Məhkəmə qərarları › İş №2(107)-673/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-673/2022

12.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-673/2022 12.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(046)-548/2021 nömrəli qətnaməsindən cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 07 may 2021-ci il tarixli 2(046)-548/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı Göyçay şəhər 5 saylı orta məktəbinə 1 il müddətinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014-cü il tarixli elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin ləğv edilməsi, İddiaçı Göyçay şəhər 5 saylı orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə dair Göyçay şəhər 5 saylı orta məktəbin direktoru ilə bağlanmış 15.09.2020-ci il tarixli əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsi və məktəbin direktoru tərəfindən imzalanmış 15.09.2020-ci il tarixli 84 saylı əmri İddiaçı işə müddətli əsaslarla bərpa olunması hissəsinin ləğv edilməsi, bu qətnamənin İddiaçı ilə Göyçay şəhər 5 saylı orta məktəbin direktoru arasında bağlanmış 15.09.2020-ci il tarixli 84 saylı müqavilənin müddətsiz hesab edilməsi üçün əsas hesab olunması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Göyçay şəhər 5 saylı orta məktəbinə qarşı Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay şəhəri 5 saylı tam orta məktəbinin 14.06.2017-ci il tarixli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Göyçay şəhəri 5 saylı tam orta məktəbinə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin predmentinin dəyişdirilməsi barədə ərizə verərək elektron informasiya sisteminə daxil edilmiş 1 il müddətinə Göyçay şəhər 5 saylı orta məktəbə müəllim vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bildirişinin, onunla 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin və həmin tarixli 84 saylı əmrin onun işə müddətli əsaslarla bərpa olunmağı hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay şəhər 5 saylı orta məktəbin 11 noyabr 2012-ci il tarixli 78&2 saylı əmrinə əsasən həmin tarixdən 0.5 oklad hesabı ilə məktəbə laborant vəzifəsinə təyin edilərək ixtisası üzrə dərs aparmağına icazə verilmişdir. 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad edilmişdir. Həmin vaxtdan məktəbdə yalnız müəllimə kimi əmək fəaliyyətini davam etdirmiş, əmək kitabçasına hər iki əmr daxil edilmişdir. Məktəb direktorunun 01 dekabr 2017-ci il tarixli əmri ilə işdən azad edilsə də, Şəki Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə 01 dekabr 2017-ci il tarixli 98 saylı əmri ləğv edilmiş, həmin məktəbə ixtisası üzrə “azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, iddiasının təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvədə saxlanılmışdır. 15 sentyabr 2020-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən əvvəlki işinə bərpa olunmuşdur. İşə bərpa olunduqdan bir müddət sonra məktəb direktoru ona bir il müddətinə işə bərpa edildiyini bildirmiş və göstərmişdir ki, onunla 14 sentyabr 2017-ci ildə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin surətinin verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən başqa əvvəllər işə qəbul edilməsi ilə əlaqədar bağlanmış əmək müqavilələri yoxdur, 15 sentyabr 2014-cü ildə onunla əmək müqaviləsinin bağlanması barədə əmr yoxdur, 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr mövcud olsa da, əmrlə onun tanış edilməsi haqqında heç bir sənəd mövcud deyildir. Halbuki, 30 mart 2021-ci ildə elektron informasiya sistemindən özü ilə bağlı bu məlumatları əldə etmiş və orada qeyd edilmişdir ki, onunla 15 sentyabr 2014-cü ildə və 15 sentyabr 2020-ci ildə müddətli müqavilə bağlanmışdır. Həmin məlumatlarda 14 sentyabr 2017-ci il tarixli əmrlə bağlı məlumat yerləşdirilməmişdir. Halbuki, işəgötürənlə 15 sentyabr 2014-cü ildə və 14 sentyabr 2017-cü