Məhkəmə qərarları › İş №2(107)-69/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-69/2024

27.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-69/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh Əlisəfa qızına qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı və Cavabdeh Əlisəfa qızının iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Əlisəfa qızına(bundan sonra - cavabdeh) qarşı “zəbt olunmuş torpaq sahəsinin azad edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN:196A, KOD ********) ilə müəyyən olunur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə iddiaçı və onun anası X3 Ağdaş şəhəri ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 152,7 kv.m olan fərdi yaşayış evinə cavabdehin mülkiyyəti hüququ xx.xx.2018-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən naturada kordinatları müəyyən edilərək mülkiyyətinə verilən, lakin hazırda Cavabdeh Əlisəfa qızı tərəfindən zəbt edilmiş və qanunsuz olaraq onun istifadəsində olan 0,024 hektar torpaq sahəsinin zəbtdən azad olunanaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-ci il tarixli, 01 saylı qərarı ilə yaşadığı S.Səlimoğlu küçəsi ev 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin ona və mərhum anası X1 verilməsinə dair şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə o, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi ərizəyə, sənədlərə baxıldıqdan sonra naturada koordinatları müyyən edilmiş və onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,024 hektar sahəsinin qonşu tərəfindən zəbt edildiyi bildirilmişdir. xx.xx.2021-ci il tarixində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədilə mühəndis sözügedən ünvana gəlmişdir. Yerində müayinə baxışı keçirilən zaman qonşuluqda yaşayan cavabdeh X5 faktiki olaraq mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,024 hektar hissəsini uzun müddət istifadə etdiyi, hətta həmin sahənin ona məxsus daşınmaz əmlaka dair texniki pasportda zəbt torpaq sahəsi kimi əks olunduğu bildirilmişdir. Bu səbəbdən ərizənin icra olunmasının mümkün olmadığı ona bildirilmiş və daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında rəsmi olaraq bildiriş verilmişdir. Ona məsələnin yalnız məhkəmə qaydasında öz həllini tapa biləcəyi bildirilmişdir. Cavabdeh, ona xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz olaraq həmin ərazidən istifadə etməyə davam edir və torpaq sahəsinin müayinə edilməsinə maneə yaradır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********15 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Oktay oğlunun mülkiyyətinə JN-196 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 2 ünvanında verilmiş 0,06 ha torpaq sahəsinin 0,0214 ha hissəsi Cavabdeh Əlisəfa qızınn hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********01 saylı məktubundan müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin 24 may 2022-ci il tarixli, **********15 saylı mütəxəssis rəyinə aydınlıq gətirilməsi, yəni iş üzrə İddiaçı mülkiyyətinə JN-196A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 2 ünvanında verilmiş 0,06 ha torpaq sahəsinin 0,0214 ha hissəsinin Cavabdeh Əlisəfa qızının hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsinin, həmçinin həmin torpaq sahəsinin Ağdaş Bələdiyyəsin aid olub-olmamasının elektron uçot məlumatları əsasında müəyyən edilməsi barədə məlumatın verilməsi ilə bağlı bildirilir ki, islahat aparılan zaman tərtib edilmiş xəritə materialları ilə natura arasında uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Ağdaş Bələdiyyəsinin elektron məlumat bazasında mövcud olan “X7 X12”nə əsasən sözügedən 0,0214 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür, Cavabdeh Əlisəfa qızının hazırda istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aiddir. İddiaçı mülkiyyətinə JN-196A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsi verilsə də, hal-hazırda istifadəsində 0,0854 ha torpaq sahəsi vardır. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)-6/2023 nömrəli iş üzrə qəbul etdiyi 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən naturada koordinatları müəyyən edilərək mülkiyyətinə verilən, lakin hazırda Cavabdeh Əlisəfa qızı tərəfindən zəbt edilmiş və qanunsuz olaraq onun istifadəsində olan 0,024 hektar torpaq sahəsinin zəbtdən azad olunanaraq ona qaytarılmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin iddia edilən zəbt torpaq sahəsi cavabdehin adına, ondan əvvəl isə digər şəxslərin adına tərtib edilmiş texniki pasporta əsasən cavabdehin faktiki istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Bu hal iş materiallarında olan həmin zəbt torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi üçün aparılan torpaqayırma sənədləri və maraqlı orqanın bununla bağlı verdiyi rəylə də təsdiqini tapır. Eyni zamanda iş materiallarında olan ekspert rəyindən görünür ki, 0,0214 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi X6 hazırda istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aid olduğu qeyd olunmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1, 111.2, 111.3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Ağdaş rayon X8 05 yanvar 2006-ci il tarixli, 01 sayli qararı ilə iddiaçının yaşadığı S.Səlimoğİu kuçəsi, ev 4 ünvanında 0,06 hektar torpaq sahəsi iddiaçının mərhum anası X1 və iddiaçıya veriİmişdir. Maraqlı şəxslər tərəfindən Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Ağdaş Bələdiyyəsinin elektron məlumat bazasında mövcud olan “X7 X12”nə əsasən cavabdehin istifadəsində olan mübahisəli 0,0214 hektar torpaq sahəsinin Bələdiyyənin mülkiyyətinə aid olduğu bildirilsə də bunun dövlət qeydiyyatına alınması barədə məhkəməyə heç bir mötəbər sübüt təqdim olunmamışdır. İşə baxan Məhkəmə həmin halları araşdırmamış, bununla maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi, həmin idarə tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, **********15 saylı mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə xx.xx.2022-ci il tarixli məktubunda həmin mütəxəssis rəyinə və JN-196A saylı, Kod 90301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə zidd olaraq iddiaçının mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsinin 0,0214 hektar hissəsinin cavabdehin hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsini, həmin torpaq sahəsinin cavabdehin istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinə aid olmasını bildirmişdir və bunu onunla əsaslandırmışdır ki, guya islahat aparılan zaman tərtib edilmiş xəritə materilları ilə natura arasında uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Ağdaş Bələdiyyəsinin elektron məlumat bazasında mövcud olan “X7 X12”nə əsasən sözügedən 0,0214 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin 24 may 2022-ci il tarixində ölçü işləri apararaq mübahisəli 0,0214 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətinə aid olmaqla cavabdehin zəbt edərək istifadə etməsi Prezidentin 07 mart 2016-cı il tarixli Fərmanından 6 il sonra təsdiq olunaraq bildirilməsi 10 avqust tarixli mütəxəssis rəyində yazılanları təkzib edir. Belə ki, buradan sual doğur: Mübahisəli torpaq sahəsi 07 mart 2016-cı il tarixdən sonra Bələdiyyə mülkiyyətinə aid edilmişdirsə nə üçün 2021-2022-ci illərdə bu bildirilmirdi və bunun əksi iddiaçıya bildirilmişdir? Bundan da məlum olur ki, 10 avqust 2022-ci il tarixli məktubda qeyd olunanlar sifarişlə yazdırılıb. Bundan başqa qaydalara əsasən çöl hazırlıq işləri mərhələsində müvafiq rayon, şəhər inzibati ərazi vahidinin ərazisinə baxış keçirilməsi, ərazinin landşaft xüsusiyyətlərinin öyrənilməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə görüşlər keçirilməsi, torpaqların həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası ilə bağlı problemlərin öyrənilməsi tələb olunur. Lakin bu barədə mülkiyyətçi kimi iddiaçı ilə görüş keçirilməyib və fikri öyrənilməyib. İşə baxan məhkəməyə yuxarıda göstərilən bu faktlar məlum olsa da, bunları nəzərə almamış, məsələni obyektiv araşdırmamış, yalnız mülahizələrə əsaslanaraq iddia tələbini rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsinin istifadə etmir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə111.Özbaşına tutulmuş (zəbt tedilmiş) torpaqların qaytarılması 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə iddiaçı və onun anası X3 Ağdaş şəhəri ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan hal və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, cavabdeh həmin torpaq sahəsinin 0,024 ha hissəsini zəbt edib. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********15 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Oktay oğlunun mülkiyyətinə JN-196 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 2 ünvanında verilmiş 0,06 ha torpaq sahəsinin 0,0214 ha hissəsi Cavabdeh Əlisəfa qızınn hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********01 saylı məktubundan müəyyən olunur ki, islahat aparılan zaman tərtib edilmiş xəritə materialları ilə natura arasında uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Ağdaş Bələdiyyəsinin elektron məlumat bazasında mövcud olan “X7 X12”nə əsasən sözügedən 0,0214 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür, Cavabdeh Əlisəfa qızının hazırda istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aiddir. Mülki işin tam və hərtərəfli araşdırıması məqsədi ilə Məhkəmənin 01 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, “X7 X9” əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli, 01 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə” dair JN:196A saylı (kod ********) şəhadətnamə əsasında X2 və İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh Əlisəfa qızının mülkiyyətinə verilmiş ünvan 5 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinin koordinatları müəyyən edilərək, həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8601 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, “X7 X9” əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli, 01 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə” dair JN:196A saylı (kod ********) şəhadətnamə əsasında X2 və İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh Əlisəfa qızının mülkiyyətinə verilmiş ünvan 5 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Cavabdeh apellyasiya şikayətində bildirir ki, cavabdehin zəbt olaraq istifadə etdiyi 0,024 ha torpaq sahəsi bələdiyyənin deyil, onun mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə bildirir ki, iddiaçının bildirdikləri iş materialları ilə öz təsdiqini tapmır. Mütəxəssis rəyi ilə iddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin koordinatları müəyyən edilərək cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini istifadə etmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradılmamışdır. İddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma barədə irəli sürdüyü tələb və apellyasiya şikayətinin dəlilləri əsassız, Rayon Məhkəməsinin bu tələbin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə isə əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul isə iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar