Məhkəmə qərarları › İş №2(107)-676/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-676/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-676/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın yaşayış evindən çıxarılması” tələbinə dair mülki işi üzrə Ağdaş Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Ağdaş Rayon Məhkəməsinin 2(014)-724/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X6 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması və X6 ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən X6 payının İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsinin müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1523/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-724/2021 saylı qətnaməsi X6 ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən X6 payının İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Ağdaş rayonu Kükəl kəndində yerləşən ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının, fərdi yaşayış evinin yerləşdiyi 0,35 ha torpaq sahəsinin 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi isə X8 paylı mülkiyyət hüquq xx.xx.2022ci il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus 1 ədəd qapılı yarımçıq divar mebeli, 1 ədəd 2 qapılı dolab (şifoner), 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd taxt, pərdələr, 1 ədəd bel, 1 ədəd dəhrə, 1 ədəd balta və 1 ədəd nehrədən ibarət əmlaklarının ********** qeydiyyat nömərli, 12 may 2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ağdaş rayonu Kükəl kəndində yerləşən bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evindən məcburi çıxarılması, mediasiya prosesinə və dövlət rüsumu hesabına ümumilikdə ödəmiş olduğu 100 manat pulun müştərək qaydada cavabdehlərdın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə mərhum qardaşı X5 arvadıdır. Hər iki cavabdeh özlərinə məxsus təsərrüfatda inşa etdikləri fərdi yaşayış evində yaşayırlar. Torpaq islahatı zamanı qanuni istifadələrində olan 0,35 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə mərhum X2nun, X8 və onun yəni İddiaçı ümumi birgə mülkiyyətində verilmişdir və bu barədə adlarına JN-042A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. X1 20 iyul 2003–cü il tarixdə Ağdaş rayonunun Kükəl kəndində vəfat etmişdir. Atasının ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsindən və orada inşa etdirdikləri fərdi yaşayış evindən ona çatası hissəsini qanun üzrə birinci növbə vərəsə kimi faktiki olaraq o qəbul etmişdir. Ağdaş Rayon Məhkəməsnin 29 aprel 2021-ci il tarxili, 2(014)-724/2021 saylı və X7 2(107)- 1523/2021-ci il tarixli qətnamələri ilə 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində vəfat etmiş X2nun ölümündən sonra ondan miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0.5754 hektar və 0.5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X2nun payının onun, yəni İddiaçı tərəfindən miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra müraciəti əsasında DƏDKR publik hüquqi şəxin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən həmin yaşayış evi tam, 0,35 hektar həyətyanı torpaq sahəsi isə 2/3 hissədə onun, 1/3 hissədə anası X9 adına qeydiyyat alınmışdır və bu barədə adına ********** qeydiyyat nömrəli, 12 may 2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Fərdi yaşayış evinin bir otağında konkret olaraq hansı əmlakın hansı cavabdehə məxsus olmasını bilmədiyi aşağıda adları qeyd etdiyi əmlaklar yerləşir. Belə ki, Cavabdeh1 deyir ki, həmin əmlaklar ona, Cavabdeh2 isə həmin əmlakın ona məxsus olmasını iddia edir. Əmlaklar yerləşən otaq Cavabdeh1 tərəfindən açarla bağlanmışdır və açar ondadır. Fərdi yaşayış evi xüsusi mülkiyyətində olduğuna eləcə də ev uzun müddət bundan əvvəl tikildiyinə cavabdehlərə məxsus əmlaklar yığılmış otağın qapı və pəncərələri daim bağlı olduğuna görə mülkiyyəti və istifadəçi kimi həmin otaqdan istifadə edə bilmir, otağın qapı və pəncərələri daim bağlı qaldığından otağın döşəməsi və tavanı çürümək həddinə çatmış, iç divarlar erroziyaya uğramaq həddinə çatmışdır. Həmin əmlaklar aşağıdakı göstərlənlərdən ibarətdir. 