ildə əmək müqaviləsi bağlamamışdır. Məktəbin direktoru əmrin 14 sentyabr 2014-ci il tarixli olmasını göstərsə də, elektron informasiya sisteminə isə 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bağlanması daxil edilmişdir. Ona məxsus əmək kitabçasında isə ümumiyyətlə bu barədə hər hansı əmr qeyd edilməmişdir. Bu səbəbdən də əmrdən uzun müddət xəbərsiz olmuşdur. İşə bərpa olunarkən isə cavabdeh məktəbdə hər hansı müqavilənin aşkar olunmadığını bildirib əmək müqaviləsini imzalamalı olduğunu bildirmişdir. Hazırda isə ona məlum olmuşdur ki, onun barəsində əvvəl olan müqavilələr müddətli olduğundan bağlanmış əmək müqaviləsi də müddətlidir. Müqavilələrin surəti ona verilmədiyindən bundan elektron informasiya sistemindən həmin məlumatları çıxartdıqdan sonra xəbərdar olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Göyçay şəhər 5 saylı orta məktəbin direktroru X2 iddianı qəbul etməyərək göstərmişdir ki, məktəbə yeni direktror təyin olunmuşdur. İddiaçının işə bərpası ilə əlaqədar məhkəmə qətnaməsi icra edilmiş, lakin ondan əvvəl işləmiş direktrorun 15 sentybr 2017-ci il tarixli əmri ilə İddiaçı müddətli müqavilə ilə işə qəbul edildiyindən, 15 sentyabr 2020-ci il tarixli əmri müddətli əmək müqaviləsi kimi hazırlamış və imzalamışdır. Lakin elektron informasiya sisteminə daxil edilmiş 14 sentyabr 2014-cü il tarixli İddiaçı ilə bağlı əmr və bununla əlaqədar bağlanmış əmək müqaviləsi mövcud deyildir, elektron informasiya sisteminə daxil edilmiş 15 sentyabr 2017-ci il tarixli əmr, əmr kitabında 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr kimi mövcuddur. Həmin 14 sentyabr 2017-ci il tarixli əmrlə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəbdə aşkar olunmamış, həmin əmrlə İddiaçı tanış edilməsi barədə məlumat yoxdur. Məktəbdə yalnız İddiaçı ilə onun 2012-ci il tarixdə 05 oklad hesabı ilə laborant vəzifəsinə təyin edilməsi və məktəbə ixtisası üzrə dil-ədəbiyyat fənnini tədris etməyə icazə verilməsi barədə 01.11.2012-ci il tarixli 78 saylı əmri mövcuddur. İddiaçı Ali Məhkəmənin Mülki Kollegiyasının qərarına əsasən 15.09.2020-ci il tarixdə Göyçay şəhər 5 saylı tam orta məktəbə 84 saylı əmrlə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 apellyаsiyа şikаyəti verərək Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)548/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli və Ayaz Mahmudov) 29 sentyabr 2021-ci il tarixli 2(107)-1475/2021 nömrəli qətnaməsi ilə cavabdehin аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(046)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli 2(107)-1475/2021 nömrəli qətnaməsindən cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəb tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli 2(102)- 768/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay şəhər 5 saylı tam orta məktəbin 11 noyabr 2012-ci il tarixli 78/2 saylı əmrinə əsasən həmin tarixdən 0,5 vahid ştat hesabı ilə məktəbə laborant vəzifəsinə təyin edilmiş və ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. Əvəzçilik üzrə dərs aparan müəllim əsas işçi hesab edilmir. Odur ki, iddiaçı 11 noyabr 2012-ci il tarixdən 16 aprel 2013-cü il tarixə qədər məktəbdə laborant vəzifəsində işləmişdir. 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad edilsə də, onun məktəbdə müəllim kimi fəaliyyət göstərməsi barədə sənədləşdirmə aparılmamışdır. Eyni zamanda əmək kitabçasında bu barədə qeydlər aparılmamışdır. 2010-2011-ci dərs ilindən ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalar əsasında, müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı işlədiyi müddət ərzində müəllimlərin işə qəbulu müsabiqəsindən keçməmişdir. Odur ki, onun həmin müddət ərzində müəllim kimi fəaliyyət göstərməsi qanunauyğun deyil. 14 sentyabr 2017-ci il tarixli 64 saylı əmrlə İddiaçı 1 (bir) il müddətinə ixtisası üzrə məktəbə müəllim təyin edilmişdir. Həmin əmrin məzmunundan məlum olur ki, iddiaçı əvvəllər məktəbdə müqavilə ilə işləmişdir. Bu da onu sübut edir ki, iddiaçı 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad edildikdən sonra qanunsuz olaraq (müəllimlərin işə qəbulu müsabiqəsindən keçmədiyi üçün) 01.12.2017-ci il tarixə qədər müddətli müqavilə əsasında əvəzçilik üzrə dərs aparmışdır. 2017-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən məktəbdə yoxlama aparılmış və digər qanunsuz işçilərlə bərabər İddiaçı da işdən azad edilməsi üçün Göyçay Rayon Təhsil Şöbəsinə 29.11.2017-ci il tarixli K-728 nömrəli məktub göndərilmişdir. Göyçay şəhər 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir. İddiaçı yenidən işə bərpa edilməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı işdən azad edilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilmədiyi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 2310/2019 saylı 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə işə bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən 15.09.2020-ci il tarixində Göyçay şəhər 5 saylı tam orta məktəbə 84 saylı əmrlə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilərək onunla 1 (bir) tədris ili müddətinə müqavilə bağlanılmışdır. İddiaçı işə bərpa edilərkən onun sonuncu dəfə 14 sentyabr 2017-ci il tarixli 64 saylı əmrlə əvvəllər məktəbdə müqavilə ilə işləməsi qeyd edilərək 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanması əsas götürülmüşdür. Ona görə də Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(046)-548/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(046)-548/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq bu günkü məhkəmə prosesini başqa vaxta keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(046)- 834/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddiasının təmin edilməsi və Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin mübahisələndirilməsi üçün İddiaçı tərəfindən ötürülmüş müddətin bərpa edilməsi, Göyçay şəhər 5 saylı tam orta məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən imzalanmş 15.09.2020-ci il tarixli 84 nömrəli əmrdən görünür ki, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilmiş, onunla həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Göyçay şəhəri 5 saylı tam orta məktəbin 31.10.2012-ci il tarixli 78 nömrəli əmrinin 1ci paraqrafından görünür ki, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbə laborant təyin olunmuş və “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrindən görünür ki, Göyçay şəhəri 5 saylı tam orta məktəbdə əvvəllər müqavilə ilə işləmiş İddiaçı ilə bir il müddətinə müvəqqəti əmək müqaviləsi bağlanmışdır. Göyçay Rayon Təhsil Şöbəsinin 01 aprel 2021-ci il tarixli 59 saylı arayışından görünür ki, Göyçay şəhər 5 saylı orta məktəbin müəllimi İddiaçı 2013-cü ilin sentyabr ayından 2017-ci ilin dekabr ayınadək əmək haqqı hesablanmışdır. İddiaçı məxsus əmək kitabçasından görünür ki, Göyçay şəhər 5 saylı orta məktəbin direktorunun 01 noyabr 2012-ci il tarixli, 78&1 saylı əmri ilə məktəbə laborant (0.5 oklad hesabı ilə) təyin edilmiş və məktəbdə ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. Məktəb direktorunun 16 sentyabr 2013-cü il tarixli 43 saylı əmri ilə laborant vəzifəsindən azad edilmişdir. Məktəb direktorunun 15 sentyabr 2020-ci il tarixli 84 saylı əmri ilə həmin tarixdən 14 iyun 2021-ci il tarixə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli 2(102)-7442020 nömrəli qərarına əsasən Göyçay şəhər 5 saylı orta məktəbə müddətli əmək müqaviləsi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilmişdir. Göyçay şəhər 5 saylı orta məktəbin əmrlər kitabından çıxarışdan görünür ki, məktəb direktorunun 14.09.2017-ci il tarixli 64 saylı əmri əmr kitabına daxil edilsə də, əmək müqaviləsinin bağlanması ilə bağlı qeyd yoxdur, elektron informasiya sisteminə daxil edilmiş məktəbin 15 sentyabr 2014-cü il tarixli əmri isə mövcud deyildir. İddiaçı barəsində elektron informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, onunla 15 sentyabr 2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin qurtardığı tarix 15 sentyabr 2017-ci il tarixdir. Bildiriş sistemə 18 sentyabr 2014-cü ildə daxil edilmiş, 30 mart 2021-ci ildə çap edilmişdir. İddiaçı barəsində elektron informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, onunla 15 sentyabr 2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin qurtardığı tarix 14 iyun 2018-ci il tarixdir. Bildiriş sistemə 28 noyabr 2017-ci ildə daxil edilmiş, 30 mart 2021-ci ildə çap edilmişdir. İddiaçı barəsində elektron informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, onunla 15 sentyabr 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin qurtardığı tarix 14 iyun 2021-ci il tarixdir. Bildiriş sistemə 16 sentyabr 2020-ci ildə daxil edilmişdir. Göyçay şəhər 5 saylı orta məktəbin direktrou Vüqar Məlikovun verdiyi 29 aprel 2021-ci il tarixli 11 saylı məktubdan görünür ki, İddiaçı ilə 15 sentyabr 2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsindən başqa əvvəllər işə qəbul edilməsi ilə əlaqədar bağlanmış əmək müqavilələri mövcud deyildir. 15 sentyabr 2014-cü ildə onunla əmək müqaviləsinin bağlanması barədə əmr kitabında əmr mövcud deyildir. Onun barəsində 14 sentyabr 2017-ci il tarixli 64 saylı əmrlə işçinin 1 il müddətinə işə qəbul edilməsi barədə əmr mövcuddur, lakin həmin əmrin İddiaçı ilə tanış edilməsi barədə məlumat yoxdur və İddiaçı ilə həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(102)- 768/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli 2(107)-1475/2021 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310/2019 saylı qətnaməsindən görünür ki, məhkəmə kollegiyası Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən İddiaçı ilə bir il müddətinə bağlanmış əmək müqaviləsini etibarlı müqavilə kimi qiymətləndirmiş və həmin müqavilə üzrə işçi statusuna malik İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmri qanunsuz hesab edərək onun pozulmuş hüquqlarını bərpa etmişdir. Eyni zamanda İddiaçı həmin icraatda müddətli bağlanması əsası ilə qeyd edilən müqavilənin etibarsızlığını tələb etməmişdir. ... Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən 15 sentyabr 2020-ci il tarixli müqavilə məhz Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən İddiaçı ilə bir il müddətinə bağlanmış müddətli əmək müqaviləsi üzrə pozulmuş hüquqların bərpası məqsədi ilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və həmin hala hüquqi qiymət verməmişdir. Eyni zamanda işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı hazırkı icraatdan əvvəl Göyçay Rayon Məhkəməsində Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə qaldırdığı iddia üzrə məhkəmə icraatı zamanı Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən onunla bağlanmış müqavilənin müddətli olmasından xəbərdar olmuş, lakin həmin müqavilənin müddətli olmasını mübahisələndirməmişdir.” MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmır. İşin həqiqi hallarından görünür ki, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlanmasını mübahisələndirir və tələbini belə əsaslandırır ki, 01.11.2012-ci il tarixdən həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə baxmayaraq, hazırda məktəbin direktoru onunla müddətli əmək müqaviləsi bağlamaqda haqlı olmamışdır. Belə ki, 5 ildən artıq müddət ərzində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməklə, həmin məktəbdə işlədiyindən onunla müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Belə ki, məktəbin direktoru tərəfindən onunla müddətli əmək müqaviləsi bağlanmasına əsas olan hal kimi, məktəbin 14.09.2017-ci il tarixli 1 il müddətinə əmək müqaviləsi bağlanması barədə 64 nömrəli əmri əsas götürülmüşdür. Halbuki, həmin əmrin mövcud olduğuna dair heç bir məlumatı olmamış və həmin tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmamışdır. İddiaçı onunla əsassız olaraq müddətli əmək müqaviləsinin bağlanmasını göstərərək hazırkı iddianı qaldırmışdır. Kollegiya hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işdən göründüyü kimi İddiaçı hazırkı icraatdan əvvəl Göyçay Rayon Məhkəməsində Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddiasının təmin edilməsi və Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin mübahisələndirilməsi üçün İddiaçı tərəfindən ötürülmüş müddətin bərpa edilməsi, Göyçay şəhər 5 saylı tam orta məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Beləliklə də, həmin qətnamədən aydın olur ki, məhkəmə kollegiyası Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən İddiaçı ilə bir il müddətinə (yəni müddətli) bağlanmış əmək müqaviləsini etibarlı müqavilə kimi qiymətləndirmiş və həmin müqavilə üzrə işçi statusuna malik İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmri qanunsuz hesab edərək onun pozulmuş hüquqlarını bərpa etmişdir. Eyni zamanda İddiaçı həmin icraatda qeyd edilən 14.09.2017-ci il tarixli əmək müqavilənin mövcudluğundan məlumatlı olsa da, müddətli bağlanması əsası ilə həmin əmək müqaviləsinin etibarsızlığını tələb etməmişdir. Qeyd edilən qətnamə əsasında İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbinə müəllim kimi işə bərpa edilmiş və işəgötürən məhz həmin qətnamənin icrası qaydasında 15 sentyabr 2020-ci il tarixli müqaviləni 14.09.2017-ci il tarixli əmək müqaviləsinin davamı kimi sonrakı bir illik müddətə bağlamışdır. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən 15 sentyabr 2020-ci il tarixli müqavilə məhz Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən İddiaçı ilə bir il müddətinə bağlanmış müddətli əmək müqaviləsi üzrə pozulmuş hüquqlarının bərpası məqsədi ilə bağlanmışdır. Qeyd edilməli haldır ki, İddiaçı Göyçay Rayon Məhkəməsində Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə qaldırdığı iddiaya məhkəmədə baxılan zaman Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən onunla bağlanmış müqavilənin müddətli olmasından xəbərdar olmuş, lakin həmin müqavilənin müddətli olmasını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Kollegiyanın qənaətiə görə cavabdehin 14.09.2017-ci il tarixli 64 nömrəli əmri əsasında qəbul edilmiş 15.09.2020-ci il tarixli 84 nömrəli əmri və həmin tarixli əmək müqaviləsi qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı işin gerçək hallarını Ali Məhkəmənin 17 fevral 2022-ci il tarixli 2(102)-768/2022 qərarı ilə müəyyən edilən göstərişlər əsasında araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(046)-548/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı Göyçay şəhər 5 saylı orta məktəbinə qarşı Elektron informasiya sisteminə daxil edilmiş bir il müddətinə Göyçay şəhər 5 saylı orta məktəbə müəllim vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bildirişinin, onunla 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin və həmin tarixli 84 saylı əmrinin onun işə müddətli əsaslarla bərpa olunmağı hissəsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(046)-548/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Göyçay şəhər 5 saylı orta məktəbinə qarşı Elektron informasiya sisteminə daxil edilmiş bir il müddətinə Göyçay şəhər 5 saylı orta məktəbə müəllim vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bildirişinin, onunla 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin və həmin tarixli 84 saylı əmrinin onun işə müddətli əsaslarla bərpa olunmağı hissəsinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar