Məhkəmə qərarları › İş №2(107)-674/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-674/2022

04.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-674/2022 04.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(051)-2239/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci ildən "xxxx" MMC-də nasos qurğuları üzrə maşinist vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış və MMC-də müxtəlif vəzifələrdə işləmişdir. 1996-cı ilin yanvar ayında növbə rəisi vəzifəsinə təyin edilmişdir. 02 sentyabr 2021-ci tarixli əmrlə cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin “b” bəndi ilə xitam vermişdir. Səbəb kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması bildirilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, 1981-ci ildən 2021-ci ilin mart ayına kimi müddətsiz əmək müqaviləsi ilə işləmişdir. 2021-ci ilin fevral ayında ona müddətli əmək müqaviləsi bağlamağa təkid etdilər. O, müddətli əmək müqaviləsinə bağlamasına etiraz etdikdə onu inanırdılar ki, formal olaraq belə müqavilə bağlanmalıdır, yenə əvvəlki kimi öz işini davam etdirəcəkdir. Əks halda işdən çıxarıla bilər. O, müddətli əmək müqaviləsini imzalamağa məcbur oldu. Hətta bir ay müddətinə əmək müqaviləsi bağlamaq istəməsi barədə ondan ərizə aldılar. 01 mart 2021-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlandı. Müqavilənin müddəti bir ay müəyyən edilmişdir. 6 aydan sonra, 02 sentyabr 2021-ci il tarixli əmrlə müqavilənin müddəti bitməsi əsası ilə işdən azad olundu. 40 il işlədiyi müəsissədə müddətli əmək müqaviləsi bğlanması, müqavilənin müddətinin bitməsi səbəbi ilə azad olunmasını qanunsuz hesab edir. Əlbəttə ki, 40 il müddətsiz müqavilə ilə işləyən, səhhətində heç bir problem olmayan, işləmək istəyən bir işçinin könüllü olaraq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyil. Pensiya yaşına çatmamışdır. Həyat yoldaşı Hüsniyyə Nəzirova xx.xx.2019-cu ildə vəfat etmişdir. Himayəsində xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan məktəb yaşlı Mələk adlı bir uşağı var. İddianın təmin olunmasını, "xxxx" MMC-nin direktorunun 327/ş №-li 02 sentyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə "xxxx" MMC-də növbə rəisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 27 dekabr 2021-ci il tarixli 2(051)-2239/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin 327/ş №-li 02 sentyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə "xxxx" MMC-də növbə rəisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1981-ci ildə müddətsiz əmək müaviləsi ilə Azərbaycan İstilik Elektrik İstansiyası MMC-yə işə qəbul edilmiş, MMC-də müxtəlif vəzifələrdə işləmişdir. 1996-cı ilin yanvar ayında X2 Stansiyası MMCdə Yanacaq Nəqliyyat sexinin növbə rəisi vəzifəsinə keçirilmişdir. 01 mart 2021-ci il tarixdə onunla müddətli, bir ay müddətinə əmək müaviləsi bağlanmış, işə götürənin 02 sentyar 2021-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunmşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı tələbində 40 il müddətsiz əmək müaviləsi ilə işlədiyi müəssisədə məcburi olaraq sonra onunla müddətli əmək müqaviləsi bağlandığı, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunduğunu, işdən çıxarılması barədə əmri qanunsuz hesab edərək işə bərpa olunmasını bildirmişdir. Cavabdeh isə etirazında iddiaçı pensiya yaşına çatdığına, lakin işləmək istədiyinə görə onunla müddətli əmək müqaviləsi bağlanması barədə könüllü ərizə yazdığını və ərizəsi nəzərə alınaraq iddiaçı ilə 1(bir) ay müddətinə müddətli əmək müqaviləsi bağlandığını və müddət bitməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, 40 il bir müəssisədə müddətli əmək müqaviləsi ilə işləyən işçinin onunla müddətli əmək müqaviləsi bağlanması barədə könüllü ərizə yazması inandırıcı deyil. Cavabdeh, müddətli əmək müqaviləsinin bağlanmasını iddiaçının pensiya yaşına çatdıqda işləmək istədiyini nəzərə almaqla, yəni Əmək Məcəlləsinin 47-ci maddəsinin “d” bəndi ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, yəni pensiya yaşına çatmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, pensiya yaşına çatması əsası ilə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 45.1, 47, 294.1, 297-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə formal şəxsi mülahizələrinə əsaslanaraq gəldiyi nəticəni qətnamədə mülki prosessual məcəllənin müəyyən etdiyi prinsip və normaların tələblərinə uyğun surətdə sübut edə bilməməklə yanaşı əminlik yarada bilməmişdir. Çünki qeyd edilən qanunvericiliyin prinsip və normalarının, həmçinin Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 5.6.2-6.3 və 6.5-ci bəndlərinin tələblərini kobud surətdə pozmuşdur ki, bunun nəticəsində hazırki iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə mübahisənin düzgün həll etmək üçün müqavilənin hər iki tərəfinin, müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəzlənməsinə yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsinin mövcud olduğunu təsdiq edən idiaçının ərizəsi və cavabdehin həmin ərizəsini rəsmiləşdirmək üçün verdiyi 01 mart 2021-ci il tarixli 70/Ş nömrəli əmri, həmçinin xx.xx.2014-cü ildə iddiaçı ilə bağlanmış 549 nömrəli müqavilənin müddətlə əlaqədar şərtinin, yəni müddətli müqavilə ilə əvəz edilməsi ilə əlaqədar edilmiş dəyişiklik obyektiv surətdə araşdırılmalıdır. İddiaçı xx.xx.2021-ci il tarixdə yazdığı ərizəsində pensiyaya çıxdığını və ərizəsini özünün könüllü yazmasını hazırlıq iclasında və məhkəmə baxışı zamanı təsdiq etmişdir. Məhkəmə iddiaçının pensiya yaşına, 65 yaşına çatmaması əsası ilə cavabdehin onunla müddətli əmək müqaviləsi bağlamasının qanunsuz olması qənaətinə gəlmişdir və iddianı təmin etmişdir, ancaq bu hal işin faktiki halları ilə təkzib edilir. Halbuki, məhkəmə isə yuxarıda qeyd olunan qətnamədə İddiaçı pensiya yaşına çatmamasını göstərmişdir. Məhkəmənin yuxarıda qeyd olunan qətnaməsində göstərildiyi kimi hazırki mülki işdə cavabdehlə iddiaçı arasında qeyd olunan maddəyə əsaslanaraq müddətli əmək müqaviləsi bağlanmamışdır və mövcud deyildir. Halbuki iddiaçı ilə xx.xx.2014-cü il tarixdə bağlanmış 549 nömrəli müddətsiz müqavilənin müddətlə əlaqədar şərti dəyişdirilərək müddətli müqavilə ilə əvəz edilmişdir. Nəzərə alınsa ki, hazırki iş üzrə iddiaçı S.X Nəzirova 2017-ci ildən - 60 yaşına çatması ilə əlaqədar yaşa görə güzəştli şərtlərlə qanunla müəyyən edilmiş şərt və qaydalara uyğun olaraq səlahiyyətli dövlət orqanı tərəfindən pensiya təyin edilmişdir və 3 ildən artıq müddətdir ki, yaşa görə pensiya alır. Ona görə də hazırki iş üzrə 47-ci maddənin “d” bəndində pensiya yaşına çatdıqda ifadəsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsində nəzərdə tutulmuş ümumi əsaslarla müəyyən edilən pensiya yaşının 65 yaş nəzərə alınması işin halları ilə ziddiyət təşkil edir və uyğun deyildir, ona görə də əsaslı və qanuni hesab edilə bilməz. İşin digər mübahisə doğurmayan halı ondan ibarətdir ki, iddiaçı X.İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxarkən, müddətsiz müqaviləsinin müddətli müqavilə ilə əvəz edilərkən həmçinin əmək müqaviləsinə xitam verilərkən eyni şəraitdə, eyni vəzifədə işləmişdir. Hesab edir ki, məhkəmənin hazırki iş üzrə cavabdehin müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəz edilməsi üçün xx.xx.2021-ci il tarixdə verdiyi 70/Ş nömrəli əmrdə istinad etdiyi normativ normaların özündə ehtiva etdiyi halların, sübutların rədd və ya qəbul edilməsi üçün istinad etdiyi dəlillər rəhbər tutduğu qanunları göstərməməsi qeyd edilən normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının xx.xx.2021-ci il tarixdə yazdığı ərizədə öz iradəsini ifadə etmədiyini araşdırmamışdır. Hesab edir ki, xx.xx.2021-ci il tarixdə yazdığı ərizədə öz iradəsini ifadə etmədiyini müəyyən etsəydi onun könüllü ərizə yazmasının “inandırıcı” olmaması kimi formal mülahizəyə əsaslanmazdı. Məhkəmə cavabdehin müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəzedilməsi barədə 70/Ş nömrəli xx.xx.2021-ci il tarixdə verdiyi əmrdə istinad etdiyi qanun normalarının özündə ehtiva etdiyi faktiki halları araşdırmamışdır. Hesab edir ki, məhkəmə cavabdehin qeyd edilən əmrdə istinad etdiyi normaların özündə ehtiva etdiyi halları araşdırsaydı hazırki şikayətin 5 və 6-cı bəndlərində göstərilən dəlillər olmazdı. Məhkəmə iddiaçının xx.xx.2021-ci il tarixdə yazdığı ərizədə öz iradəsini ifadə etmədiyini sübuta yetirə bilməmişdir. Halbuki, iddiaçı hazırlıq iclasında və məhkəmə baxışında ərizəsini özünün yazmasını, imza etməsini təsdiq etməklə, kimsənin ona ərizə yazmaqda təsir etmədiyini göstəmişdir. Eyni zamanda müqavilədə edilmiş dəyişikliklə tanış olaraq imza etmişdir. Hətta iddia ərizəsində bu barədə heç bir dəlil göstərməmişdir. Məhkəmə hazırki iş üzrə cavabdehin müddətli müqavilə bağlaması ilə əlaqədar pensiya yaşının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “d” bəndində pensiya tələbləri pozulmuşdur. Maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilən qətnamə isə “təbii olaraq” iş üzrə cavabdeh tərəfin mənafeyinin, qanunu maraqlarının, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “d” bəndində pensiya yaşının 65 yaş nəzərdə tutulmasını sübut edə bilməmişdir. Halbuki məhkəmə hazırki iş üzrə iddiaçının müvafiq maddədə pensiya yaşının 65 yaş nəzərdə tutulmasının qeyd etməsi hazırki işin hallarına uyğun deyildir, təsdiq olunmur və mövcud qanunvericiliyin tələbinə ziddir. Məhkəmə hazırki iş üzrə iddiaçının “pensiya yaşına” çatmamasını müəyyən etmişdir. Halbuki iddiaçı 2017-ci ildən, 60 yaşa çatmasına görə qanunla müəyyən edilmiş, yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Məhkəmə iş üzrə iddiaçı ilə yeni müddətli əmək müqaviləsi bağlanmasını müəyyən etmişdir. Halbuki iddiaçı ilə yeni müddətli əmək müqaviləsi bağlanmamış, ancaq iddiaçı ilə xx.xx.2014-cü ildə bağlanmış 549 nömrəli müqavilənin müddətlə əlaqədar şərti dəyişdirilərək müddətsiz müqavilə müddətli müqavilə ilə əvəz edilmiş və edilmiş dəyişiklik müqaviləyə əlavə edilərək Hökumət Portalında qeydiyyatdan keçmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasıdan Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(051)-2239/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qüvvədə saxlanması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(051)-2239/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b)əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c)əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d)dövlət sirrini, habelə İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e)iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin d) bəndinə əsasən işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda onunla əmək müqaviləsi bağlana bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tаrixli, 2(051)-2239/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 40 il bir müəssisədə müddətsiz əmək müaviləsi ilə işləyən işçinin onunla müddətli əmək müaviləsi bağlanması barədə könüllü ərizə yazması inandırıcı deyil. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddiaçı xx.xx.2021-ci il tarixdə yazdığı ərizəsində pensiyaya çıxdığını və ərizəsini özünün könüllü yazmasını hazırlıq iclasında və məhkəmə baxışı zamanı təsdiq etmişdir. Məhkəmə iddiaçının pensiya yaşına, 65 yaşına çatmaması əsası ilə cavabdehin onunla müddətli əmək müqaviləsi bağlamasının qanunsuz olması qənaətinə gəlməklə iddianı təmin etməkdə səhvə yol vermişdir. İddiaçı ilə xx.xx.2014-cü il tarixdə bağlanmış 549 nömrəli müddətsiz müqavilənin müddətlə əlaqədar şərti dəyişdirilərək müddətli müqavilə ilə əvəz edilmişdir. Nəzərə alınsa ki, hazırki iş üzrə iddiaçı S.X Nəzirova 2017-ci ildən - 60 yaşına çatması ilə əlaqədar yaşa görə güzəştli şərtlərlə qanunla müəyyən edilmiş şərt və qaydalara uyğun olaraq səlahiyyətli dövlət orqanı tərəfindən pensiya təyin edilmişdir və 3 ildən artıq müddətdir ki, yaşa görə pensiya alır, Əmək Məcəlləsinin d) bəndinə əsasən işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda onunla müddətli əmək müqaviləsi bağlana bilər. Göründüyü kimi tərəflər xüsusi olaraq Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normalarına istinad etməklə əmək müqaviləsi bağlamışlar. Yəni iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxdığından könüllü olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddiaçı da sərbəst olaraq hər hansı bir təzyiq olmadan müddətli əmək müqaviləsi bağlayaraq iradə ifadəsini bildirmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərini daha dəqiq şəkildə nəzərə alsa idi, məsələnin tam hüquqi və məntiqi həllinə gəlmiş olardı. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir, lakin müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Kollegiyanın qənaətinə görə qanunverici “əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsini maddəyə daxil etməklə məsələyə aydınlıq gətirmişdir. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni, işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yəni, qanunvericilikdə məhkəməyə bu səlahiyyətin verilməsi müəyyən olunmamışdır. Bu hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, heç bir əsas olmadan məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Digər tərəfdən məhkəmənin qeyd olunan mövqeyi sahibkarlığın dəstəklənməsinə dövlət qayğısı şüarı ilə də ziddiyyət təşkil edir. Çünki əslində fəaliyyət planını işçilərin qabliyyəti baxımından quran sahibkarın üzərinə hər hansı bir işçi ilə işləmə öhdəliyinin qoyulması bir növ sahibkarın fəaliyyət planında olan harmoniyanı pozmaqla onu uğursuzluğa sürükləyir. Məhkəmənin qeyd olunan mövqeyi “sosial dövlət” aspektindən müsbət addım kimi dəyərləndirilsə də, bu hal dövlətin açıqdan-açığa bazar iqtisadiyyatı prinisipi ilə ziddiyyət təşkil edir. Qeyd olunan məsələ üzrə mübahisəyə konkret olaraq nəzər salsaq, aşağıdakı fabulanın şahidi olarıq: işəgötürən müddətli əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verir. İşçi işəgötürənin qeyd olunan əmrini məhkəmə qaydasında mübahisələndirir. İşçinin həmin əmri mübahisələndirməsi dövründə və ya mübahisələndirməyəcək (iddia ərizəsi ilə məhkəməyə mürəciət anınadək) əmək müqaviləsinin müddətinin ötməsi halına baxmayaraq, məhkəmə işəgötürənin bu barədə əmrini ləğv edərək işçini işə bərpa edilməsini qət edir. Lakin məhkəmə qətnaməsində işçinin işə necə bərpa olunması və hansı halların nəzərə alınması göstərilmir. Bu hal isə təbii olaraq anlaşılmazlığı ortaya qoyan əsas amil olur. Kollegiyanın qənaətincə bu cür qərarla məhkəmə anlaşılmaz qətnamə qəbul edir ki, bu isə məsələni mahiyyəti üzrə həll etməyərək təcrübədə işəgötürənin hansı hərəkətlər etməli olmasını birmənalı müəyyənləşdirə bilmir, bu isə icra orqanlarında və tərəflərdə sual yaradır: 1) işə bərpa olunan işçi yalnız bitmiş münasibətlər üzrə işə bərpa olunmalıdır (həmin müddət üzrə ödəniş olunmaqla əmək kitabçasında dəyişiklik olunmalıdır?), yoxsa müqavilə müddəti bitdikdən sonra da tərəflər müddətli əmək müqaviləsinin müddətinin uzadılması təşəbbüsü ilə çıxış etməmişdirsə, və ya belə bir niyyətlərini ifadə edə bilməmişlərsə (və ya elə işçini işdən azad etməklə müqaviləni uzatmaq istəməməsi niyyətlərini - işçi əvvəlcədən tutduğu vəzifədən azad etməklə ifadə etmişdirsə) əmək münasibətlərini davam etdirməlidirlər? 2) işə bərpa olunan işçi ilə müddətli, yoxsa müddətsiz əmək müqaviləsi, yoxsa başqa formada olan əmək müqaviləsi bağlanmalıdır? Ümumiyyətlə, qeyd edilməlidir ki, hər bir müqavilə tərəfi vicdanlı şəkildə davranmağa borcludur. Tərəflər bu vəzifədən və ya başqa sözlə onların üzərinə düşən bu öhdəlikdən imtina edə və ya onu məhdudlaşdıra bilməz. Şəxslərin təsbit olunan hüquq və azadlıqları başqalarının hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməz olduğundan, gələcəkdə bu kimi halların baş verməsi üçün hüquqi zəmin yaratmış olar ki, bu da yolverilməzdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tаrixli, 2(051)-2239/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tаrixli, 2(051)-2239/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar