Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-683/2023 18.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabadehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(014)-144/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. 18 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 əlavə cavabdeh qismində cəlb edilmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 30 noyabr 2017-ci ildə Cavabdeh3 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Toy şənliyindən sonra el adəti üzrə Cavabdeh3 yaşadığı, Yevlax rayonunun Havarlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt ona məxsus cehiz əmlakları da qeyd olunan fərdi yaşayış evinə yerləşdirilmişdir. Lakin, həmin ev özəlləşməmişdir. Birgə nikahdan onların 30 oktyabr 2018-ci ildə Abbasəli adlı övladları dünyaya gəlmişdir. Cavabdeh3la bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulandan sonra Abbasəli adlı uşağının onun yanında qalması müəyyən olunmuş və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin olunmuşdur. O, Cavabdeh3la 2022-ci ilin sentyabr ayına kimi Yevlax rayonun Havarlı kəndində yerləşən fərdi yaşayış evində övladı ilə birlikdə yaşamış və onunla birgə mənzil təsərrüfatını idarə etmişdir. Cavabdeh3la münasibətləri pozulandan sonra uşaqları ilə birlikdə atasına məxsus evdə yaşayırlar. Lakin, atasına məxsus mənzil darısqal olduğuna görə orada yaşamaq mümkün deyildir. Cavabdehlərə məxsus fərdi yaşayış evindən onun və övladının istifadə hüququ vardır. Eyni zamanda da Cavabdeh3la birgə nikah dövründə qeyd olunan fərdi yaşayış evinin təmir olunmasında iştirak etmişdir. Göstərilənlərə əsasən onun, yəni İddiaçı və azyaşlı övladı 30 oktyabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə Yevlax rayonun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı sözügedən evdə iki ay yaşamışdır. Hazırda iddiçının əşyaları onun evindədir. Ev onundur. İddiaçının həmin evə heç bir hüququ yoxdur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. 18 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini göstərmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Ağdaş Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(014)-144/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı və azyaşlı övladı 30 oktyabr 2018-ci il təvəllüdlü X1 Yevlax rayonunun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh3 2007-ci ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra onlar Cavabdeh3 atası Cavabdeh1 adına xx.xx.2007-ci il tarixli bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsində yerləşən evə köçmüşlər. Həmin torpaq sahəsinin mülkiyyətdə olmasına dair sənədi yoxdur və hazırkı iddia məhkəməyə verildikdən sonra Cavabdeh1 mülkiyyət sənədinin verilməsi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh3 xx.xx.2017-ci ildə nikaha daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qəbul edilənədək nikahda olmuşlar. İddiaçının məhkəmə iclasında bildirməsinə, həmçinin, Cavabdeh1 da qəbul etməsinə görə iddiaçı 2022-ci ilin sentyabr ayınadək övladı ilə birlikdə həmin ünvanda yaşamış və indiyədək iddiaçının cehiz əmlakları həmin ünvanda yerləşir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası bu hissədə təmin olunmaqla, İddiaçı və övladı Abbasəli Yevlax rayonun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməlidir.
12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, mübahisəli ev tərəflərin heç birinin mülkiyyətində deyildir. Tərəflər həmin evin kimin mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Cavabdeh evə dair bələdiyyə tərəfindən tərtib edilmiş sənədlərin surətlərini məhkəməyə təqdim etsə də, həmin sənədlər mülkiyyət hüququnu təsdiq etmir. Həmçinin, Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınması üçün hazırkı iddia məhkəməyə verildikdən sonra inzibati məhkəməyə müraciət etmiş və həmin işə mahiyyəti üzrə baxılmasını təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunan mənzildə cavabdeh hansı statusdadırsa, iddiaçı da həmin statusdadır. Ona görə də iddiaçının həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı mübahisəli mənzilə 2017-ci ildə qeyd-şərtsiz köçərək orada cavabdehlərlə ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından, o, uşağı ilə birlikdə mübahisəli evə köçürülməlidir.
13. Cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının uşağı ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olduğundan iddiaçının yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə cavabdehlərin sahibliyində olan evə köçürülməsi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş iddiaçının və yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğundur.
14. Həmçinin, işin materiallarında mübahisəli evin kimə məxsus olması, kim tərəfindən və nə vaxt tikilməsi barədə heç bir sənəd mövcud deyil.
15. Qeyd olunanlarla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçının digər tələbi olan istifadə hüququnun tanınması isə əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin mülkiyyət hüququna dair sənəd olmadığından, həmin sahə və onun üzərindəki evə dair istifadə hüququ müəyyən edilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci, 27.1, 179.3, 180.1-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq bildirirlər ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 394 saylı qərarına əsasən tikdirdiyi evin torpaq sahəsini Havarlı bələdiyyəsinə müvafiq məbləği ödəyəndən sonra həmin torpağı qanuni əsaslarla alqı-satqı etmişlər. Bu səbəbdən də 0,06 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq sənədləri verilmiş, Havarlı bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi o, Cavabdeh1 satılmış, o aldığı torpağın dəyərini Havarlı bələdiyyəsinin bankda olan hesablaşma hesabına ödəmişdir. Bundan sonra torpağın alqı-satqısı 3 nüsxədən tərtib edilərək bir nüsxəsi ona verilmiş, ilkin torpaq sənədləri DTXK-Yevlax rayon Şöbəsinə və digər aidiyyatı orqanlara göndərilmişdir. Mülki iddiaya Havarlı Bələdiyyəsinə xx.xx.2007-ci il tarixli müraciəti Bələdiyyənin ona 0,06 ha torpaq sahəsinin satması barədə xx.xx.2007-ci il tarixli 394 saylı qərarı və onun ödədiyi pulun qəbzi əlavə edilmişdir. Qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması və ona satılması sənədlərlə öz təsdiqini tapır. Bundan başqa onun qeyd olunan torpaq sahəsində kürsülü bir mərtəbədən və iki otaqdan ibarət fərdi yaşayış evini inşa etdirmişdir. Həyat yoldaşı ilə birlikdə həmin evdə bu gün də yaşayır.
19. İddiaçı onun evində cəmi 2 ay yaşamışdır. Bundan başqa tərəfindən torpaq sahəsinin və evin dövlət reyestrindən keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmişdir. Torpaq sahəsinin plan və ölçüsü ərizəyə əlavə edilmədiyinə görə ona imtina məktubu gəlmiş, bununla bağlı Şəki İnzibati Məhkəməsinə xx.xx.2023-ci il tarixində müraciət etmişdir. Müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı rəsmi iddia qaldırmışdır. Tələbi bu gün də icraatdadır. Məhkəməyə bütün zəruri sənədləri təqdim etmişdir. Onun gözlənilən mülkiyyət hüququ vardır.
20. İddiaçı ilə onun oğlu Cavabdeh3 arasında olan 384 №- li xx.xx.2017-ci il nikah qeydi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-2112/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Uşağın saxlanılması üçün 140 manat aliment təyin edilmişdir. Nikaha xx.xx.2022- ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında aktların qeydiyyatı kitabında xx.xx.2022-ciiltarixdə 07 nömrəli qeydiyyat aparılmışdır.
21. İddiaçı xx.xx.1998-ci il tarixində anadan olmuş, Mingəçevir şəhəri, Vəzirov küçəsi ev 16 mənzil 27-də qeydiyyatda olmaqla orada bu gündə yaşayır. Məhkəmə qətnamədə onun oğlu ilə iddiaçının 2007-ci ildə nikaha daxil olduğunu qeyd edir və 2007-ci ildə bələdiyyə qərarı ilə onların evə köçdükləri bildirilir. Bu tam yalnış və yalan məlumatdır. O, Cavabdeh3 iddiaçı ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olmuşdur. İddiaçı bu evdə cəmi 2 ay yaşayıb.
22. Məhkəmə maddi hüquq normalarını Mülki Məcəllənin 27.1, 179.3, 180.1-ci, həmçinin Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddəsinə istinad etməklə bu normaları düzgün tətbiq etməmişdir.
23. Məhkəmə qeyd edir ki, mənzildə cavabdehlər hansı statusdadırsa iddiaçıda həmin statusdadır. 2017-ci ildə burada yaşadığından mübahisəli evə məhkəmənin qənaəti ilə yanaşsalar onlar köçürülməlidir? O statusunu bəyan etmişdir. Bələdiyyə qərarını, alqı-satqı qərarlarını, plan-ölçü sənədlərinin hər birini məhkəməyə vermişdir. İddiaçının hansı sənədləri mövcuddur ki, onunla eyni statusda olsun. Bu ev onundur. O tikdirmişdir. Torpağı o almışdır. Zəruri sənədləri ilə gözlənilən mülkiyyət hüququ vardır. Şəxsin 2 ay evində yaşaması, 2021-ci ildə oğlundan boşanması, onun rəsmi olaraq onun ailə üzvü olmaması, həmçinin, onun hazırki qeydiyyat yerinin onun evi olmaması, 2017-ci il tarixində oğlu ilə ailə qurması cəmi 2021-ci ildə bir yerdə evində 2 ay yaşaması ona heç bir halda əsas vermir ki, gözlənilən mülkiyyət hüququ olan onun mülkiyyəti üzərinə oğluna 2017-ci il tarixində nikaha girmiş, 2021-ci il tarixində oğlundan boşanmış, bu iddiaçını məhkəmə evinə köçürsün.
24. Məhkəmə ciddi qaydada maddi hüquq normalarını pozub, əmlakı üzərində ona münasibətdə qanunsuzluq edib. Onun gözlənilən mülkiyyət hüququnu iddiaçının vəziyyəti ilə eyniləşdirib. O, mübahisələndirilən torpaq sahəsi üzərində olan tikilini torpaq sahəsini almışdır. Müllkiyyət hüququnun iki elementi sahiblik və istifadə hüququ onun üzərində olmaqla bu barədə mövcud sənədləri məhkəməyə təqdim etmişdir.
25. Məhkəmə Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü iltarixli qərarındakı hüquqi mövqeyini pozmuşdur. Bundan başqa məhkəmə Mülki Məcəllənin 228.1 və 228.2 və Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2014-cü il tarixli qərarının tələblərini pozmuşdur.
26. Onun cavabdehlə qohumluq əlaqəsi mövcud deyildir. Şəxs 2021-ci ildə digər Cavabdeh3 boşanmışdır. İddiaçının bu səbəbdən də yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Bu səbəbdən də bu münasibətlər Ailə Qanunvericiliyinin normaları ilə tənzimləndiyindən Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə əsasən hüququn notariat qaydada qeydə alınmasına ehtiyac qalmır. Şəxs onun ailə üzvü deyildir. Bu səbəbdən də Ailə Məcəlləsinin 13-15-ci fəsillərinin əhatə dairəsinə aid deyildir. Odur ki, məhkəmə tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, tam və hərtərəfli araşdırılma aparılmamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət verilməmiş bu baxımdan da məhkəmənin iş üçün gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
27. Bundan başqa məhkəmə iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş, iddiaçının 2017-ci ildə nikaha daxil olduğunu, 2021-ci ildə nigahın pozulduğunu, iddiaçının onların ailə üzvü olmadığını, işdə olan gözlənilən mülkiyyət hüququnun qiymətləndirməməsi, həmçinin şəxsin daimi qeydiyyatda olduğu ünvanı dəyərləndirməməsi, iki ay ərzində bu ünvanda yaşamış iddiaçını evə köçürməkdə tam əsassız qənaətə gəlmişdir. Bununla da Ailə Məcəlləsinin yuxarıda qeyd etdiyi 15-ci fəslinin müddəalarını pozmuşdur. Bu səbəbdən də maddi hüquq normasının pozulması və düzgün tətbiq olunmaması, Ağdaş rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.
28. Məhkəmə Prosessual Hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onların mövqeyi tam və hərtəfli araşdırılmadı. Nəticədə prosessual hüquq normaları onlara münasibətdə pozuldu. Onlar öz mövqelərini ortaya qoymağa çalışsalarda hazırkı ədalətsizliklə qarşılaşmalı oldular. Çıxarılan qətnamə AR MPM-nın 217-ci maddəsinə əsasən qanuni və əsaslı olmalıdır. Həmin normaya əsasən mübahisəli hüquq münasibətinin yarandığı zamanı qüvvədə olan maddi hüquq normalarına və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin istinad etdiyi normalar isə tamamilə fərqli hüquq normalarıdır. Məhkəmə onunla cavabdehin statusunun eyni olduğunu bildirir. Bu əmlak onundur. O bu əmlakı tikdirmişdir. Torpağa dair qanuni əsaslarla əldə etdiyi bələdiyyə qərarı var.
29. O, bu torpağı özbaşına əldə etməmişdir. Bu torpaq üzərində olan tikili özbaşına tikili deyildir. Mülkiyyət hüququnun hazırda dövlət qeydiyyatına alınması prosesinin uzanması onun gözlənilən mülkiyyət hüququnu əlindən almır. İşin hallarındanda görünür ki, hazırki mübahisə 2017-ci ili əhatə edir. Ailə Məcəlləsinin 15-ci fəsli ilə uzlaşsa şəxsin onun ailə üzvü olmaması nəzərə alınmayaraq əsassız qətnamə qəbul edilib. Şəxs onun evinə köçürülür. Hansı səbəblə və əsasla bu hal tətbiq olunur, o, anlaya bilmir. Məgər iddiaçı Ailə Məcəlləsinin 15-ci fəslində qeyd edilən kimi evin gözlənilən mülkiyyətçisi olan onu Cavabdeh1 özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid edilmişdirmi? İşə baxan Ağdaş rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək onun tikdirdiyim evə iddiaçının köçürülməsini təmin etməklə səhf nəticəyə gəlmişdir. Bununla da məhkəmə sübutları tam araşdırmamış, istinad etdikləri hallara qiymət verməmiş, müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq qərarını əsaslandırmamış, mövcud sübutlarını qiymətləndirmədən qərəzli, qeyri-obyektiv qətnamə qəbul etmişdir
30. Məhkəmə müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının iki ay evində yaşamasını əsaslı hesab edib şəxsi evinə köçürmüşdür. Qətnamədə göstərilən hallar hazırki nəticəyə uyğun deyil. Bu şəkildə qətnamə vahid məhkəmə təcrübəsində mövcud deyildir
31. Odur ki, Apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-144/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Cavabadeh Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 144/2023 saylı saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
34. Cavabdeh2 digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlərin vəkili Vəkil2 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
36. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı tərəfindən bankdan götürülmüş və məhkəmə kollegiyasına göndərilmiş sənədlərdə əksini tapmış kredit məbləğinin İddiaçı tərəfindən mübahisəli evin təmirinə sərf edildiyini göstərmişdir.
37. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh3 və cavabdehlərin vəkili gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh3 və cavabdehlərin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
39. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun; 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
41. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.
44. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
45. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X11 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-144/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
48. Məhkəmə kollegiyası Ağdaş Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(014)- 144/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(014)-144/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
51. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlərdən Cavabdeh3 ilə 30 noyabr 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra İddiaçı xx.xx.2007-ci il tarixli bələdiyyə qərarı əsasında Cavabdeh1 adına verilmiş 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. İddiaçı ilə Cavabdeh3 birgə evliliklərindən 30 oktyabr 2018-ci il təvəllüdlü bir övladları anadan olmuş və onların arasında bağlanmış nikah 03 dekabr 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, İddiaçı azyaşlı uşağı ilə birlikdə, gəlin gəldiyi və Cavabdeh1 məxsus fərdi yaşayış evini tərk etmişdir.
52. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin istifadə hüququnun müəyyən edilməsinə dair dair hissəsini rədd etməkdə haqlı olsa iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
55. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
56. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
57. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
58. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
59. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
60. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
61. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
62. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
63. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsi, məhkəmənin maddi hüquq normalarının tələblərini pozaraq cavabdehin gözlənilən mülkiyyət hüququnu iddiaçının vəziyyəti ilə eyniləşdirməsi, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin tələblərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü iltarixli qərarındakı hüquqi mövqenin, Mülki Məcəllənin 228.1 və 228.2 və Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarının tələblərinin pozulması, iddiaçının yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olmaması, prosessual hüquq normalarının pozulması, gözlənilən mülkiyyət hüququnun, torpağa dair bələdiyyə qərarının, torpağı qanuni əsaslarla alqı-satqı yolu ilə bələdiyyə mülkiyyətindən almasının nəzərə alınmamasına dair dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən fərdi yaşayış evinin, onun yerləşdiyi bələdiyyədən alınmış torpaq sahəsinin mülkiyyətdə olmadığına istinad edərək, mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1, 68.2 maddələri ilə əsaslandırmaqda səhvə yol vermişdır.
64. Belə ki, mülki iş materiallarında olan Yevlax rayon Havarlı Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli, 394 saylı qərarından görünür ki, Yevlax rayonu Havarlı Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Ağdaş rayon sakini Cavabdeh1 həyətyanı məqsədi ilə 0,06 ha torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması; Yevlax rayon Havarlı Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan çevrədə yerləşən 0,06 ha torpaq sahəsinin Ağdaş rayon sakini Cavabdeh1 satılması; Cavabdeh1 normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini Havarlı Bələdiyyəsinin bankdakı müvafiq hesabına ödəməsi, ödəmə barədə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə təqdim etməsinin tapşırılması; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsindən satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi “Torpaq alqı-satqı qaydalarına” əlavədə göstərilən nümunəsi arasında “Torpaqların alqı-satqısına dair” üç nüsxədən ibarət aktın tərtib etməsi və onu qeydiyyata almasının xahiş edilməsi, ilkin torpaq sənədlərinin surətinin DTXK-nın Yevlax rayon şöbəsinə və digər aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır.
65. Eyni zamanda, mülki iş materiallarında olan torpaqların alqı-satqısına dair aktan görünür ki, Cavabdeh1 Yevlax rayonu Havarlı Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, Bələdiyyə ərazisindən ona 0,06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 394 saylı qərar qəbul edilmiş, bunun müqabilində Cavabdeh1 Havarlı Bələdiyyəsinin hesabına 140 (yüz qırx) manat ödəmişdir.
66. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evi Yevlax rayonu Havarlı kəndində yerləşən, 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Yevlax rayon Havarlı Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli, 394 saylı qərarına əsasən Cavabdeh1 satılmışdır.
67. Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən fərdi yaşayış evi Cavabdeh1 adına reyestrdə qeydiyyata alınmasa da, 0,06 ha torpaq sahəsi Yevlax rayon Havarlı Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli, 394 saylı qərarına əsasən Cavabdeh1 satıldığından sonuncunun həmin torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Digər Cavabdeh3 isə həmin evin mülkiyyətçisi olmamaqla yanaşı Cavabdeh3 mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun olması müəyyən edilmir.
68. Kollegiya bildirir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı münasibətləri birbaşa tənzimləyən qanun norması olmadığı üçün oxşar normaların analogiya qaydasında tətbiq olunması ilə mübahisənin həlli qanunvericiliyin tələbinə uyğundur və oxşar norma olaraq analogiya qaydasında Mənzil Məcəlləsinin 30-cu maddəsi əsas götürülməlidir.
69. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
70. Qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 bələdiyyədən alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmək imkanı daha əlçatandır. Bu baxımdan Cavabdeh1 torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə müvafiq inzibati tələbləri yerinə yetirmək şərtilə gözlənilən mülkiyyət hüququnun sahibi kimi qəbul edilə bilər. Belə olan halda, hazırkı mübahisəyə analogiya qaydasında 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin mülkiyyətlə bağlı olan 30-cu maddəsinin tətbiqi daha əsaslıdır.
71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
72. Qeyd edilən qərarın tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranan Cavabdeh1 ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyinin istinad edilən yuxarıda sadalanan müvafiq normalarında qaynatanın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan 18 yanvar 2023-cü il tarixli məhkəmə iclas protkolundan göründüyü kimi Cavabdeh2 həmin tarixdə keçirilən məhkəmə iclasında iş üzrə cavabdeh qismində cəlb edilməsinə, 08 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, bundan sonrakı məhkəmə iclaslarına dəvət olunması ilə bağlı xəbərdar edilməmiş, məhkəmə qətnaməsində iddia tələbinin Cavabdeh2 da qarşı yönəlmiş olmasına diqqət yetirilməmiş və onun iştirakı olmadan işə baxılması məsələsinə qiymət verilməmişdir.
76. Halbuki Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 9.1-ci və 9.3cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
77. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin qətnamədə yanlış olaraq onun oğlu ilə iddiaçının 2007-ci ildə nikaha daxil olmasının qeyd edilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materialı ilə həmin tarixin 2017-ci il olması müəyyən edilir.
78. Beləliklə məhkəmə kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinə Cavabdeh1 gözlənilən mülkiyyət hüququnun yaranmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçının ailə qanunvericiliyi əsasında fərdi yaşayış evindən, həmin evə gözlənilən mülkiyyət hüququ yaranan Cavabdeh1 ilə birlikdə onun ailə üzvü kimi istifadə etmək və həmin evə köçürülməsini tələb etmək hüquqları yaranmamışdır.
79. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi-vəkili iddiaçı tərəfindən bankdan götürülmüş və məhkəmə kollegiyasına göndərilmiş sənədlərdə əksini tapmış kredit məbləğinin İddiaçı tərəfindən mübahisəli evin təmirinə sərf edildiyini göstərməsinə baxmayaraq, iş materialından həmin vəsaitin məhz mübahisəli evə sərf edilməsinə dair hər hansı bir sübutun təqdim edilmədiyi müəyyən edilmişdir. Həmin vəsaitin mübahisəli evin təmirinə sərf edilməsi müəyyən ediləcəyi halda belə bunun evdən istifadə hüququnun deyil, evin tikintisinə çəkilmiş xərcin ödənilmə tələbinin əsasını təşkil edə bilməsi nəzərə alınmalıdır.
80. Məhkəmə kollegiyası azyaşlı uşaq-30 oktyabr 2018-ci il təvəllüdlü X2 münasibətdə qeyd edir ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(051)-2112/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasındakı nikah pozularkən onların birgə nikahdan olan uşağının anasının yanında qalması müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən, azyaşlı uşağın yaşayış yeri valideyni İddiaçı yaşayış yeri hesab edildiyindən iddia X2 münasibətdə də təmin edilə bilməz.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası Q Ə T E T D İ:
Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(014)-144/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.