1 ədəd 2 qapılı yarımçıq divar mebeli, 1 ədəd 2 qapılı dolab (şifoner), 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd taxt, pərdələr, 1 ədəd bel, 1 ədəd dəhrə, 1 ədəd balta və 1 ədəd nehrə. Həmin əmlakların xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını dəfələrlə cavabdehlərdən xahiş və tələb etsə də, cavabdehlər onun xəbərdarlığına məhəl qoymamışlar. Cavabdehlər özlərinə məxsus əmlakların xüsusi mülkiyyətində olan yaşayış evinin bir otağından çıxarmamaları səbəbindən mülkiyyətçi kimi həmin yaşayış evi və otaqları üzərində hüquqlarını istəyinə uyğun həyata keçirə bilmir. Göründüyü kimi cavabdehlər özlərinə məxsus əmlakların onun razılığı olmadan qanunsuz olaraq xüsusi mülkiyyətində olan fərdi yaşayış evində saxlamaqla mülkiyyətçi kimi həmin otaqdan istifadə və sahiblikdən məhrum etmişlər. Ona görə də cavabdelərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi atasından və anasından miras qalıb. Onun X2 1932-ci ildə həmin həyətdə doğulub boya-başa çatdıqdan sonra xx.xx.1958-ci ildə X16 ilə nikaha girmişdir. Həmin nikahdan dünyaya gələn övladları bunlardır: X15 xx.xx.1959-cu ildə anadan olmuş və xx.xx.1994-cü ildə Füzulidə gedən qızğın döyüşlərdə şəhid olmuşdur. İkinci qız övladı X3 xx.xx.1960-ci ildə anadan olub. Üçüncü övladı X11 xx.xx.1961-ci ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat edib. Dördüncü övladı o, Cavabdeh1 xx.xx.1963-cü ildə anadan olmuşdur. Beşinci övladı X17 1967-ci ildə anadan olmuş, olduğu ildə 6 aydan sonra dünyasını dəyişmişdir. Həmin mülk və sözügedən torpaqlar Osmanova Xurma və X10 birgə nikahdan olmuş və övladlarının sayı əsasında verilmişdir. X2 xx.xx.2003-cü ildə vəfat etmiş və ailə üzvləri bacı və qardaşı arasında heç bir əmlak və mülk mübahisəsi olmamışdır. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)-70/2023 nömrəli iş üzrə qəbul etdiyi 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 həmin fərdi yaşayış evi və otaqda olan əşyalarla bağlı vərəsəlik və istifadə hüquqları mövcuddur. İddia tələbində qeyd edilən əşyalarla bağlı digər Cavabdeh2 hər hansı iddiası və etirazı olmamamışdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab etmişdir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın yaşayış evindən çıxarılması” tələbinə dair iddiası rədd edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1159.1.1, 1159.1.3, 1243, 1255, 1273-cü, xx.xx.2009-cü ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İş materiallarından göründüyü kimi, Ağdaş Rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələrindən məlum olur ki, mən, yəni İddiaçı mərhum atamdan miras qalmış fərdi yaşayış evini tam və həyətyanı torpaq sahəsindən ona çatası payını qanun üzrə birinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmişəm. Mərhum atamın ölümündən sonra ondan miras qalmış cavabdehlərə məxsus əmlakların yerləşdiyi fərdi yaşayış evini tam hissədə məhkəmə qətnamələri ilə qanun üzrə birinci növbə vərəsə kimi mən qəbul etdiyimdən yaşayış evi mənim mülkiyyətim sayılır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehlər özlərinə məxsus əmlakların xüsusi mülkiyyətimdə olan yaşayış evində və həmin əmlaklar üzərində vərəsəlik hüquqlarını təsdiq edən heç bir sübutlarını məhkəməyə təqdim etmədikləri halda, işə baxan məhkəmə Cavabdeh1 ərizəsini maddi sübut kimi qəbul edərək tədqiq etmiş, bunun əksi olaraq həmin fərdi yaşayış evini vərəsəlik yolu ilə əldə etməyimə, dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında adıma qeydiyyata aldırmağıma, həmin evin mənim mülkiyyətim sayılmasına, cavabdehlər əmlakları yerləşən otağı daim bağlı saxladıqları və həmin evdən çıxarmamaları nəticəsində mülkiyyətçi kimi həmin əmlak üzərində mülkiyyət hüquqlarımı istəyimə uyğun həyata keçirə bilməməyimə dair kifayət qədər sübutlarımı məhkəməyə təqdim etsəm də, işə baxan məhkəmə həmin sübutları araşdırmamış, həmin sübutlarımın bəzilərini təqdid etsə də, onlardan düzgün istifadə etməmişdir. Cavabdehlər etirazlarının əsası kimi istinad etdikləri xüsusi mülkiyyətimdə olan yaşayış evində qanunsuz saxladıqları əmlaklar və eləcə də yaşayış evi üzərində vərəsəlik hüquqlarının olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Mən iddiaçı kimi iddia tələbimin əsası kimi istinad etdiyim halları, yəni cavabdehlərin qanunsuz olaraq əmlaklarını saxladıqları həmin fərdi yaşayış evini vərəsəlik yolu ilə əldə etməyimi, dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında adıma qeydiyyata aldırmağımı, həmin evin mənim mülkiyyətim sayılmasını, cavabdehlər əmlakları yerləşən otağı daim bağlı saxladıqları və həmin evdən çıxarmamaları nəticəsində mülkiyyətçi kimi həmin əmlak üzərində mülkiyyət hüquqlarımı istəyimə uyğun həyata keçirməməyimi təsdiq edən sübutlarımı məhkəməyə təqdim etməklə sübut etsəm də, işə baxan məhkəmə iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. İşə baxan Ağdaş Rayon Məhkəməsi cavabdehlərin qanunsuz olaraq əmlaklarını saxladıqları yaşayış evini məhkəmə qətnamələri ilə vərəsəlik yolu ilə əldə etməyim, həmin daşınmaz əmlakı dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında adıma qeydiyyata aldırmağım, həmin evin mənim mülkiyyətim sayılması,cavabdehlər əmlakları yerləşən otağı daim bağlı saxladıqları və həmin evdən çıxarmamaları nəticəsində mülkiyyətçi kimi həmin əmlak üzərində mülkiyyət hüquqlarımı istəyimə uyğun həyata keçirməməyim, yaşayış evini faktiki qəbul etməyimi müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğu üçün cavabdelərin həmin evdə vərəsəlik hüquqlarının mövcud olmaması kimi faktiki halları dəqiq araşdırmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı iddianın təmin edilməməsi yox, iddiaçı tərəfin belə bir tələblə müraciət etməsinə kifayət qədər subyektiv hüququ olduğundan iddia tələbi əsaslı olduğundan təmin edilməsi nəticəsinə gələrdi. İşə baxan məhkəmə cavabdehlərin həmin evdə vərəsəlik hüquqlarının mövcud olmasını iş üçün əhəmiyyətli hallar kimi qəbul etməsi, həmin hallar mərhum atamdan miras qalmışevin iddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə qanini qüvvəsini almış məhkəmə qətnamələri mövcud olduğundan sübut edilmir. İşə baxan məhkəmə iddia tələbinin təmin edilməməsi barədə qəbul etdiyi qətnaməsi, cavabdehlərin qanunsuz olaraq əmlaklarını saxladıqları yaşayış evini məhkəmə qətnamələri ilə vərəsəlik yolu ilə əldə etməyim, həmin daşınmaz əmlakı dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında adıma qeydiyyata aldırmağım, həmin evin mənim mülkiyyətim sayılması, cavabdehlər əmlakları yerləşən otağı daim bağlı saxladıqları və həmin evdən çıxarmamaları nəticəsində mülkiyyətçi kimi həmin əmlak üzərində mülkiyyət hüquqlarımı istəyimə uyğun həyata keçirməməyim, yaşayış evini faktiki qəbul etməyimi müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğu üçün cavabdehlərin həmin evdə vərəsəlik hüquqlarının mövcud olmaması kimi faktiki hallarına uyğun gəlmir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının adına verilmiş mülkiyyətə dair çıxarış saxtadır. Belə ki, iddiaçının adına qeydə alınmış yaşayış evi onun mərhum valideynlərinin evi olmuşdur və həmin evdə onun da payı var. İddia tələbində qeyd olunan əşyalar ona məxsusdur. Belə ki, mərhum anasının əşyalarıdır və evin bir otağı onun tərəfindən bağlanmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, birinci instansiyası məhkəməsnin hazırki iş üzrə qəbul etdiyi qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdehlər tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ağdaş rayon, Kükəl kəndində yerləşən 0,35 hektar torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin bir otağında Cavabdeh1 aid iddia ərizəsində adları qeyd olunan əşyalar yerləşdirilmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh2 Rayon Məhkəməsində verdiyi izahatında həmin əşyaların ona aid olmadığını, bu əşyaların digər Cavabdeh1 məxsus olduğunu bildirmişdir. Cavabdeh1 isə məhkəmələrə verdiyi izahatlarda göstərir ki, fərdi yaşayış evi və evdə mövcud olan mübahisəli əşyalar üzərində onun vərəsəlik hüququ vardır. Belə ki, o, həmin evi və əşyaları anasının ölümündən sonra miras əmlak kimi faktiki qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaya dair etdiyi bu etiraz mötəbər sübutlarla, məsələn, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə sübuta yetirilə bilər. Lakin bu kimi sübutlar mövcud deyil. MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv olunmamışdır, qeyd hal-hazırda da qüvvədədir. Mülki Məcəllənin 140-cı maddəsinə əssən isə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, müəyyən edilir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus fərdi yaşayış evinin bir otağında Cavabdeh1 aid əşyalar yerləşdirilmişdir. Həmin əşyaların evdə olması iddiaçının mülkiyyət hüququnu pozur. Odur ki, iddiaçı pozulmuş hüququnun bərpa edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia qismən, yəni cavabdeh X4 münasibətdə əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün qiymət vermədən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iş üzrə maddi və prosesssual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşımır, dəlillər qismən əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak üçün 50 manat, iddia ərizəsinin verilməsi üçün 50 manat, apellyasiya şikayətinin verilməsi üçün isə 50 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119-cu maddəsinin tələblərinə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş, cəmi 150 manat məhkəmə xərcinin 75 manat hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 məxsus 1 ədəd iki qapılı yarımçıq divar mebeli, 1 ədəd iki qapılı dolab (şifoner), 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd taxt, pərdələr, 1 ədəd bel, 1 ədəd dəhrə, 1 ədəd balta və 1 ədəd nehrə Ağdaş rayonu, Kükəl kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə, yəni Cavabdeh2 münasibətdə təmin edilməsin. İddiaçı tərəfindən məhkəmə xərcləri kimi ödənilmiş 75(yetmiş beş) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar