Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-661/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi və evin həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rаyоn Məhkəməsinin 10 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı “iddia ərizəsinin evin həyətyanı sahəsinin naturada bölünməsi həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi hissəsində baxılmamış saxlanılması” barədə qərаrdаdındаn iddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Basqal kəndində yerləşən, mərhum (həmin zamanadək faktiki nikah münasibətində olduğu əri) X6 ilə birgə nikah dövründə əldə etdikləri vəsaitlər hesabına tikilmiş yaşayış evinin Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu tarixli 2-48 nömrəli qətnaməsi ilə bölünərək ona ayrılmış, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr olan yaşayış otaqlarından ibarət hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi, həmçinin evin 859,0 kv.m-lik həyətyanı sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsi ilə onun mərhum əri X2 qarşı əmlak bölgüsü və əmlak tələbinə dair iddiası təmin edilmiş, İsmayıllı rayonunun Basqal kəndində yerləşən, birgə nikah dövründə əldə etdikləri vəsaitləri hesabına tikilmiş yaşayış evi üzərində ümumi mülkiyyət hüquqlaqı tanınmışdır. Həmin qətnamə ilə həmçinin evin bölgüsü aparılaraq evin eyvanı arakəsmə ilə iki yerə bölünüb sağ tərəfdən balkondan əlavə giriş qapısı açmaqla sol hissəsinin ümumi sahəsi 60,3 kv.metr bir yaşayış otaqlı olan tərəfi Ağacan Hüseynova, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr iki yaşayış otaqları olan tərəfi ona verilmişdir. Ali Məhkəmənin 09 iyun 1999-cu il tarixli 3d-257 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan qətnamə ilə müəyyən olunur ki, həmin ev İsmayıllı rayonu Basqal kəndində 859,0 kv.metr torpaq sahəsində yerləşir, ev 1980-1982-ci illərdə tikilmiş, rayon XDS-nin İcraiyyə Komitəsinin 19 fevral 1998-ci il tarixli 48 saylı qərarı ilə rəsmiləşdirilmiş, evə pasport və qeydiyyat vəsiqəsi sənədi 1998-ci il iyun ayında tərtib edilmişdir. Evin ilkin qeydiyyatı aparılmış, həmçinin ev inventarlaşdırılmış, evə texniki pasport verilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən olunur ki, evin tikilisinin uzunluğu 19,8 metr, eni 7,9 metrdir, ev yaşayış otağından ibarətdir. Həmin evdə iki ailənin biri-birindən təcrid olunmuş qaydada yaşamaları mümkündür. O, həmin ünvanda yaşayış üzrə pasport qeydiyyatına alınmış və qızı X3 da onunla birlikdə qeydiyyatdadır. Hal-hazırda, o, məhkəmə qətnaməsinə əsasən üzərində hüququ tanınmış evin ona aid olan hissəsi ilə bağlı hüquqlarını qeydiyyata aldırmaq niyyətindədir. Belə ki, evin yeni çıxarışı alınmalıdır. Bunun üçün ərazi reyestr orqanının mühəndisləri tikiliyə və həyətə gələrək ölçmə işləri aparmalıdırlar. Həmçinin, evdən istifadə etmək, yay aylarında evin ona məxsus hissəsinə köçərək orada yaşamaq istəyindədir. Lakin, mərhum ərinin digər qadından olan övladı, hazırki işdə cavabdeh olan X4 və onun oğlan övladı olan Cavabdeh2 Təvəkkül oğlunun evin ona məxsus olan hissəsini zəbt etdikləri və onu evə buraxmadıqları üçün oraya nə gedə, nə də hüquqlarını gerçəkləşdirə bilmir. Hazırda, nə evin ona aid hissəsinin daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi işlərini apara bilir, nə də evin ona aid olan hissəsində yaşaya bilir. Bir sözlə, hal-hazırda sözügedən tikili hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Bu üzdən hüquqlarını məhkəmə qaydasında bərpa etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlər əmlakına qanunsuz sahiblik etdiklərindən əmlakı onların qanunsuz sahibliyindən geri alınmalı, naturada ona təhvil verilməli, əmlakla bağlı mülkiyyət, faktiki sahiblik və qanuni istifadə hüquqları bərpa və təmin olunmalıdır. Məhkəmə qətnaməsi ilə evin tikilisinin bölgüsü həllini tapsa da, həyətyanı sahənin bölgüsü öz əksini tapmamışdır. Bu isə evin tikilisindən istifadə etməyinə əngəllər yaradır. Evin tikilisi bölündüyü kimi, həyətyanı sahəsi də qanunvericiliyə müvafiq qaydada bölünməsini istəyir. Evin həyətyanı torpaq sahəsinin 859,0 kv.metr olduğu məhkəmə qətnaməsində öz əksini tapmışdır. Lakin torpaq sahəsinin naturada bölgüsü həmin məhkəmə qətnaməsində öz əksini tapmamışdır. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə əri Ağacan Hüseynova 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Həmin il, yəni 1998-ci il tarixi birgə nikah dövrü hesab edilmişdir. Bu üzdən həmin torpaq sahəsi də birgə mülkiyyətləri hesab olunur. Əri 2004-cü ildə torpağın mülkiyyətə verilməsinə dair JN-241A nömrəli, 40700016 kodlu şəhadətnamə almışdır. Evin həyətyanı sahəsinin bölünmə imkanı vardır. Hazırda mülkiyyətində olan evin tikili və torpaq sahəsindən ibarət pay hissəsindən istifadə edə bilmir. Payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. Bölgü ilə bağlı onunla cavabdehlər arasında fikir ayrılığı mövcuddur. Məsələni qarşılıqlı razılaşma yolu ilə həll edə bilmir və hüquqlarını məhkəmə qaydasında tanıtdırmaq məcburiyyətində qalmışdır. Hal-hazırda o, öz payını cavabdehlərin payından ayırmaq, payı üzərində ümumi mülkiyyət hüququnu öz adına ayrıca olaraq qeydiyyata aldırmaq niyyətindədir. Fərdi yaşayış evində paylar məlumdur. Buna uyğun olaraq evin həyətyanı sahəsi də ½ nisbəti ilə bölünməlidir. Hal-hazırda cavabdehlər evin həyətində qanunsuz tikinti işləri aparırlar, halbuki buna heç bir hüquqları yoxdur. O, cavabdehlǝrǝ tikinti işləri aparmaqları üçün icazə verməmişdir. Ümumiyyətlə, cavabdehlərin evlə bağlı subyektiv hüquqları yalnız buranın bir hissəsindən - evin Ağacan Hüseynova aid hissəsindən yalnız istifadə hüquqları ilə bağlı mövcud ola bilər. Cavabdehlərin heç vərəsəlik hüquqları da tanınmamışdır. Bu üzdən cavabdehlər evə dair mülkiyyətçiyə məxsus sərəncamverici və sahiblik hüquqlarını həyata keçirə bilməzlər. İsmayıllı rayonu Basqal kəndində yerləşən, mərhum əri Ağacan Hüseynovla birgə nikah dövründə əldə etdikləri vəsaitlər hesabına tikilmiş yaşayış evinin Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu tarixli 2-48 nömrəli qətnaməsi ilə bölünərək ona ayrılmış, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr olan yaşayış otaqlarından ibarət hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik istifadəsinə verilməsi, həmin tikilinin özündə həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi, həmçinin evin 859,0 kv.m.-lik həyətyanı sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının etibarnamə üzrə səahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X6 onun mərhum babasıdır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmǝyə subyektiv hüququ yoxdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının Ağacan Hüseynovla nikahdan kənar münasibətləri olduğu dövrdə birgə vəsaitləri hesabına tikilmişdir və həmin yaşayış evi üzərində pay hüququ vardır. İddiaçı bu faktı təsdiq edən hal kimi, Şamaxı Rayon Məhkəməsinin 7 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsinə və Ali Məhkəmənin 09 iyun 1999-cu il tarixli qərardadına istinad edir. İddiaçı mərhum Ağacan Hüseynovla aralarında olmuş məhkəmə mübahisələrinə dair qəbul edilmiş məhkəmə aktlarına istinad edərkən, əlavə olaraq digər bir məhkəmə qərarının mövcudluğunu unutmuşdur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, "04 Fevral 2000-ci il tarixində iddiaçı X6 tərəfindən verilmiş iddia ərizəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən X6 1988-ci ildə Paqosov Tolikdan 12500 rus rubluna Əlizadə küçəsi 49, m 53 almış və İddiaçı ilə nikahsız yaşamışlar. 1996-cı ildən ayrılmışlar. 1998-ci il tarixində İddiaçı ərizəsinə əsasən İsmayıllı rayonunun Basqal kəndindəki 3 otaqlı evdən pay bölgüsü tələb etmişdir. Aparılan araşdırmalar nəticəsində qarşı tərəfin razılığı əldə olunmuşdur. Belə ki, Zeynalova X5 rayonu Basqal kəndindəki evdən ona düşən paydan, iddiaçı X6 isə Əlizadə küçəsi, ev 49, mənzil 53-dən ona düşən paydan imtina etmişlər. Göründüyü kimi iddiaçı hazırda pay hüququnun olduğunu iddia etdiyi yaşayış evindən ona düşən paydan vaxtilə imtina etmişdir və bu imtina məhkəmə qərarı ilə təsdiq edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 10 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi və evin həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi evin həyətyanı sahəsinin naturada bölünməsi həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi hissəsində baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan iddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı qərardadını ləğv edilməsi xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma və evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi tələbinə dair iddiası İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(037)-71/2023 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddia tələbləri digər hissədə baxılmamış saxlanmışdır. Belə ki, məhkəmənin eyni tarixli eyni nömrəli qərardadı ilə evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi və evin həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi evin həyətyanı sahəsinin naturada bölünməsi, həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi hissəsində baxılmamış saxlanılmışdır. Qərardaddan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilinməsinə dair hüququ qərardadın nəticə hissəsində izah edilmişdir. Qərardad elektron kabinetə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir. Hesab edir ki, qərardad əsaslı və qanuni deyildir, bu üzdən ləğv olunmalıdir. Məhkəmə cavabdehin izahatını və təqdim etdiyi saxta sənədləri sübut kimi qiymətləndirmişdir. Cavabdehin izahatında qeyd etdikləri həqiqətə söykənmir, bunlar yalan fikirlərdir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 0xx-xx/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçı X1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki işə baxılmamışdır. Əslində, məhkəmə cavabdehin bu əməllərinə hüquqi qiymət verməli, xüsusi qərardad çıxarmalı, cavabdehin təqdim etdiyi saxta sənədləri cinayət işi başlanması üçün aidiyyəti orqana göndərməli idi. Lakin bunları etməli olduğu, həmin fikirləri və sənədləri sübutlar sırasında çıxarmalı, yaxud qiymətləndirərək bunlara istinad olunmasının yolverilməzliyini qeyd etməli olduğu halda bunların heç birini etməmişdir. Məhkəmə qətnaməsi ilə evin tikilisinin bölgüsü həllini tapsa da, həyətyanı sahənin bölgüsü öz əksini tapmamışdı. Bu isə evin tikilisindən istifadə etməyimə əngəllər yaradır. Evin tikilisi bölündüyü kimi, həyətyanı sahəsinin də qanunvericiliyə müvafiq qaydada bölünməsini istəyir. Evin həyətyanı torpaq sahəsinin 859,0 kv.metr olduğu məhkəmə qətnaməsində öz əksini tapmışdır. Lakin torpaq sahəsinin naturada bölgüsü həmin məhkəmə qətnaməsində öz əksini tapmamışdır. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə əri Ağacan Hüseynova 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Həmin il, yəni 1998-ci il tarixi birgə nikah dövrü hesab edilmişdir. Bu üzdən həmin torpaq sahəsi də birgə mülkiyyət obyekti hesab olunur. İşin hallarında görünür ki, tikili və torpaq vahid əşya, vahid daşınmaz əmlak obyektidir. Bunları bir-birindən ayırmaq yalnız tərəflərin iradəsi ilə mümkün ola bilər. Tərəflərin belə bir iradələri olmadığı, tikili də məhkəmə qaydası ilə bölündüyü üçün təbii ki, torpaq sahəsi tikilinin tərkib hissəsi olaraq məhkəmə tərəfindən ona aid olan hissədə ayrılıb ona verilməli idi. Lakin bu olunmamışdır. Məhkəmənin gedişində məlum olmuşdur ki,cavabdehlər həmin ünvanla bağlı çıxarışlar almışlar. Hesab edir ki, tikili və torpaq sahəsinin ½ hisssəsinin ona aid olması əsas tutulmaqla, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktının olması əsas tutulmaqla həmin çıxarışlar ləğv edilməli idi, lakin məhkəmə tələbin bu hissəsi üzrə ərizəni baxılmamış saxlamışdır. İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(037)-71/2023 saylı qərardadı ləğv edilməsini, əks təqdirdə bu şikayətin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı Zeynalova X5 rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə mərhum əri Ağacan Hüseynova birgə nikah dövründə 0,06 hektar torpaq sahəsi ayrıldığını, əri 2004-cü ildə torpağın mülkiyyətə verilməsinə dair JN- 241A nömrəli, 40700016 kodlu şəhadətnamə aldığını, evin həyətyanı sahəsinin bölünmə imkanı olduğunu, hazırda mülkiyyətində olan evin tikili və torpaq sahəsindən ibarət pay hissəsindən istifadə edə, payına müstəqil surətdə sərəncam verə və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmədiyini, bölgü ilə bağlı onunla cavabdehlər arasında fikir ayrılığı olduğunu, məsələni qarşılıqlı razılaşma yolu ilə həll edə bilmədiklərini və hüquqlarını məhkəmə qaydasında tanıtdırmaq məcburiyyətində qaldığını, hal-hazırda öz payını cavabdehlərin payından ayırmaq, payı üzərində ümumi mülkiyyət hüququnu öz adına ayrıca olaraq qeydiyyata aldırmaq niyyətində olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş: 16 iyul 1998-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X6 şəxsi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlakını onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq habelə, İsmayıllı rayonunun Basqal kəndində yerləşən yaşayış evini qızı Əlǝskǝrova Sevda Ağacan qızına vəsiyyət etmişdir. JN-241A KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu Basqal kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, X1 adına olan İsmayıllı rayonunun Basqal kəndində yerləşən yaşayış evi İddiaçı ilə birlikdə onların ümumi mülkiyyəti hesab edilsin. Tərəflər arasında ev bölünərkən evin balkonu arakəsmə ilə iki yerə bölünüb sağ tərəfdən balkonundan əlavə giriş qapısı açmaqla sol hissəsinin ümumi sahəsi 60,3 kv.metr bir yaşayış otaqlı inventar dəyəri 25800000 manat olan tərəf X2, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr iki yaşayış otaqları, inventar qiyməti 28200000 manat olan tərəf İddiaçı verilsin. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddianın evin həyətyanı sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi tələbinə aid hissəsində iddiaçının ərinin adına olan və birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirdiyi həyətyanı torpaq sahəsinə dair vəsiyyətnamənin olduğunu, eyni zamanda Ağacan Hüseynovun vərəsələrinin dairəsinin müəyyən edilmədiyini nəzərə alaraq, iddiaçı tərəfindən məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmədən məhkəməyə müraciət edilmişdir. Belə ki, iddiaçı ilk öncə ərinin birinci növbəli vərəsəsi, eyni zamanda vəsiyyətnamə olduğu üçün mirasda məcburi payın müəyyən edilməsi üçün notariat orqanına müraciət etməli, vərəsələrin dairəsi və mirasın ona çatacaq kütləsi və həcmi müəyyənləşdikdən, mübahisəli torpaq sahəsinin ona (birgə nikah dövründə əldə olunmuş əmlak kimi yarısı, yoxsa vərəsə olaraq, eyni zamanda mirasda məcburi pay sahibi olaraq) hansı əsasla verilməsinin rəsmiləşdirilməsindən sonra həmin torpaq sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi barədə tələblə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab etmişdir ki, iddiaçının yuxarıda sadalanan pretenziya hüququ tükənmədiyindən iddia ərizəsi iddianın evin həyətyanı sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi tələbinə aid hissəsində baxılmamış saxlanılmalı və iddiaçıya müvafiq müraciət edildikdən sonra ümumi qaydada həmin tələb ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Əvvala, iş materialları ilə iddiaçının X6 ilə rəsmi nikahda olmaları müəyyən edilmir. Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə X6 faktiki nikah münasibətlərində olmuşlar. Həmin qətnamə ilə bölünən əmlak da tərəflərin faktiki nikah münasibətdə olduqları vaxt əldə etdikləri əmlak kimi Qimətləndirilərək (müəyyən olunaraq) onların ümumi mülkiyyəti hesab edilmişdir. Əksinə, iş materialları ilə X1 X7 ilə xx.xx.1961-ci il tarixdə rəsmi nikah bağladığı təsdiq edilir. Eyni zamanda, iş materiallarında X1 nə vaxt vəfat etdiyi barədə məlumat da yoxdur. Qeyd edilənlərə əsasən, İddiaçı vəfat etmiş “ər”i X1 birinci növbə vərəsəsi olmasından söhbət gedə bilməz. Çünki, Mülki Məcələnin tələblərinə görə, hətta nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. (maddə 1163). İkincisi, Şamaxı Rayon Məhkəməsinin yuxarıda adı çəkilən qətnaməsində mübahisə predmeti olan torpaq sahəsininn hüququ müqəddəratı həll olunmamışdır. Belə olan halda iddiaçı ən yaxşı halda həmin torpaq sahəsinin faktiki nikah münasibətlərində olduğu dövrdə əldə edildiyini mübahisələndirə bilər. Həmin qəbildən olan iddialar üçün MPM-in 259.0.1-ci maddəsi şamil olunmur. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçı Ağacan Hüseynovun birinci növbə vərəsəsi hesab edilsə belə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə sonuncunun digər vərəsələri arasında miras əmlak barəsində mübahisələri var və güman edilir ki, mirasın açılmasından xeyli müddət keçmişdir. Ona görə də, indiki vəziyyətdə iddiaçının hazırkı iddia tələbini qaldırmaqdan əvvəl pretenziya qaydalarına əməl etməsinə lüzum yoxdur. Digər tərəfdən, iddiaçı heç iddia ərizəsində də, özünü “ər”i X1 vərəsəsi kimi göstərməmiş, miras qalmış əmlakdan (istər yaşayış evinin qətnamə ilə Ağacan Hüseynova verilmiş hissəsi, istərsə də evin yerləşdiyi torpaq sahəsi) ona düşən payı tələb etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi hallarına düzgün qiymət verməmiş, iddia tələblərinin evin həyətyanı sahəsinin naturada bölünməsi həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi hissəsində baxılmamış saxlamaqda səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayəti verilə bilən qərardadları göstərilmişdir. Həmin maddədə sadalanan qərardadlar siyahısında «iddianın baxılmamış saxlanılması» barədə qərardad nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 10 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı qərardadı tam, 27 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsindən ötrü İsmayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı qərardadı tam, 27 aprel 2023-cü il tаrixli, 2(037)-71/2023 sаylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-661/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-661/2023
23.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver