Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-690/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhrəm qızı və Cavabdeh3 Tərlan qızına və maraqlı orqan Azərbaycan Respublikası X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhrəm qızı və Cavabdeh3 Tərlan qızına və maraqlı orqan Azərbaycan Respublikası X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və mütəxəssis rəyinin verilməsi ilə bağlı çəkilən xərc olan 67.20 manat (altmış yeddi manat iyirmi qəpik) məbləğin İddiaçı tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhrəm qızı və Cavabdeh3 Tərlan qızına və maraqlı orqan Azərbaycan Respublikası X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Ağdaş şəhəri F.Səfərov küçəsi, 1/9 ünvanında yerləşən 62 kv.m yaşayış sahəsi və 0,06 ha torpaq sahəsindən çıxarılması, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, Ağdaş şəhəri F.Səfərov küçəsi, 1/9 ünvanında yerləşən 62 kv.m yaşayış sahəsi olan iki otaqlı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi onun mülkiyyətindədir. Qeyd edir ki, cavabdehlər həmin fərdi yaşayış evinin bir otağını zəbt edərək mülkiyyətində olan torpaq sahəsi ilə birgə 40 ildən artıq müddətdir ki, istifadə edirlər. Nəzərə çatdırmaq istəyir ki, fərdi yaşayış evinin bir otağında o, bir otağında isə cavabdehlər qalırlar. Otaqların ayrıca giriş-çıxışı mövcuddur. Ev 1976-cı ildə tikilmiş və qaynatası tərəfindən Cavabdeh2, yəni eltisı olan cavabdeh həmin evə 1978-ci ildə gəlin gətirilmişdir. Həmin vaxtdan etibarən Maral mübahisəli evdə yaşayır. Cavabdeh1 Maralın oğludur, Dürdanə isə gəlinidir. Hazırda cavabdehlər ona öz mülkiyyətində olan torpaq sahəsindən gediş-gəliş yolu vermir. Beləliklə o, mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə edə bilmir. Qeyd edir ki, o, cavabdehlərlə dəfələrlə razılığa gəlmək istəsə də, cavabdehlər razılığa gəlməmişlər. Odur ki, iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi onun və iddiaçının qayınatası olmuşdur. Qeyd edir ki, 1978-ci ildə o, qayınatasının razılığı ilə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşür və o vaxtdan etibarən həmin evdə yaşayır, cavabdeh olan oğlu Cavabdeh1 da həmin evdə dünyaya gəlmişdir və Cavabdeh1 da ailəsi ilə birgə mübahisəli evdə yaşayır. Həmin evdə qeydiyyatda olmasalar da, faktik olaraq 1978-ci ildən o evdə yaşayırlar. O və ailəsi iddiaçıya öz mülkündən istifadə etməyə hər hansı bir maneçilik törətmirlər. Onun və ailəsinin mübahisəli evdən savayı yaşamağa başqa yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi onun babası olmuşdur. İddiaçı onun əmisinin həyat yoldaşıdır. Qeyd edir ki, 1978-ci ildə anası olan Cavabdeh2 babasının razılığı ilə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşür və o vaxtdan etibarən həmin evdə yaşayır, o da həmin evdə dünyaya gəlmişdir və ailəsi ilə birgə mübahisəli evdə yaşayır. Həmin evdə qeydiyyatda olmasalar da, faktik olaraq o evdə yaşayırlar. O və ailəsi iddiaçıya öz mülkündən istifadə etməyə hər hansı bir maneçilik törətmirlər. Onun və ailəsinin mübahisəli evdən savayı yaşamağa başqa yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iş üzrə Cavabdeh3 Tərlan qızının və maraqlı orqan Azərbaycan Respublikası X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə maraqlı orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və Cavabdeh3 Tərlan qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ağdaş şəhəri F.Səfərov küçəsi 9-da yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 62 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyəti hüququ əsasında xx xxxxxxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş olan Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Ağdaş şəhəri F.Səfərov küçəsi 9-da yerləşən 62 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X1 Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, məhkəmənin müraciətinə əlavə edilmiş texniki pasporta əsasən Ağdaş şəhəri F.Səfərov küçəsi 9-da yerləşən fərdi yaşayış evi 0,10 ha torpaq sahəsində yerləşməklə bir neçə yerləşgədən ibarətdir. Yaşayış evindən əlavə, həyətdə bir mərtəbəli köməkçi tikili də mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən yaşayış evinin 62 kv.m hissəsi və torpaq sahəsinin 0,06 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Texniki pasportda sahələri 28.4 kv.m və 33.6 kv.m olan iki otaqdan başqa, sahələri 35 kv.m və 63 kv.m olan açıq eyvan da göstərilmişdir. Hal-hazırda həmin yerləşgələr şüşəbənd vəziyyətinə gətirilərək yaşayış otağı kimi istifadə edilir. Sahəsi 28.4 kv.m olan otaq ilə sahəsi 35 kv.m olan şüşəbənd və eyvan iddiaçının, sahəsi 33.6 kv.m olan otaq ilə sahəsi 63 kv.m olan şüşəbənd və eyvan isə cavabdehlərin istifadəsindədir. Yaşayış evinə aid torpaq sahəsi isə həm iddiaçının, həm də cavabdehlərin ümumi istifadəsindədir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının qaynı arvadı olmaqla mübahisəli evə 1978-ci ildə gəlin gəlmiş, ailə üzvlərindən biri kimi həmin evin sahibi və orada yaşayanlarla birgə təsərrüfat aparmış, bununla da mübahisəli evdən istifadə hüququ əldə etmişdir. Həmçinin Cavabdeh1 da mübahisəli fərdi yaşayış evində dünyaya gəlmiş, orada yaşamış və evləndikdən sonra ailəsi ilə birgə həmin evdə yaşamağa davam etmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evini 2016-cı ildə mülkiyyət hüququ ilə öz adına qeydiyyata aldırmışdır. Ona görə də məhkəmə hesаb etmişdir ki, İddiaçı “torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin hüquqi əsasları ilə razılaşır. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilən şəxslər icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə verilmiş sorğu üzrə əldə edilən məlumat və sənədlərdən görünür ki, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi iddiaçı ilə onun əri Rəsul Məsimovun birgə mülkiyyəti olmuş, Rəsul Məsimov xx.xx.2004-cü ildə vəfat etmiş və onun mülkiyyət payı iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı sözügedən ev və torpaq sahəsi üzərində tam mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə qeydiyyata aldırmışdır. Beləliklə, mübahisəli ev 1977-ci ildən iddiaçı və mərhum ərinin birgə mülkiyyəti olmuş, onların razılığı ilə Cavabdeh2 1978-ci ildə həmin evə gəlin köçmüş, həmin vaxtdan Cavabdeh2 ailənin bir üzvü olmuş və evin başqa sakinləri ilə ümumi təsərrüfat aparmış, onun oğlu olan digər cavabdeh – 1981-ci il təvəllüdlü Cavabdeh1 da həmin evdə dünyaya gəlmiş, hər ikisi indiyədək mübahisəli evdə yaşayırlar. Cavabdeh1 ailə qurub həyat yoldaşı (cavabdeh) Cavabdeh3 da həmin evə gətirmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında mübahisəli yaşayış sahəsindən istifadə ilə bağlı münasibətlər yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına görə onların hal-hazırda həmin yaşayış sahəsindən istifadə hüquqları vardır. Cavabdeh1 həyat yoldaşı olan Cavabdeh3 ilə iddiaçı arasında mübahisəli evdən istifadə ilə bağlı münasibətlər 2010-cu ildən sonra yaranmış olsa da, lakin Cavabdeh1 görə onun da həmin evdə yaşamalı olması təbiidir. Yaşayış sahəsinin (evin, mənzilin) mülkiyyətçisi tərəfindən həmin yaşayış sahəsindən (evdən, mənzildən) istifadə hüququ olan şəxslərin bu hüquqlarına xitam verilməsi qaydası Mülki Məcəllənin 228.2-ci maddəsi ilə tənzimlənir. Qeyd edilən maddəyə uyğun olaraq mülkiyyətçi istifadə hüququ olan şəxsə müvafiq kompensasiya ödəməklə onun həmin hüququna xitam verilməsini məhkəmə qaydasında tələb edə bilər. Qeyd edilən qanunun tələbi baxımından, hazırkı iş üzrə iddiaçı yalnız müvafiq kompensasiya ödəməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus evdən istifadə hüquqlarına xitam verilməklə digər ailə üzvləri ilə birlikdə evdən çıxarılmalarını məhkəmə qaydasında tələb edə bilər. İddiaçı bu qaydaya əməl etmədiyinə görə məhkəmə onun iddiasını təmin etməməkdə haqlı olmuşdur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməməkdə düzgün nəticəyə gəlmiş, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin İddiaçı iddiasının təmin edilməməsinə dair qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-609/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-690/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-690/2021
31.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver