Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-661/2025 30.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı, apellyasiya şikayəti vermiş Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsi - iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar) Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları:
İddiaçı 27 avqust 2024-cü ildə Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan, lakin Cavabdeh zəbt edərək yaşadığı Yevlax şəhəri Aeroport qəsəbəsi - Hərbi şəhərcikdə yerləşən 5 otaqlı evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1985-ci ildə anadan olmuşdur. Hazırda Yevlax rayonu Duzdaq kəndində, xalası oğluna məxsus evdə müvəqqəti olaraq yaşayır. Cavabdeh onun keçmiş arvadıdır. Onlar uzun illər ailəli olmuşlar və sonradan cavabdehin ona xəyanət etməsi nəticəsində ayrılmışlar. Bundan sonra o, öz evində-ata-baba yurdunda, yəni Yevlax şəhəri Aeroport qəsəbəsində yerləşən hərbi şəhərcikdə yaşamağa davam etmişdir. Həmin ev 05 fevral 1998-ci ildə onun mərhum atası Nazir İbrahimova verilmişdir. O, cavabdehlə 2007-ci ildə ailə qurmuş və cavabdeh Kamələ Heydərova həmin evə gəlin gəlmişdir. Evin hazırda heç bir sənədi mövcud deyildir. Daha sonra Cavabdeh Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki işə Yevlax Rayon Məhkəməsində baxılan vaxtda, yəni artıq bir neçə məhkəmə iclası keçirildikdən sonra Cavabdeh öz vəkilinin göstərişi və diqtəsi ilə hələ məhkəmə qərar çıxarılmamış evə gedərək, balta ilə qapını sındırmış və evə daxil olaraq orada yaşamağa başlamışdır. Bundan sonra Kamələ Heydərova məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə verərək həmin hissəni, yəni evə köçürməni öz ərizəsindən çıxarmışdır. Ona görə də, məhkəmə yekun qətnamə çıxararkən həmin hissəyə münasibət bildirməmişdir. Bundan sonar isə Cavabdeh onu 1998-ci ildən yaşadığı evinə buraxmamış, onu polisə verəcəyi ilə hədələmiş, o, da qorxduğu üçün cavabdeh evə girdiyi gündən sonra öz evinə gedə bilməmişdir. Həmin vaxtdan etibarən Yevlax rayonu Duzdaq kəndində xalası oğluna məxsus olan evdə yaşayır. Lakin artıq orada da uzun müddət yaşaya bilmir. O, evinə qayıtmaq, öz evində yaşamaq istəyir. Həmin ev 1998-ci ildə atasına verildikdən sonra o, fasiləsiz olaraq həmin evdə yaşamışdır. Ev ona məxsusdur, Çıxarışı olmasa da, ev onun mülküdür, həmçinin onun həmin evə istifadə hüququ vardır. Həmin ev 5 otaqlıdır, həm cavabdehin, həm də onun yaşamağı üçün ayrıca otaqları və şərait vardır.
2. Birinci instansiya məhkəməsində icraat:
Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” barədə iddia tələbi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki, İddiaçı cavabdeh İbrahimova (Heydərova) Kəmalə Səfər qızının yaşadığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin balansında olan Yevlax rayonu Aeroport qəsəbəsi hərbi şəhərcikdə yerləşən 5 otaqlı evə köçürülsün (hakim Qalib Paşayev). Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)2223/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, İddiaçı ilə cavabdeh X6 arasında Yevlax rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 04 aprel 2009-cu il tarixli nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 cavabdeh X1 himayəsində saxlanılması, İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 150 manat məbləğində alimentin alınıb X2 verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 390 saylı məktubdan görünür ki, Yevlax rayonu Aeroport qəsəbəsi hərbi şəhərcikdə yerləşən ev hərbi hissənin balansındadır. İddiaçı həmin hərbi şəhərcikdə yaşayan sakinlərin dediklərinə əsasən anası, bacıları və qardaşları ilə 1998-ci ildən həmin mənzildə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddaçı İddiaçı ilə X7 faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Aralarında olan narazılıqlara görə tərəflər arasında olan nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı 1998-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin balansında olan Yevlax rayonu Aeroport qəsəbəsi hərbi şəhərcikdə yerləşən evdə yaşamış, 2022-ci ildə isə İbrahimova (Heydərova) Kəmalə Səfər qızı həmin evə qayıdaraq, həmin tarixdən iddiaçıya həmin evdə yaşamağa imkan verməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbin müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İbrahimova (Heydərova) Kamalə Səfər qızı isə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı ilə 2007-ci ildə evlənmişlər və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin balansında olan Yevlax rayonu Aeroport qəsəbəsi hərbi şəhərcikdə yerləşən 5 otaqlı evə gəlin gələrək orada yaşamışdır, aralarında olan narazılıqlara görə iddiaçı ilə ayrılmışlar və Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur, iddiaçı həmin evdən çıxaraq özünə ev almış, lakin həmin evi öz adına rəsmiləşdirməmişdir, nikahları pozulduqdan sonra o (cavabdeh) isə 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin balansında olan Yevlax rayonu Aeroport qəsəbəsi hərbi şəhərcikdə yerləşən 5 otaqlı mənzilə qayıdaraq, orada yaşamağa başlamışdır və iddiaçının isə qayıdıb həmin mənzildə yaşamasına razı deyildir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0.2, 48.1, 50, 59.1, 68, 69 və 70-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) Nümayəndə imzalamışdır), Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2250/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan, heç bir hüquqi və statusu olmayan sənədsiz bir evə əsassız köçürməni təmin etmişdi. Belə ki, iddiaçı onun keçmiş əridir. Onlar 2007-ci ildə evlənmiş və evləndikdən sonra Müdafiə Nazirliyi N saylı hərbi hissənin balansında olan hərbi şəhərcikdə yaşamışlar. Onların nikahı Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra iddiaçı həmin evdən çıxaraq kənddə özünə ev almış, yeni ailə qurduğu qadınla həmin evdə yaşamaqdadır. İşdən də göründüyü kimi, qeyd olunan mənzil N saylı hərbi hissənindir. Həmin hərbi hissədəki bu mənzil heç bir qeydiyyatı olmayan zabit və gizirlər üçün nəzərdə tutulan bir ev olub. İddiaçı 3 ildir ki, yeni ailə qurması ilə əlaqədar başqa evdə yaşayır. Özünə fərdi yaşayış evi tikdirmişdir. İndi iddiaçının nə istədiyini başa düşmür. İddiaçı onun dincliyini pozur. Bir müddət isə onu pis döydüyündən, o, xəstəxana şəraitinə düşmüş və birgə yaşamalarının qeyri-mümkünlüyü müəyyən edilmişdir. İddiaçının heç bir statusu olmayan bir evə köçürülməsi ədalətsizlikdir. Məhkəmə onu hansı evə köçürüb? Aeoroport qəsəbəsində hərbi şəhərcikdə yerləşən 5 otaqlı evə köçürülməsi qeyd edilir. Məhkəmədən xahiş edir ki, mülkiyyətçi N saylı hərbi hissənin bir tərəf olaraq məhkəmədə iştirakı təmin edilsin. Bu iş üçün xüsusi önəm daşıyır. Onlar heç vaxt razı olmaz ki, kifayət qədər evi olan və 3 ilə yaxın bir müddətdə hazırkı mübahisəli evdə yaşamayan bu şəxs evə köçürülsün. İşdə evin nə statusu mövcuddur, nə də həmin evə dair hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyil. N saylı hərbi hissə özü belə hüquqi şəxs deyil. Burada hüquqi şəxs Müdafiə Nazirliyidir. Mülkiyyətçi Müdafiə Nazirliyidirsə, mülkiyyətçi işdə cavabdeh qismində prosesə cəlb olunmayıb. Halbuki, həmin mübahisəli mənzilin faktiki olaraq mülkiyyətçisi o, deyildir. Ona qarşı iddianın qaldırılması prosessual pozuntudur. Mənzilin mülkiyyətçisindən soruşan yoxdur ki, ən əvvəl həmin mənzilin ona məxsusluğu müəyyən olunsun. Sonra isə mövqeyi öyrənilsin. Əgər tərəf Müdafiə Nazirliyidirsə, onda aidiyyat qaydaları pozulmuşdur. Çünki iddia cavabdehin qeydiyyatda olduğu ünvana münasibətdə verilməlidir. Əgər ona münasibətdə verilibsə, o, evin mülkiyyətçisi deyildir. Bu evin ona münasibətdə heç bir statusu mövcud deyil. Bütün bunlar qanunvericiliyin tələbinin pozulmasıdır. Məhkəmə tərəfindən N saylı hərbi hissəni və ya Müdafiə Nazirliyini cavabdeh qismində işə cəlb etmədən, mübahisələndirilən evin hüquqi statusu müəyyən edilmədən, mübahisələndirilən evin hansı orqanın mülkiyyəti olması rəsmi sənədlərlə aydınlaşdırılmadın, işdə mülkiyyətçi kimdirsə, mübahisəli evə iddiaçının köçürülüb-köçürülməməyi öyrənilmədən və iddiaçının hazırkıi yaşadığı evin olması, bu səbəbdəndə hazırda evin tikdirdiyi evin icra nümayəndəsinə və bələdiyyəsinə iddiaçının yaşaması və həmin əmlakı onun tərəfindən tikdirilməsi, habelə həmin ev yaşayış vəziyyətində olub-olmaması müəyyən edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları mülkiyyətçinin kimliyini, mübahisəli mənzilin statusunu, habelə aidiyyatı müəyyən etməmişdi. 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına İddiaçı, apellyasiya şikayəti vermiş Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə gəlmişlər. Lakin, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin nümayəndələri isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş Cavabdeh Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İddiaçı “evə köçürülmə” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2250/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş cavabdehin nümayəndəsi Nümayəndə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2250/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – köçürülməsini tələb etdiyi 5 otaqlı və yaşayış üçün bütün şəraiti olan evin keçmişdə hərbçi olmuş atasına 1998-ci ildə verilməsi və onun da uşaqlıqdan digər ailə üzvləri ilə birlikdə həmin evdə yaşaması, evin bütün kommunal ödənişlər üzrə hesabların atasının adına olması, 2007-ci ildə Cavabdeh ilə evlənərkən sonuncunun da həmin evə gəlin gəlməsi, onun cavabdehlə və uşaqları ilə birlikdə həmin evdə yaşaması, valideynləri vəfat etdikdən sonra isə evdə yalnız onun ailəsinin yaşaması, onun başqa evinin olmaması, hissə-hissə təmir və yenidənqurma işləri apararaq həmin evin yaşayış şəraitini daha da yaxşılaşdırması, 2022-ci ildə boşanarkən cavabdeh evdən getsə də, 2023-cü ildə qapını sındırıb evə girməsi və bundan sonra isə 1998-ci ildən yaşadığı həmin evdə onun yaşamasına cavabdehin imkan verməməsi ilə əsaslandırdı.
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2250/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdehin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, xx xxxxxxx 1985-ci il təvəllüdlü İddiaçı 1998-ci ildən etibarən valideynləri ilə birlikdə Yevlax rayonu Aeroport qəsəbəsi “hərbi şəhərcik”də yerləşən 5 otaqlı evdə yaşamış və 2007-ci ildə faktiki nikah münasibətinə girməklə evləndiyi Cavabdeh da həmin evə gəlin gətirmişdir. İddiaçı valedeynləri vəfat etdikdən sonra da cavabdeh və iki uşağı ilə birlikdə həmin evdə yaşamışdır. Evin hüquq müəyyənedici sənədləri olmasa da, evin kommunal hesabları iddiaçının mərhum atasının, daha sonra isə qardaşının adına rəsmiləşdirilmişdir. Lakin, 2022-ci ildə tərəflərin ailə münasibətləri pozulmuş və onlar boşanmışlar. 2022-ci ildə boşanarkən cavabdeh evdən çıxs da, 2023cü ilin aprel ayında cavabdeh həmin evə qayıdaraq orada yaşamağa başlamış və iddiaçının isə həmin evdə yaşamasına icazə verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, Cavabdeh hal-hazırda iddiaçı ilə evlənərkən gəlin kimi köçdüyü beş otaqlı evdə yaşasa da, 1998-ci ildən həmin evdə yaşamış keçmiş əri - İddiaçı 2023-cü ildən etibarən həmin evə buraxmır və hal-hazırda da sonuncunun həmin evdə yaşamasına icazə vermir. Yəni, iddiaçının 1998-ci ildən valedeynləri ilə birlikdə yaşamış olduğu mübahisəli evdə yaşamasına məhz Cavabdeh mane olur və buna görə də, iddiaçı hazırkı “evə köçürülmə” tələbi barədə iddia ərizəsini cavabdeh qismində ona qarşı vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2250/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.