Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-670/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, faiz borcu, ipoteka müqaviləsi, ilkin satış qiyməti, ekpertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(025)-85/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 06 may 2014-cü il tarixli 1924 PB/BF №-li kredit müqaviləsi üzrə 40 905.08 manat əsas, 27 856.08 manat hesablanmış faiz, 49 072.05 manat dəbbə pulu, cəmi 117 833.86 manat; 20 noyabr 2015-ci il tarixli 2968 PB/BF №-li kredit müqaviləsi üzrə 1 214.30 ABŞ dolları əsas, 866.75 ABŞ dolları hesablanmış faiz, 1 665.48 ABŞ dolları dəbbə pulu, cəmi 3 746.53 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1 000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; İpoteka predmetinin 100 000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 117.9 kv.m yaşayış, 131 kv.m yardımçı, 248.9 kv.m ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi və ipoteka predmeti açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 117.9 kv.m yaşayış, 131 kv.m yardımçı, 248.9 kv.m ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulardan orada yaşayan - Cavabdeh3 və Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC-nin “Bakı filialından 06 may 2014-cü il tarixli 1924 PB/BF №-li kredit (borc) müqaviləsinə əsasən illik 21 faizlə 36 ay müddətinə 100 000 manat; 20 noyabr 2015-ci il tarixli 2968 PB/BF №-li kredit (borc) müqaviləsinə əsasən illik 29 faizlə 17 ay müddətinə 4 786 ABŞ dolları borc almışdır. Bu borcların təminatı olaraq, Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 7.9 kv.m yaşayış, 131 kv.m yardımçı, 248.9 kv.m ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi tərkibindəki həyətyanı tikili və qurğular 18 yanvar 2011-ci il tarixli MZ/PB-020/01/11 №-li ipoteka (girov) müqaviləsinə edilən 06 may 2014-cü il tarixli 02 №-li və 20 noyabr 2015-ci il tarixli 04 №-li əlavələrlə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı güb ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2018-ci il iyulun 24dək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 06 may 2014- cü il tarixli 1924 PB/BF №-li kredit müqaviləsi üzrə 40 905.08 manat əsas, 27 856.08 manat hesablanmış faiz, 49 072.05 manat dəbbə pulu, cəmi 117 833.86 manat; 20 noyabr 2015-ci il tarixli 2968 PB/BF №-li kredit müqaviləsi üzrə 1 214.30 ABŞ dolları əsas, 866.75 ABŞ dolları hesablanmış faiz, 1 665.48 ABŞ dolları dəbbə pulu, cəmi 3 746.53 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirmirlər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(025)-85/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 40905 manat 08 qəpik əsas borc, 27856 manat 08 qəpik faiz, 5000 manat dəbbə pulu olmaqla, cəmi 73761 manat 16 qəpik borc; xx.xx.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 1214 ABŞ dolları 30 sent əsas borc, 866 ABŞ dolları 75 sent faiz, 300 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 2381 ABŞ dolları 05 sent borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 100.000 manat məbləğində illik 21 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. Eyni zamanda xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 4.786 ABŞ dolları məbləğində illik 29 faiz hesablanmaqla 17 ay müddətinə kredit verilmişdir. xx.xx.2014-cü il tarixli “MZ\PB- 020\01\11 saylı ipoteka müqaviləsinə 04 №- li əlavə”yə əsasən Cavabdeh1 xx.xx.2015ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 100.000 manat məbləğində qiymətləndirilmiş və Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş, nəticədə onun banka borcu yaranmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-ci il tarixli kredit müqaviləsindən mlum olmuşdur ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 100.000 manat məbləğində illik 21 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat, xx.xx.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, xx.xx.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat, xx.xx.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh1 hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat pulun tutulması” hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 467-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-30/2021 saylı qətnaməsi ilə (hakim – E. Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Rəfiyevdən və V. Məlikovdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətin qismən təmin edilməsi, iş üzrə digər Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi,Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsinin kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində dəyişdirilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 40905 manat 08 qəpik əsas borcu, 6018,33 manat faiz borcu və 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 47.923,41 manat; xx.xx.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 1214 ABŞ dolları 30 sent əsas borcu, 70,89 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 1585,19 ABŞ dolları 19 sent məbləğində müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh1 tutulması və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22.) hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin pulun tutulmasına aid hissədə ləğv olunması, həmin hissədə yenidən baxıması üçün göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-948/2022 nömrəli qərarı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(107)30/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə onun arasında xx.xx.2014-ci il tarixli 1924 PB/BF Ne-li kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı ona evinin təmiri üçün illik 21% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməli idi. Lakin həmin kredit müqaviləsi üzrə ona həmin məbləğ verilməmişdir. Burada ümumiyyətlə pulun verilməsindən söhbət gedə bilməz. Bank sadəcə öz borcunu şişirtməklə gətirib bu həddə çıxartmışdır. Məhkəmə qətnaməsi çıxarılarkən onun banka ödənişləri və bu müqavilələr üzrə ona nə qədər pul verilməsi nəzərə alınmadan həddindən artıq borc hesablanmışdır. Belə ki, adi riyazi hesablama aparılsa, yəni 40905*21%=8590 bu onun illik faizidir. Nəzərə alınsa ki, o, gecikməyə 2018-ci ilin əvvəlində düşmüşdür, belə olan halda bank 2 ilin faizin hesablayanda ondan 8590+8590=17180 manat pul tələb edə bilər. Əslində heç bu qədər də deyil. Çünki bankin tələbi məhz xx.xx.2018-ci il tarixədəkdir. Belə olan halda onun faiz borcu 12.000 manat etməlidir. Məhkəmə onun narazılığını nəzərə alıb mühasibatlıq ekspertizası təyin etməli idi. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsini borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 onun Qəbələ şəhəri Nəsimi küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 248.9 kv.metr sahəsi olan 52 saylı fərdi yaşyış evini razılığı olmadan öz krediti üçün "xxxx" BOKT ASC-yə girov qoymuşdur. O, yaşlı olmaqla ümumiyyətlə bu müqavilələrin nə vaxt və hansı şəraitdə bağlanmasından xəbərim olmamışdır. Bu müqavilələr notarial qaydada bağlanmalıdır. Lakin o, ümumiyyətlə heç bir notariat kontorunda olmamışdır və belə bir müqavilələrə imza etməmişdir. Qəbələ Rayon Məhkəməsindən 2019-cu ilin noyabr ayında məktub gələrkən bilmişdir ki, evi kredit təşkilatında girovdadır və külli miqdarda ordan pul götürülmüşdür. Götürülən məbləğ həddindən artıq çoxdur. O, evinin ipotekaya qoyulmasına razı olmamışdır. Bunları yeni bildikdən sonra banka qarşı ipotekanın etbarsız hesab edilməsi tələbni irəli sürmüşdür. Hazırda iddiası məhkəmədə baxılmaqdadır. Hətta sonradan məlum olmuşdur ki, bu əmlak banka bir dəfə deyil, dəfələrlə girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 N-li və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavədə olan imzalar onun imzalarına oxşamır. Həmin sənədləri o, qətnamə gələndən sonra məhkəmədən əldə etmişdir. Qəbələ Rayon Məhkəməsi isə bunları araşdırmadan iddianı evə yönəldilmə hissəsində təmin etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 saylı qətnaməsini borcun evə yönəldilməsi hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirirlər. Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019- cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsini borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)- 85/2019 saylı qətnaməsini borcun evə yönəldilməsi hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, Cavabdeh3 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-30/2021 saylı qətnaməsindən kassasiya şikayəti verməmiş, onunla razılaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-948/2022 nömrəli qərarı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(107)30/2021 saylı qətnaməsi tam ləğv edildiyindən kollegiya hesab edir ki, Cavabdeh3 apellyasiya şikayətinə də qiymət verilməlidir. Cavabdeh3 verilimiş apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsini borcun evə yönəldilməsi hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. İş materialına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(102)-2694/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh3 İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə, Cavabdeh1, Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoruna və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Para Bank ASC arasında Qəbələ rayon Xüsusi Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sözügedən qətnamədən iddiaçı Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(107)-912/2020 nömrəli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(025)132/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Bundan sonra kassasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020ci il tarixli, 2(107)-912/2020 nömrəli qətnaməsi ilə razılaşan Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilmişdir 06 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21 fazilə 100.000 manat kredit verilib. Eyni zamanda 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh1 17 ay müddətinə, illik 29 fazilə 4.786 ABŞ dolları kredit verilib. Eyni zamanda, həmin kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi 18 yanvar 2011-ci il tarixli ipoteka müqaviləsinə və 06 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əlavəyə əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulub. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı, sözügedən ipoteka müqaviləsinin və ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsini və ipoteka predmetlərinin yüklülükdən azad edilməsini tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəmə heç bir sübut növü təqdim etməyib. Beləliklə kollegiya qeyd edir ki, Cavabdeh3 apellyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinə qiymət verərək aşağıdakıları qeyd edir; Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin pulun tutulmasına aid hissədə ləğv olunması, həmin hissədə yenidən baxıması üçün yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-948/2022 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(107)30/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş borca aid hissəsinə münasibətdə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə mübahisələndirilən hissə üzrə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(025)-85/2019 saylı qətnaməsi qismən, yəni kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh1 verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə onun arasında xx.xx.2014-ci il tarixli 1924 PB/BF Ne-li kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı ona evinin təmiri üçün illik 21% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməli idi. Lakin həmin kredit müqaviləsi üzrə ona həmin məbləğ verilməmişdir. Burada ümumiyyətlə pulun verilməsindən söhbət gedə bilməz. Bank sadəcə öz borcunu şişirtməklə gətirib bu həddə çıxartmışdır. Məhkəmə qətnaməsi çıxarılarkən onun banka ödənişləri və bu müqavilələr üzrə ona nə qədər pul verilməsi nəzərə alınmadan həddindən artıq borc hesablanmışdır. Belə ki, adi riyazi hesablama aparılsa, yəni 40905*21%=8590 bu onun illik faizidir. Nəzərə alınsa ki, o, gecikməyə 2018-ci ilin əvvəlində düşmüşdür, belə olan halda bank 2 ilin faizin hesablayanda ondan 8590+8590=17180 manat pul tələb edə bilər. Əslində heç bu qədər də deyil. Çünki bankin tələbi məhz xx.xx.2018-ci il tarixədəkdir. Belə olan halda onun faiz borcu 12.000 manat etməlidir. Məhkəmə onun narazılığını nəzərə alıb mühasibatlıq ekspertizası təyin etməli idi. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019- cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsini borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 100.000 manat məbləğində illik 21 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. xx.xx.2014-cü il tarixli “MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinə 04 №- li əlavə”yə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 100.000 manat məbləğində qiymətləndirilmiş və Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş, nəticədə onun banka borcu yaranmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilən 19 avqust 2022-ci il tarixli 4/1141 nömrəli rəydən görünür ki, 08 may 2014-cü il tarixli müddətli öhdəlikdə “Müştərinin imzası” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra edilmişdir. Həmin imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri aşkar edilməmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC ilə onun arasında xx.xx.2014-ci il tarixli 1924 PB/BF Ne-li kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı ona evinin təmiri üçün illik 21% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməli idi. Lakin həmin kredit müqaviləsi üzrə ona həmin məbləğ verilməmişdir. Burada ümumiyyətlə pulun verilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, mülki iş materiallarında olan 08 may 2014-cü il tarixli Kassa məxaric orderində olan Cavabdeh1 adından edilmiş imzanın həqiqətən iddiaçı Cavabdeh1 məxsus olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-670/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilən 19 avqust 2022-ci il tarixli 4/1141 nömrəli rəydən görünür ki, 08 may 2014-cü il tarixli müddətli öhdəlikdə “Müştərinin imzası” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra edilmişdir. Həmin imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri aşkar edilməmişdir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, bank sadəcə öz borcunu şişirtməklə gətirib bu həddə çıxartmışdır. Məhkəmə qətnaməsi çıxarılarkən onun banka ödənişləri və bu müqavilələr üzrə ona nə qədər pul verilməsi nəzərə alınmadan həddindən artıq borc hesablanmışdır. Belə ki, adi riyazi hesablama aparılsa, yəni 40905*21%=8590 bu onun illik faizidir. Nəzərə alınsa ki, o, gecikməyə 2018-ci ilin əvvəlində düşmüşdür, belə olan halda bank 2 ilin faizin hesablayanda ondan 8590+8590=17180 manat pul tələb edə bilər. Əslində heç bu qədər də deyil. Çünki bankin tələbi məhz xx.xx.2018-ci il tarixədəkdir. Belə olan halda onun faiz borcu 12.000 manat etməlidir. Məhkəmə onun narazılığını nəzərə alıb mühasibatlıq ekspertizası təyin etməli idi. Kollegiya şikayətin faiz məbləğinin çox olması ilə qismən razılaşır. Hesab edir ki, şikayətin həmin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması ilə bağlı Şəki Apellyаsiyа Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli 9/6753 saylı rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 06 may 2014-cü il tarixli, 1924 PB/BF saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sual üzrə xx.xx.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 44.496,79 manat məbləğində, xx.xx.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 46.989,19 manat məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 fazilə hesablanmaqla) müəyyən edilir, o cumlədən xx.xx.2017-ci il tarixə əsas borc üzrə 40970,86 manat, faiz borcu üzrə 3525,94 manat, 24 iyul 2018-ci il tarixə əsas borc üzrə 40970,86 manat, faiz borcu üzrə 3525,94 manat, faiz borcu 5% ilə 2492,39 manat müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 noyabr 2015-ci il tarixli, 2968 PB/BF saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sual üzrə xx.xx.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 1.821,98 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 1.516,90 ABŞ dolları məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilir, o cümlədən 20 aprel 2017-ci il tarixə əsas borc üzrə 1712,49 ABŞ dolları, 109,50 ABŞ dolları, 24 iyul 2018-ci il tarixə əsas borc üzrə 1446,01 ABŞ dolları, faiz borcu üzrə 0,0 ABŞ dolları, faiz borcu 5% üzrə 70,89 ABŞ dolları müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası həmin ekspert rəylərini tədqiq edərək, araşdırması zamanı hazırki mühasibatlıq və xəttçünaslıq ekspertizalarının rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırki iş üzrə rəylər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya hesab edir ki, iddiaçı tərəf cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla pul məbləğinin tutulmasını tələb etmədiyindən kollegiya həmin məsələyə münasibət bildirilməsinə lüzum görmür. Ona görə də kollegiya hesab edir ki, tutulacaq məbləğ əsas borc, faiz borcu və dəbbə puluna münasibətdə müəyyən edilməlidir. Kollegiya hesab edir ki, Cavabdeh1 06 may 2014-cü il tarixli, 1924 PB/BF saylı kredit müqaviləsi üzrə 40970,86 manat əsas borcu, 3525,94 manat faiz borcu, 1000 manat dəbbə pulu olmaqla , ümumilikdə 45496.80 manat, 20 noyabr 2015-ci il tarixli, 2968 PB/BF saylı kredit müqaviləsi üzrə 1446,01 ABŞ dolları əsas borcu, 200 ABŞ dolları dəbbə pulu borcu olmaqla, ümumilikdə 1646,01 ABŞ dolları tutularaq İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Beləliklə kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(025)-85/2019 saylı qətnaməsi qismən, yəni kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Ekspertiza xərci olan 410 manatın ½ hissəsi iddiaçıdan, ½ hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-nin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(025)-85/2019 saylı qətnaməsi qismən, yəni kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 06 may 2014-cü il tarixli, 1924 PB/BF saylı kredit müqaviləsi üzrə 40970,86 manat əsas borcu, 3525,94 manat faiz borcu, 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 45496.80 manat, 20 noyabr 2015-ci il tarixli, 2968 PB/BF saylı kredit müqaviləsi üzrə 1446,01 ABŞ dolları əsas borcu, 200 ABŞ dolları dəbbə pulu borcu olmaqla, ümumilikdə 1646,01 ABŞ dolları tutularaq İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərclərini təşkil edən 410 (dörd yüz on) manatın ½ hissəsi 205 manatı iddiaçıdan, ½ hissəsi 205 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-670/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-670/2022
15.12.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver