Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-67/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı nümayəndəsi X4 və vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “cavabdehlərin evdən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ev onun xüsusi mülkiyyətində olmuş, buna dair onun adına 27.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər onun evini zəbt edərək, sökmüş, evini hissələrə ayırmaqla satmışlar. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır, hazırda cəza çəkmə müəssisəsində cəza çəkir, əvvəllər ünvan 1 ünvanda iddiaçıya məxsus ev olmuşdur, buna dair iddiaçı 1992-ci ildə adına qeydiyyat vəsiqəsi də almışdır, 1994-cü ildə iddiaçının qardaşı, cavabdehlərin atası (həyat yoldaşı) mərhum Paşa həmin evi sökərək yerində özünə ev tikmiş və həmin vaxtdan da ailəsi ilə birlikdə orada yaşayırlar. Hesab edirlər ki, Paşa 1994-cü ildə həmin evi sökərək yerində özünə ev tikdiyindən evə görə onlara dəymiş ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X5 da iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı onun qayınıdır, qaynı uzun illərdir ki, narkotik aludəçisidir, mübahisəli ünvanda illər əvvəl köhnə balaca tikili olmuş, mərhum həyat yoldaşı 1994-cü ildə iddiaçı ilə aralarındakı danışığa-razılığa əsasən həmin tikilini sökərək həmin tikilinin yerləşdiyi torpaq sahəsində, hazırda onların yaşadığı ikimərtəbəli 2 saylı evi tikmiş, həmin vaxtdan da onlar ailəliklə həmin evdə yaşamışlar, evin çıxarışı da həyat yoldaşının adınadır. Elə həmin illərdə sökülmüş köhnə evinin əvəzinə Paşa iddiaçıya Yevlax şəhərində şəhid Heydər Əliyev küçəsində binadan 2 otaqlı mənzil almış, iddiaçı ailəsi ilə birlikdə uzun illər orada yaşamış, sonradan həmin mənzili sataraq Bakı şəhərinə köçmüşlər, hazırda iddiaçıcəza çəkmə müəssisəsində cəza çəkməkdədir. Həyat yoldaşı Paşa sağ olan zaman onların münasibəti yaxşı olmuş, Paşa bir qardaş kimi həmişə həm maddi, həm də mənəvi cəhətdən iddiaçıya dayaq olmuş, Paşa rəhmətə gedəndən sonra iddiaçı fürsətdən istifadə etməyə başlayaraq, onlardan pul almaq üçün hazırkı əsassız iddianı qaldırmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər Cavabdeh3 da anası-Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi S.Kərimov izahatında göstərmişdir ki, onlarda olan sənədlərə əsasən və araşdırmalarla müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanda əvvəlcə olan ev sökülmüş, sonradan yerində yeni ev tikilmiş və İdarə tərəfindən həmin evə dair çıxarış yeni evi tikmiş X10 adına verilmişdir. Göstərilənlərə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Birinci instansiya məhkəməsinə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsinin dəlilləri ilə və nümayəndəsinin və vəkilinin birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatların dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Çıxarılmış qətnamə qanunun tələbləri pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Hesab edir ki, məhkəmə həmin qətnaməni qəbul edərkən ədalətli olmamışdır. Belə ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1 -ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə proseslərində cavabdehlər ona məxsus olan evi sökdürərək satılmasını etiraf etmişlər. İşin materiallarında onun adına olan evin çıxarışı təqdim edilib. Cavabdehlər həmin çıxarış üzrə evi sökərək tamamilə yox ediblər. Evin texniki pasportu var. Həmin texniki pasportda evin mövcud forması, evin sxemi və koordinatları vardır. Həmin ev sökülərək başqa yerdə tikilmiş, sonra isə yenidən tikilmiş ev də sökülərək onların həmin evə girməmələri üçün tamamilə satılmışdır. O, vurulan ziyanla bağlı müvafiq ekspertizanın keçirilməsini istəmişdir. Məhkəmə vermiş olduğu vəsatətlərinin birini belə təmin etməmişdir. Onun əmlakı onun razılığı və icazəsi olmadan sökülüb, tamamilə satılmışdır. Həyətdə iki fərdi yaşayış evi var. Onun evi və ona aid torpaq sahəsinin cavabdehlərə heç bir aidıyyatı yoxdur. Bütün bunları məhkəmə yerində evinə baxmaqla aydınlaşdıra bilərdi. Ona aid olan çıxarışın döngə və nöqtələrinin cavabdehlərlə heç bir bağlılığı yoxdur. Qeyd etdiyi halları yerli məhkəməyə vermiş oİduğu vəsatətlərinin biri təmin edilsəydi, müəyyən etmək mümkün idi. Çünki evin konkret yeri, bu gün də cavabdehlərə aid deyil. Məsələ ondan ibarətdir ki. cavabdehlər onun evini sökərək başqa bir ev tikib. Bu tikilən evin də qardaşı X10 adında olan evlə heç bir bağlılığı yox idi. Həmin evdə o və ailəsi yaşayırdılar. O, tutulandan sonra isə bu evi də sökərək üzərində bir daş belə qoymamışlar. Nəticə etibarilə bütün bunlar onların evdən çıxarılmalarına hesablanmışdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X9 və vəkili X5, məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək, appellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasında izahat verərək appellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2 lazımı qaydada məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə kollegiyasının gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsi ləğv edilməli; iş üzrə yeni qətnamə qəbul edilməli; İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə iddiası qismən təmin edilməli; cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 16960,73 manat dəymiş ziyana görə,190 manat hü quqi xidmətə görə vəkilə ödənmiş pul və 30 manat dövlət rüsumu 24 avqust 2019-cu ildə ölmüş X7 miras qalmış və cavabdehlər tərəfindən qəbul edilmiş Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kvm yaşayış, 156,48 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və qəbul edilmiş digər miras əmlaklar hesabına alınaraq İddiaçı verilməli; iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməyi qət edərkən 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəlləsinin 73, 76, 77 və 82-ci maddələrinə istinad etmişdir. Həmin Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Birinci instansiya məhkəməsi proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarından müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda 1954cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26,5 kv.m., ümumi sahəsi 45,5 kv.m.dən ibarət yaşayış evi 16.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən (mərhum əri X2 qanun üzrə vərəsəsi kimi) X3 məxsus olmuş, 23.01.1992-ci il tarixdə onun tərəfindən İddiaçı satılmış, 27.01.1992-ci il tarixdə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmiş, 29.03.2009-cu il tarixdə ünvan 2 ünvanda ikimərtəbəli, 8 otaqlı 217,28 kv.m. yaşayış, 156,48 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair X10 adına çıxarış verilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, buna (məhv olmuş daşınmaz əmlakla bağlı) dair müvafiq rəsmiləşdirmələr aparılmasa da, ünvan 1 ünvanda bir otaqlı ev 1994-cü ildə sökülərək yerində X10 adına verilmiş sənədlərdə (çıxarışda) göstərilmiş fərdi yaşayış evi tikilmişdir. Məhkəmə araşdırmaları zamanı isə müəyyən edilmişdir ki, mübahisəli ünvanda faktiki olaraq hazırda iddiaçıya məxsus olan hər hansı fərdi yaşayış evi mövcud deyildir. İddiaçı tərəf isə 1994-cü ildən iddiaçıya məxsus evin söküldüyünü təsdiq etsə də, həmin vaxtdan indiyə qədər məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan şəkildə izah edə-əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia əsassız olduğundan, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən hazırkı iddia ilə bağlı tələb hüququ üzrə iddia müddəti ötürüldüyündən onun iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda 450 kvm torpaq sahəsində 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26,5 kv.m., ümumi sahəsi 45,5 kv.m.-dən ibarət yaşayış evi 16.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən (mərhum əri X2 qanun üzrə vərəsəsi kimi) X3 məxsus olmuş, 23.01.1992-ci il tarixdə onun tərəfindən İddiaçı 25000 manata satılmış, 27.01.1992-ci il tarixdə həmin evə dair İddiaçı adına qeydiyyat vəsiqəsi verilmişdir. 1243 nömrəli “torpaq qeydi”nə əsasən, Yevlax şəhəri, Nəbati küçəsindəki 374 kvm torpaq sahəsində yerləşən 18 nömrəli ev X8 məxsus olmuşdur. X12 20 yanvar 1993-cü ildə ölmüşdür. 2001-ci ildə X13 verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 450 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 351,89 kvm, yaşayış sahəsi 195.41 kvm, köməkçi sahəsi 156,48 kvm olan 8 otaqlı ev miras qalmışdır. 3046A nömrəli 07 noyabr 2001-ci ildə verilmiş “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 2 ünvandakı 8 otaqdan ibarət yaşayış evi X11 adına qeydə alınmışdır. Yevlax RAİK-nin 17 fevral 2006-cı il tarixli qərarı ilə verilmiş JN-3618A kod 90101002 olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Yevlax şəhər sakini X13 ailə üzvləri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə 0,05 hektar torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin üzərində yaşayış sahəsi 65,5 kvm olan ev mövcud olmuşdur. “Kür” qəzetində 16 mart 2009-cu ildə dərc olunmuş “etibarsız sayılır” başlıqlı xəbərdə “Yevlax şəhəri, Əli Bayramov küçəsi 2 nömrəli fərdi yaşayış evinin X13 məxsus olduğunu bildirən 01.11.2001-ci il tarixdə 3046A reyestr nömrəsi ilə qeydə alınaraq verilmiş vəsiqə itdiyi üçün etibarsız sayılır” məzmunlu məlumat verilmişdir. Seriya MH Nömrə ******* olan çıxarışdan görünür ki, Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kvm yaşayış, 156,48 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına 29.03.2009-cu ildə qeydə alınmışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tamamilə rədd edərkən evin sökülməsi nəticəsində dəymiş ziyanla bağlı tələbi də tam təmin etməməkdə və hüquqi yardıma görə ödənilmiş 190 manat tələbini də təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 4 nömrəli ünvanda mövcud olmuş və X17 tərəfindən sökülmüş ev İddiaçı mülkiyyətində olmuşdur. Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 2 nömrəli ünvanda olan 8 otaqlı ev X13 20 yanvar 1993-cü ildə ölmüş ataları X6 miras əmlak kimi vərəsəlik qaydasında keçmişdir. Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 4 nömrəli ünvanda olan evin 24 avqust 2019-cu ildə ölmüş X17 tərəfindən sökülməsi, sonuncunun ölən günədək iddiasçı ilə yaxşı münasibətdə olması, ona konkret olmayan maddi yardım göstərməsi, sökülmüş evlə bağlı iddiaçıya dəymiş ziyanın aradan qaldırılmasına real hərəkətlər etməklə köməklik etməsinə işarələr verməsi işin mübahisə edilməyən hallarındandır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddia müddətinin ötməsinə, eyni zamanda iddianın əsaslı olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə əsaslı iddianı iddia müddəti keçdiyi halda iddia müddəti tətbiq etməklə rədd etməkdə haqlıdır. Əsassız iddiaya gəlincə isə iddia tələbinin qanuni əsası olmamasına istinad edilməklə iddia rədd edilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hər iki hala istinad etməklə gəldiyi nəticəsi düzgün deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci mаddəsinə əsasən. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 1994-cü ildə yarandığından mübahisənin həllinə 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin maddələri tətbiq edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, Vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 452-ci maddəsinə görə, birlikdə ziyan vuran şəxslər, ziyan çəkən qarşısında birlikdə məs`uliyyət daşıyırlar. Həmin Məcəllənin 454-cü maddəsinə görə, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi, ziyanı ödəməyi qət edərkən işin hallarından asılı olaraq, ziyanı ödəmək üçün məs`ul olan şəxsi, dəymiş ziyanı eyni ilə ödəməyə (həmin keyfiyyət və növdə olan əşyanı verməyə, zədələnmiş əşyanı düzəltməyə və s.) və ya vurulmuş zərəri tamam ödəməyə məcbur edə bilər. Həmin Məcəllənin 81-ci maddəsinə görə, Tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcu e`tiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Kollegiya qeyd edir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Hazırki iş üzrə tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, 24 avqust 2019-cu ildə ölmüş cavabdeh X17 borcunu etiraf edən konkret hərəkətlər etmişdir ki, onun nəticəsi olaraq İddiaçı ona qarşı öldüyü vaxta qədər iddia ilə məhkəməyə müraciət etməmişdir. cavabdeh X17 24 avqust 2019-cu ildə ölməsi ilə vərəsəlik açılmış, X7 miras qalmış əmlaklar, o cümlədən Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kvm yaşayış, 156,48 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi miras əmlak kimi cavabdehlər - Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırki iş məhkəmə kollegiyasının icraatında olan zaman iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizası üzrə “xxxx” MMC-nin ekpertizasının 18 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi 45.5 kv.m-dən ibarət, 1994-cü ildə sökülmüş fərdi yaşayış evinin mülki işin 88-89 vərəqlərində olan texniki pasportda göstərilən tikinti materiallarının aşınma dərəcəsi nəzərə alınmaqla yenidən bərpa edilməsinə (ustanın əmək haqqı və sərf olunacaq materiallarla birlikdə) 19288.00 (on doqquz min iki yüz səksən səkkiz ) manat vəsait müəyyən edilir. Azərbaycan Respublikası Mingəçevir şəhəri “xxxx” MMC-nin Cavabdeh3 müraciəti əsasında verdiyi fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə olan 12 may 2021-ci il tarixli rəydə göstərilmişdir ki, 1994-cü ildə sökülmüşünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həmin vaxtki qiyməti 3000 manat olmuşdur. Azərbaycan Respublikası “xxxx” MMC-nin İddiaçı nümayəndəsi X4 müraciəti əsasında verdiyi daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı 16 may 2021-ci il tarixli rəydə göstərilmişdir ki, “Sizin 15 may 2021-ci il tarixli ərizənizə əsasən ərizənizlə birlikdə təqdim etdiyiniz ünvan 5 ünvanda 1954 cü ildə tikilmiş bir mərtəbəli bir otaqlı yaşayış sahəsi 26.5 kv.m ,ümumi sahəsi 45.5 kv.m- dən ibarət 1994- cü ildə isə sökülmüş fərdi yaşayış evinin texniki pasporta göstərilən tikinti materiallarının aşınma dərəcəsi nəzərə alınmaqla yenidən bərpa edilməsi üçün nə qədər pul vəsaiti lazım olacağını bilmək üçün bizə müraciət etmişdi.t Texniki pasporta göstərilən yaşayış evinin tikinti materialların qeyd olunan məlumatlardan və ilkin ekspertiza baxışı zamanı əldə olunmuş məlumatlardan istifadə edərək aşağıda qeyd olunanlar müəyyən edilmişdir.” Evin planda ölçüləri 7,l x 7,7 metrdi. Divarlar 0,40 və 0.20 qalınlığında mişarlanmış əhəng daşından nəzərdə tutulmuşdu. Evin giriş hissəsidə 2,2x2,0 ölçülərində 0,20 m qalınlğında daşla hörülmüş dəhliz nəzərdə tutulmuşdu. Qərardadın sualı üzrə ünvan 6 ünvanında planda 30.0x15.0 m torpaq sahəsində yerləşəcək fərdi yaşayış evi və bağ sahəsi üçün ölçüləri sxematik cizgiləri ,həmçinin bazar qiymətlərinə uyğun bərpa ediləcək fərdi yaşayış evinin tikinti norma və qaydalərinin tələblərinə uyğun smetası hesablanmışdır və təmir-bərpa işləri üçün çəkilməli xərcin yekun qiyməti 16960,73 manat müəyyən edilmişdir. Şəki şəhər Salman Mümtaz küçəsində fəaliyyət göstərən "Evim İnşaat" tikinti materialları mağazasının tikinti mütəxxəsisi Qasımov Sahib sabir oğlunun verdiyi mütəxəssis rəyində göstərilmişdir ki, yuxarıda göstərilən 1954-cü ildə tikilmiş və 1994-cü ildə sökülmüş 7.1*7.7 metr ölçüdə olan evin bərpa edilməsi üçün 9000-11000 manat vəsait lazımdır. Məhkəmə kollegiyası tərəflərin təıqdim etdikləri rəyləri, ekspertin rəyini və mütəxəssisin qiymətləndirməsini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası “xxxx” MMC-nin İddiaçı nümayəndəsi X4 müraciəti əsasında verdiyi 16 may 2021-ci il tarixli rəy işin hallarına daha çox uyğundur və inandırıcıdır. “xxxx” MMC-nin ekpertizasının 18 mart 2021-ci il tarixli ekspert rəyində göstərilənlər inandırıcı deyildir ona görə ki,həmin rəydə evin qapı və pəncərələrinin plastik materialdan olması, mənzilin qızdırılmasının “kombi” sistemi ilə təmin edilməsi göstərilmişdir ki, həmin avadanlıqların 1994-cü ildə sökülən evdə mövcud olmadığını hər iki tərəf təsdiq etməklə ümumilikdə ekspert rəyini mübahisələndirmişlər. Azərbaycan Respublikası Mingəçevir şəhəri “xxxx” MMC-nin Cavabdeh3 müraciəti əsasında verdiyi fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə olan 12 may 2021-ci il tarixli rəyi də inandırıcı deyldir ona görə ki, həmin rəydə 1994-cü ildə sökülmüş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həmin vaxtki qiymətinin 3000 manat olması göstərilmişdir ki, bu da hazırda evin bərpa edilməsi üçün çəkilməli olan xərclərlə heç bir bağlılığı olmayan mülahizədir.. Şəki şəhər Salman Mümtaz küçəsində fəaliyyət göstərən "Evim İnşaat" tikinti materialları mağazasının tikinti mütəxxəsisi Qasımov Sahib sabir oğlunun verdiyi mütəxəssis rəyində də aparılmış araşdırma tərəflərin qarşılıqlı münasibətlərində göstərilən halları və sökülmüş evin yararlı hala gətirilməsi üçün lazım olan bütün vəsaitlərin alınmasını və ustalara veriləcək zəhmət haqqını əhatə etmədiyindən inandırıcı deyildir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 evdən dərhal çıxarılmaları hissəsində təmin edilməsini qeyrimümkün hesab edir. Çünki iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi evin mövcud olmadığı onun verdiyi iddia ərizəsindən, işə əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir. Həmin iddianın “evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın” 16960,73 manatdan artıq hissəsini də təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə hissəsi də təmin edilməlidir ona görə ki, həmin məbləğin iddiaçı tərəfindən hüquqi xidmət gtöstərən vəkilə ödənilməsi mülki işin materialları ilə təsdiq edilir və iddia tələbinin həcminə və onun təmin ediləcək hissəsinin həcminə mütənasibdir. İddia tələbi 16960,73 manat həcmində təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın qismən təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərini qismən işin faktiki hallarına uyğun olduğu üçün qismən inandırıcı qəbul edir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları tam şəkildə məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən iddia tam təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119-cu mаddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsi ləğv edilməli; iş üzrə yeni qətnamə qəbul edilməli; İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları, evini sökərək hissəhissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə iddiası qismən təmin edilməli; cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 16960,73 manat dəymiş ziyana görə,190 manat hü quqi xidmətə görə vəkilə ödənmiş pul və 30 manat dövlət rüsumu 24 avqust 2019-cu ildə ölmüş X7 miras qalmış və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilmiş Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kvm yaşayış, 156,48 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və qəbul edilmiş digər miras əmlaklar hesabına alınaraq İddiaçı verilməli; iddianın qalan hissəsi təmin edilməməli; aparılmış ekspertiza tədqiqatnın dəyəri olan 300 (üç yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb “xxxx” MMC-nin Kapital Bank ASC Sahil filialındakı hesabına ödənilməlidir. (KOD 201218; VÖEN **********;SWİFT kod AİİBAZ2X; Müxbir hesab AZ37NABZ********************;VÖEN**********; Hesab AZ64AİİB400900C**********208) Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 16960,73 manat dəymiş ziyana görə,190 manat hü quqi xidmətə görə vəkilə ödənmiş pul və 30 manat dövlət rüsumu 24 avqust 2019-cu ildə ölmüş X7 miras qalmış və cavabdehlər tərəfindən qəbul edilmiş Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kvm yaşayış, 156,48 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və qəbul edilmiş digər miras əmlaklar hesabına alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatnın dəyəri olan 300 (üç yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb “xxxx” MMC-nin Kapital Bank ASC Sahil filialındakı hesabına ödənilsin. (KOD 201218; VÖEN **********;SWİFT kod AİİBAZ2X; Müxbir hesab AZ37NABZ********************;VÖEN**********; Hesab AZ64AİİB400900C**********208) İddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-67/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-67/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver