Məhkəmə qərarları › İş №2(107)-657/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-657/2023

21.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-657/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(075)-153/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. Cavabdeh 17 avqust 2022-ci il tarixli, F-22 nömrəli əmri ilə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması üçün komissiya yaradılmışdır. 17 avqust 2022 və 23 avqust 2022-ci il tarixlərdə bağçada aparılmış monitorinqlər zamanı bir neçə ciddi nöqsanlar aşkar edilmiş və aktlaşdırılmışdır. Bundan sonra Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, K-148 nömrəli əmri ilə bağçanın müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müdiri X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən hazırkı dövrə qədər Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləyir. 2008-ci ildə rəhbərlik etdiyi uşaq bağçası köhnə maddi-texniki bazaya malik olmaqla, iki qrupda fəaliyyət göstərirdi. Rəhbərlik etdiyi müddətdə qənaətbəxş fəaliyyəti və təkidli xahişlərini nəzərə alınaraq X11 və Şəki şəhər İcra Hakimiyyətinin birgə dəstəyi nəticəsində bağça yenidən qurularaq, müasir dövrün standartlarına cavab verən müəssisəyə çevrilmiş və halhazırda onun rəhbərliyi ilə 1 körpələr evi olmaqla, 7 qrupda fəaliyyət göstərir. Rəhbərlik etdiyi müəssisədə Təsil Nazirliyi, Əmək Müfəttişliyi, X3 və sair qurumlar tərəfindən keçirilmiş yoxlamalar və monitorinqlətin nəticəsində bu günə kimi heç bir neqativ hal müəyyən edilməmişdir. Bunun da məntiqi nəticəsi olaraq, digər bağçalarla müqayisədə rəhbərlik etdiyi müəssisə kitayət qədər nüfuz və Şəki şəhər sakinlərinin rəğbətini qazanmışdır. Cavabdehnə X6 müdir təyin edildikdən sonra onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə münasibət mənfi istiqamətdə dəyişmiş, rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə kölgə salınmağa çalışılmışdır. Belə ki, 17 avqust 2022-ci il tarixdə tanımadığı 4-5 nəfər şəxs özlərini təqdini etmədən qəfil olaraq, bağçaya daxil olmuşlar. Sonradan ona məlum olmuşdur ki, bu şəxsləri bağçaya gətirən təhsil sektorunda işləyən Elxan Abdullayevdir. O, həmin şəxslərdən kim olmalarını, hansı əsasla heç bir icazə almadan bağçaya daxil olmalarını, onlarda hər hansı bir əmr və ya qərarın olubolmamasını soruşmuşdur. Bu zaman həmin şəxslər onun haqlı tələblərinə məhəl qoymadan, heç bır sənəd təqdim etmədən sözün əsl mənasında basqın edərək, bağçanın qida-saxlanc anbarına, mətbəxə, soyuduculara, körpələr yemək yeyərkən otaqlara daxil olmuşlar. O, dəfələrlə həmin şəxslərə “Sanitariya-epidemıoloji salamatıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq enilmiş "Yoluxucu parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarına riayət etmələrini, qoruyucu və gigiyenik vasitələrdən istifadə etmələrini tələb etmişdir. Lakin həmin şəxslər qanunvericiliyin tələblərini pozaraq, heç bir qoruyucu və gigiyenik vasitələrdən istifadə etmədən, küçədən gələn tozlu ayqqabılarla, yuyulmamış əllərlə bağçanın qida-saxlanc anbarına, mətbəxə, soyuduculara, körpələr yemək yeyərkən otaqlara daxil olub "yoxlama" aparmağa başladılar. Halbuki bağçada kifayət qadar üst geyimi, xalat, əlcək, baş geyimi, maska, spirt, termometr, bir sözlə bütün gigiyenik və qoruyucu vasitələr var. Həmin şəxslər küçədən gəldikləri tozlu ayqqabılarla, yuyulmamış əllərlə süd və meyvə şirəsi qutularını, yumurta kasetlərini və digər ərzaqları yerə atmışlar, hansı ki, bərzaqların yerə qoyulması qəti qadağandır. Belə ki, bütün ərzaq növləri, o cümlədən tərəvəzlər yer səthindən ən azı 20 sm hündürlükdə yerləşdirilməlidir. O, dəfələrlə “yoxlama" aparan şəxlərə bağçada hemofiliya, talassemiya, autist sindromu, ferment çoxluğu xəstəliyindən əziyyət çəkən uşaqların olduğunu, onların səhhətini təhlükə altında qoyduqlarını desə də, həmin şəxslər ona heç bir əhəmiyyət vermədən saat 10:30dan 17:20-yə qədər bütün ərzaq məhsullarına, bütün əşyalara toxunmuş, uşaqlarla və bağçanın işçiləri ilə təmasda olmuşlar. Saat 17:20-də onlar bağçadan getdikdən sonra o, dərhal dezinfeksiya xidmətinə müraciət edərək, bağçanı dezinfeksiya etdirmişdir. Bundan sonra 23 avqust 2022-ci il tarixdə Elxan Abdullayev və əlavə 4 nəfər yenə də bağçaya daxil olmuşlar. Yenə də heç bir şəxsi gigiyena, eləcə də, tibbi-profilaktik qaydalara riayət elmədən, heç bir sənəd təqdim etmədən mətbəxə və uşaqların əyləncə yerlərinə getmiş və tərbiyəçilərlə söhbət aparmağa başlamışılar. Bundan sonra o, vəziyyətin gərginləşdiyini görüb 102 xidmətinə zəng edərək, bağçada baş verənlərlə bağlı məlumat vermişdir. Poiis əməkdaşları dərhal özlərini bağçaya çatdırdılar və bunu görən Bəhruz Nəbili, Elxan Abdullayev və digər şəxslər öz qanunsuz əməllərinin ifşa olunmasından qorxaraq bağçadan çıxıb getmişlər. Hesab edir ki, bütün bu baş verənlər Şəki-Zaqataia Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin ona qarşı olan qərəzli münasibətinin nəticəsidir. Bəhruz Mehdiyev o qədər qərəzlidir ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması ilə bağlı əmr verərkən əmrin 2.2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş 09 mart 1994-cü il tarixli 103 nömrəli Qərarına istinad etmiş, əmrdə qeyd edilən komissiyanın tərkibinə adı daxil edilməyən Bəhruz Nəbili adlı şəxsi də “yoxlamaya” gələn şəxslərlə birlikdə bağçaya göndərmişdir. Bəhruz Mehdiyev qanunsuz olaraq aparılan yoxlamanın nəticəsində ona 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmri ilə şiddətli töhmət vermişdir. Şəki şəhəri 22 nömrəli körpələr evi-uşaq bağçasında qüvvədən düşmüş normaya istinad edilərək, qanunsuz aparılan yoxlama zamanı təlim-tərbiyə işlərinin təşkilində, pedaqoji və texniki heyətin işə davamiyyətində, uşaqların isti yeməklə təmin olunmasında, qrupların təşkilində, ərzağın qəbulunda və saxlanılması şəraitində, müəssisədə sənədləşmənin aparılmasında heç bir nöqsan və çatışmazlıqlar aşkar edilmədiyi halda mənə intizam tənbehi veriiməsi barədə əmrdə tamamilə yalan məlumatlar qeyd edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini və Cavabdeh müdiri X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. X8 Təhsil İdarəsinin 17 avqust 2022-ci il tarixli, F-22 nömrəli əmri ilə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması üçün komissiya yaradılmışdır. 17 avqust 2022 və 23 avqust 2022-ci il tarixlərdə bağçada aparılmış monitorinqlər zamanı bir neçə ciddi nöqsanlar aşkar edilmiş və aktlaşdırılmışdır. Bundan sonra Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, K-148 nömrəli əmri ilə bağçanın müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı, ona töhmət verilməsi barədə həmin əmrin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İş materiallarından görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı barəsində Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, K-148 nömrəli əmri ilə şiddətli töhmət verilərkən maddi hüquq normalarının tələblərinə əməl edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı həqiqətən də Əmək Məcəlləsinin tələblərini pozmuş, rəhbəri olduğu müəssisədə ciddi nöqsanlara yol vermişdir.

7. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.

8. Şəki Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(075)-153/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı Cavabdehnə qarşı onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrin ləğv edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 və 186-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İş materiallarına əlavə edilmiş Cavabdeh 17 avqust 2022-ci il tarixli, F-22 nömrəli əmrindən görünür ki, Şəki şəhəri 5 və 10 saylı uşaq bağçaları, həmçinin Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması üçün komissiya yaradılmışdır.

11. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında uşaq davamiyyət cədvəlində may ayından etibarən Əsəd Səmədovun adı böyük qrup 3 və böyük qrup 2 jurnallarında qeyd olunmuşdur. Böyük qrup 3-də 6 uşağın adı qeyd edilməmiş, lakin sənədləri var, orta qrup 2-də 18 uşağın şəxsi işi var, davamiyyət kitabına qeydiyyata salınmamışdır, böyük qrup 2-də isə 8 nəfərin şəxsi işi var, lakin qeydiyyatları yoxdur.

12. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən gündəlik menyuların olmadığı, qruplarda uşaqların yaş tərkibinə görə qarışıq olmaları, götürülmüş ərzaq məhsullarının qaimələrinin olmaması, işçilərin davamiyyət tabelinin olmaması, 48 saat ərzində saxlanılan yeməklərin üzərində tarixlərinin qeyd edilməməsi, 7 qrupdan yalnız birində avqust ayı üçün uşaqların davamiyyəti qeydiyyatının aparılması, ardıcıl olaraq toyuq ətindən istifadə edilməsi, 50-60 kiloqram mal ətinin isə anbarda saxlanılması kimi nöqsanlar aşkar edilmişdir.

13. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən müəssisənin təsərrüfat müdiri Könül Bayramzadə tərəfindən ərzaqların anbardan aşpaza verilməsi sənədlərinin mövcud olmaması, iki nəfər tərbiyəçinin işdə olmaması, onları köməkçilərinin əvəz etdiyi, lakin əvəzetmə barədə əmrin olmaması, gündəlik menyunun tərtib olunmaması kimi nöqsanlar aşkar edilmişdir. Həmin aktda müəssisənin müdiri İddiaçı aşkar edilən nöqsanlarla bağlı izahat verməkdən imtina etməsi göstərilmişdir.

14. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən, böyük qrup uşaqlarının arasında iki məktəbyaşlı uşağın- Şəki şəhər 10 nömrəli orta məktəbin İİ sinif şagirdi X2 və Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyin İİ sinif şagirdi X5 da olduğu müəyyən olunmuşdur.

15. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən qruplardan birində jurnal üzrə 20 uşaqdan yalnız ikisinin olduğu müəyyən olunmuşdur.

16. İş materiallarına əlavə edilmiş Cavabdeh müdirinə ünvanlanmış xidməti məlumatdan görünür ki, 17 avqust 2022 və 23 avqust 2022-ci il tarixlərdə Şəki şəhər 22 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılmış və monitorinq zamanı müəyyən edilmişdir ki, bağçaya qəbul edilən uşaqların şəxsi işləri hazırlanmamış, həmçinin pedoqoji və texniki heyətin şəxsi işləri yox dərəcəsindədir. Bağçaya uşaq qəbulu ilə bağlı valideyn ərizələri yığılmamış, qruplarda uşaqların yaş tərkibləri qarışıq və müxtəlifdir. Bağçada fəaliyyət planı hazırlanıb təsdiq edilməmiş, əmr kitabı mövcud deyildir. Bağçada gündəlik menyu yazılmalı olduğu halda bir neçə aydır ki, menyu yazılmamışdır. Ərzağın qəbulu ilə bağlı qaimə faktura mövcud deyildir. Ayın əvvəlində bağça rəhbərliyi tərəfindən 52 kq mal əti qəbulu sənədlərdə öz əksini tapsa da, 23 avqust 2022-ci il tarixdə soyuducuda 60 kq mal ətinin saxlandığı aşkarlanmışdır. Bu da onu göstərir ki, uşaqlara ət yeməyi verilməmiş, bağçada ərzağın saxlanılmasına düzgün riayət edilməmişdir. Bağça müdiri İddiaçı monitorinq qrupunun bağçada normal iş aparmasına hər cür vasitələrlə mane olmağa çalışmış, işçilərə təzyiq edərək izahat yazmalarına imkan verməmiş, yazılmış aktı imzalamaqdan imtina etmişdir.

17. İş materiallarına əlavə edilmiş Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, K-148 nömrəli əmrindən görünür ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və yol verilmiş nöqsanlara görə Şəki şəhər 22 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

18. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

19. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin bu qətnamənin 3-cü bəndində göstərilərin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, o, əmək funksiyasını tam, keyfiyyətlə yerinə yetirmiş, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını heç vaxt pozmamışdır. Bundan əlavə, ona intizam tənbehi verilərkən yazılı izahatı alınmamışdır.

21. Ona görə də, Şəki Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(075)- 153/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hisəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Şəki Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(075)-153/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 3-cü və 20-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki qətnamənin 11- 15-ci bəndlərində qeyd olunmuş və mülki işin materiallarında yer alan 17 və 23 avqust 2023-cü il tarixli aktlarda sadalanan nöqsanlardan görünür ki, Şəki şəhər 22 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmışdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yenə bu qətnamənin 20-ci bəndində göstərilmiş ona intizam tənbehi verilərkən yazılı izahatının alınmaması barədə dəlilləri də iş materiallarında olan və bu qətnamənin 13-cü bəndində qeyd olunmuş 23 avqust 2023cü il tarixli aktla təkzib olunur. Belə ki həmin aktda müəssisənin müdiri İddiaçı aşkar edilən nöqsanlarla bağlı izahat verməkdən imtina etməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

33. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur.

34. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olduğundan hal-hazırda həmin tənbehin verilməsindən 6 aydan artıq müddət keçdiyindən həmin tənbeh tədbiri artıq qüvvədə deyildir. Bu isə o anlama gəlir ki, hal-hazırda heç bir hüquqi qüvvəsi olmayan əmrin ləğv edilməsi hər hansı hüquqi nəticə doğurmayacaqdır. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.3-cü maddəsinə əsasən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olduğundan birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(075)-153/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(075)-153/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar