Məhkəmə qərarları › İş №2(107)-669/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-669/2025

12.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-669/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X1, X4, X5 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması, ləğv) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X1, X4, X5 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 saylı qərardadından iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdehlər Cavabdeh, üçüncü şəxslər X6, X1, X4, X5 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməyən 23035.93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Ağsu rayonu, Kəndoba Ə/D, Abasxanlı kəndində yerləşən, JN0029, KOD40910058 nömrəli Dövlət Aktına əsasən X6 və onun ailə üzvləri olan X1, X4, X9, Cavabdeh ümumi birgə mülkiyyətində olan 3,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh payının ayrılaraq naturada müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 23280.99 manat borcuna görə əmlakı (Ağsu rayonu, Kəndoba Ə/D, Abasxanlı kəndində yerləşən, JN0029, KOD40910058 nömrəli Dövlət Aktına əsasən X6 və onun ailə üzvləri olan X2, X4, X9, Cavabdeh ümumi birgə mülkiyyətində olan 3,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 450.00 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin barəsində xx.xx.2023-cü il tarixdə **********2 saylı “Əmlakın siyahıya alınması haqqında” Qərar açılmış, lakin vergi ödəyicisinin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən başqa siyahıya alınmalı əmlakı müəyyən edilməmişdir. Bununla bağlı vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 23035,93 manat ödənilməmiş borcu qalmışdır. Hal-hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən cavabdehin vergi borcuna görə siyahıya alınmış cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi ilə bağlı verilən iddia ərizələri məhkəmə tərəfindən təmin olunmur. Belə ki, digər vergi ödəyiciləri ilə bağlı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin satışı üzrə verilmiş iddia ərizələri məhkəmə tərəfindən mümkün sayılmamış, həmin qərardadlardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir (həmin məhkəmə qərardadları məlumat üçün iddia ərizəsinə əlavə edilmişdir). Yuxarıda qeyd olunan səbəbdən X6 və onun ailə üzvlərinə məxsus ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən Cavabdeh payının ayrılması, həmin payın vergi orqanı tərəfindən yenidən qiymətləndirilərək siyahıya alınması və təkrar inzibati məhkəməyə siyahıya alınmış əmlakın satılması üçün müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixli, **********4 saylı Protokol tərtib edilərkən Cavabdeh mülkiyyətində başqa daşınar və ya daşınmaz əmlak, bank hesabında pul vəsaiti olmadığından 4 saylı Ərazi Vergi İdarəsi tərəfindən cavabdehin vergi borcuna görə X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi siyahıya alınmışdır (Müvafiq akt iddia ərizəsinə əlavə olunur). Onu da qeyd etmək zəruridir ki, Cavabdeh bank hesabına da vergi borcunun ödənilməsi ilə bağlı sərəncam qoyulmuş, lakin bank hesabı aktiv olmadığından sərəncam icra olunmamışdır. Hazırkı vəziyyətdə Cavabdeh vergi borcunun tutulması üçün siyahıya alınmış əmlakın satılması mümkün deyil. Bu səbəbdən də cavabdehə məxsus payın naturada ayrılması üçün Ağsu Rayon Məhkəməsinə müraciət olunmuşdur. Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 nömrəli qərardadına əsasən iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh, üçüncü şəxslər X6, X1, X4, X5 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 nömrəli qərardadının ləğv edilməsi və mülki işin icraatının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(016)-248/2025 nömrəli qərardadı ilə, şikayətin təmin olunmaması və baxılması üçün işlə birlikdə 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 220.1, 220.2, 220.3, 223.2, 224.1, 224.2, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçı cavabdehin yaranmış vergi borcuna görə onun ümumi birgə mülkiyyətdəki əmlakdan payının müəyyən edilərək həmin paya tutmanın yönəldilməsi üçün payın ayrılmasını tələb etsə də hazırda vergi borcuna görə tərəflər arasında hər hansı məhkəmə aktının, məhkəmə mübahisəsinin, hətta cavabdehdən borcun tutulmasına dair icra sənədinin mövcud olmaması, cavabdehin isə sözügedən borc məbləğini mübahisələndirməsi, onunla razılaşmaması, iddiaçı təşkilata bununla bağlı şikayət ünvanlaması, göründüyü kimi hazırda cavabdehin vergi borcuna dair mübahisə mövcud olması və ümumi məhkəmənin həmin vergi borcuna dair mübahisəni araşdırmaq səlahiyyəti də mövcud olmaması, iddiaçının MM-in 224.1-ci maddəsinə uyğun olaraq tələbin təmin edilməsi və onun cavabdehin kreditoru hesab olunması üçün icra sənədinin mövcudluğunun zəruri olması, ona görə də hazırki halda iddiaçının tələbinin təmin edilməsinin mümkün olmaması, cavabdehin iddiaçıya olan cəmi vergi borcunun məbləği ilə bağlı mübahisə olduğundan həmin borc məbləği dəqiq müəyyənləşdirilmədən, MM-in 224.1-ci maddəsinin məzmununa uyğun olaraq iddiaçının tələblə çıxış etməsi üçün şərt kimi müəyyən edilmiş “birgə mülkiyyət mülkiyyətçinin başqa əmlakı kifayət etmədikdə” şərtinin də mövcudluğunu müəyyən etməyin mümkün olmaması, borcun məbləği barəsində mübahisə olduğu təqdirdə cavabdehin hansı məbləği ödəyə bilməsi üçün başqa əmlakının kifayət edib-etməməsini aydınlaşdırmağın qeyri-mümkün olması dəlillərinə münasibətdə qeyd edilir ki, analoji işlərlə bağlı məhkəmə təcrübəsi formalaşmış, inzibati məhkəmələr tərəfindən oxşar işlər qeyri-mümkün sayılaraq geri qaytarılmışdır. Cavabdeh vergi borcuna görə onun mülkiyyətində başqa daşınar yaxud daşınmaz əmlak olmadığına görə cavabdeh və onun ailə üzvlərinə məxsus ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi siyahıya alınmışdır. Həmçinin cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə şikayət verilsə də şikayətin məzmununda Cavabdeh barəsində qəbul edilmiş hansı qərardan narazı olması və şikayət etməsi müəyyən olunmur. Qeyd olunan şikayət üzrə inzibati işin icraatına xitam verilməsi barədə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin 05 mart 2025-ci il tarixli Qərarı qəbul edilmişdir. Xitam səbəbi kimi cavabdehin eyni zamanda inzibati məhkəməyə müraciət etməsi olmuşdur (müvafiq sənədlər şikayətə əlavə edilir) Qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsini şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır”. Lakin Ağsu Rayon Məhkəməsi mülki işi dayandırılmalı olduğu halda mülki işin dəlillərinə mahiyyəti üzrə baxıb qiymət versə də, sonda qətnamə deyil, qərardad qəbul edərək işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması nəticəsinə gəlmişdir. Bununla da, olduqca kobud pozuntuya yol vermişdir. Əlavə edir ki, Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edilərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayrılır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincəyə qədər işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4 maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılmasıməhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.” deyə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin Ağsu Rayon Məhkəməsi onlara hər hansı əlavə sübut təqdim etməyi bildirməmiş, hətta elektron məhkəmə kabinetində belə mülki iş barədə məlumatları, məhkəmə bildirişləri, məhkəmə qərardadı elektron kabinetlərində görünməmişdir. Texniki nasazlıq müraciətləri əsasında məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə aradan qaldırılmışdır. Məhkəmənin qərardadı isə, xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə ünvanlarına daxil olduqdan sonra məlumatlı olmuş və hazırki şikayəti hazırlamışlar. Odur ki, Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 saylı qərardadının ləğv edilməsini və mülki işin icraatının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 35.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarını tənzimləyən normalarına müvafiq olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qərar: “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 nömrəli qərardadının ləğv olunması və mülki işin icraatının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə kollegiya Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)- 248/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 nömrəli qərardadı ləğv edilərək, iş yenidən araşdırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi hüquqi şəxs, Cavabdeh isə fərdi sahibkarlıq statusuna malik olan şəxsdir (VÖEN **********). Belə ki, vergi ödəyicisi olan (cavabdeh) Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən iddiaçı vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 23280.99 manat borcuna görə əmlakı (Ağsu rayonu, Kəndoba Ə/D, Abasxanlı kəndində yerləşən, JN0029, KOD40910058 nömrəli Dövlət Aktına əsasən X6 və onun ailə üzvləri olan X2, X4, X9, Cavabdeh ümumi birgə mülkiyyətində olan 3,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********4 saylı Protokol tərtib edilmişdir. Kollegiya hesab edir ki, hazırki halda, mübahisə tərəfləri hüquqi şəxs və fərdi sahibkardan ibarət olmaqla mübahisənin də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işə baxan birinci instansiya məhkəməsinin diqqətindən yayınmış və hazırkı mübahisənin kommersiya xarakterli mübahisə olub-olmaması yoxlanmamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tələb məhz Cavabdeh kommersiya fəaliyyətindən irəli gələn münasibət olub-olmaması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmamış, əgər kommersiya fəaliyyətindən irəli gələn münasibətdirsə hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olması məsələsi müzakirə olunmamışdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 44.2.2-ci maddəsinə görə məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Göründüyü kimi, qanunvericilik qərardaddan şikayətə baxan apellyasiya məhkəməsinə işi aidiyyəti üzrə göndərmək səlahiyyəti vermədiyindən Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 nömrəli qərardadı ləğv edilərək iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalı və məhkəmə aidiyyəti məsələsi həmin məhkəmə tərəfindən həll edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(016)-248/2025 nömrəli qərardadı ləğv edilsin və məhkəmə aidiyyəti məsələsi yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar