2557 nömrə ilə qeydiyyata alınmış 344 nömrəli Azərbaycan respublikası Qeydiyyat vəsiqəsinə əsasən, eyni zamanda DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 1576 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 0,03 torpaq sahəsinin bir hissəsindən və mərhuma düşən hissədə yerləşən 1989-cu ildə tikilmiş, 1 mətəbəli, 73,2 kv.m yaşayış, 42 kv.m yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evindən ibarətdir.

66. Göründüyü kimi, mübahisə predmeti olan tikili heç mərhum X10 qalmış miras kütləsinə də daxil deyildir, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində inşa edildiyinə (mərhum X28 tərəfindən inşa edilmiş olsaydı belə) görə də daxil ola bilməzdi. Ona görə də apellyasiya şikayətinin miras əmlakla bağlı dəlili də əsassızdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

68. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

69. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(033)-113/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(033)-113/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar