Məhkəmə qərarları › İş №2(107)-67/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-67/2020

27.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-67/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-396/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-396/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Seriya RX № ******* saylı çıxarış əsasında Zaqatala şəhəri, Vaqif küçəsi, 59 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, sözügedən mənzil valideynlərinin vəfatından sonra miras qalmışdır. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-396/2019 saylı qətnаməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-396/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Dadaşov X2 şəhəri Vaqif küçəsi 59 saylı evdən qeydiyyatdan çıxmamaqla mülkiyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət reyestrindən verilmiş xx xxxx 2016-cı il tarixli ******* RX seriyalı çıxarışa əsasən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh yaşayış yeri başqa olsa da, sonuncu mübahisəli evdə olan pasport qeydiyyatındadır. Bu səbəbdən də iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka ( əşyaya ) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yəni, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, hüququn tətbiqində və müvafiq hüquq normasının təfsirində ciddi səhvə yol verməsi, müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyətli halları həmin hallara aid olmayan sübutlarla təsdiq etməsi, bir sözlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarından irəli gələn tələblərə riayət etməməsi, mülki qanunvericiliyin müvafiq maddələrinin tətbiqi və təfsirində ciddi səhvlərə yol verməsi düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, Mülki Məcələnin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Zaqatala şəhəri, Vaqif küçəsi, 59 saylı ünvanda yerləşən fərdi yaşayış evində deyil başqa bir ünvanda yaşayır. Onun həmin ünvanda qeydiyyatda olması həmin fərdi yaşayış evindən istifadə hüququnun olduğu anlamışna gəlmir. Bundan əlavə cavabdehin həmin evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir ki, iş materiallarında belə bir qeydin olduğunu təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin istifadə hüququnun əmələ gəlməsi ilə bağlı cavabdehin iddiaçı (mülkiyyətçi) ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma da mövcud deyildir. Bundan əlavə iş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı, üçüncü şəxslər Zaqatala Rayonu 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasi Əmlak Məsələləri ̇Dövlət Komitəsinin yanında Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 18 X1rşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-700/2019 nömrəliqətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı Cavabdeh Zaqatala rayon 2 saylı X4 Notariusu tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-700/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-700/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi cavabdehin gələcəkdə də iddiaçının mülkiyyət hüquqlarına xələl gətirmək perspektivi yoxdur. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun yaranmasına zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, apellyatorlar artıq uzun illərdir yaşadıqları yeni ünvanlar üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Bütün bu halların məcmusu isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Göründüyü kimi cavabdehin mübahisəli evə istifadə hüququ mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, şəxsin istifadə hüququ olduğu halda onun istifadə hüququna xitam verilə bilər. Hazırkı halda isə cavabdehin istifadə hququ olmadığından iddia təmin edilə bilməz. Eyni zamanda, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, cavabdeh həmin mənzildə pasport qeydiyyatında olmaqda davam edir və onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşısa da, hər bir halda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında olması məsələsinə də hüquqi qiymət verilməli və hazırki qətnamə onun mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-396/2019 saylıqətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-396/2019 saylıqətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-396/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Cavabdeh ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar